Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-427/2024 01.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə saat 21 radələrində, Cəlilabad rayonu, Üçtəpə kəndində həmkəndlisi X6 yaşadığı evin küçəsində, kənd daxili yolda əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə müəyyən edilməyən predmetlə sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona qarının ön divarının sol yarısında qarın boşluğuna keçən və dalağın çıxarılması ilə nəticələnən dalağın, nazik bağırsağın, aşağı boş venanın zədələnməsi və qanitirmədən sonrakı ağır dərəcəli şok ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Azad Bağırov onun həmkəndlisi olub. Hadisədən qabaq Azad Bağırov yanında iki nəfər şəxslə Rusiya Federasiyasında onu döyüb, telefon vasitəsilə videoya çəkib. Həmin dava sentyabr ayında olub, işləmək üçün Rusiyaya getmiş, davaya səbəbdə iş barəsində olmuşdur. Özü isə sonra əllərindən qaçıb. Daha sonra Azərbaycana gəlmişlər. Bir iki dəfə Azadla görüşüb danışmışdır ki, həmin videonu pozsun. Azad isə demişdir ki, “səni başqaları çəkib”. Özü isə Azada demişdir ki, “səndə məni söydün, vurdun aralaşdıq”. Daha sonra Azadla yenidən görüşmüşlər, həmin vaxt içkili olmuşdur. Ondan bir gün qabaqda Azadla görüşüb danışmış, Azad demişdir ki, “sabah görüşərik”. Hadisə günü də Azada zəng vurmuş ki, “gəl görüşək, mən işləməyə gedirəm”. Azadgil iki nəfər olmuşlar. Azad qohumu ilə gəlmişdir. Azada demişdir ki, “məni orda döydüz, yıxdız yerə, çəkmisinizsə də pozun. Silməsəz özümü öldürəcəm. Azad isə demişdir ki, “elə şey olmaz. Həmin vaxt Azad üstünə gəlmişdir. Elə bilmiş ki, yenə onu döyəcəklər. Əlində isə balaca bıçaq olmuş, Azadı vurmaq məqsədi olmamışdır. Azad əlin qaldıranda elə bilmiş ki, vuracaq. Özü isə bu zaman Azada bıçaq atmışdır. Məqsədi Azadı qorxutmaq olmuşdur. Bıçaq qarnına dəymişdir. Ətrafda isə heç kim olmamışdır. Sonra çıxmış alfalta, orada sahə rəisin görmüş, oturmuş onun maşınında gözləmişdir. Rayondan isə polislər gəlib onu aparmışlar. Əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı var. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 əvvəllər tanımışdır, Azad onun həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2023-cü ilin iyul ayında X1 şəhərində olmuşdur. Həmin zaman Azad Bağırov da həmin şəhərdə olmuş, bir gün həmin şəhərdə parkda gəzdiyi zaman tanımadığı iki nəfər rus vətəndaşı ilə mübahisəsi düşmüşdür. Azad Bağırov da həmin rus vətəndaşları ilə birlikdə olmuşdur. Azad Bağırov onu kənara çəkib bir dəfə üz nahiyəsinə sillə ilə zərbə vurmuşdur. Azadın və digər tanımadığı iki nəfər rus vətəndaşının onu döyəcəyindən qorxub oradan qaçmışdır. Azərbaycana gəldikdən sonra Azadla bu məsələni danışıb aydınlaşdırmış, Azad bir böyük kimi və mübahisənin daha da böyüməməsi üçün onu vurduğunu demiş və onlar barışmıdır. 30 noyabr 2023-cü il tarixdə spirtli içki qəbul etmişdir. Azadın qeyd etdiyi hərəkəti yadına düşmüş və qərara gəlmişdir ki, onunla bir daha bu barədə söhbət etsin. Təxminən saat 19 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Watsapp vasitəsilə Azada zəng edib kredit götürmək istədiyini və ona bu barədə kömək etməsini demişdir. Azad ona demişdir ki, hazırda işi var, sabah danışarlar. Onunla başqa bir məsələ barəsində də işi olduğunu deyib onun evinə gələcəyini bildirmişdir. Evdən çıxarkən fikirləşmişdir ki, birdən Azadla mübahisə edər və bu məqsədlə də mətbəxə keçib orada olan bıçaqı götürüb əynində olan gödəkçənin sağ cibinə qoymuşdur. Daha sonra evdən çıxıb Azadla görüşmək üçün onun evinə doğru getmiş və bu zaman da Azada zəng edib gəldiyini demişdir. Azadın yaşadığı küçəyə daxil olmuş və biraz getdikdən sonra yolda iki nəfər şəxsin dayandığını görmüşdür. Düşünmüşdür ki, həmin şəxslərdən biri Azaddır və onu gözləyir. Onlara doğru getmiş və onların yanına çatanda görmüşdür ki, həmin şəxslər Azad və qohumu Şahid1dur. Onlarla görüşmüş və Azadla söhbət etməyə başlamışdır. Təxminən 1 saat Azadla müxtəlif mövzularda söhbət etmişdir. Həmin zaman sərxoş olduğundan nə barədə danışdıqlarını da xatırlamır. Sonda onunla aralarında olan problemi həll edib onlarla sağollaşmış və arxaya dönüb bir addım irəli getmişdir. Bu zaman arxaya dönmüş və elə zənn etmişdir ki, Azad onun üzərinə gəlir. Hadisədən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuş, həm də gecə vaxtı olduğundan aydın görə bilməmişdir. Həmin vaxt Azadın onun üzərinə gəldiyini və onu vurmaq istədiyini güman edib əynində olan gödəkçənin sağ cibindəki bıçağı çıxarmış və sağ əlində olan bıçaqla onun qarın nahiyəsinin sol tərəfinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Azad geri çəkilib evinə doğru getməyə başlamış və o, da oradan qaçıb evinə doğru getmişdir. Evinin yaxılığına çatdıqda əlində olan bıçağı kənara atmışdır. Evinə gedib təxminən yarım saat evdə qaldıqdan sonra özünə gəlmiş və qərara gəlmişdir ki, polisə getsin. Evdən çıxmış və kəndlərindən keçən asfalt örtüklü avtomobil yolu ilə Cəlilabad rayonu istiqamətində hərəkət etməyə başlamışdır ki, yolda rayona getmək üçün avtomobil tapsın. Biraz getdikdən sonra onların kəndinə baxan Nəimi adlı polis əməkdaşının avtomobilini görmüş, onun yanına gedib törətdiyi əmələ görə polisə getdiyini demişdir. Nəimi adlı polis əməkdaşı digər polis əməkdaşları ilə birgə törətdiyi hadisəyə görə onu axtardıqlarını demişdir. Təxminən 1-2 dəqiqə sonra oraya başqa polis əməkdaşları gəlmiş və onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşlarının dəvətinə etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Törətdiyi əmələ görə peşmandır. Əlavə suallara cavab olaraq hadisə baş verən zaman ətrafda o, Azad və Məftundan başqa heç kimin olmadığını, Azadı vurduğuna görə qorxduğundan Azadı vurduğu bıçağı atdığını, Azadı bıçaqla vurmağına heç nəyin səbəb olmadığını və Azadı bıçaqla vurmaqda heç bir məqsədinin olmadığını, törətdiyi cinayət hadisəsindən heç kimin məlumatının olmadığını, Azad Bağırov və Şahid1 ona hər hansı bir formada zor tətbiq etmədiyini, hədə qorxu gəlmədiyini və ya Azad Bağırovu bıçaqla vurmağına səbəb olacaq hər hansı bir hərəkət etmədiyini bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etdiyini, olanları dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəlikcə uşaqlıqdan tanıyır, Fəxrəddin ona qardaş deyir. Hadisədən əvvəl Rusiya Federasiyasında olarkən Fəxrəddinlə rastlaşmışdır. Orada Fəxrəddin digər şəxslərlə mübahisə etmiş, özü isə bilmiş ki, həmin şəxslər Fəxrəddini döyəcəklər. Bu səbəbdən onu qorumaq üçün Fəxrəddini kənara çəkib bir şillə vurub üzünə demişdir ki, “rədd ol get burdan”. Həmin şəxslərə də izah etmiş ki, olmaz belə, Fəxrəddin onun yaxınıdır. Daha sonra Azərbaycana gəlmişlər. Toyda Fəxrəddini görmüş, görüşüb– öpüşmüşlər. Hadisə günü də onunla dördyol deyilən ərazidə görüşüb, salamlaşmışlar. 30 noyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən əmisi oğlu Şahid1 işlədiyi dərzi dükanında olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna “Whatsapp” vasitəsilə zəng edib kredit götürmək istədiyini və ona zamin olmağını istəmişdir. Fəxrəddinə narahat olmamasını deyib növbəti günlərdə danışıb həll etmələrini bildirmişdir. Fəxrəddin onunla başqa bir işi də olduğunu və bu barədə də onunla söhbət etmək istədiyini demişdir. Fəxrəddinə hazırda vaxtı olmadığını və sabah danışacaqlarını demişdir. Fəxrəddin isə onunla vacib işi olduğunu və onun evinə gələcəyini demişdir. Fəxrəddinin danışığından sərxoş vəziyyətdə olduğunu bilmiş və sərxoş vəziyyətdə onun həyətinə gəlməsini istəmədiyindən qərara gəlmişdir ki, evə getsin. Məftuna Fəxrəddinin onun həyətinə içkili vəziyyətdə gəlməyini istəmədiyinə görə evə getdiyini demiş və buna görə Məftun da onunla gələcəyini demişdir. Məftunun dərzi dükanından çıxıb evinə doğru getməyə başlamışlar. Evinin qarşısına çatıb orada Məftunla söhbət etməyə başlamışlar. Təxminən 5 dəqiqə sonra Fəxrəddin onların yanına gəlib onlarla salamlaşmışdır. Fəxrəddindən nə problemi olduğunu soruşmuşdur. Fəxrəddin Məftunla ona çoxlu söhbətlər danışmağa başlamışdır. Təxminən 30 dəqiqə onlarla danışmışdır. Onlar Fəxrədin sərxoş olduğundan ona heçnə deməmiş və onun danışdıqlarına qulaq asmışdır. Fəxrəddin isə Rusiyada olan söhbətlə bağlı heçnə deməmiş, onda kin küdrət hiss etməmişdir. Daha sonra Fəxrəddini evinə ötürmək üçün ona yaxınlaşıb evinə getməsini demişdir. Fəxrəddin isə ona “sən mənim böyüyümsən, mənim böyük qardaşımsan, sənin sözün mənim üçün qanundur” sözlərini demiş, o, isə yenə də Fəxrəddinə demişdir ki, evinə getsin və sabah kredit barədə bütün işləri həll edərlər. Fəxrəddin onunla və Məftunla görüşüb sağollaşmış və geriyə dönmüşdür. O, evinə getmək üçün sol tərəfə dönmüş və bu zaman Fəxrəddin onun qarının sol tərəfinə bir dəfə zərbə vurmuşdur. Zərbədən sonra Fəxrəddinə tərəf dönmüş və bu zaman Fəxrəddin onun qarınına zərbə vurduğu bıçağı çıxarıb qaçmağa başlamışdır. Məftuna demişdir ki, deyəsən Fəxrəddin onu vurub. Məftuna dərhal atasını çağırmasını demiş, Məftun atasını çağırmaq üçün evinə getmiş və o, özü də yavaş-yavaş evinə doğru getməyə başlamışdır. Evindən təxminən 5 metr kənarda olarkən atasının avtomobili ilə küçəyə çıxdığını görmüşdür. Atası Məftunla onu avtomobilə əyləşdirmiş və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına doğru getməyə başlamışlar. Yolda təcili yardım avtomobili onu götürmüş və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Bundan sonra olanları xatırlamır. Hazırda təqsirləndirilən şəxs Fəxrəddini uşaqlarına görə bağışlayır, onunla barışır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X10 onun qohumudur. Azadın atası Barat onun əmisi oğludur. Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən yaşadığı evin yanında olan dükanda dərzi işləyir. 30 noyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində həmin dükanda olmuşdur. Bu zaman qohumu Azad Bağırov oraya gəlmişdir. Onunla həmyaşıd olduqları üçün Azad mütəmadi olaraq boş vaxtlarında oraya gəlir və söhbət edirlərmiş. Azad onun yanında olan zaman Azada zəng gəlmiş və Azadın telefonla danışdıqdan sonra əsəbləşdiyini görüb nə baş verdiyini soruşmuşdur. Azad Fəxrəddinin sərxoş vəziyyətdə ona zəng edib onunla görüşmək istədiyini demişdir. Azada Fəxrəddinlə görüşməməsini məsləhət bilmişdir. Daha sonra Fəxrəddin yenə Azada zəng edib onuna evinə gələcəyini demişdir. Bundan sonra Azad Fəxrəddin onun evinə gəlib narahatçılıq yaratmasın deyə evinə getdiyini demiş, o, isə tək getməməsini bildirib onunla gələcəyini demişdir. Azad onunla razılaşmış və onlar birlikdə onun dərzi dükanımdan çıxıb Azadın evinə doğru getməyə başlamışlar. Azadın evinin qarşısına çatıb orada dayanaraq söhbət etməyə başlamışlar. Təxminən 5 dəqiqə sonra Fəxrəddin onların yanına gəlib onlarla salamlaşmışdır. Azad ondan nə problemi olduğunu soruşmuş və bundan sonra Fəxrəddin onlara Rusiyada işləməyindən, başına gəlmiş hadisələrdən hissə-hissə danışmağa başlamışdır. Təxminən 20-30 dəqiqə bu mövzularda onlarla danışmış, Fəxrəddinin sərxoş olduğu açıq-aşkar bilindiyindən onlar onun sərxoş olduğunu bildiklərindən ona heçnə deməyib onun danışdıqlarına qulaq asmışlar. Daha sonra Azad Fəxrəddinə evinə getməsini və səhər söhbət edəcəklərini demişdir. Fəxrəddin Azada demişdir ki, “sən mənim böyüyümsən, mənim böyük qardaşımsan, sənin sözün mənim üçün qanundur”. Azad bir daha ona demişdir ki, evinə getsin sabah onun işlərini həll edər. Görmüş ki, bunlar arasında heç bir problem yoxdur. Fəxrəddin hər ikisi ilə görüşüb sağollaşmış və geriyə dönmüşdür. Azad evlərinə tərəf dönmüş və bu zaman Fəxrəddin geriyə dönüb Azadı vurmuş, səsi eşitmişdir. Daha sonra oradan qaçmışdır. Azad ona demişdir ki, Fəxrəddin onu bıçaqla vurub və ondan dərhal atasını çağırmağını istəmişdir. Azadın evinə qaçıb atası X9 bıçaqladığını demişdir. Barat dərhal həyətə çıxıb avtomobilini işə salmış və o, da darvazaya tərəf qaçıb darvazanı açmışdır. Barat avtomobilini küçəyə çıxarmış, daha sonra onunla birlikdə Azadı avtomobilə əyləşdirib Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına doğru getməyə başlamışlar. Yolda Barat təcili tibbi yardıma zəng etmiş, Cəlilabad rayon X3 yanında təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar və onlar Azadı götürüb xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X10 onun oğludur. Hadisə günü əmisi oğlu Şahid1 evinə gəlib demişdir ki, “əmi tez maşını işə sal Azadı bıçaqlayıblar”. Özü də dərhal həyətə çıxıb avtomobilini işə salmış, Məftunla birlikdə oğlu Azadı avtomobilə əyləşdirmiş və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına doğru getməyə başlamışdır. Yolda təcili tibbi yardıma zəng etmiş, Cəlilabad rayon X3 yanında təcili tibbi yardım avtomobili ilə rastlaşmış və onlar Azadı götürüb xəstəxanaya aparmışdır. Sonra bilmiş ki, oğlunu Fəxrəddin vurub. İşdə olan, Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi Elçin Hüseynov və İB-in müstəntiqi Nurlan Şükürov tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:10-da Cəlilabad RMX-nin həkimi Bayramov telefonla məlumat verərək X6 qarının sol yarısının kəsilmiş-deşilmiş qarın boşluğuna nüfuz edən iti alət yarası diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. (c İ, i.v 3-4) İşdə olan, Cəlilabad RPŞ-nin İTB-nin sahənin polis nəfəri Nəimi Allahverdiyev tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ildə saat 22 radələrində xidməti ərazisinə aid olan Cəlilabad rayonu, Üçtəpə kəndində olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu Cəlilabad RPŞ-nə aparmağını istəmişdir. Bundan bir neçə dəqiqə sonra Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Hüseyn Mirzəli ilə olduqları ərazidə rastlaşmışlar və Hüseyn Mirzəli törətdiyi cinayət hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə aparmışdır. (c İ, i.v 5) İşdə olan, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu, Üçtəpə kəndində zərərçəkmiş şəxs X6 yaşadığı küçədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid1 hadisənin baş verdiyi yeri göstərmişdir. (c İ, i.v 19-24) İşdə olan, xx.xx.2023-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, hadisə zamanı X6 əynində olmuş bir ədəd göy rəngli uzunqol qış köynəyi və bir ədəd qara rəngli gödəkçə araşdırma üçün əhəmiyyətli olduğundan nümunə kimi götürülmüşdür. (c İ, i.v 27-30) İşdə olan, 30 noyabr 2023-cü il tarixli 295 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. (c İ, i.v 32) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 dekabr 2023-cü il tarixdə saat 19:40-dan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 35) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-159/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 01 dekabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 64-67) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 75) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 76-77) İşdə olan, Cəlilabad RİHB-nın Üçtəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 86-87) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli 1394 saylı ekspert rəyindən görünür ki, X7 qarının ön divarının sol yarısında qarın boşluğuna keçən və dalağın çıxarılması ilə nəticələnən dalağın zədələnməsi, nazik bağırsağın və aşağı boş venanın zədələnməsi ilə müşayiət olunan 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara, qanitirmədən sonrakı ağır dərəcəli şok müəyyən olundu, müəyyən olunan xəsarətlər vahid kompleks təşkil edib kəsici-deşici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c İ, i.v 96-97) İşdə olan, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3/10 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd gödəkçənin ön hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsindən yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Aparılmış ekespertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. (c İ, i.v 98-101) İşdə olan, xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, cinayət hadisəsi zamanı X6 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə və 1 ədəd göy rəngli köynək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvilmişdir. (c İ, i.v 123-124) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 413 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. (c İ, i.v 133-138) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdıraraq onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadənin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Odur ki, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan qəsdən zərərçəkmiş şəxs Azad Bağırovun qarın nahiyəsinə qəsdən bir dəfə müəyyən edilməyən predmetlə zərbə vuraraq ona qarının ön divarının sol yarısında qarın boşluğuna keçən və dalağın çıxarılması ilə nəticələnən dalağın, nazik bağırsağın, aşağı boş venanın zədələnməsi və qanitirmədən sonrakı ağır dərəcəli şok ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Azad Bağırova qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxs Azad Bağırova qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə cinayət törətməsi həm də onunla təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə nəyinki əsaslı səbəb mövcud olmuş, əksinə ümumiyyətlə heç bir səbəb olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs Azad Bağırova yetirilmiş xəsarətlər, yəni qarının ön divarının sol yarısında qarın boşluğuna keçən və dalağın çıxarılması ilə nəticələnən dalağın, nazik bağırsağın, aşağı boş venanın zədələnməsi və qanitirmədən sonrakı ağır dərəcəli şok ilə müşayiət edilən yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Azad Bağırova qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.10, 59.1.12-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olmasını, CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə məhkum olunmasını, səmimi peşmançılıq çəkməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Sahəddin Tağıyevin Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-nin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş şəxsin könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Cəlilabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan X6 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə və 1 ədəd göy rəngli köynək məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd göy rəngli köynək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-427/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-427/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver