Məhkəmə qərarları › İş №1(099)-423/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-423/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-423/2023 18.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olur, əvvələr məhkum olunmamış, Ağcabədi şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 24 radələrində ünvan 3 ünvanda yerləşən ünvan 4n yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə bir dəfə yumruqla vurub sifətin sol yarısında sıyrıq xəsarəti ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən sonuncudan qisas almaq məqsədilə qəsdən üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurmaqla həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid qarnının ön divarında qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən kəsilmiş-deşilmiş yara, həmçinin bıçaqla Zərərçəkmiş şəxs qarının sağ nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarının sağ yan səthində daxilə keçməyən kəsilmiş yaralar kimi ümumilikdə iki ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında qohumluq və ədavəti olmamışdır. 14 iyul 2022-ci il tarixdə saat 18 radələrində əmisi oğlu X10 ilə birlikdə sinif yoldaşı Ceyhunun idarə etdiyi VAZ 21011 markalı avtomobillə qohumlarının toyuna getmiş, Ceyhun isə toya getməmiş, onu düşürüb qayıtmışdır. O toyda əmisi oğlu Şahid2 Hüseyin oğlu, Eyvaz Əliyev və tanımadığı başqa şəxslərlə birlikdə spirtli içki araq içmişlər. Saat 20:30 radələrində özünü narahat hiss etdiyi üçün toydan çıxıb dostu Ağaliyə zəng edib çağırmış, Ağəli idarə etdiyi avtomobillə gəlib şadlıq evinin qarşısından onu götürmüş, Ağəliyə demiş ki ürəyi sıxılır, onu xəstəxanaya aparsın. Ağəli də idarə etdiyi avtomobillə onu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Ona sistem köçürülmüş, sonra Ağəli onu yaşadığı evə düşürüb oradan getmişdir. Həmin gün gecə saat 23 radələrində Tural ilə həyətdə oturub söhbət etmişlər, sonra Tural ailəsini qohumu Cəfərin evinə aparası olmuş, o da Tural ilə birlikdə getmişdir. Həmin gün toyda Tural ilə Abbas adlı şəxs arasında oynamaq üstündə mübahisə olmuşdur. Abbas da onlaırn getdiyi Cəfər ilə qonşuluqda yaşayır. Onlar Cəfərin evindən gedən zaman Abbasın evinin qarşısından keçmişlər, Abbas onları orada görüb elə düşünmüş ki, onlar buraya dava dalaş etməyə gəlmişlər. Lakin Abbasa izah etmiş ki, dava dalaş etmək fikri yoxdur və oradan getmişlər. Onlar gedən zaman Abbasın qohumu Elməddin Turala zəng edib demiş ki, Abbas ilə toyda mübahisə olub orada qalıb, daha sonra niyə yenidən gəlirsiniz. Tural da izah etmiş ki, dava niyyəti ilə gəlməmişlər. Tural telefonda Elməddinlə mübahisə etmiş və söhbət etmək üçün Ağcabədi şəhəri Ejəli adlanan ərazidə yerləşən 4 nömrəli orta məktəbin yanına çağırmışdır. O Tural ilə birlikdə həmin yerə getmiş, orada Elməddin və Nemətlə görüşmüşlər. Onlar söhbət edən zaman aralarında sözlü mübahisə yaranmış, artıq mübahisə dava dalaşa çevrilmişdir. Onlar hamısı qarşılıqlı olaraq dalaşmışlar. Həmin dava zamanı Nemət yumruqla onun sifətinə bir dəfə vurmuş, bu hərəkətlərdən əsəbiləşib özündə olan bıçaqla Nemətin qarın nahiyəsinə və sağ böyür nahiyəsinə vurmuşdur. Bundan sonra aralaşmışlar və oradan ayrılıb yaşadığı evə getmişlər. Hazırda Zərərçəkmiş şəxsla barışmış, onun müalicə xərclərinə maddi köməklik göstərmişdir. Əməlindən peşimandır. Məhkəmədən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsini, Füzulinin, Xocavəndin azad olunması və «Vətən müharibəsi iştirakçısı» meddalları ilə təltif olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs hal-hazırda Rusiya Federasiyasında olduğundan məhkəmə iclaslarında iştirakı təmin olunmamış, bu səbəbdən onun istintaq vaxtı verdiyi ifadələri elan və tədqiq olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 23:40 radələrində dostu X11 və onun dayısı oğlu İbrahim ilə birlikdə pivə içmək üçün Ağcabədi şəhəri, 1 saylı məktəbin yaxınlığında yerləşən kafeyə getmişlər. Onlar yenicə çatmışlar ki, digər dostu Şahid1 onların yanına gəlmiş və ona demiş ki, bir neçə şəxs əmisi oğlu Abbasın evinə gəlib münaqişə edirlər, kömək etmək üçün onu çağırmışdır. Elməddin bu sözü deyib dayanmadan öz avtomobili ilə getmiş, o da Elməddinə kömək etmək üçün Abbas ilə İbrahimi kafedə qoyub orada dayanmış tanımadığı taksi ilə Elməddinin arxasınca getmişdir. Onlar yolda gedən zaman Elməddinlə telefonla danışmış və sonuncu 4 saylı məktəbin yanında dayanıb söhbət etdiklərini demişdir. O, da bir başa 4 saylı məktəbin yanına getmişdir. Həmin vaxt orada Elməddin Sadiq və Tural ilə mübahisə etmişlər. O söhbətdən belə başa düşmüş ki, həmin gün Abbas Ağcabədi şəhərində Şah sarayı şadlıq evində oynamaq üstündə Tural ilə mübahisələri olmuşdur. Elməddin də yenidən Tural ilə mübahisə etməyə başlamış, artıq hamısı mübahisə etmişlər və bu vaxt aralarında dava dalaş yaranmışdır. Onlar hamısı qarşılıqlı olaraq dalaşmışlar və onlar qarşılıqlı olaraq bir birini yumruqla vurmuşlar. Elə bu vaxt Sadiq əlində olan bıçaqla bir dəfə qarın nahiyəsinə və bir dəfə də sağ tərəf böyür nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra aralaşmışlar. Daha sonra aralarında hər hansı bir dava dalaş olmadan Sadiq və Tural gəldikləri avtomobilə əyləşib getmişlər. Həmin vaxt onun xəsarət aldığı nahiyədə ağrı olmadığı üçün fikirləşmiş ki, yəqin bıçaq yüngül xəsarət yetirib. Ona görə də xəsarətlərinə əhəmiyyət verməmişdir. Həmin vaxt İbrahim kafedən getmiş, lakin dostu Abbas orada olmuşdur. Onlar yenidən masada əyləşmişlər, o pivə sifariş etmiş, elə bu vaxt görmüş ki, qarnından qan axmağa başlayıb, qan dayanmır. Ona görə də Abbas onu Ağcabədi rayon mərkəzi xəstəxanasına gətirmişdir. Xəstəxanada üzərində cərrahiyə əməliyyatı keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. 14 iyul 2022-ci il tarixdə 18:30 radələrində toy şənliyinə getmişdir. O toyda iştirak edən tanıdığı Abbas adlı şəxslə rəqs etmək üstündə sözlü mübahisəsi olmuş, lakin hər hansı bir dava dalaş olmadan aralaşmışlar. Bir müddət sonra şadlıq sarayından çıxıb evinə getmişdir. O həyətdə olan zaman yaşadığı evlə eyni həyətdə yerləşən evdə yaşayan əmisi oğlu Sadiq gəlmişdir. O, Sadiqlə bir az söhbət etmişlər. Onun arvadının dayısı Cəfər Ağcabədi şəhəri Sultanbəy küçəsində Abbasın yaşadığı evdən təxminən 20-25 metr irəlidə yerləşən evdə yaşayır və həmin vaxtı ailəsini Sadiqlə birlikdə Cəfərin evinə aparıb düşürmüşdür. Onlar Cəfərin evindən gedən zaman Abbasın evinin qarşısından keçmişlər. Abbas onları orada görüb elə düşünmüş ki, onlar buraya dava dalaş etməyə gəlmişlər. Lakin Abbasa izah etmiş ki, dava dalaş etmək fikri yoxdur və oradan getmişlər. Onlar gedən zaman Abbasın qohumu Elməddin ona zəng edib demiş ki, Abbas ilə toyda nə olubsa orada qalıb, daha sonra niyə yenidən gəlirsiniz. O da izah etmiş ki, dava niyyəti ilə gəlməmişlər. Onlar telefonda bir az mübahisə etmişlər və demişlər ki, söhbət etmək üçün Ağcabədi şəhəri Ejəli adlanan ərazidə Eldəniz Sadıqov küçəsində yerləşən 4 nömrəli orta məktəbin yanında görüşsünlər. O Sadiq ilə birlikdə həmin yerə getmiş, orada Elməddin və Nemətlə görüşmüşlər. Onlar söhbət edən zaman aralaırnda sözlü mübahisə yaranmışdır. Artıq onlaırn mübahisəsi dava dalaşa çevrilmişdir. Onlar hamısı qarşılıqlı olaraq dalaşmışlar. Həmin dava zamanı Nemət Sadiqi yumruqla vurmuşdur. Buna görə də Sadiq də əlində olan bıçaqla Nemətin qarın nahiyəsinə və sağ böyür nahiyəsinə vurmuş, bundan sonra onlar aralaşmışlar və oradan ayrılıb yaşadığı evə getmişlər. O həmin vaxtı Sadiqin əlində açılın qatlanan qara rəngdə olan kiçik formada bir bıçaq olduğunu görmüş və onlar yolda gedərkən Sadiq həmin bıçağı xatırlamadığı yerdə atmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 639 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnının ön divarında qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən kəsilmiş-deşilmiş yara və qarının sağ yan səthində daxilə keçməyən kəsilmiş yara xəsarətləri olmuş, həmin xəsarətlər iti kənarlı əşyanın təsirindən törənmiş, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən qarnının ön divarında qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən kəsilmiş-deşilmiş yara xəsarəti dərəcəsinə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qarının sağ yan səthində daxilə keçməyən kəsilmiş yara xəsarəti isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 543 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sifətin sol yarısında sıyrıq—küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində yetirilə bilərdi, yetirilmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan X6 18 aprel 2023-cü il tarixli, 653 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 17 fevral 2023-cü il tarixli, 110 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yerə baxış keçirilmiş, hadisənin ünvan 3 ünvanda yerləşən ünvan 4n yaxınlığında baş verməsi müəyyən olunub. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Rüstəmov X1 Nemət İsa oğlunu bıçaqla vurub xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli Ağcabədi rayon Polis Şöbəsinin məktubundan görunür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı tapmaq mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Rüstəmov X5 şəhəri, Babək küçəsi ev 46-da qeydiyyatdadır, ailə tərkibi atası, anası, qardaşından ibarətdir, yaşadığı müddət heç bir şikayət və daxil olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 17 iyul 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qərarla ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 17 iyul 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan istintaq orqanının 17 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən Fizuli və Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan İ-12440 nömrəli xx.xx.2020-ci il tarixli “Füzülinin azad olunmasına görə” və İ-7114 nömrəli xx.xx.2020-ci il tarixli “Xocavəndin azad olunmasına görə” və xx.xx.2022-ci il tarixli İ 66682 nömrəli “vətən muharibəsi iştirakçısı” medallarının verilməsinə dair vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Ağcabədi rayon mərkəzi xəstəxanası X8 verilmiş 19 aprel 2022-ci il tarixli, 484 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkolji kabinetdə və ruhi əsəb xəstəsi kimi dispanser qeydiyyatda durmur. Məhkəməyə təqdim olunmuş xəstəlik sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2022-ci tarixli ərizəsi, həmçinin xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 126.1ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk məhkumluğunu, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamına əsasən «Fizulinin azad olunmasınıa görə», xx.xx.2020-ci il tarixli 2364 nömrəli sərəncamına əsasən «Xocavəndin azad olnmasına görə» və xx.xx.2022-ci il tarixli İ-66682 nömrəli “vətən muharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, muharibə iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmamasını, əməllini səmimi etiraf etməsini və peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının xəstə olmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-in 70ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərlərinə vəzifələr qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan dəyişdirilməməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) üç müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə minib icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə czanın icrasına nəzraət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar