Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-429/2023 12.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər-Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, X2 prospekti, ev 34-də qeydiyyatda olmuş və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və qazanc əldə etmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə 01 ədəd bükümdə külli miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan 30 mart 2023-cü il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,474 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə polis əməkdaşları evinə gələrək polis şöbəsinə getməli olduğunu bildirmişlər. Masallı RPŞ-yə aparılmış, polis əməkdaşları ondan martın 28-də harada olduğunu soruşmuş, cavabında işə getdiyini və axşam evə gəldiyini bildirmişdir. Bundan sonra şöbədən evə buraxılmışdır. Təxminən 2 saat sonra polis əməkdaşları yenidən evinə gəlmiş və bir kağıza qol çəkmək adı ilə onu şöbəyə aparmışlar. Şöbədə tanımadığı polis əməkdaşları ona narkotik təqdim edərək həmin narkotiki üzərinə götürməsini bildirmişlər. Bunu etmədiyinə görə polislər tərəfindən döyülmüş, əgər narkotiki üzərinə götürməsə evindən narkotik və silah çıxacağı ilə hədələmişlər. Video çəkilişdən əvvəl bəstəboy polis əməkdaşı cibinə narkotik qoymuş və çəkilişdə narkotikin özünə aid olduğunu deməsini bildirmişdir. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün narkotikin özünə aid olduğunu videoçəkiliş zamanı bildirmişdir. Döyüldükdən sonra bədəni ağrıdığından polislər ona dərman vermişlər. Narkotikdən heç vaxt istifadə etməmiş və satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə öz xətti ilə yazdığı izahatı və müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək 27 mart 2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhərində “Göyərçin parkı”nın yaxınlığındakı avtobus dayanacağında yerdən şəffaf bükümdə heroin tapdığını, narkotiki istifadəsi üçün cibinə qoyduğunu, 28 mart 20223-cü il tarixdə yaşadığı Masallı şəhərinə qayıtdığını, narkotikdən biraz istifadə etdiyini, 30 mart 2023-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparıldığını,üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 10,64 qram çəkidə bir büküm heroini çıxarıb təqdim etdiyini, heroini şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq şöbəyə aparılmış, orada vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 1-2 gün əvvəl Sumqayıt şəhəri ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa onun üzərində qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək ümümi çəkisi 10,64 qram olduğu müəyyən olnmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs qarşı şöbədə heç kim tərəfindən zor tətbiq olunmamış, onun üzərinə hər hansı bir narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 19/392 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 10,474 qram olan olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir (Siyahı İ). Məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 365 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə olan opioidlərin istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri X2 prospekti ev 34 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan 1 ədəd bükümdə təmiz çəkisi 10,474 qram olan narkotik vasitə heroini satış məqsədi ilə Sumqayıt şəhəri ərazisindən tapdığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi ehtimal olunan şəxslərlə mütəmadi ünsiyyətdə olması, narkotik vasitələr qəbul etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitələri satdığı şəxslərin kimliyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 30 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 10,474 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. 3 aprel 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalan 10,424 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin saxlanc yerində təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu video disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Masallı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin ruhiəsəb kabinetində dispanser qeydiyyatında durmur, lakin 2011-ci ildən narkoloji kabinetdə dispanser qeydiyyatındadır. 26 aprel 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Azercell MMC-nin telefon danışıqlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub qeyd olunan çəkidə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir . Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və döyülməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək öz xətti ilə yazdığı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması, üzərinə narkotikin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Habelə, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1 aprel 2023-cü il tarixli 289 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra tibbi müayinədən keçirilmiş, onun bədən səthində xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən 10,474 qram heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şalvarının cibindən bir büküm heroini çıxarıb təqdim edərək narkotikin özünə məxsus olduğunu etiraf edir, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, öz xətti ilə yazdığı izahatı, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmasına dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs üzərində külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 30 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 1 aprel 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Masallı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı Aytəkin Bağırova, xx.xx.2010-cu il təvəllüdlü qızı Zeynəb, xx.xx.2011-ci il təvəllüdlü oğlu Məhəmməd və xx.xx.2015-ci il təvəllüdlü oğlu Ruslan vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 2011-ci ildən ərazi narkoloji kabinetində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 10,424 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmasına dair 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı Rayon Polis Şöbəsində saxlanılan 10,424 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altımış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-429/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-429/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver