Məhkəmə qərarları › İş №1(099)-423/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-423/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-423/2024 26.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1986-cı ildə Cəlilabad rayonunun Pərdi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı övladı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Abışabad kəndində qeydiyyatda olmaqla, Uzuntəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatətə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Əhmədəli” adı ilə tanıdığı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gəldikdən sonra bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasından qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında gizlədilmiş xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 3288,470 qram külli miqdarda narkotik vasitə tiryək, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1005,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 2012 ədəd olmaqla, həblərin təsiredici maddəsinin ümumi miqdarı 80,48 qram olan külli miqdarda narkotik vasitə metadon həbini 24 noyabr 2023-cü il tarixdə götürüb əvvəlcədən razılaşdıqları kimi satış məqsədilə yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndindəki evlərinə gətirərək qanunsuz olaraq saxlamış, 25 noyabr 2023-cü il tarixdə, saat 04:45-də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən Uzuntəpə kəndindəki yaşadığı evin həyətindəki tövləyə baxış keçirilərkən oradan üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 290,0 qram, 1000,0 qram və 1995,0 qram olmaqla, ümumilikdə çəkisi 3285,0 qram narkotik vasitə tiryək, bir ədəd bükümdə 1005,0 qram qurudulmuş marixuana və 1992 ədəd metadon həbi aşkar olunub götürülmüş, həmin günü saat 06:10-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən isə qanunsuz olaraq saxladığı qalan eyni tərkibli 3,470 qram tiryək, 20 ədəd metadon həbi əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş və bununla əlaqədar ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. İş üzrə məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, o cümlədən təqsirləndirilən şəxs, şahidlər dindirilmiş, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər tədqiq olunmuşdur. Dövlət ittihamçısı məhkəməyə vəsatət təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmiş və cinayət təqibinin həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri üzrə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı fikrini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı Əhmədəli adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 3288,470 qram külli miqdarda narkotik vasitə tiryək, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1005,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 2012 ədəd olmaqla, həblərin təsiredici maddəsinin ümumi miqdarı 80,48 qram olan külli miqdarda narkotik vasitə metadon həbini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqa keçirilməsində köməkçi qismində iştirak etmişdir. Lakin, qanunvericilikdə göstərilir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən sonra bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etməmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməməlidir. Həmçinin, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda onun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Əhmədəli” adlı İran vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilsə də, cinayət işinin materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən cinayət işinin materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən onun bu məzmunda etirafedici ifadəsi, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilənlərə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 32.5,206.3.2-ci maddə ilə irəli sürülmüş ittihamdan imtina edərək, ona qarşı cinayət təqibinin həmin Məcəllənin 234.4.1. 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin iştirakı ilə dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatət müzakirəyə çıxarılmışdır. Müdafiəçi dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatətin cinayət işinin materiallarına əlavə olunmasını və tam ədalətli olması səbəbindən təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs hüquq müdafiəçisi ilə həmfikir olduğunu bildirmişdir. Məhkəmə heyəti cinayət prosesi tərəflərinin fikirlərini dinləyib, iş materiallarını nəzərdən keçirməklə, qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatət cinayət işinin materiallarına əlavə olunmalı, qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın yuxarıda göstərilən məzmunu həmin orqanın təqdim etdiyi, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X5 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Cəlilabad Rayon Polis X5 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və bu barədə qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 75-76). Cəlilabad Rayon Polis X2 Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və metadon həblərini əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Əhmədəli adlı şəxsin şəxsiyyətini, eləcə də onunla birlikdə digər şəxslərin iştirakının olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamış və bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi bildirilmişdir (iş vərəqi 132). Cəlilabad Rayon Polis X5 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin 16 fevral 2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (iş vərəqi 148- 150). Cəlilabad Rayon Polis X5 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (iş vərəqi 163-171; 174-175). İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başladığı cinayət təqibini sonradan həmin Məcəllənin 234.4.1 və 32.5,206.3.2-ci maddəsinə tövsif etsə də, 32.5,206.3.2-ci maddəni hansı sübut əsasında irəli sürdüyünü əsaslandırmamışdır. Başqa sözlə desək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham elan edilsə də, həmin maddədə nəzərdə tutulan cinayətin törədilməsi vaxtı, habelə hansı üsulla törədilməsi barədə işin halları qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, iş materiallarında olan raportda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və metadon həblərini əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Əhmədəli adlı şəxsin şəxsiyyətini, eləcə də onunla birlikdə digər şəxslərin iştirakının olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Hətta cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri aldığı şəxsi müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-423/2024 nömrəli qərarı əsasında, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 20 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixinədək olan müddətə anten dairəsi məlumatları barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş CD disk məhkəmədə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 01:44:48 radələrindən etibarən saxlanıldığı anadək Cəlilabad rayonunun ərazisində olmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin Respublika sərhədini qanunsuz keçməsi, əlaqə saxladığı mobil telefon nömrəsinin sahibinin ölkə xaricində olması hər hansı bir sübutla təsdiq edilməmişdir. Cinayət işinin faktiki halları göstərir ki, təqsirləndirilən şəxsin əməli konkret olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni onun qanunsuz olaraq əldə edilməsi, üzərində daşıması, saxlaması və satışının həyata keçirilməsinə yönələn hərəkətlərdən ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin, bir sözlə Cinayət Məcəlləsinin 206.2-ci maddəsində qeyd edilən digər maddə və əşyaların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək törədilməsi bu Məcəllənin 206.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Göstərilənlərin fövqündə demək olar ki, Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi iddia edilən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərin nədən ibarət olması, ümumiyyətlə hər hansı bir hərəkəti etməsi məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarında müəyyən olunmamışdır. İbtidai istintaq orqanı qeyd olunan nüansı yalnız təqsirləndirilən şəxsin deməsi əsasında şahidlərin ifadələrinə əsaslanmaqla bu ittihamı irəli sürmüşdür ki, bu da qanunamüvafiq deyildir. Məhkəmə cinayət hüquq nəzəriyyəsi baxımından da gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə təqsir cinayətin subyektiv cəhətinin elementi olmaqla əməlin tövsifinə təsir edir. Ona görə də, cinayət məsuliyyətinin əmələ adekvat müəyyən edilməsi üçün onun məzmunu və forması dəqiq müəyyən edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülərkən, həmin ittiham üzrə qaçaqmalçılıq cinayətinin əlamətləri onun tərəfindən törədilməsinə dəlalət edilən ittihamın məzmununda göstərilməmiş, yəni cinayət əməlinin obyektiv cəhəti, cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri faktiki olaraq ittihamın məzmunundan görünmür və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi üzrə toplanmış materiallarda da qaçaqmalçılıq cinayətinə dair sübutlar olmadığı təqdirdə təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən külli miqdarda narkotik vasitə İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib saxlanaraq daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə, naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmişdir. İstintaq orqanı narkotik vasitənin qrup üzvləri tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini göstərsə də, iş materiallarında bu barədə hər hansı sübut növünə istinad olunmamış, yəni qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini bir nəfərdən çox şəxsin icra etdiyi müəyyən edilməmişdir. Məhkəmə cinayət işi üzrə verilmiş vəsatətlə bağlı həmçinin aşağıdakı milli və beynəlxalq hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı işi”ndə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərində biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belşikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə təfsir edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarının 16-cı bəndinə əsasən malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmçinin, həmin qərarın 19-cu bəndinə əsasən əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bundan başqa, həmin Qərarın 19-cu bəndinin 5-ci abzasında qeyd olunur ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarına əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. X4 belə nəticəyə gəlinmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyrimüəyyən ifadələrlə (“məlum olmayan”, “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) Cinayət- Prosessual Məcəllənin 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Həmin Qərarın 63-cü bəndinə əsasən, dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə Cinayət-Prosessual Məcəllənin 39 və yaxud 40-cı maddələrində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi Ali Məhkəmə Plenumunun sözügedən qərarları ilə bir daha təsbit olunmuşdur. Beləliklə, məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarından Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi iddia edilən qaçaqmalçılıq cinayətində təqsirliliyinin sübuta yetirilməsi müəyyən olunmur. Odur ki, qeyd edilən Plenum Qərarlarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, digər ittihamlarla bağlı cinayət təqibi davam etdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, cinayət hadisəsi, əməldə cinayət tərkibi olmadıqda və sair hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 39.3-cü maddədə isə göstərilir ki, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3 və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (Cinayət-Prosessual Məcəllənin 43.1 və 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 84.6.9-cu maddəsinə əsasən, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan çıxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3 və 314.2-ci maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) qanuni və əsaslı olduğundan cinayət işinə həmin hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3, 43.1, 43.1.1, 314.2, 321.2, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının 32.5,206.3.2-ci maddə üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi barədə vəsatəti təmin olunmaqla cinayət işinin materiallarına əlavə olunsun, bununla əlaqədar olaraq cinayət təqibinə həmin maddə ilə bağlı hissədə xitam verilsin və cinayət təqibi həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrlə davam etdirilsin. Qərardan elan olunduğu (həbsdə saxlanılan məhkuma qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar