Məhkəmə qərarları › İş №1(099)-427/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-427/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-427/2023 26.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvələr məhkum olunmamış, İmişli şəhəri, R.Əliyev küçəsi, ev 54 qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,719 qram və 1,402 qram olmaqla, ümumilikdə 2,121 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə heroini əldə edib, daşıyıb üzərində saxlamış və 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən “AL” marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada saat 18 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən qanunsuz olaraq saxladığı salfet kağızına bükülmüş 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,719 qram, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,402 qram olmaqla, ümumilikdə 2,121 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən “AL” marketin yaxınlığında üç nəfər polis əməkdaşı, üzdən tanıdığı Şahid2, Şahid1 və digər tanımadığı polis əməkdaşı mülki geyimdə ona yaxınlaşaraq özlərini ona təqdim etdilər. Polis əməkdaşları onu avtomobilə əyləşdirib İmişli rayon polis şöbəsinə gətirmişlər. O, şöbənin həyətində özünə məxsus “Samsung” markalı mobil telefonu, qol saatını və içərisi boş olan pul qabını Şahid2 vermişdir ki, sonuncu həmin əşyaları qardaşı Eldənizə versin. Çünki o, Şahid2 çoxdan tanıyır və ona etibar edirdi. Daha sonra üzərini yoxlayıb 1 gün müddətində onu növbətçi hissədə saxladılar. Səhərisi gün onu təhqiqatçının otağına aparmışlar, üzərində şəxsi axtarış aparmağa başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya və predmet varsa, çıxarıb təqdim etməyini istədi, lakin o, könüllü olaraq heç bir əşya təqdim etməmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra Fuad adlı polis onun üzərinə baxış keçirmiş və əlini gödəkçəsinin sol iç cibinə salaraq oradan nə isə çıxardıb, halbuki onun üzərimdə heç nə olmamışdır. Aşkar edilmiş narkotik vasitə Fuadın öz əlində olmuşdur, əlini gödəkcəsinə salaraq sanki narkotik vasitə onun gödəkçəsindən çıxarıldı kimi təəssürat yaratmışdır. O, narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşının öz əlində olduğunu bildirmiş və etiraz etmişdir. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin xx.xx.2023-cü il tarixli ifadədə o, göstərmişdir ki, şəxsi axtarış zamanı ondan aşkar edilən narkotik vasitə heroini İmişli şəhər sakini, Nizami Əhmədov adlı şəxsdən 80 manata almışdır. Üzərindən aşkar olunan narkotik özünə məxsusdur, məsuliyyətdən yaxa qurtarmaq üçün əvvəlki ifadələrində narkotik vasitənin polis əməkdaşlarının cibinə qoyduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitəsini üzərinə Fuad adlı polis əməkdaşı qoymuşdur” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat olmuş və əməliyyat qrupu yaradılmışdır. İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən “AL” marketin qarşısında Təqsirləndirilən şəxs ola biləcəyi yerə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərsə də, onlardan qaça bilməmiş və saxlanıldıqdan sonra Vüqara narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirib üzərinə baxış keçirilməsi ilə bağlı rayon polis şöbəsinə gətirmişlər. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, üzərində nə kimi qanunsuz əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını demişdir. Bundan sonra Vüqarın əynində, geyindiyi qara rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd salfet kağızına bükülmüş büküm çıxmış və büküm açıldıqda içərisində 1 ədəd kağız kəsiyi bükümü və 1 ədəd sellofan kəsiyi bükümü aşkar olunmuşdur. Həmin 2 ədəd bükümlər açıldıqda içərisində ilk görünüşdən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər tərəfindən imza edilmiş, lakin Təqsirləndirilən şəxs protokolu imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təziq təsir olmamış, polis nəməkdaşları tərəfindən onun cibinə narkotik vasitə əlavə edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və oğlu Şahid1 Şahid3la eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketə alış-veriş üçün getmişdir. Polis şöbəsinin qarşısından keçərkən ona polis əməkdaşı yaxınlaşmış və bir nəfər şəxsin üzərində narkotik vasitə gəzdirməsində və istifadəsində şübhəli olduğuna görə polis şöbəsinə gətirildiyini deyərək, şəxsi axtarış aparılmasında hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyərək İmişli rayon polis şöbəsinə getmiş, həmin vaxt orada polis əməkdaşları, müdafiəçi və bir nəfər də hal şahidi var idi. Bundan sonra polislərdən biri Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya varsa çıxarıb təqdim etməsini istəmiş, lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını demişdir. Bundan sonra baxışda iştirak edən polis Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başladı. Üzərindən çıxanları dəqiq görməmiş, lakin polis əməkdaşları Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə narkotik vasitə çıxmasını bildirmişlər. Daha sonra protkol tərtib olunmuş o da həmin protokolu imzalamışdır. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olmasını görməmiş, axtarış zamanı polis Vüqarın cibinə əlini salan zaman əlində heç nə yox idi. Təqsirləndirilən şəxsin şalvarının qabaq ciblərini yoxladı, büküm çıxmadı, polis əlini təqsirləndirilən şəxsin arxasına apardı, sonra bükümü nümayiş etdirib dedi ki, Vüqarın cibindən aşkar olundu. Təqsirləndirilən şəxs “axşamdan məni saxlamısız, mənim cibimə axtarış keçirmisiz, mənim cibimdən heç nə çıxmayıb, indi nə oldu çıxdı?” sözlərini demişdir. Müstəntiq ifadəni yazıb, ifadəni oxumadan imza çəkmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Şahid5 verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, hal şahidi kimi iştirak etdiyi şəxsi axtarış zamanı polis əməkdaşı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya varsa çıxarıb təqdim etməsini istəmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını demişdir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Baxış zamanı Vüqarın əyninə geyindiyi qara rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd salfet kağızına bükülmüş büküm çıxmış və büküm açıldıqda içərisində 1 ədəd kağız kəsiyi bükümü və 1 ədəd sellofan kəsiyi bükümü aşkar olunmuş, həmin 2 ədəd bükümlər açılmış, içərisində ilk görünüşdən qəhvəyi rəngli kütlələrin olması müəyyən olunmuşdur. Aşkar olunmuş qəhvəyi rəngli iki ədəd büküm zərfin içərisinə qoyulmuş və polis əməkdaşları tərəfindən götürülmüş və ekspertizaya göndəriləcəyi deyilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə polis şöbəsinin qarşısından keçərkən ona polis əməkdaşı yaxınlaşıb bir nəfər şəxsin Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğuna görə polis şöbəsinə gətirildiyini deyərək, şəxsi axtarış aparılmasında hal şahidi qismində iştirak etməyimi xahiş etmişlər, o, etiraz etməyərək İmişli rayon polis şöbəsinə getmiş, həmin vaxt orada polis əməkdaşları, vəkil və bir nəfər də hal şahidi olmuşdur. Bundan sonra polislərdən biri Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya varsa çıxarıb təqdim etməsini istədi. Lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını dedi. Bundan sonra baxışda iştirak edən polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başladı. Baxış zamanı Vüqarın üzərindən papiros və 1 manat aşkar oldu, cibindən başqa heç nə çıxmamışdır. Üzərindən narkotik vasitə çıxmasını görməmiş, polis əməkdaşları bir büküm nə isə göstərmişlər, amma onun Təqsirləndirilən şəxs üzərindən çıxmasını görməmiş, polislərin əlində görmüşdür. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini axtardılar, bir cibindən siqaret və pul çıxdı, sonra polis o biri cibinə baxdı, polis əməkdaşı Təqsirləndirilən şəxs cibinə əlini salmağını görmüş, polis əməkdaşı əlini Vüqarın cibinə salanda onun əlində büküm görməmiş, bükümün çıxarıldığı anı görməmiş, polis əməkdaşı əlini Vüqarın cibindən çıxarandan sonra əlində büküm olmuş, həmin polis əməkdaşı ”bu nədir?” soruşmyş, Vüqar da “Mən axşamdan bəri buradayam, məni tutmusuz, bəs üstümə baxmamışdız? məni KPZ-yə yoxlayıb salmısız, indi cibimə hardan düşdü” sözlərini demişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Şahid4 verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər, sonuncu da, üzərində hər hansı bir qanunsuz əşya olmadığını demişdir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və Vüqarın əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd salfet kağızına bükülmüş büküm çıxmış və büküm açıldıqda içərisində 1 ədəd kağız kəsiyi bükümü və 1 ədəd sellofan kəsiyi bükümü aşkar olunmuş, bükümlər açılmış, içərisində qəhvəyi rəngli kütlələrin olması müəyyən olunmuşdur. Aşkar olunmuş qəhvəyi rəngli iki ədəd büküm zərfin içərisinə qoyulmuş və polis əməkdaşları tərəfindən götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Məhkəmə şahidlər Şahid5 və Şahid4 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, hər iki şahid məhkəmə baxışı zaman ifadələrində “şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olmasını görməməsi” sözlərini bildirmişlər, lakin ibtidai istintaq zamanı ifadələrində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd salfet kağızına bükülmüş büküm çıxmış və büküm açıldıqda içərisində 1 ədəd kağız kəsiyi bükümü və 1 ədəd sellofan kəsiyi bükümü aşkar olunmuş, bükümlər açılmış, içərisində qəhvəyi rəngli kütlələrin olması müəyyən olunmuşdur” sözlərini göstərmişdilər. Məhkəmə qeyd olunan ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Şahid5 və Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatlar işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə hal şahidlərinin məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Şahid5 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrini işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 18/91 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki salfet kağızına bükülmüş 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,719 qram, 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 1,402 qram, ümumi çəkisi - 2,121 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. (İ siyahı). Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 2,021 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2023-cü il tarixli 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar olunmamışdır. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli 2185 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən salfet kağızına bükülmüş 01 ədəd kağız kəsiyi bükümdə və 01 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər kütlə, 2 ədəd bir manatlıq, bir ədəd göy rəngli cib dəsmalı, bir ədəd içərisində Azercell məxsus olan ***-***-**-** nömrə ilə birlikdə «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 27 aprel 2023-cü-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,021 qram narkotik vasitə heroin, Azercell MMC-dən daxil olmuş bir ədəd CD-disk maddi sübut kimi tanınmış, bir ədəd CD-disk iş materiallarına əlavə olunmuş, narkotik vasitə isə İmişli RPŞ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallrında olan 14 fevral 2023-cü il tarixli İmişli rayon X2 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, R.Əliyev küçəsi ev 54-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və məcburi müalicəyə ehtiyacı olmadığından barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,021 qram heroin narkotik vasitəsi məhv edilməli, Azercell MMC-dən daxil olmuş bir ədəd CD-disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 25 yanvar 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - İmişli rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,021 qram heroin narkotik vasitəsi məhv edilsin. - Azercell MMC-dən daxil olmuş bir ədəd CD-disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar