Məhkəmə qərarları › İş №1(099)-425/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-425/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-425/2023 01.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran şəhəri Ş.Qurbanov küçəsi ev 6/1-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-ci ilin yanvar ayında, Bakı-Astara magistral yolunun 164-cü kilometrliyinin Lənkəran rayonu Girdəni kəndi ərazisində, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, 1 ədəd sellofan bükümündə, təmiz çəkisi 70,114 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 yanvar 2023-ci il tarixdə saat 02:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən “Sultan” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyinin sağ yan cibindən qeyd edilən bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, satış məqsədi olmaması və üzərindən cəmi 15 qram heroin aşkar edilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni əsasən Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. 17 yanvar 2023-cü ildə axşam təxminən 01:00 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, “Sultan” şadlıq sarayının yaxınlığında olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəranda yerləşən X7 inzibati binasına gətirmişlər. Üzərinə baxış keçirilərkən təxminən 15 qrama yaxın narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə özünə məxsus olmuşdur. Sonra polis əməkdaşları onun üzərinə əlavə narkotik vasitə qoyaraq ona məxsus olmasını bildirmişlər. Polisin əlavə etdiyi narkotikin təqribən 70 qram çəkisi olmuş, həmin çəkidə narkotiki etiraf etməyəcəyi halda onun evində axtarış keçiriləcəyi və daha ağır çəkidə narkotik saxlamasında ittiham ediləcəyi ilə təhdid etmişlər, bu səbəbdən də 70 qram narkotik olmasını etiraf etmişdir. Heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Üzərində 15 qram narkotik vasitə saxladığı üçün əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, tutulmamışdan 3-4 gün əvvəl “İnstaqram” sosial şəbəkəsində adını xatırlamadığı iranlı şəxslə tanış olmuşdur. Həmin şəxslə münasibət qurduqdan sonra ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Həmin şəxs “Whatsapp” ani mesajlaşma proqramında kart hesabı göndərmişdir. 16 yanvar 2023-cü ildə axşam 22-23 radələrində həmin kart hesabına 400 manat pul yükləmişdir. İranlı da, narkotik yeri izah edəndən sonra, Lənkəran rayonu, Girdəni kəndi ərazisində magistral yolun 163-164 kilometrliyinə piyada hərəkət edərək getmişdir. Həmin ərazidə yolun kənarında 1 ədəd bükümü götürmüş və dərhal piyada olaraq geri qayıtmışdır. Artıq 17 yanvar 2023-ci il tarixdə, saat 02 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, “Sultan” şadlıq sarayının yaxınlığında polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar, orada üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə olan heroin bir bükümdə aşkar edilmiş, elektron tərəzidə ölçüləndə təqribən 70 qr çəki müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşlarının üzərinə narkotik vasitələri qoyması, polisin əlavə etdiyi narkotikin təqribən 70 qr. çəkisi olması, həmin çəkidə narkotiki etiraf etməyəcəyi halda onun evində axtarış keçiriləcəyi və daha ağır çəkidə narkotik saxlamasında ittiham edəcəyi ilə təhdid etmələri, bu səbəbdən də 70 qr. narkotik olmasını etiraf etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxsun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitə və ya psixotrop maddə əldə edib üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 17 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlayaraq, özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, polis şöbəsinə aparmışlar və üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan köynəyinin sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim etmiş, bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir, həmin maddə elektron çəkidə çəkildikdə 70 qr. olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin heroini adını xatırlamadığı iranlədan öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 19/66 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 70,114 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqatdan sonrakı qalıq heroin 70,014 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli 453 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyinin sağ yan cibindən 01(bir) ədəd bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 70,014 qram narkotik vasitə heroin və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntü maddi sübut kimi tanınmış, narkotik vasitə Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı barəsində olan cinayət işinə xitam verilmiş və məhkumluğu yoxdur. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə dair əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Əvəzəli oğlunun qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 22 aprel 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X5 şəhəri, Ş.Qurbanov küçəsi ev 6/1-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2012-ci il təvəllüdlü X4 adlı azyaşlı, xx.xx.2008-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin haqqında» 28 aprel 2023-cü il tarixli qərarla İlyas adlı şəxs və qeyriləri barəsində cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “X11 Prime” markalı mobil telefon qardaşı X2 qaytarılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137- 1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Lənkəran Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 70,014 qram narkotik vasitə heroin məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Lənkəran Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 70,014 qram narkotik vasitə heroin məhv edilsin, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar