Məhkəmə qərarları › İş №1(099)-423/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-423/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-423/2025 14.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X11 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1992-ci ildə Saatlı rayonu Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Orta Muğan kəndində yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 avqust 2025-ci il tarixdə saat 16:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Saatlı rayonu Orta Muğan kəndində yaşadığı evin həyətində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi "VAZ-21061" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə doğru hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin “Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştiraçılarına maneə yaratmasın. Lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili geriyə manevr etdirməməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyərək nəqliyyat vasitəsini geri doğru hərəkət etdirən zaman nəqliyyat vasitəsinin arxa hissəsində olan azyaşlı X7 üzərindən keçməsi nəticəsində ehtiyatsızlıqdan X3 təpəgicgah sümüyünün qapalı qəlpəli basılmış sınığı, sol təpə-gicgah nahiyyəsində baş beyinin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beyinin əzilməsi, sol təpə-gicgah nahiyəsində hematoma, sol bud çanaq oynağının bayır səthində sıyrıq ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək başın qapalı küt travması nəticəsində baş beyin toxumasının əzilməsi səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonu Orta Muğan kəndində arvadı Aytac Əskərova və azyaşlı övladları ilə birlikdə yaşayır. Mərhum oğlu Sənan Əskərov kiçik övladı olmuşdur. O, Vətən müharibəsi zamanı könüllü olaraq SHXÇDX-yə müraciət etmiş, hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl və Qubadlı rayonlarının düşmən işğalından azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində travma almışdır. Müharibə başa çatdıqdan sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Taksi fəaliyyəti göstərməklə, həmçinin, toy məclislərində heyvan kəsməklə ailəsinin dolanışığını təmin edir. 12 sentyabr 2024-cü il tarixdə səhər saatlarında bir neçə müştərini müxtəlif yerlərə aparmış, saat 13 radələrində yaşadığı evə qayıtmış, həyat yoldaşı Aytac Əskərovaya yorğun olduğu üçün yatacağını, günortadan sonra toy məclisinə heyvan kəsməyə gedəcəyini, onu saat 15 radələrində oyatmasını bildirmişdir. O, saat 15 radələrində yuxudan oyanmış, həyat yoldaşı Aytac Əskərovaya nahar yeməyi hazırlamasını bildirmişdir. Onlar birlikdə nahar etmiş, həmin vaxt uşaqları da onların yanında süfrə başında olmuşlar. O, nahar etdikdən sonra toy məclisinə getmək üçün evin həyətinə düşərək istifadəsində olan "VAZ 21061" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobili işə salaraq geriyə doğru hərəkət etdirmişdir. Avtomobili geriyə doğru bir qədər hərəkət etdirdikdən sonra oğlu Sənanı yerdə uzanıqlı vəziyyətdə görmüş, bu zaman avtomobili geri doğru hərəkət etdirərkən ehtiyatsızlıqdan Sənanın üzərindən keçdiyini anlamışdır. Onun qışqırıq səsinə həyat yoldaşı Aytac həyətə düşmüş, onlar birlikdə Sənanı avtomobilə qoyaraq Sabirabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada onlara Sənanın aldığı xəsarətlərdən vəfat etdiyini bildirmişlər. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Cinayət-Prosessual Məcəllənin 327.1.1 və 329.1-ci maddələrinə əsasən (ifadə verməkdən imtina etməsinə görə) zərərçəkmiş şəxsin hüquq varisi X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, X16 onun azyaşlı oğlu, Təqsirləndirilən şəxs isə onun həyat yoldaşıdır. Əri Elşənlə birgə nikahından 3 azyaşlı övladı dünyaya gəlmişdir. Elşən el şənliklərinə musiqiçiləri aparır, həmçinin toy şənliklərində heyvan kəsərək pul qazanır. 12 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Elşən işlərini bitirib idarə etdiyi avtomobillə yaşadığı evə qayıtmışdır. Yaşadığı evə çatdıqdan sonra saat 14 radələrində Elşən ona kənddə toy mərasiminin keçirilməsi ilə əlaqədar ora gedəcəyini, toy mərasimində heyvan kəsəcəyini, hazırda yorğun olduğunu, yatmaq istədiyini və bir neçə saat yatdıqdan sonra onu oyatmasını istəmişdir. Saat 15 radələrində o Elşəni yuxudan oyandırdıqdan sonra Elşən acdığını və yemək hazırlamasını ondan istəmişdir. O, nahar hazırladıqdan sonra digər ailə üzvlərilə birlikdə süfrəyə əyləşmiş, birlikdə nahar etdikdən sonra əri Elşən paltarını dəyişmişdir və ona toy mərasiminə gedəcəyini demişdir. Həmin tarixdə Saat 15:30 radələrində Elşən həyətindəki avtomobilin sükanı arxasına əyləşib avtomobili işə salmışdır. O da yaşadığı evdə süfrəni yığışdırmağa başlamışdır. Başı işə qarışdığından azyaşlı oğlu Sənanın gözündən yayınaraq həyətə düşməsini görməmişdir. Həmin vaxt əri Elşənin qışqırıq səsini eşidib həyətə çıxmışdır. Bu zaman o, oğlu Sənanın yerdə olduğunu görmüşdür. Həmin vaxt Elşənin avtomobillə geriyə doğru hərəkətdə olarkən azyaşlı oğlu Sənanı vurduğunu bilmişdir. Birlikdə Sənanı avtomobilin arxa oturacağına qoyub Sabirabad rayon xəstəxanasına getmişlər. Sənanı xəstəxanada müayinə edərkən öldüyünü bildirmişlər. Bu səbəbdən o əri Elşənlə birlikdə Sənanı avtomobilə qoyub yenidən yaşadığı evə qayıtmışdır. Hadisə əri Elşənin ehtiyatsızlığından baş vermişdir. Buna görə onun Elşəndən şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq X6 cavab olaraq bildirmişdir ki, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edir, əri Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X16 onun qardaşı Təqsirləndirilən şəxs oğludur. Elşənin idarə etdiyi “VAZ 21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur, lakin onun pula ehtiyacı olduğundan 2023-cü ildə o, avtomobili satmaq qərarına gəlmiş və müştəri tapması üçün qardaşı Təqsirləndirilən şəxs bu barədə demişdir. Qardaşı Təqsirləndirilən şəxs isə həmin avtomobili özü üçün almaq istədiyini bildirmişdir. O da qardaşına həmin avtomobili 3000 manata satmışdır. O, avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobili qeyri-rəsmi olaraq qardaşına satmış və həmin avtomobil qardaşının faktiki sahibliyində və istifadəsinndədir. Hadisə baş verəndən sonra ona ailə üzvləri bu barədə məlumat vermiş və o, dərhal qardaşının yaşadığı evə gəlmişdir. O, qardaşıgilə çatdıqda, mərhum Sənan Əskərovu xəstəxanaya aparmışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınması haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Saatlı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Eldost Ələkbərov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işinin başlanması, icraatına qəbul edilməsi, iş üzrə X7 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə Saatlı rayonu Orta Muğan kəndində baş vermişdir. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. YNH-nin iştirakçısı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirdiyi yeri göstərərək azyaşlı oğlu Sənanı vurduğu yeri də əli ilə göstərmişdir. Hadisə onun yaşadığı evin həyətyanı sahəsində fərdi yaşayın evinin qarşısında baş vermişdir. (Cild 1, i.v. 4-14;) İşdə olan, müstəntiq Eldost Ələkbərov tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edilməsinə dair müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü sərxoş halda olmamışdır. (Cild 1, i.v. 15;) İşdə olan, İ-24395 nömrəli, İ-2609 nömrəli, İ-4340 nömrəli, İ-6540 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. (Cild 1, i.v. 21-22;) İşdə olan, nəqliyyat vasitənin qeydiyyat şəhadətnaməsindən və sistemdən çıxarışdan görünür ki, “VAZ 21061” markalı, 31BH326 qeydiyyat nömrəli, ag rəngli minik avtomobil Şahid mülkiyyətindədir və Təqsirləndirilən şəxs verilmiş etibarnamənin müddəti 25 iyul 2023-cü il tarixdə ləğv edilmişdir. (Cild 1, i.v. 23-24;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X25 tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 18 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 2022-ci il təvəllüdlü X7 meyitinə müayinə zamanı aşağıdakılar aşkar edilmişdir: 1.Kəllənin qapalı küt travması, sol təpə-gicgah sümüyünün qapalı qəlpəli basılmış sınığı, sol təpə-gicgah nahiyyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qışanın cırılması, baş beynin əzilməsi, baş beyin maddəsi və ağ ciyər ödemi, daxili orqanların doluqanlılığı, sol təpə-gicgah nahiyəsində hematoma, sol buda şanaq oynağının bayır səthində sıyrıq. 2.Aşkar edilmiş xəsarətlər – sol təpə-gicgah sümüyünün qapalı qəlpəli basılmış sınığı, sol təpə-gicgah nahiyyəsində baş beynin sərt vəyumşaq qişasında, baş beyin toxumasında və yumşaq nahiyəsində hematoma, sol bud çanaq oynağının bayır səthində sıyrıq-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixdə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. X7 ölümünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. (Cild 1, i.v. 36-40;) İşdə olan, “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. (Cild 1, i.v. 49;) İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. (Cild 1, i.v. 56;) İşdə olan, Saatlı rayonu Orta Muğan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Orta Muğan kəndində yaşadığı müddətdə özünü intizamlı bir vətəndaş kimi aparıb. Kəndin bütün içtimai işlərində fəal iştirak edib. Kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi tapşırıqlara biganə yanaşmayıb, kənd ağsaqqalları arasında böyük nüfuza malik olub. Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1.Arvadı: X6. 2.Oğlu: xx.xx.2018-ci il təvəllüdlü X17. 3.Qızı: xx.xx.2020-ci il təvəllüdlü X14. (Cild 1, i.v. 57-59;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 171 nömrəli həkim psixiart komissiyasının rəyindən və Saatlı Rayon Mərkəzi X13 Şəxs tərəfindən verilmiş sorğunun cavablandırılması haqqında məktubdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Mərkəzi X13 Şəxsin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “dissosiativ konversion pozuntu, dekompensasiya vəziyyəti” diaqnozu ilə qeydiyyatdadır. (Cild 1, i.v. 63; Cild 1, i.v. 74-75) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v. 71;) İşdə olan, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. (Cild 1, i.v. 72;) İşdə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğam Regional filialı tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 3-17-1/2-2929/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs filialdan əlilliyə görə heç bir növ sosial müavinət, Prezident təqaüdü və əmək pensiyası təyin edilməyib. (Cild 1, i.v. 77;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 3766 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırdan hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, i.v. 79-80;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 fevral 2025-ci il tarixli, 8/3631 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. (Cild 1, i.v. 83-85;) İşdə olan, Saatlı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyevin “cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və iş üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. (Cild 1, i.v. 86;) İşdə olan, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittihamın elan olunması təmin edilmiş, xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, hadisə yerinin sxemi və fotoşəkilləri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18 saylı rəyi, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3766 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/3631 nömrəli rəyi və şahidlərin ifadələri və digər rəsmi sənədlər cinayət prosesində ittiham tərəfinin əldə etdiyi mötəbər dəlilləri təşkil etdiyindən, onlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinə müvafiq olaraq cinayət təqini üzrə sübut hesab edilmişdir. (Cild 1, i.v. 89-95;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. (Cild 1, i.v. 104- 105;) İşdə olan, 20 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 122;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək özünü müdafiə üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq əməlin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin ölümünə səbəb olması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanununun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263- 1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, izah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarına görə CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi və həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə olan cinayət əməli ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263-1.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Şərh olunan maddə cinayətin subyekti qismində iki kateqoriya şəxsi nəzərdə tutur: 1) nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsi; 2) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsi. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarının tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 263.1-3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edirkən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən Vətən müharibəsi iştirakçısı olması və müxtəlif dövlət təltifləri ilə təltif olunmasını cəzasını yüngülləşdirən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini xaratkerizə edən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxsin onun övladı olmasını, baş vermiş hadisədən təqsirləndirilən şəxsin valideyn kimi iztirab çəkməsini, ailənin dolanışığını təmin edən yeganə şəxs olmasını, o cümlədən müharibə iştirakçılarına dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğını, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlikdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ CPM-nin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar