Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-426/2023 21.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı şəhəri, Seybətin prospekti, ev 2-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 20 yanvar 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün 18 yanvar 2023-cü ildə şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və qurudulmuş marixuananın, həmçinin psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədil ilə qanunsuz olaraq əldə etdikləri 01 (bir) ədəd torbada, 02 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 2890,0 qram nakotik vasitə qurudulmuş marixuananı, 04 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 5758,682 qram narkotik vasitə heroini və 01 ədəd bükümdə, külli miqdar təşkil edən, təmiz çəkisi 19,673 qram psixotrop maddə metamfetamini məlum olmayan vaxtda və şəraitdə Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə, köhnə tikilidə gizlədilən yerə 19 yanvar 2023-cü ildə gecə saat 00:00 radələrində gələrək külli miqdarlarda olan narkotik vasitələri və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı cinayət başında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən göstərilən çəkilərdə - külli miqdarlarda narkotik vasitələr və psixotrop maddə əlində olan 01 (bir) ədəd torbanın içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki İranlı tanışı “Babək” adlı şəxsdən öz istifadəsi üçün 10 qram metamfetamin istəmiş, 18 yanvar 2023cü ildə saat 22 radələrində “Babək” ona “Whatsapp” vasitəsi ilə ismarıc yazaraq metamfetaminin Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə köhnə tikilinin içərisinə qoyulduğunu demiş, o da taksi ilə Cəlilabad şəhəri ərazisinə gedərək orada olan tikiliyə daxil olmuş, yerdə ağ rəngli böyük həcmli torba görüb, həmin torbada 5- 10 kq narkotik vasitə olduğunu başa düşüb götürmək istəməmiş, lakin həmin vaxt polis əməkdaşları onu saxlayaraq şöbəyə gətirmiş, şöbədə izahat verərkən İranlı tanışı “Babək”in istifadəsi üçün ona göndərdiyi 10 qram metamfetamini götürmək məqsədilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və törədilmiş cinayət haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, xx.xx.2023-cü ildə sosial şəbəkə vasitəsilə “Babək” adlı İİR vətəndaşı ilə tanış olmuş, həmin şəxs Cəlilabad rayonu ərazisində içərisində narkotik vasitə olan kisə qoyduracağını, həmin narkotik vasitəni deyilən yerdən götürüb Masallı şəhəri ərazisində deyəcəyi yerə qoyacağı halda, ona 600 manat pul veriləcəyini demiş, maddi vəziyyəti pis olduğundan “Babək”lə razılaşaraq yanvarın 18-də saat 22 radələrində sonuncunun narkotik vasitəni qoydurduğu yerə, yəni Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə olan, köhnə tikiliyə gedərək ora qoyulmuş, içərisində narkotik vasitə və psixotrop maddə olan kisəni oradan götürüb gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, şöbədə sorğu-sual olunarkən hər şeyi olduğu kimi etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü ildə Masallı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə istifadə etməsi, əldə edib üzərində saxlamaqla gəzdirməsi və satışı ilə məşğul olması, eləcə də həmin gün külli miqdarda narkotik vasitə və psixotrop maddə gütürmək üçün Cəlilabad rayonuna gələcəyi barədə daxil olmuş məlumat əsasında polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, 19 yanvar 2023-cü ildə, gecə saatlarında Təqsirləndirilən şəxs şəhər ərazisində gedə biləcəyi yerlər müşahidəyə götürülmüş, Təqsirləndirilən şəxs gecə saat 00:30-da Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə olan, köhnə tikiliyə gərərək əlində bir ədəd torba ilə çıxıb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əlində olan ağ rəngli torbaya baxış keçirilərkən oradan 05 ədəd bağlamalarda içərisində külli miqdarlarda narkotik vasitə heroinə və qurudulmuş marixuanaya, həmçinin psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs əlindəki torbada olan narkotik vasitələri “Babək” adlı İİR vətəndaşının göndərdiyini, həmin şəxslə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, həmin şəxs narkotik vasitələri götürüb onun deyəcəyi yerə qoyacağı halda ona 600 (altı yüz) manat pul verəcəyinə söz verdiyini bildirmiş, sonra keçirilən əməliyyataxtarış tədbiri ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid6, Şahid3 və Şahid5 da digər Şahid1 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli torbadan 01 ədəd ağ rəngli şəffaf sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda kiçik ölçülü bükülü, 05 ədəd isə qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə bağlanmış halda olan bağlamalar olması müəyyən edilmişdir. Kiçik ölçülü bükülü açıldıqda onun iki ədəd bükümdən ibarət olduğu, bükümlərdən birində narkotik vasitə heroinə bənzər, birində isə psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. 03 ədəd iri həcmli bağlamada narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd iri həcmli bağlamada isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilərək ayrı-ayrılıqda çəkiləri 2020 qram, 1985 qram, 1840 qram, 55,22 qram, 1440 qram, 1535 qram və 26,44 qram olmuşdur. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd mobil telefon, bir ədəd pul kisəsi, onun içərisində 1 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinası, ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olmuş, pul kisəsi, sürücülük vəsiqəsi, 30 manat pul onun özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri İİR vətəndaşı olan şəxsdən əldə etdiyini, həmin şəxslə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, həmin şəxs narkotik vasitələri götürüb onun deyəcəyi yerə qoyması müqabilində ona 600 (altı yüz) manat pul verəcəyini vəd etdiyini, Masallıdan Cəlilabad rayonuna gələrək, həmin bağlamanı “Mal bazarı” adlanan ərazidən götürdüyünü bildirmişdir. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 19/83 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs əlindəki bağlamada aşkar olunan 7 ədəd bükümdəki kütlələr” sözlər və imzalar olan bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1400 qram və 1490,0 qram; ümumi təmiz çəkisi 2890,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə birbirləri ilə eynidirlər; 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2000,0 qram; 1800,0 qram; 1910,0 qram və 48,682 qram; ümumi təmiz çəkisi 5758,682 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: 19,673 qram olan ağ rəngli kristalşəkilli formada olan maddə metamfetamindir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Honor x8” markalı, **********73993 və **********84008 İMEİ kodlu mobil telefona baxış keçirilmiş və baxış zamanı sonuncunun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp+” mobil tətbiqində “Nimiş” adı ilə qeyd edilmiş +**********30 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında 18 yanvar 2023-cü ildə Cəlilabad rayonu ərazisində narkotik vasitənin əldə edilməsi ilə bağlı danışıqlar aparıldığı, Cəlilabad şəhəri ərazisində yerləşən “Heyvan alqı-satqısı bazarı”-nın fotoşəkillərinin həmin nömrədən Təqsirləndirilən şəxs göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınan 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 2889,9 qram nakotik vasitə qurudulmuş marixuana, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 5758,282 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə, təmiz çəkisi 19,623 qram psixotrop maddə olan metamfetamin, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Honor x8” markalı, **********73993 və **********84008 İMEİ kodlu mobil telefon Cəlilabad RPŞ-də saxlanılır, istintaq hərəkətinin videogörüntüsünü əks etdirən şəxsi axtarış və götürmə aparılmasına dair bir ədəd DVD disk, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD-R disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 30 mart 2023cü il tarixli, 352 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psioxtrop maddələri qanunsuz dövriyyəsindən qazanc əldə etmək məqsədilə aralarında əvvəlcədən əldə edilmiş razılıq əsasında şəxsiyyətini müəyyən etmək mümkün olmayan İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etmiş, həmin narkotik vasitə və psixotrop maddələr ölkə ərazisinə qaçaq yolla keçirilmişdir. Eyni zamanda keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olduğu müəyyən edilmiş, lakin keçirilmiş tədbirlər nəticəsində “Babək” adlı, özünü İİR vətəndaşı kimi təqdim edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «o, 10 qram psixotrop maddə metamfetamin götürmək üçün getmişdir» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə bağlı məlumatların olması göstərilən narkotik vasitələrin və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və qurudulmuş marixuana eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(050)-122/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin 27 mart 2023-cü il tarixli 2-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(050)-122/2022 saylı hökmü ilə ona təyin olunmuş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 (on) ay, 22 (iyirmi iki) gün təşkil edir. İş materiallarından görünür ki, hazırda Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(050)-122/2022 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay, 22 (iyirmi iki) günü çəkilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(050)-122/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay, 22 (iyirmi iki) günü yeni hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(050)- 122/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 5 (beş) ay, 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni–xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 19 yanvar 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin prospekti, ev 2-də qeydiyyatda olmaqla himayəsində pensiya yaşında olan anası, heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə göstərilən ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində pensiya yaşında olan anası və heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 2889,9 qram nakotik vasitə qurudulmuş marixuana, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 5758,282 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə, təmiz çəkisi 19,623 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Honor x8” markalı, **********73993 və **********84008 İMEİ kodlu mobil telefon onun yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasına dair bir ədəd DVD diski, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə k eçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Masallı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay, 22 (iyirmi iki) gün, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 5 (beş) ay, 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 10 (on) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 02 ədəd bükümdə, külli miqdarda-ümumi təmiz çəkisi 2889,9 qram nakotik vasitə qurudulmuş marixuana, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 5758,282 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə, təmiz çəkisi 19,623 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Honor x8” markalı, **********73993 və **********84008 İMEİ kodlu mobil telefon onun yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasına dair bir ədəd DVD diski, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov