Məhkəmə qərarları › İş №1(099)-425/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-425/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-425/2025 08.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X9 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) xx.xx.2004-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 08 sentyabr 2025-ci il tarixdə saat 11:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd ağ rəngli kisədə qablaşdırılmış on ədəd bağlamada külli miqdarda – 8745,0 qram (8kq 745 qram) narkotik vasitə qurudulmuş marixuananın Salyan rayonu Qırxçıraq kəndi ərazisində gizlədilməsi barədə məlumat verildikdən sonra o, 25 fevral 2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi avtomobildə sərnişin qismində həmin əraziyə gəlmiş, orada avtomobildən düşüb qeyd olunan yerdən bir ədəd ağ rəngli kisədə qablaşdırılmış, on ədəd bağlamada külli miqdarda- 8745,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən 25 fevral 2025-ci il tarixdə, saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Qırxçıraq kəndində yerləşən köhnə yanacaq doldurma məntəqəsinin ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, üzərlərində şəxsi axtarış zamanı onlara aid bir ədəd ağ rəngli kisədə qablaşdırılmış, on ədəd bağlamada ayrı-ayrılıqda 875,0 qram, 860,0 qram, 430,0 qram, 835,0 qram, 875,0 qram, 900,0 qram, 990,0 qram, 990,0 qram, 1000,0 qram, 990,0 qram olmaqla cəmi, külli miqdarda- 8745,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunmamışdan təxminən iki-üç ay əvvəl özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə tanış olaraq ünsiyyət saxlamışdır. O, həmin şəxsdən şəxsi istifadəsi üçün 150 qram narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Aralarındakı razılaşmaya əsasən həmin narkotik vasitəni əldə etdikdən sonra narkotik vasitənin pulunu onun göndərəcəyi bank kartına köçürəcəkmiş. 25 fevral 2025-ci il tarixdə axşam radələrində iranlı kimi tanıdığı həmin şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə ona narkotik vasitəni yerləşdirdiyi yerin konumunu atmış, o konum vasitəsilə narkotik vasitənin Salyan rayonu Qırxçıraq kəndi ərazisində olduğunu müəyyən etmişdir. O, həmin vaxt tanışı Təqsirləndirilən şəxs2 birlikdə Salyan rayonu, Qırxçıraq kəndinə getməyi təklif etmiş, lakin narkotik vasitə əldə etmək niyyətində olmasını ona bildirməmişdir. Onlar həmin gün saat 22 radələrində əvvəllər tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilinə sərnişin qismində əyləşərək, Salyan rayonu Qırxçıraq kəndi ərazisinə getmişlər. Taksi sürücüsü onları Salyan rayonu Qırxçıraq kəndi ərazisinə gətirdikdən sonra ona ödəniş edərək yola salmışlar. O, iranlı kimi tanıdığı şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə əvvəlcədən verdiyi təlimata uyğun olaraq narkotik vasitənin yerləşdirildiyi yeri tapmış, orada olan kiçik bir bağlamanı götürərək Adəmlə birlikdə həmin ərazidən uzaqlaşmağa çalışarkən, mülki geyimdə olan polis əməkdaşları onları saxlamışdır. Bundan sonra polis əməkdaşları onun əlində olan bir ədəd kiçik bağlamanı alaraq özləri ilə gətirdikləri bir ədəd ağ rəngli kisəni verib həmin kisənin onlara məxsus olması ilə bağlı videoçəkiliş zamanı “etirafedici” ifadələr vermələrini tələb etmişlər. Onlar polis əməkdaşlarının tələbləri ilə razılaşmadıqda polis əməkdaşları onları üzü üstə yerə yıxmış, bədən nahiyyələrinə silah dayayaraq alçaldıcı hərəkətlər edəcəkləri ilə bağlı hədələmişlər. Onlar məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Adəmə narkotik vasitə əldə etmək niyyətində olduğunu deməmiş, Adəmin onun iranlı kimi tanıdığı şəxslə narkotik vasitələrin əldə olunması ilə bağlı sövdələşməsindən xəbəri olmamışdır. İranlı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə kiçik bir bağlamanın şəklini göndərmişdir. O, həmin bağlamanın şəklindən bağlamada təxminən 100-150 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu anlamışdır. Həqiqətən də, iranlı kimi tanıdığı şəxsin göndərdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi konuma getdikdə orada şəkildəki bağlama olmuş və o, həmin bağlamanı götürmüşdür. Bir ədəd ağ rəngli kisədəki narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşları özləri ilə gətirmişlər. Onun külli miqdarda narkotik vasitə əldə etmək niyyəti olmamış, həmçinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşlarından Şahid ona qarşı zor tətbiq etmişdir. Videoçəkiliş onlar saxlanıldıqdan təxminən 20-30 dəqiqə sonra aparılmışdır. Lakin, heç bir xəsarət almamış, eləcə də, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuana, son zamanlar isə narkotik vasitə heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə eyni rayondandır və bir-birlərini uzun müddətdir ki, tanıyırlar. Təqsirləndirilən şəxs2la aralarında səmimi dostluq münasibəti olmuşdur. Təxminən 2 ay bundan öncə “Whatsapp” proqramından xarici ölkəyə məxsus nömrədən zəng gəlmişdir. Həmin zəng edən şəxs azərbaycan dilində danışıb səhv düşdüyünü bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o, yığıb yenidən ümumi hal-əhval tutub əslən azərbaycanlı olmasına baxmayaraq İran İslam Respublikası vətəndaşı olduğunu, adının “Hüseyn” olmasını və İrandan yığdığını bildirib hər işdə xeyir olmasını, bəlkə də, təsadüf nəticəsində aralarında qardaşlıq yaranacağını vurğulamışdır. Bundan sonra həmin nömrə müxtəlif zamanlarda mesajlar göndərmişdir. Bir ay keçdikdən sonra onlar mütəmadi danışmağa başlamışlar. Danışıq zamanı narkotik vasitədən söz düşdükdə Hüseynə narkotik vasitə istifadəçisi olduğunu demişdir. 2025-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə özünü “Hüseyn” adı ilə təqdim edən şəxs ona etibarlı adam olduğunu və bir neçə aydır tanıdığını bildirib içərisində narkotik vasitələr olan torbanı yaşadığı Salyan rayonuna atdıracağı halda həmin torbanı götürüb Bakıya çatdıra biləcəyini soruşub bu işi görəcəyi halda 1000- 1500 manat məbləğində pul verəcəyini demişdir. Hüseynin bildirdiyi məbləğ onu qane etdiyi üçün təklifi ilə razılaşmışdır. Hüseyn torbanı öz adamları tərəfindən Salyan rayonu ərazisinə atdıracağını, həmin torbanı götürdükdən sonra dərhal Bakı şəhərinə özünün deyəcəyi yerə qoymalı olduğunu demişdir. Belə ki, 25 fevral 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Hüseyn onun ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə qurub bu axşam malı Salyan rayonuna yerləşdirəcəyini və ondan xəbər gözləməsini tapşırmışdır. O da həmin gün bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verib İranlı ilə danışıb razılığa gəldiyini, onun göndərdiyi içərisində narkotik vasitələr olan torbanı Bakı şəhərinə çatdıracağı halda 1000-1500 manat məbləğində pul verəcəyini, əgər birlikdə axşam saatlarında deyiləcək ünvana gedib narkotik vasitələri götürmək üçün kömək edərsə, ona da pul verəcəyini demişdir. Adəm də onun təklifi ilə razılaşmışdır. Belə ki, 25 fevral 2025-ci il tarixdə axşam saatlarında Hüseyn onun ilə əlaqə saxlayıb malın Salyan rayonu, Qırxçıraq kəndi ərazisində olmasını və gedib tez götürüb əlaqə saxlamasını tapşırmışdır. O da Adəmlə birlikdə yol kənarında dayanan taksiyə əyləşib Hüseynin göndərdiyi konuma uyğun olaraq Qırxçıraq kəndi istiqamətində getmişdir. Orada avtomobildən düşüb konuma uyğun hərəkət etmişlər. Yerdə 01 ədəd ağ rəngli torbanın olmasını görmüşlər. Hüseyn ona öncədən həmin torbanın fotoşəklini göndərdiyi üçün artıq torbanın içərisinə baxmamışdır. 25 fevral 2025-ci il tarixdə saat 23 radələrində Salyan rayonu, Qırxçıraq kəndində yerləşən əvvəllər istifadə edilmiş yanacaqdoldurma məntəqəsinin yaxınlığından tanışı Təqsirləndirilən şəxs2la keçərkən bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbənin əməkdaşları olduqlarını söyləmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişlər. Sonra hüquq və vəzifələri izah olunmuş, videoçəkilişlə üstlərində yoxlanış aparılacağı və əşyalara baxış keçiriləcəyi bildirilmişdir. İlk öncə üzərlərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra o əlində saxladığı ağ rəngli torbanın içərisində İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitələr olduğunu deyib təqdim etmişdir. 01 ədəd ağ rəngli sintetik torbadakı narkotik maddələrə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 10 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sellofan bükümlərdə qurudulmuş marixuanalar həmin ağ rəngli sintetik torbaya qoyulmuş, möhürlənmiş və torbanın üstünə qeydlər aparılıb, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən 01 ədəd «Samsung» markalı mobil telefonu, 01 ədəd «Rotmans» siqaret qutusu, 01 ədəd cib dəsmalı və 15 manat pul aşkar olunmuşdur. Mobil telefon götürülmüş, digər əşyaları isə qaytarılmışdır. Adəmin üzərindən 01 ədəd «Redmi» markalı mobil telefon, 01 ədəd siqaret qutusu və 50 qəpik pul aşkar olunmuşdur. Mobil telefon götürülmüş, digər əşyalar isə Adəmin özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə “kakos” və marixuana qəbul edir, aşkar olunmuş narkotik maddələri 2-3 ay əvvəl tanış olduğu İran vətəndaşı Hüseyn adlı şəxslə telefonla danışıb əldə etmişlər, 1500 manat qarşılığında Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisinə aparıb qoyacaqdılar. Tanışı Adəm verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə marixuana qəbul edir, onun İranlı ilə narkotik maddə barədə danışdığını, narkotik maddə götürəcəklərini əvvəlcədən bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, polis əməkdaşlarının təzyiqi altında qeyd edilən məzmunda ifadə vermişdir, hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini tədiq edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, 25 fevral 2025-ci il tarixdə axşam saatlarında qohumları ilə bir qədər spirtli içki qəbul etdikdən sonra məhəlləyə çıxmış, həmin vaxt tanışı Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Bir qədər hal-əhval tutduqdan sonra Xalid ona Salyan rayonu Qırxçıraq kəndinə getməyi təklif etmişdir. O, sərxoş olduğundan bir qədər qarlı havada təmiz hava almaq istəmiş, bu səbəbdən onun təklifi ilə razılaşaraq onunla birlikdə Salyan rayonu, Qırxçıraq kəndinə getmişdir. O, Xaliddən Qırxçıraq kəndinə hansı məqsədlə getdiyini soruşmamış, Xalid də bu barədə ona heç bir söz deməmişdir. Onlar Qırxçıraq kəndinə çatdıqdan sonra Xalid yoldan bir qədər aşağı doğru getmiş, bu zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Xalid Qırxçıraq kəndinə narkotik vasitə əldə etmək üçün gəlib. O, polis əməkdaşlarına Xalidin narkotik vasitə əldə etmək üçün Qırxçıraq kəndinə gəlməsindən xəbərsiz olduğunu desə də, polis əməkdaşları onu və Xalidi yerə uzadaraq zor tətbiq edəcəkləri eləcə də, alçaldıcı hərəkətlər edəcəkləri ilə hədələmişlər. O, qorxduğu üçün məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmış, videoçəkiliş zamanı Xalidlə birlikdə narkotik vasitə əldə etmək üçün həmin yerə gəldiyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Təqsirləndirilən şəxs1 hər hansı iranlı şəxslə narkotik vasitələrin dövriyyəsi ilə bağlı sövdələşməsindən heç bir məlumatı olmayıb. Polis əməkdaşlarından Şahid əlini onun ağzına salaraq videoçəkiliş zamanı onun dediyi formada danışmağı tələb etmişdir. Lakin, heç bir xəsarət almamış, eləcə də, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuana, son zamanlar isə narkotik vasitə heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığından tanıyır və onlar bir-birlərini uzun müddətdir ki, tanıyırlar. Təqsirləndirilən şəxs1la aralarında səmimi dostluq münasibəti vardır. 25 fevral 2025-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman Xalidlə görüşmüşdür. Xalid ona İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını və sonuncunun narkotik vasitə olan torbanı Salyan rayonu ərazisinə göndərəcəyini, həmin torbanı götürüb Bakı şəhərinə çatdırmalı olduğunu demişdir. Xalid onunla birlikdə qeyd olunan narkotik vasitəni götürməyə getməsini təklif etmişdir. Xalidin təklifi ilə razılaşmışdır. Bundan sonra yol kənarında dayanan taksi xidməti fəaliyyət göstərən avtomobilə oturub Salyan rayonu, Qırxçıraq kəndi ərazisinə getmişlər. Yolda Xalid öz mobil telefonu ilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamışdır. Qırxçıraq kəndi ərazisinə çatıb Xalidə göndərilən konuma uyğun olaraq hərəkət etmişlər. Xalid göndərilən fotoşəkildə olan ağ rəngli torbanı həmin yerdən götürmüşdür. Saat 23 radələrində Salyan rayonu, Qırxçıraq kəndində yerləşən əvvəllər istifadə edilmiş yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçərkən bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbənin əməkdaşları olduqlarını söyləmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını onlara bildirmişlər. Sonra hüquq və vəzifələri izah olunmuş, videoçəkilişlə üstlərində yoxlanış aparılacağı və əşyalara baxış keçiriləcəyi bildirilmişdir. İlk öncə üzərlərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Xalid əlində saxladığı ağ rəngli torbanın içərisində İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitələr olduğunu deyib təqdim etmişdir. 01 ədəd ağ rəngli sintetik torbadakı narkotik maddələrə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 10 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sellofan bükümlərdə qurudulmuş marixuana bənzər kütlələr həmin ağ rəngli sintetik torbaya qoyulmuş, möhürlənmiş və torbanın üstünə qeydlər aparılıb, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Xalidin üzərindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd «Rotmans» siqaret qutusu, 01 ədəd cib dəsmalı və 15 manat pul aşkar olunmuşdur. Mobil telefon götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Üzərindən 01 ədəd «Redmi» markalı mobil telefon, 01 ədəd siqaret qutusu və 50 qəpik pul aşkar olunmuşdur. Mobil telefon götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə “kakos” və marixuana qəbul edir, aşkar olunmuş narkotik maddələri 2-3 ay əvvəl tanış olduğu İran vətəndaşı Hüseyn adlı şəxslə telefonla danışıb əldə etmiş, 1500 manat qarşılığında Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisinə aparıb qoyacaqdır. Ona verilən suallara cavab olaraq narkotik vasitə marixuana qəbul etdiyini, Xalidin İranlı ilə narkotik maddə barədə danışdığını, narkotik maddə götürəcəklərini əvvəlcədən bildiyini söyləmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 fevral 2025-ci il tarixdə saat 23 radələrində Salyan rayonu Qırxçıraq kəndi ərazisində saxlanılmış, üzərlərinə şəxsi axtarış zamanı onlara məxsus bir ədəd ağ rəngli kisədə qablaşdırılmış on ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 kisədə aşkar edilmiş narkotik vasitəni iranlı kimi tanıdığı şəxsin göndərdiyini, aralarındakı razılaşmaya əsasən həmin kisədəki narkotik vasitələri Bakı şəhərinə aparmaq müqabilində iranlı şəxsin ona pul verəcəyini, Adəmin də onunla birlikdə gəldiyini, narkotik vasitəni Adəmlə birlikdə Bakı şəhərinə aparmaq niyyətində olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi narkotik vasitələrin istifadəçiləri olduqlarını bildirmişlər. Verilən suallara cavab olaraq Şahid göstərmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçmağa çalışmış, lakin polis əməkdaşları tərəfindən saxlanılmışlar, saxlanılarkən yerə yıxıldıqlarından üzərlərindəki geyimlər palçıqla çirklənmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı nə o, nə də digər polis əməkdaşları tərəfindən heç bir zorakılığa, fiziki və psixi təsirə yol verilməmişdir. Şifahi sorğu-sual zamanı müəyyən etmişlər ki, iranlı şəxslə bilavasitə Təqsirləndirilən şəxs1 əlaqə saxlamış, daha sonra bu barədə Adəmə məlumat verərək onunla cinayət əlaqəsinə girmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid xx.xx.2025-ci il tarixli raportu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə edib Salyan rayonunda ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (Cild 1, i.v. 5;) İşdə olan, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid tərəfindən qərar qəbul olunmuşdur. (Cild 1, i.v. 6-7;) İşdə olan, “əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, qrup rəhbəri polis mayoru Şahid olmaqla, polis mayoru X14, polis baş serjantı X11, polis baş serjantı X12 və polis serjantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v. 8;) İşdə olan, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 fevral 2025-ci il tarixdə saat 23:05-da Salyan rayonu, Qırxçıraq kəndində köhnə yanacaq doldurma məntəqəsinin ərazisində saxlanıldıqdan dərhal sonra üstlərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı 01 ədəd ağ rəngli torbada 10 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, i.v. 11-14;) İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara məxsus bir ədəd ağ rəngli kisədə aşkar edilmiş on ədəd bağlamada olan narkotikə vasitə qurudulmuş marixuanaya bənzər kütlələrə, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı və Təqsirləndirilən şəxs2 götürülmüş “Redmi” markalı mobil telefonlara baxış keçirilərək götürülmüşdür. (Cild 1, i.v. 28-29;) İşdə olan, 26 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 fevral 2025-ci il saat 23:05-dən tutulmuş hesab edilmişdir. (Cild 1, i.v. 28-29;) İşdə olan, 26 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 fevral 2025-ci il saat 23:05-dən tutulmuş hesab edilmişdir. (Cild 1, i.v. 45-46;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 19/81 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş 10 büküm...” sözlər və imzalar olan bir ədəd kisədəki, 10 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 875,0 qram, 860,0 qram, 430,0 qram, 835,0 qram, 875,0 qram, 900,0 qram, 990,0 qram, 990,0 qram, 1000,0 qram, 990,0 qram ümumi çəkisi 8745,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 130 (yüz otuz) manatdır. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 8744,0 qramdır. (Cild 1, i.v. 82-85;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 123-124;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 136-137;) İşdə olan, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-246/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 174-176;) İşdə olan, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-244/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə çıxışında dostu Təqsirləndirilən şəxs1 ona kəndə gedib-qayıtmağı təklif etdiyini, narkotik vasitə götürmək üçün getməsindən məlumatı olmuşdur. Polis əməkdaşları tərəfindən ona təzyiq və şiddət olmamışdır. (Cild 1, i.v. 177- 179;) İşdə olan, “maddi sübut hesab etmə haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda 8745,0 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 8744,0 qram qurudulmuş marixuana axlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, i.v. 180-181;) İşdə olan Salyan rayon məhkəməsinin 27 fevral 2025-ci il tarixli 5(057)-30/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində regional şöbəsinnin baş əməliyat müvəkkili polis mayoru Şahid tərəfindən qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 25 fevral 2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, i.v. 194-195;) İşdə olan, Salyan "xxxx" MMC-dən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. (Cild 1, i.v. 205;) İşdə olan, Salyan "xxxx" MMC-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatda olmaqla anası X7 ilə birlikdə yaşayır. (Cild 1, i.v. 206-207;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v. 233-234;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v. 235-236;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 103 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 237;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 102 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 238;) İşdə olan, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-758/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 25 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, i.v. 23-25;) İşdə olan, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-759/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 ay, yəni 25 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmədə çıxış edən Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək sosial şəbəkədə tanış olduğu İran vətəndaşından şəxsi istifadəsi üçün 150 qram narkotik vasitə götürməyə getdiyini və orada polis əməkdaşları tərəfindən saxlanılaraq ona qarşı fiziki zor və müqavimət göstərildiyini, təzyiqlərdən sonra polis əməkdaşları tərəfindən ona verilmiş torbada olan 8 kq narkotik vasitəni qəbul etmək məcburiyyətində qaldığını göstərmişdir. (Cild 2, i.v. 26-28;) İşdə olan, Təqsirləndirilən şəxs1 barəsində olan tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. (Cild 2, i.v. 31-32;) İşdə olan, Təqsirləndirilən şəxs2 barəsində olan tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. (Cild 2, i.v. 33-34;) İşdə olan, “sübutların qiymətləndirilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinin yoxlanılması və baxış keçirilməsinə dair, həmçinin təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk, Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd Redmi markalı mobil telefonların ailə üzvlərinə qaytarılması barədə qərar qəbul edilmişdir. (Cild 2, i.v. 51-63;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 65-66;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 80-81;) İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraata cinayət işi ayrılmışdır. (Cild 2, i.v. 95-96;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün aşağıdakı dəlilləri irəli sürmüşlər: Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iranlı ilə aralarında yalnız 150 qram qurudulmuş marixuana ilə bağlı sövdələşmə olduğunu, 150 qram qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmək niyyətində olduğunu, iranlının ona “Whatsapp” mobil tətbiqində Salyan rayonu Qırxçıraq kəndi ərazisində gizlətdiyi kiçik bir bağlamanın şəklini göndərdiyini, Salyan rayonu Qırxçıraq kəndi ərazisinə gəldikdən sonra iranlının ona göndərdiyi konumda kiçik bir bağlama aşkar edib götürdüyünü, həmin vaxt mülki geyimli polis əməkdaşlarının onları saxladığını, ondan kiçik bağlamanı alıb içərisində külli miqdarda narkotik vasitə olan bir ədəd ağ rəngli kisəni ona verərək həmin kisənin onlara məxsus olduğunu etiraf etmələrini tələb etdiklərini, polis əməkdaşlarının tələbləri ilə razılaşmadıqda polis əməkdaşlarının onları üzü üstə yerə yıxıb silah dayayaraq zor tətbiq etməklə hədələdiklərini, polis əməkdaşlarının təzyiqləri altında etirafedici ifadələr verdiklərini, tanışı Təqsirləndirilən şəxs2 ümumiyyətlə onun narkotik maddə əldə etmək niyyətindən və iranlı ilə sövdələşməsindən xəbərsiz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 da özünü müdafiə üçün oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 Salyan rayonu Qırxçıraq kəndinə narkotik vasitə əldə etmək üçün getməsindən xəbərsiz olduğunu, Təqsirləndirilən şəxs1 iranlı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsindən məlumatı olmadığını, həmin gün sərxoş olduğu üçün qarlı havada bir qədər təmiz hava almaq üçün Təqsirləndirilən şəxs1la Salyan rayonu Qırxçıraq kəndinə getməyə razılaşdığını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə və hədə-qorxuya məruz qaldığından məcbur qalıb narkotik vasitənin əldə edilməsində Təqsirləndirilən şəxs1la əlbir olması barədə etirafedici ifadə verdiyi göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özləri müdafiə üçün gətirdikləri dəlilləri cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlil edərək aşağıdakıları qeyd edir: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş görüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərlərində aşkar edilmiş bir ədəd ağ rəngli kisədə qablaşdırılmış on ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı “Whatsapp” mobil tətbiqi vasitəsilə tanış olduğu iranlı kimi tanıdığı şəxsin göndərdiyini, həmin şəxslə aralarındakı razılaşmaya uyğun olaraq həmin kisədəki narkotik vasitələri Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerlərə qoyması müqabilində pul alacağını, Təqsirləndirilən şəxs2 da bu işə cəlb edərək ona kömək etməsi müqabilində əldə olunacaq qazancdan pay verəcəyini bildirmişdir. Həmin videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 iranlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sövdələşməsindən məlumatlı olmuş, Təqsirləndirilən şəxs1 ona həmin narkotik vasitəni Bakı şəhərinə aparması üçün kömək etməsi təklifi ilə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxslər ilkin izahatlarında, müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişlər. İşdə olan, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-244/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə və təqdimata baxılarkən Təqsirləndirilən şəxs2 məhkəmədə çıxışında dostu Təqsirləndirilən şəxs1 ona kəndə gedib-qayıtmağı təklif etdiyini, narkotik vasitə götürmək üçün getməsindən məlumatı olduğunu, polis əməkdaşları tərəfindən ona təzyiq və şiddətə yol verilmədiyi göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Bu fikrin məntiqi davamı olaraq məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdikləri əlavə ifadələrini yuxarıda qeyd olunan hissələrdə sübut kimi qəbul etmir, hesab edir ki, həmin ifadələr təqsirləndirilən şəxslərin şəxsi mülahizələrinə əsaslanan müdafiə mövqeyinə söykənməklə, Təqsirləndirilən şəxs1 məsuliyyətinin yüngülləşdirilməsinə, Təqsirləndirilən şəxs2 isə əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin saxlanıldıqdan sonra polis əməkdaşlarının onlara qarşı zor tətbiq edərək, eləcə də silahla və təhqiredici hərəkətlərlə hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdükləri dəlilə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhk əmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslər, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Onlar fiziki zor tətbiq edilməsini yalnız videoçəkiliş zamanı üzərlərindəki geyimlərin palçıqla çirkləməsi ilə əsaslandırmışlar ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən qaçmağa çalışdıqlarını, bu zaman yerə yıxıldıqlarını, nəticədə geyimlərinin palçıqla çirkləndiyini qeyd edərək bu halı təkzib etmişdir. Videogörüntülərə baxış zamanı da aydın şəkildə görünür ki, təqsirləndirilən şəxslərlə yanaşı əməliyyatda iştirak etmiş polis əməkdaşı Ramil Əliyevin də geyimləri palçıqla çirklənmişdir. Məhkəmə hesab edir ki, bu hal Şahid təqsirləndirilən şəxslərin qaçmağa çalışarkən saxlanılmaları ilə əlaqədar yerə yıxılıb geyimlərinin çirklənməsini təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 126 və 127 nömrəli ekpert rəylərindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə etdikləri ümumilikdə 8745,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 1749 dəfə, külli miqdarından isə təxminən 17 dəfədən artıq olması, habelə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin qeyriləri ilə qabaqcadan əlbir olaraq özlərinin qazanc əldə etmək məqsədilə onlara bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədlərinin olması ilə bağlı etirafedici ifadələri, şahid ifadəsi və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri şahid qismində dindirilmiş Şahid ifadəsi, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyin tələblərinə və cəza təyin etmənin prinsiplərinə uyğun olaraq iştirakçılıqla törədilmiş hazırkı cinayət əməlində təqsirləndirilən şəxslərin hər birinin cinayətin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti və digər mühüm xüsusiyyətləri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə cəza təyini zamanı onlara təyin ediləcək cəza həddində nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs1 xüsusi fəallığını, aparıcı rolunu (iranlı ilə əlaqənin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sövdələşmənin bilavasitə onun tərəfindən aparılması) qeyd edərək hesab edir ki, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 münasibətdə daha aşağı həddə cəza təyin edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8744,0 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini və təqdim edilmiş sübutlara baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd DVD disk, eləcə də, Azərfon MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 130 (bir yüz otuz) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8744,0 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, üstlərinin yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar