Məhkəmə qərarları › İş №1(099)-43/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-43/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-43/2024 22.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - «As Leqal» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, 20 avqust 2004-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri İ.İsgəndərov küçəsi, ev 57-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: 20 avqust 2004-cü ildə doğulmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs ailəsinə məxsus, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə olaraq mal almış şəxslərdən borcların yığılması ilə məşğul olmaqla 16 manat məbləğində nisyə olaraq mal almış Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayının əvvəllərində telefon vasitəsi ilə dəfələrlə zəng etdərək borcunu ödəməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs hər dəfə borcunu ödəməyi vəd etsə də, ödəməmiş, 03 iyul 2022-ci il tarixdə isə yenidən telefon əlaqəsi saxlayıb ondan borcunu ödəməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs borcunu ödəmək niyyətində olmadığını bilərək Zərərçəkmiş şəxslə görüşmək və borcunu ödəməsini bir daha tələb etmək məqsədi ilə 04 iyul 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs atası Şahid4 məxsus, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən mebel salonunun qarşısına getmiş, bu vaxt qardaşı Şahid8 və salonun işçiləri ilə birlikdə avtomobilə mebel yükləməklə məşğul olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış, onlar mebel salonunun qarşısında görüşərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borcunu nə üçün verməməsni soruşduqda aralarında mübahisə yaranmış, bu zamanı Zərərçəkmiş şəxs, qardaşı Şahid8, mebel salonunda işləyən Şahid9 və başqa üç-dörd nəfər şəxslər Təqsirləndirilən şəxs dövrəyə alıb, yumruq və təpik zərbələri vuraraq sağ bud-çanaq oynağının hərəkət pozğunluğu ilə müşaiyət olunan travmatik əziyi, sağ bud çanaq oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadratında hematomalar, ənsə, sol təpə-alın nahiyəsində, sol gözaltı nahiyəsində qançırlardan ibarət bədən bədən xəsarətləri yetirməklə döyərkən Əlizaldə Əli zərbələrdən müdafiə olunmaqla qolları və əli ilə üzünü tutmuş və eyni zamanda Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ tərəfdə almacıq sümüyünün və gicgah-almacıq qövsünün basılmış, yerdəyişmiş sınığı, sağ orbitanın yuxarı, aşağı və bayır divarının, əsas sümüyün sağ böyük qanadının sınıqları ilə əlaqədar orbita (görmə) yarığın daralması, gicgah-almacıq və əsas sümüyün almacıq tikişinin aralanması, sağ əng sümüyünün sınıqları, sağ gözətrafı nahiyədə hematoma, sağ gözdə qansızmaların əmələ gəlməsi ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan xəsarətlər almış, bununla da Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsinə məxsus Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən gündəlik tələbat malları mağazası vardır. Tanışı Zərərçəkmiş şəxs mağazadan 16 manatlıq nisyə mal almış və borcunu ödəməmişdir. Mağazadan nisyə mal almış şəxslərə, o cümlədən Zərərçəkmiş şəxs zəng edərək borcunu ödəməsini xahiş etmişdir. Xəyal borcunu bir həftəyə verəcəyini bildirmiş, lakin bir ay keçməsinə baxmayaraq verməmişdir. Xəyala sonuncu dəfə 03 iyul 2022-ci il tarixdə zəng edərək borcunu verməsini xahiş etdikdə Xəyal onunla kobud danışmaqla borcunu verməyəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxslə görüşüb ondan borcunu istəmək məqsədi ilə 04 iyul 2022-ci il tarixdə saat 13 radələrində mağazadan çıxıb Xəyalın işlədiyi, atasına məxsus mebel salonuna gedərkən yolda onlarla eyni küçədə yaşayan X3 ilə rastlaşmışdır. Hüseynə Xəyaldan borcunu istəməyə getdiyini demiş və onunla birlikdə getməsini xahiş etmişdir. Hüseyn onunla razılaşmış, birlikdə Xəyalın atasına məxsus mebel salonunun qarşısına getmişlər. Salonun qarşısında Xəyalın, qardaşı Röyalın, salonda işləyən Zahidin və digər üç-dörd nəfər fəhlələrin avtomaşına mebel yüklədiklərini görmüşlər. Xəyal onu görən kimi yaxınlaşmış və bir qədər kənara çəkilib, mebel salonunun qarşasında söhbət etməyə başlamışlar. Xəyala borcunu verməli olduğunu bildirmişdir. Xəyal isə cavabında borcunu vermyəcəyini demiş və ona var-yox söyüncü söymüşdür. Xəyal ilə onun arasında mübahisə yaranmışdır. Bu zaman Xəyalın qardaşı Röyal, mebel salonunda işləyən Zahid və başqa üç-dörd nəfər fəhlələr də oraya gəlmişlər. Bir anda Xəyal, qardaşı Röyal, Zahid və başqa üç-dörd nəfər şəxslər ona hücum edərək onun sifətinə və bədəninə yumruq və təpiklə zərbələr vurmağa başlamışlar. O, kürəyini divara söykəmiş, özünü müdafiə etməyə çalışmış, əlləri və qolları ilə üzünü tutmuşdur. Həmin şəxslər ona təpik və yumruq zərbələri vurmaqla döyməkdə davam edərkən o, imkan tapıb Xəyalın sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bu anda Zahid onun arxadan belindən, qolundan və saçından tutaraq geriya dartmağa başlamış, sifətindən yumr zərbələri vurmuşlar. O, qışqırdığı üçün təxminən 10-15 met kənarda çayxanada olan beş-altı nəfər şəxslər də onlara yaxınlaşmışlar. Çayxananı işlədən Vüqar da onlara yaxınlaşaraq onları ayırmışdır. Vüqar onu çağırmış və çayxanaya gedərək əlini yumuşdur. Xəyalın qardaşı Röyal çayxananın qarşısına gələrək onu çağırmışdır. Röyal onunla daha dalaşmaq məqsədinin olmadığını, söhbət etmək istədiyini bildirmişdir. Ona görə də Röyal ilə birlikdə mebel salonuna getmişdir. Röyal ondan Xəyalla dalaşmalarının səbəbini soruşduqda Xəyaldan borcunu istədiyini, Xəyalın isə onu söyərək vurduğunu demişdir. Xəyalın telefonda olan səs yazısını da Röyala qulaq asdırmışdır. Röyal axşam gəlib qardaşının pul borcunu qaytaracağını demiş, onunla sağollaşıb ayrılmışlar. O, Hüseynlə birlikdə piyada evləri istiqamətində gedərkən Xəyalın atası Sübhan onu səsləyərək çağırmışdır. O isə dayanaraq Sübhana yaxınlaşmışdır. Sübhan qolundan tutub onu mebel salonuna aparmışdır. Salona daxil olduqdan sonra Sübhan onu sən bilirsənmi ki, biz kimik-demiş və sifətindən şillə vurmuş, şillənin təsirindən gözləri qaralmışdır. O isə Sübhana yaşca böyük adam kimi cavab qaytarmamışdır. Sübhan ona nalayiq sözlərlə söymüş, onu hədələmişdir. Sonra küçəyə çıxaraq qaçmışdır. Öz mağazalarına getməklə baş verənləri nənəsinə və atasına danışmışdar. Onu nə üçün döymələrini aydınlaşdırmaq üçün nənəsi və dayısı Mahir mebel salonuna getmişlər. O isə sifətinə buz qoymuş, sonra isə atası ilə birlikdə polis şöbəsinə getmişlər və şikayət etmişdir. Sonra Sübhanın da ondan şikayət etməsini bilmişdir. Sübhanı yumruqla vurub xəsarət yetirməkdə özünü təqsirli bilmir, belə ki, özünü müdafiə etmiş, başqa çıxış yolu olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Sabirabad şəhərində valideynləri ilə birlikdə yaşayır. Hadisədən təxminən 15- 20 gün əvvəl Təqsirləndirilən şəxs ondan 15 manat borca pul götürmüş, bir gün sonra pulu qaytaracağını bildirmişdir. Təxminən 10-12 gün keçsə də, Əli ona olan borcunu qaytarmamışdır. O da həmin ərəfələrdə Əlinin işlədiyi mağazaya gedib bir neçə dəfə olmaqla enerji içkiləri və sərinləşdirici içkilər almışdır. Hər dəfə də içkiləri alarkən Əlidən borclu olduğu puldan çıxmasını demişdir. Sonuncu dəfə isə Əlidən içki aldıqdan sonra fikirləşmişdir ki, Əlinin ona borcu qalmamışdır. Lakin Əli ona demişdir ki, ümumilikdə 29 manat 40 qəpiklik içki götürmüş, 15 manat borcunu çıxdıqdan sonra 14 manat 40 qəpik borcu qalmışdır. O da fikirləşmişdir ki, Əli içkiləri ona baha qiymətə satdığına görə Əliyə pul borcu yaranmışdır. Ona görə Əlinin sözü ilə qismən də olsa razılaşmışdır. 03 iyul 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng edib onunla görüşmək istədiyini bildirmiş, lakin o, qonaqları olduğunu, sonra görüşmələrini demişdir. 04 iyul 2022-ci il tarixdə saat 13-14 radələrində atasına məxsus, Sabirabad şəhəri İ. İsgəndərov küçəsində yerləşən mebel mağazasının qarşısında dayanıb müştəriyə satılan mebelin avtomobilə yığılmasında fəhlələrə köməklik etmişdir. Bu zaman Əli və sonuncunun tanışı X3 oraya gəlmişlər. O, Əliyə yaxınlaşmış, təxminən 7-8 metr kənarda söhbət etmişlər. Əli ondan borcunu nə üçün verməməsini soruşmuş, o isə borcunu ayın 8-də qaytaracağını demişdir. Həmin anda Əli sağ göz nahiyəsindən yumruqla iki-üç dəfə vurmuşdur. Zərbələrin təsirindən onun başı gicəllənmiş və yerə yıxılmışdır. Yerdə olarkən görmüşdür ki, atasına məxsus yaxınlıqda yerləşən digər mağazada olan işçilərdən, Zahid, Rəhim və qardaşı Röyal və tanımadığı iki nəfər şəxs də yanlarına gəlmiş və onları aralaşdırmış, onu isə yerdən qaldırmışlar. Sonradan isə baş verənləri xatırlaya bilməmişdir. Sonradan isə üz nahiyəsində sümüklər sındığı üçün əməliyyat olunmuşdur. Hadisə zamanı, eləcə də hadisədən sonra o və orada olan şəxslərdən heç kim Əlini vurmamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Sabirabad şəhərində çayxana işlədir. 04 iyul 2022-ci il tarixdə saat 13-14 radələrində çayxanada olduğu zaman küçədə qonşusu Azərin oğlu Əlinin və ətrafında olan 5-6 nəfər şəxslərin söhbət etdiklərini görmüşdür. Bir anda həmin 5-6 nəfər şəxslər Əlini ortaya salıb təpik və yumruqla vurmağa başlamışlar. Əli isə əlləri və qolları ilə sifətini qorumuşdur. Bir anlıq əlinin Sübhanın oğlu Xəyalın sifətindən yumruqla bir dəfə vurmasını görmüşdür. Xəyal isə geri çəkilmiş, əlləri ilə başını və sifətini tutmuş, başının və gözünün ağrımasını demişdir. O, yaxınlaşıb həmin şəxsləri aralamışdar. Əlinin isə sifətində qızartılar və qan olmuşdur. Onu çayxanaya aparmış, əl-üzünü yumuşdur. Bu zaman Sübhanın digər oğlu Röyal çayxanaya gələrək Əlini çölə çağırmış və onunla söhbət etmək istədiyini demişdir. Onlar söhbət etmişlər, lakin dalaşmamışlar. Əlinin tanışı Hüseyn də küçədə olmuşdur. Sonra isə Röyal oradan getmişdir. Bu zaman Sübhan onlara yaxınlaşmış və Əlinin qolundan tutaraq mebel salonına aparmışdır. Sübhanın arxasınca işçiləri və oğlu Röyal da mebel salonuna girmişlər. Təxminən iki dəqiqə sonra Əlinin mebel salonundan çıxaraq qaçdığını görmüşdür. Əli qaçaraq öz dükanlarına tərəf getmişdir. Təxminən 15-20 dəqiqə sonra Əlinin nənəsi Cəmilənin və qohumu Mahirin Sübhanın mebel salonunun qarşısına gələrək sözlə mübahisə etmələrini eşitmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Sabirabad şəhərində İ.İskəndərov küçəsində yaşayır. 04 iyul 2022-ci il tarixdə saat 12 radələrində evdən çıxaraq bazara dən almağa gedərkən küçədə Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Təqsirləndirilən şəxs ondan haraya getməsini soruşmuş, o isə bazara dən almağa getdiyimi bildirmişdir. Əli ona Xəyaldan borcunu almaq üçün getdiyini, demiş və onunla birlikdə getməsini xahiş etmişdir. O, razılaşmış və birlikdə Xəyalın atası Sübhana məxsus mebel salonuna yollanmışlar. Mebel salonunun qarşısına çatanda Xəyalın orada dayanmış «Qazel» markalı avtomobilin yük yerində olduğunu, 5-6 nəfər şəxslərlə birlikdə avtomobiə mebel yüklədiklərini görmüşlər. Xəyal Əlini görən kimi işi dayandırmış, avtomobildən yerə düşmüş və Əlini kənara çağırmışdır. Əli ilə Xəyal bir qədər kənara çəkildikdən sonra Xəyal Əliyə söymüş aralarında mübahisə yaranmışdır. Bu zaman Xəyalın qardaşı Röyal və avtomobildən mebel boşalmaqla məşğul olan 5-6 nəfər şəxslər də onlara yaxınlaşmışlar. Həmin şəxslər Əlini araya salıb yumruq və təpiklə vurmağa başlamışlar. Əli sə kürəyini divara söykəyib qolları və əlləri ilə üzünü tutaraq müdafiə olunmağa başlamış və onlara həm də yumruq atmışdır. O isə onları aralaşdırmağa çalışmışdır. Sonra onlar aralaşmışlar. Həmin dalaşma zamanı Xəyal üz nahiyəsindən xəsarət almışdır. Lakin qarışıqlıq olduğundan Əlinin Xəyalı vurmasını görə bilməmişdir. Onlar aralaşdıqdan sonra Xəyalın qardaşı Röyal Əliyə yaxınlaşmış, onun qolundlan tutaraq mebel salonuna tərəf aparmışdır. Bu zaman Xəyalın atası Sübhan oraya gəlmiş, Əlini tutub mebel salonuna salmış, Əli onların əllərindən çıxaraq qaçmışdır. Əlinin qulağından qan axdığını görmüşdür. Bundan az sonra hadisə yerinə polis işçiləri gəlmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Sabirabad şəhərində ailəsinə məxsus dükan vardır.Mağazada özü, oğlu Azər və nəvəsi Əli işləyir. Mağazadan tanış müştərilərə nisyə mal verildiyi üçün nəvəsi Əliyə nisyə mal verilmiş şəxslərdən borclarını istəməsini tapşırmışdır. 04 iyul 2022-ci il tarixdə özü mağazada olduğu zaman Əli tanışı Sübhanın oğlu Xəyaldan 16 manat borcunu istəməyə getmişdir. Orada Xəyal, qardaşı və digər şəxslər Əlini döymüşlər. Həmin gün saat 13 radələrində Əli qaçaraq mağazaya gəlmişdir. Onun gözünün altında və sifət nahiyəsində qançırlar olmuş, saçı isə yolunmuş vəziyyətdə olmuşdur. Əli onu 5-6 nəfərin yığışıb döydüyünü, onun isə özünü müdafiə edərkən Xəyalın sifətindən bir yumruq vurduğunu bildirmişdir. O, mebel salonun qarşısına getmişdir. Sübhana ayıb olsun-deyərək iradını bildirmiş və nəvəsi Əlini nə üçün döydüklərini soruşmuşdur. Bu zaman orada olan 5-6 nəfər şəxslər onu döymək istəmişlər. Sübhan nəvəsini yaxşı edib döydüklərini demişdir. Bu zaman qardaşı oğlu Mahir də onun yanına gəlmişdir. Sübhanın yanında olan adamlar onu döymək istəyərkən Mahir yerdən taxta parçası götürüb özünü və onu qorumaq istəmişdir. Sonra isə mağazaya qayıtmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, özü Sabirabad şəhəriİ.İsgəndərov küçəsində yaşayır. Bibisi Cəmilənin həmin küçədə mağazası vardır. Mağazada Cəmilə, oğlu Azər və nəvəsi Əli işləyirlər. O isə həmin mağazada fəhlə kimi işləyir. 04 iyul 2022-ci il tarixdə mağazada olduqları zaman X5 16 manat borcunu istəməyə getmişdir. Saat 13 radələrində Əli qaçaraq mağazaya gəlmişdir. Onun sifət nahiyəsində qan və şişkinlik olmuşdur. Əlidən nə baş verdiyini soruşduqda Əli bildirmişdir ki, Xəyal, qardaşı Röyal və digər şəxslər birləşib onu döymüşlər. Bu zaman özünü müdafiə edərkən Xəyalın sifətindən yumruqla vurmuşdur. Cəmilə nəvəsi Əlinin üz-başını qan içində görəndə sinəsinə döyə-döyə, qışqıraraq Sübhanın mebel salonunun qarşısına getmişdir. Salonun yanında Zahir bibisinə yaxınlaşmış və onu döymək istiəmişdir. O isə Zahiri kənara itələyəndə bir-neçə nəfər onun üstünə gəlmişlər. Özlərini müdafiə etmək üçün yerdən taxta parçısı götürmüş və həmin şəxslərə yaxın gəlsələr, vuracağını demişdir. Sonra isə oradan mağazaya qayıtmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Sabirabad şəhəri M.Hümbətov küçəsi 43 saylı evdə valideynləri ilə birlikdə yaşayır. 04 iyul 2022-ci il tarixdə saat 12 radələrində qardaşı Xəyal, işçiləri Zahid və Rəhimlə birlikdə atasına məxsus, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən mebel salonunda müşrətiyə məxsus mebeli avtomobilə yüklədikləri zaman tanışı Əli Hüseynlə birlikdə oraya gəlmişdir. Əli qardaşı Xəyalı yanına çağırmış, Xəyal onlarldan aralaşıb Əlinin yanına getmiş və kənara çəkilib söhbət etməyə başlamışlar. Xəyalın Hüseynlə üz-üzə durub söhbət etməsini, Əlinin isə Xəyalın yan tərəfində dayanmasını görmüşdür. X9 sifətinə vurduğunu görmüşdür. Əli sonra əlini geriyə tərəf çevirmiş, lakin əlində nə olmasını görməmişdir. Xəyal isə əlini sifətinə tutmuşdur. Həmin anda o və digər uşaqlar Xəyala yaxınlaşmışdır. Digər şəxs isə Xəyala yaxınlaşıb yaxasından tutmaq istəyərkən Xəyalın belindən tutub geriyə çəkmişdir. Zahid, Rəhim və orada olan digər iki nəfər şəxslər Əlini və Hüseyni aralaşdırıb geriyə çəkmişlər. O da Əliyə yaxınlaşıb, qardaşını nə səbəbə vurmasını soruşmuşdur. Əli isə cavabında qardaşı Xəyalın ona söyüş etdiini bildirmiş və Xəyalın səs yazısını ona səsləndirmişdir. O, səs yazısında Xəyalın söyməsini eşitməmişdir. Əliyə qardaşının ona olan pul borcunu özünün qaytaracağını demişdir. X10 birlikdə çıxıb getmişlər. Atası isə digər mağazadan çıxıb yanlarına gəldikdən sonra istəmişdir ki, Əlinin atasına məxsus mağazaya gedib məsələni aydınlaşdırsın. Həmin vaxt Əlinin nənəsi, ardınca isə Əlinin qohumu Mahir əlində dəmir parçası ilə üzərilərinə gəlmişlər. Lakin orada olan şəxslər Mahirin əlindəki dəmir parçasını alıb yerə atmış və sakitləşdirib geriyə qaytarmışlar. Sonra da Xəyalın vəziyyəti yaxşı olmadığı üçün yerə yıxılmış, atası da Xəyalı avtomobilə mindirib xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 da Şahid8lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, özünə məxsus Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən 2 ədəd mebel mağazası vardır. 04 iyul 2022-ci il tarixdə saat 12 radələrində ona adını xatırlamadığı şəxs telefonla zəng edərək oğlu Xəyalın döyülməsini demişdir. Dərhal mağazadan çıxaraq təxminən 150-200 metr kənarda olan ikinci mağazanın qarşısına qaçmışdır. Orada çox sayda adamların olduğunu görmüşdür. Bu zaman tanıdığı Mahir adlı şəxsin əlində dəmir parçası ilə ona tərəf gəldiyini görmüşdür. Başa düşməmişdir ki, Mahir onun üstünə gəlir, yoxsa oğlunun üzərinə gedir. Həmin vaxt orada olan kənar şəxslər Mahirin qarşısını kəsmiş və Mahiri geriyə qaytarmışlar. O da bu zaman oğlu Xəyalın yerdə uzanıqlı və huşssuz vəziyyətdə görmüşdür. Dərhal mağazanın qarşısında saxladığı özümə məxsus “Mercedes-Benz 180” markalı avtomobilin arxa salonuna oğlunu uzatmış. Bu zaman kənarda dayanan çox saylı şəxslər ondan kömək məqsədi ilə Xəyalı hara aparacağını soruşmuşlar. O da həyacanlı olduğu üçün həmin şəxslərə dəqiq bir söz deyə bilməmişdir. Sonra avtomobili idarə edib ilk Xəyalı xəstəxanaya aparmışdır. O, hadisə yerinə getdikdən sonra Əlini döyməmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən, Zərərçəkmiş şəxs atası Şahid4 məxsus mebel mağazasının qarşısında baş vermişdir. Baxış keçirilən zaman iştirak edən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 522 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Almacıq sümüyü və əngin sınığı” diaqnozu ilə “X8” Hospitalında, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Ziqomatika-maksilyar sahənin qırıqları, göz yuvası dibinin eksproloziyası və calaq edilməsi, üst alt çənə qırıqları, intraoer fiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə Sabirabad RMX PHŞ-ində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “sağ tərəfli ziqomatik kompleks-almacıq əng sümüklərinin sınığı, metallosteosintezdən sonrakı vəziyyət” diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. Müayinə zamanı onun bədəni üzərində sağ tərəfdə almacıq sümüyünün və gicgah-almacıq qövsünün basılmış yerdəyişmiş sınığı, sağ orbitanın yuxarı, aşağı və bayır divarının əsas sümüyünün sağ böyük qanadının sınıqları ilə əlaqədar orbita (görmə) yarığının daralması, gicgah-almacıq və əsas sümüyün almacıq tikişinin aralanması, sağ əng sümüyünün sınıqları, sağ gözətrafı nahiyədə hematoma, sağ gözdə qansızmalar müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 455/2022 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ tərəfdə almacıq sümüyünün və gicgah-almacıq qövsünün basılmış yerdəyişmiş sınığı, sağ orbitanın yuxarı, aşağı və bayır divarının, əsas sümüyün sağ böyük qanadının sınıqları ilə əlaqədar orbita (görmə) yarığın daralması, gicgah-almacıq və əsas sümüyün almacıq tikişinin aralanması, sağ əng sümüyünün sınıqları, sağ gözətrafı nahiyədə hematoma, sağ gözdə qansızmalar- küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 522 №-li rəyinin nəticəsi təsviri hissəyə uyğundur. Məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli, 438 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ bud-çanaq oynağının hərəkət pozğunluğu ilə müşaiyət olunan travmatik əziyi, sağ bud çanaq oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadratında hematomalar, ənsə, sol təpə-alın nahiyəsində, sol gözaltı nahiyəsində qançırlar müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 05 dekabr 2022-ci il tarixli qərarla hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs döyülməklə bədən xəsarətləri alması faktı üzrə CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə ittiham elan olunmaqla barəsində məhkəmənin həmin tarixli qərarı ilə dörd ay müddətə, yəni 06 aprel 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin tələblərini pozduğuna görə onun tutulması və barəsində axtarış elan olunması barədə qərar qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə tutulmaqla həbsə alınmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri həmin müddətə həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri bərpa edilmişdir. 06 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ittiham elan olunmaqla barəsində xx.xx.2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Lakin sonradan ondan müalicə xərclərinin ödənilməsini tələb etmişdir Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəmnində baş verən bübahisə zamanın Zərərçəkmiş şəxs, onun qardaşı Şahid8, onların atalarına məxsus mebel salonunda işləyən Şahid9 və başqa üç-dörd nəfər şəxslərin öz aralarında birləşərək Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri vurmaqla sağ bud-çanaq oynağının hərəkət pozğunluğu ilə müşaiyət olunan travmatik əziyi, sağ bud çanaq oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadratında hematomalar, ənsə, sol təpə-alın nahiyəsində, sol gözaltı nahiyəsində qançırlardan ibarət bədən xəsarətləri yetirməklə döydükləri zaman Təqsirləndirilən şəxs zərbələrdən müdafiə olunmaqla həmin şəxslərlə qarşılıqlı dalaşma prosesində Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir yumruq zərbəsi vurmaqla qəsdən onun sağlamlığına ağır zərər vurmaya səbəb olan xəsarət yetirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqqiq edilmiş sübutlara əsasən Zərərçəkmiş şəxs, onun qardaşı Şahid8 və onlara məxsus mebel salonunda işləyən şəxslərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə ikilikdə mübahisə etdikləri zaman onu yumruq zərbəsi ilə vuraraq xəsarət yetirməsi, hadisə zamanı özlərinin birlikdə Təqsirləndirilən şəxs döyməmələri barədə ifadələrini Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırmaq, həmdə özlərinin Təqsirləndirilən şəxs birlikdə döyməklə bədən xəsarətləri yetirmələri ilə bağlı məsuliyyətdən kənarda qalmaları məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir. Belə ki, hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən çayxanada işləyən, hadisəni əvvəldən sonadək müşahidə etmiş, zərərçəkmiş və təqsirləndirilən şəxslərə münasibətdə bitərəf mövqeydə olan Şahid1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə saat 13-14 radələrində çayxanada olduğu zaman küçədə Azərin oğlu Əlinin və ətrafında olan 5-6 nəfər şəxslərin söhbət etdiklərini görmüşdür. Bir anda həmin 5-6 nəfər şəxslər Əlini ortaya salıb təpik və yumruqla vurmağa başlamışlar. Əli isə əlləri və qolları ilə sifətini qorumuşdur. Bir anlıq əlinin Sübhanın oğlu Xəyalın sifətindən yumruqla bir dəfə vurmasını görmüşdür. Xəyal isə geri çəkilmiş, əlləri ilə başını və sifətini tutmuş, başının və gözünün ağrımasını demişdir. O, yaxınlaşıb həmin şəxsləri aralamışdar. Bundan başqa hadisənin bilavasitə şahidi olmuş X2 da ifadəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ikilikdə mübahisə zamanı yumruq zərəbəsi ilə vurmamış, onların aralarında mübahisə yaranarkən Zərərçəkmiş şəxs qardaşı Şahid8 və avtomobilə mebel yükləməklə məşğul olan 4-5 nəfər şəxslər onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs araya salıb yumruq və təpiklə vurmağa başlamışlar. Əli isə kürəyini divara söykəyib qolları və əlləri ilə üzünü tutaraq zərbələrdən qorunmağa başlamış və onlara həm də yumruq atmışdır. O isə onları aralaşdırmağa çalışmışdır. Həmin dalaşma zamanı Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisə zamanı çoxsaylı bədən xəsarətləri alması faktını nəzərə alaraq onun özünün, həmçinin hadisənin bilavasitə şahidi olmuş şəxslərin hadisə zamanı Zərərçəkmiş şəxs, qardaşı Şahid8 və digər 4-5 nəfər şəxslər tərəfindən Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri vurulmaqla döyülməsi, Təqsirləndirilən şəxs bu şəraitdə Zərərçəkmiş şəxs sifətindən yumruq zərbəsi vuraraq xəsarət yetirməsi barədə ifadələrini işin faktiki halları ilə tam uyğunluq təşkil edən, obyektiv ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını CM-nin 59.1.2-ci maddəsinə, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən həmçinin onun psixi inkişaf səviyyəsini və kənar şəxslərin ona təsirini nəzərə alır. Bundan başqa məhkəmə CM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmasını, cinayəti törətməsi şəraitiniyəni Zərərçəkmiş şəxs, qardaşı Şahid8 və başqa 4-5 nəfər şəxslər tərəfindən hücumu məruz qalaraq döyülməklə sağ bud-çanaq oynağının hərəkət pozğunluğu ilə müşaiyət olunan travmatik əziyi, sağ bud çanaq oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadratında hematomalar, ənsə, sol təpə-alın nahiyəsində, sol gözaltı nahiyəsində qançırlardan ibarət xəsarətlərin yetirilməsi prosesində təklikdə zərbələrdən müdafiə olunma vəziyyətində Zərərçəkmiş şəxs sifətindən bir yumruq zərbəsi vurması nəticəsində sonuncuya sağlamlığına ağır zərər vurmaya səbəb olan bədən xəsarəti yetirməsini, zərərçəkmişə bilavasitə sağlamlığına ağır zərər vuran xəsarət yetirməyə yönəlmiş niyyətinin olmaması, bu məqsədlə hər hansı alətdən istifadə etməməsi, gərgin şəraitdə bir yumruq zərbəsinin zərərçəkmişin sağlamlığına ağır zərər vuran xəsarətlərə səbəb ola biləcəyini dəqiqliklə düşünə bilməməsini nəzərə alınmaqla ona CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətdə daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsni ədalətli və məqsədəmüvafiq hesab etməklə onun həmin növdə cəza çəkməklə islah olunmasını mümkün sayır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ayın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştiraketməmək vəzifələri qoyulmalı, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona CM-nin 62-ci maddəsi tədbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun iş üzrə 06 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar