Məhkəmə qərarları › İş №1(099)-423/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-423/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-423/2022 20.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X12 oğlunun sədrliyi ilə, hakimlər – X8 və X2 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Salyan rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci il martın 15-də saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu “Lökbatan dairəsi” deyilən yerdə taksi fəaliyyəti ilə məşğul olan Salyan şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərxoş vəziyyətdə sərnişin qismində əyləşib yaşadığı Salyan rayonuna gedərkən yolda avtomobili iki dəfə saxlatdıraraq mağazadan spirtli içkilər alıb qəbul etmiş, saat 23 radələrində orta ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində əyləşdiyi avtomobillə yaşadığı Salyan rayonu Həsənli kəndinə getmək üçün Salyan rayonu Xalac kəndi ərazisindəki yolda hərəkətdə olarkən sürücü Zərərçəkmiş şəxs məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək məqsədilə üzərindəki pulunu ona verməsini tələb etmiş, sonuncu imtina etdiyinə görə əyləşdiyi qabaq sağ oturacaq tərəfdən əli ilə avtomobilin yan şüşəsinə yumruqla vurmaqla yanaşı sağ yan tərəfindən guya bıçaq çıxarıb tez sol əlinə ötürərək sol əlinin barmağını sürücü Zərərçəkmiş şəxs sağ yan tərəfinə dirəyərək sonuncuda ona qarşı silah tətbiq etmə görüntüsü yaratmaqla, eləcə də cinayətkar niyyətinə nail olmaq üçün yenidən sağ əli ilə avtomobilin qabaq alın şüşəsini yumruqla zərbə vurub sındırması nəticəsində avtomobilə ümumilikdə 160 (yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla tələbini yerinə yetirməyəcəyi təqdirdə hədəni reallaşdıracağına Zərərçəkmiş şəxs inam yaratmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində olan 167 (yüz altmış yeddi) manat pulunu ələ keçirərək quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, Salyan rayonu Həsənli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2-3 ildir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində dairədə avtobuslarda konduktor yəni pul yığan fəaliyyəti ilə məşğul olmuşdur. Hər gün saat 10-da Salyan rayonunda evdən çıxıb həmin yerə işə gedib axşam saat 20-21 radələrində orada işdən çıxıb Salyan rayonu Həsənli kəndində evinə gəlmişdir. 15 mart 2022-ci il tarixdə 21 radələrində işdən çıxarkən Lökbatan qəsəbəsi ərazisində dükanların birindən 1 ədəd "Əfsanə" pivəsi və 1 ədəd "Go" spirtli içkisi alıb qəbul etmiş və Salyan rayonuna getməyə qərar vermişdir. Həmin vaxt adlarını dəqiq bilmədiyi, Lökbatan qəsəbəsi ərazisində yerləşən gəmiqayırma zavodunda işləyən 2 nəfər Qobustan qəsəbəsi sakinlərini görmüşdür. Onlar hər gün Lökbatan ərazisindən gedib-gəldikləri üçün üzdən tanımış, lakin adlarını bilməmişdir. Ona pulları olmadığından onları da, aparmağını bildirmişlər və o, da razılaşmışdır. Qeyd etmişdir ki, həmin vaxt orada Salyan rayonundan tanıdığı Taleh adlı taksi sürücüsü idarə etdiyi Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində dairədə dayanıb sərnişin gözləmişdir. Ona yaxınlaşıb Salyan rayonuna neçə manata getdiyini soruşmuşdur. Taleh də ona adambaşı 6 manat olmaqla ümumilikdə 24 manata getdiyini bildirmişdir. Talehə 20 manat verə biləcəyini bildirdikdə, Taleh bir söz deməyib razılaşmışdır. Bundan sonra Salyan rayonu istiqamətində yola düşmüşlər. Yolda yenə də spirtli içki qəbul etmək istədiyi üçün Talehə qarşıdakı dükanlarda saxlayıb pivə almaq istədiyini bildirmişdir. Taleh yolda "Sahil" qəsəbəsi ərazisində yerləşən "Nur" market adlanan dükanda saxlamış və hər üçü avtomobildən düşüb dükana getmişlər. Dükanda hərəsinə bir pivə alıb qayıdıb avtomobilə oturmuş və yenidən yola düşmüşlər. Bir qədər getdikdən sonra Talehə yenə də qarşıda Qobustan qəsəbəsi ərazisində dükanda saxlamağını bildirmişdir. Taleh həmin yerə çatdıqda avtomobili saxlamış və hər üçü maşından düşmüşlər. Orada yerləşən dükana girmiş və dükandan yenə də özü üçün 3 ədəd "Baltika" pivəsi almışdır. Maşına qayıtmış, Qobustan qəsəbəsi sakinləri isə orada düşüb getmişlər. Bundan sonra Taleh ilə ikisi yola davam etmişlər. Yolda aldığı pivələri də qəbul etməyə başlamışdır. İçkili olduğundan teztez Talehə avtomobili saxlamağı bildirmişdir. Ələt qəsəbəsi ərazisində Talehə avtomobili saxlayıb ayaq yoluna getmək istədiyini bildirmişdir. Lakin sonradan fikrini dəyişib Talehə sürməyini və qarşıda saxlamağını bildirmişdir. Taleh də sözü ilə yenidən yola davam etmişdir. Daha sonra yenidən avtomobili saxlamağını bildirmişdir. Bir az irəlidə "SOCAR" yanacaq doldurma məntəqəsinin ərazisində Taleh avtomobili saxlamışdır. Maşından düşüb ayaq yoluna getmiş və geri qayıdıb yola davam etmişlər. Çoxlu spirtli içki qəbul etdiyi üçün Salyan rayonu ərazisinə daxil olduqdan sonra "Şirvan" kanal deyilən ərazidə hərəkətdə olarkən Talehə pis sözlər deyib sataşmağa başlamışdır. Saat 23 radələrində Taleh onu yaşadığı Salyan rayonu Həsənli kəndi ərazisində düşürmək üçün idarə etdiyi avtomobil ilə Ələt-Astara yolundan Salyan rayonu Xalac kəndi ərazisinə gedən arxa yola daxil olmuşdur. Həmin vaxt bərk sərxoş olduğundan Talehin avtomobilinin qabaq alın şüşəsinə yumruqla zərbə vurub şüşəni sındırmışdır. Bir az getdikdən sonra Taleh Salyan rayonu Xalac kəndi ərazisində yerləşən "İdeal" marketin qarşısına çatıb avtomobili saxlamışdır. Taleh ona avtomobildən düşüb getməyini bildirsə də, çoxlu spirtli içki qəbul etdiyindən maşından düşməkdən imtina etmişdir. Həmin vaxt yolda qarşı tərəfdən yol-patrul xidməti avtomobili gəlmişdir. Taleh həmin avtomobili saxlayıb öz maşınından düşüb ona yaxınlaşmışdır. Daha sonra o da Talehin maşınından düşüb yol-patrul xidməti avtomobilinə yaxınlaşdıqda, Taleh ondan ayrılıb öz avtomobilinə qayıdıb avtomobili sürüb getmişdir. O da oradan ayrılıb piyada yaşadığı evə getmişdir. Bundan əlavə o, bildirdi ki, ilkin verdiyi izahat və ifadələrda olan Zərərçəkmiş şəxs cibində pulu olub-olmamasını soruşmasını, Talehin ona pulu olduğunu bildirməsini, Talehə həmin pulunu ona verməyini bildirməsini, lakin Talehin pulun özünə lazım olduğunu və verə bilməyəcəyini bildirməsini, bir qədər getdikdən sonra yenidən Talehə üzərində olan pulunu ona verməyini bildirməsini, bu dəfə də Taleh ona pulunu verməkdən imtina etdikdə, əsəbləşib sağ əli ilə avtomobilin özü tərəfdən yan şüşəsinə yumruqla vurub təcili pulu ona verməyini bildirməsini, Talehin ona pulunu vermədiyi üçün yalandan sağ yan tərəfindən guya bıçaq çıxarırmış kimi təəssürat yaradaraq sağ əlini çıxarıb tez sol əlinə ötürərək sol əlinin barmağını Talehin sağ yan tərəfinə dirəyib təcili pullarını verməyini bildirməsini, həmin vaxt Talehin onun sağ yan tərəfinə bıçaq tutduğunu zənn etməsini, buna baxmayaraq, Talehin yenə də pulu verməkdən imtina etməsini, nəhayət, bir az da aqressivləşib sağ əli ilə avtomobilin qabaq alın şüşəsinə yumruqla vurub tez pulunu verməyini bildirməsini, zərbənin təsirindən avtomobilin qabaq alın şüşəsinin sınmasını, bundan sonra Talehin qorxduğu üçün cibində olan pulları çıxarıb ona verdiyini, daha sonra Talehə avtomobilin salonunun işıqlarını yandırmağını bildirməsini, Taleh işıqları yandırmadıqda, yumruqla işığın düymələrinə vurub salonun işıqlarını yandırmasını, Talehdən aldığı pullara baxıb onların içərisindən 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinasları götürüb Talehin üstünə yol pulu olaraq atmasını təsdiq edir. Həmin vaxt o, bərk sərxoş olmuşdur. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 9-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 13 ildir ki, özünə məxsus olan Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Salyan marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15 mart 2022-ci il tarixdə 21 radələrində idarə etdiyi Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində dairədə dayanıb sərnişin gözləmişdir. Həmin vaxt Lökbatan qəsəbəsi ərazisində avtobuslarda konduktor yəni pul yığan işləyən Salyan rayonunda olan, üzdən tanıdığı Tural adlı şəxs ona yaxınlaşıb Salyan rayonuna neçə manata getdiyini soruşmuşdur. Ona adambaşı 6 manat olmaqla ümumilikdə 24 manata getdiyini bildirmişdir. Həmin vaxt Turalın yanında tanımadığı iki nəfər başqa şəxs də olmuşdur. Tural və yanındakı şəxslərdə spirtli içki qəbul etmələri hiss olunmuşdur. Tural ona 20 manat verə biləcəyini bildirdikdə, bir söz deməyib onunla razılaşmışdır. Bundan sonra Salyan rayonu istiqamətində yola düşmüşlər. Yolda Tural ona qarşıdakı dükanlarda saxlayıb pivə almaq istədiyini bildirmişdir. Yolda "Sahil" qəsəbəsi ərazisində yerləşən "Nur" market adlanan dükanda saxlamış və onların hər üçü avtomobildən düşüb dükana girmişlər. Daha sonra hərəsinə bir pivə ilə dükandan çıxıb gəlib avtomobilə oturmuş və yenidən yola düşmüşlər. Bir qədər getdikdən sonra Tural ona yenə də qarşıda Qobustan qəsəbəsi ərazisində dükanda saxlamağını bildirmişdir. Həmin yerə çatdıqda avtomobili saxlamış və onların hər üçü maşından düşmüşlər. Tural və yanındakı şəxslər orada yerləşən dükana girmişlər və dükandan çıxanda Tural yenə də özü üçün 3 ədəd pivə almışdır. Tural maşına qayıtmış, həmin şəxslər isə orada düşüb getmişlər. Bundan sonra Turalla yola davam etmişdir. Ələt qəsəbəsi ərazisində Tural ona avtomobili saxlayıb ayaq yoluna getmək istədiyini bildirmişdir. Avtomobili saxladıqda Tural etiraz edib sürməyini və qarşıda saxlamağını bildirmişdir. O da onun sözü ilə yenidən yoluna davam etmişdir. Bir az irəlidə "SOCAR" yanacaq doldurma məntəqəsinin ərazisində avtomobili saxlamışdır. Tural maşından düşüb ayaq yoluna getmiş və geri qayıdıb yola davam etmişlər. Salyan rayonu ərazisinə daxil olduqdan sonra "Şirvan" kanal deyilən ərazidə hərəkətdə olarkən Tural ona "siz işləyirsiniz, biz işləyə bilmirik" deyə sataşmağa başlamışdır. O da onun bu sözlərini görüb içkili olmasına görə ona məhəl qoymayıb sürətlə sürmüşdür ki, rayon ərazisinə tez çatsın. Saat 23 radələrində Turalı Salyan rayonu Həsənli kəndi ərazisində düşürmək üçün idarə etdiyi avtomobil ilə Ələt-Astara yolundan Salyan rayonu Xalac kəndi ərazisinə gedən arxa yola daxil olmuşdur. Həmin yolda hərkətdə olarkən Tural ona "cibində pulun var" deyə bildirmişdir. Elə başa düşmüşdür ki, Tural pulu xırdalamaq istəyir və bu səbəbdən ona "hə" deyə demişdir. Tural ona həmin pulunu ona verməyini bildirmişdir. O isə pulun özünə lazım olduğunu və verə bilməyəcəyini bildirmişdir. Bir qədər getdikdən sonra Tural yenidən ona pulunu verməyini bildirmişdir. Ona pulunun olmadığını bildirdikdə, Tural əsəbləşib əli ilə avtomobilin özü tərəfdən yan şüşəsinə yumruqla vurub təcili pulu ona verməyini bildirmişdir. Bundan sonra Tural sağ yan tərəfindən nəsə çıxarıb sol ilə onun sağ yan tərəfinə dirəmiş və təcili pullarını verməyini bildirmişdir. Turalın sağ yan tərəfinə bıçaq tutduğunu zənn etmişdir. Yenə də pulu verməmişdir. Bundan sonra Tural bir az da aqressivləşib sağ əli ilə avtomobilin alın şüşəsinə yumruqla vurub tez pulunu verməyini bildirmişdir. Zərbənin təsirindən alın şüşəsi sınmışdır. Bundan sonra qorxduğu üçün cibində olan cəmi 167 manat pulu Turala vermişdir. Daha sonra Tural ona avtomobilin salonunun işıqlarını yandırmağını bildirmişdir. İşıqları yandırmadıqda, Tural yumruqla işığın düymələrinə vurub salonun işıqlarını yandırmışdır. Tural ondan aldığı pullara baxıb onların içərisindən 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinasları götürüb üstünə yol pulu olaraq atmışdır. Həmin vaxt Salyan rayonu Xalac kəndi ərazisində yerləşən "İdeal" marketin qarşısına çatıb avtomobili saxlamışdır. Turala avtomobildən düşüb getməyini xahiş etmişdir. Tural isə düşməkdən imtina etmişdir. Yenə israrla ona düşüb getməyini bildirdikdə, o, yenə də düşməkdən imtina etmişdir. Bu zaman yolda qarşı tərəfdən BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobilinin gəlməsini görüb bir az ürəklənmiş və işarə verib onu saxlatdırmışdır. Avtomobildən düşüb piyada yol-patrul xidməti avtomobilinə yaxınlaşmış və başına gələnləri inspektora danışıb ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt yol-patrul xidməti inspektoru ilə söhbət edərkən Tural avtomobilindən düşüb onlara tərəf gəlmişdir. Onun gəldiyini görüb inspektordan bir az aralanmış və tez avtomobilinə oturub işə salıb oradan uzaqlaşmışdır. Daha sonra yolda gələrkən Azərbaycan Respublikası DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin vaxt üzərində ümumilikdə 167 manat pul olmuşdur. Həmin məbləğdə pulu Turala verdikdən sonra o, öz pulundan 6 manat götürüb ona yol pulu olaraq qaytarmışdır. Həmin vaxt Tural sağ yan tərəfindən nəsə çıxarıb sol ilə onun sağ yan tərəfinə dirəmiş və təcili pullarını verməyini bildirmişdir. Turalın sağ yan tərəfinə bıçaq tutduğunu zənn etmiş, lakin qaranlıq olduğundan həmin əşyanın dəqiq nə olmasını bilməmişdir. Turalın yanındakı şəxsləri ilk dəfə görmüş və həmin şəxslərin kim olmalarını bilməmişdir. Onlar Qobustan qəsəbəsi ərazisində maşından düşüb getmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 135 (yüz otuz beş) manat dəyərində qabaq alın şüşəsi sındırılmış, habelə həmin şüşənin təmiri üçün əlavə 25 (iyirmi beş) manat maddi ziyan dəymiş, həmçinin Təqsirləndirilən şəxs tərəfindən üzərinə bıçaq zənn etdiyi əşya çıxarılmaqla 167 (yüz altmış yeddi) manat pulu ələ keçirilmiş və baş vermiş hadisə nəticəsində ümumilikdə ona 267 (iki yüz altmış yeddi) manat maddi ziyan dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs ifadəsinin davamında Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyini, sonuncu ilə barışdığını, ona dəymiş ziyanın artıqlaması ilə ödəndiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında, şahid qismində dindirilən BDYPİ-nin 728 saylı stasionar postunda yol-patrul xidməti inspektoru, polis baş serjantı Şahid ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayı ərzində verilmiş əmrlə köhnə Ələt-Astara yolunun 31-ci km-dən 56-cı kmliyinə kimi Salyan rayonu ərazisində idarə etdiyi BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili ilə xidmət aparmışdır. 15 mart 2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili ilə köhnə Ələt-Astara yolunun 35-ci km-də Salyan rayonu Xalac kəndi kəndi ərazisində yolda xidmətdə olarkən qarşıdan Salyan rayonu istiqamətində Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşıdakı işıqlarını ona tərəf yandırıb-sondürməsini görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüsü də yolunun üstündə öz avtomobilini saxlamışdır. Həmin avtomobildən düşən şəxs həyəcanlı halda, qorxmuş vəziyyətdə idarə etdiyi avtomobilə yaxınlaşıb ona idarə etdiyi avtomobildə sərxoş şəxsin olduğunu, həmin şəxsin onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsini sındırdığını və ona bıçaq dirəyib üzərində olan pullarını aldığını bildirmişdir. Həmin vaxt sürücünün idarə etdiyi avtomobildə olan sərnişin də qabaq oturacaqdan düşüb sərxoş halda idarə etdiyi avtomobilə tərəf gəlmişdir. Sürücüyə Salyan rayon polis şöbəsinin əməkdaşlarının gəlməsi üçün Azərbaycan Respublikası DİN-in "102" xidmətinə zəng vurmasını bildirmişdir. Avtomobildən düşən sərxoş şəxsi saxlamaq istəsə də, o, çox sərxoş olduğundan və xidmət zamanı tək olduğundan həmin şəxsi saxlaya bilməmiş və sərxoş şəxs oradan aralanıb yolun kənarı ilə getmişdir. Cinayət işinin materiallarında olan avtomobilə baxış keçirilməsi barədə 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Salyan şəhər sakini Zərərçəkmiş şəxs məxsus Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi avtomobili ilə Salyan rayonu Xalac kəndi ərazisində yolda hərəkətdə olarkən avtomobilində sərnişin kimi əyləşmiş, Salyan rayonundan tanıdığı Tural adlı şəxs sərxoş vəziyyətdə ona cibində olan pulları verməsini tələb etmiş, pullarını Turala verməkdən imtina etdiyi üçün Tural sağ yan tərəfindən nəsə çıxarıb sol əlinə ötürərək onun sağ yan tərəfinə dirəmiş, həmin əşyanın bıçaq olduğunu zənn etmiş, pulu vermədiyi üçün Tural yumruqla avtomobilin qabaq alın şüşəsini vurub sındırmışdır. Bildirmişdir ki, bundan sonra qorxduğu üçün üzərində olan 167 (yüz altmış yeddi) manat pulunu çıxarıb Turala vermişdir. Daha sonra Salyan rayonu Xalac kəndi ərazisində "İdeal" marketin yanında yolpatrul xidməti avtomobilini görüb avtomobili saxlayaraq ona kömək etməsi üçün yaxınlaşmış və sonra Tural da avtomobildən düşüb onlara tərəf gələrək yaxınlaşdıqda tez öz avtomobilinə oturub oradan uzaqlaşmışdır. Baxış zamanı avtomobilin qabaq alın şüşəsinin sərnişin tərəfdən sınmış vəziyyətdə olması müəyyən olunmuşdur. Baxış zamanı qabaq tərəfdən sərnişin yerinin ayaqaltısından biri boş, biri isə dolu olmaqla qırmızı rəngli dəmir qabda 2 (iki) ədəd "Baltika" pivəsi aşkar olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs Tural adlı şəxsin həmin pivələri Qobustan qəsəbəsi ərazisində alıb yolboyu qəbul etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə barədə 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 52 (əlli iki) manat pulları istintaqa təqdim etmiş və bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə saat 23 radələrində Salyan rayonundan tanıdığı Taleh adlı şəxsin avtomobilində olarkən sərxoş vəziyyətdə ondan pullarını tələb etmiş, Taleh pullarını vermədiyindən sağ yan tərəfindən bıçaq çıxarırmış kimi təəssürat yaradaraq barmağını Talehin sağ yan tərəfinə dirəyib ondan pullarını verməsini tələb etmişdir. Daha sonra Taleh pullarını vermədiyi üçün yumruğu ilə avtomobilin qabaq alın şüşəsini vurub sındırmış və Talehdən bir xeyli məbləğdə pullarını alıb ələ keçirmişdir. Bildirmişdir ki, təqdim etdiyi pullar Talehə məxsus olmuş, lakin həmin vaxt çox sərxoş olduğundan pulların qalanını harada itirdiyini bilməmişdir. Cinayət işinin materiallarında olan CD diskdə olan audio yazıya baxış keçirilməsi haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in "102" xidməti zəng mərkəzinə müraciət edərək hazırda Salyan rayonundan danışdığını, Bakı şəhəri Lökbatan qəsəbəsi dairəsindən 25 manata taksi kimi 3 nəfər adam götürdüyünü, həmin şəxslərdən ikisinin Qobustan qəsəbəsi ərazisində, birinin isə Salyan rayonu Xalac kəndi ərazisində düşdüyünü, Xalac kəndində düşən şəxsin üzərinə bıçaq çıxararaq 167 (yüz altmış yeddi) manat pulunu aldığını, həmin şəxsin əli ilə özünə məxsus olan Mercedes markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı maşınının qabaq alın şüşəsini vurub sındırdığını və qaçıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs hadisənin harada baş verməsi və nə üçün maşınının sındırıldığı barədə soruşulduqda, o, həmin şəxsin sərxoş vəziyyətdə olmasını, kiminləsə telefonda mübahisə etdiyini, nəticədə maşınını vurub sındırdığını və hadisənin Salyan rayonu Xalac kəndi ərazisində baş verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 16 mart 2022-ci il tarixli, 24 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan 16 may 2022-ci il tarixli, 30 nömrəli ziyan aktından görünür ki, baş vermiş hadisə nəticəsində Mercedes C220 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 160 (yüz altmış) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 52 (əlli iki) manat pul və cinayət işi materiallarına əlavə edilmiş 3 (üç) ədəd disk iş üzrə 18 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 28 mart 2022-ci il tarixli, 217 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il təvəllüdlü X5 və 2018-ci il təvəllüdlü X4 adlı övladları vardır. Cinayət işinin materillarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi döyüşlərinin iştirakçısıdır və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının İ-4141 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş və şahid ifadələri, həmçinin işin digər obyektiv halları MehtiyevTural Sərvər oğluna istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edib hərəkətindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət cəhətdən xarakterizə olunmasını, Vətən müharibəsi döyüşlərinin iştirakçısı olaraq təltif olunmasını, həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Habelə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını məsələsini müzakirə edərək, iş üzrə maddi sübut olan və Salyan rayon polis şöbəsinin maddi sübutlatrı saxlama otağında saxlanılan 52 (əlli iki) manat pulun hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılması, cinayət işinə əlavə edilmiş 3 ədəd diskin isə cinayət cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs ailəsinə maddi yardım göstərmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Salyan rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 52 (əlli iki) manat pul Zərərçəkmiş şəxs qaytarılsın, cinayət işinə əlavə edilmiş 3 ədəd disk isə cinayət cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar