Məhkəmə qərarları › İş №1(099)-430/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-430/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-430/2025 16.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- “Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonu, İ.Əliyev küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı şəhəri, Səbail rayonu, Batamdar şossesi 43 ünvanında yerləşən “Batamdar otel” ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, “o, 02 noyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda - 10360 qram qurudulmuş marixuana narkotik vasitəsini ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram, 995 qram, 1090 qram, 1000 qram, 1080 qram, 960 qram, 995 qram, 1020 qram, 1090 qram və 1015 qram olmaqla aliminium falqalara bükülmüş ümumilikdə 10 ədəd bağlamada qablaşdırıb örtücü mal qismində istifadə olunmuş “Kahı” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o, isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində “Kahı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 02 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin narkotik vasitə 02 noyabr 2024-cü il tarixdə gömrük baxışı zamanı aşkar edilərək götürülmüşdür.”. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi təsdiq olunmur. Belə ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən beynəlxalq yükdaşımalarda sürücü işləmişdir. Əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasının Dağıstan Respublikasına yük daşımaqla məşğul olmuşdur. 2024cü ilin oktyabr ayında idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinin sahibi, qonşusu olan Ziyavuddin İrandan “portağal” yükünü Dağıstana aparıb özünə təhvil verməyi tapşırmış və həmin yükü ondan təhvil aldıqdan sonra sifarişə uyğun olaraq Moskva şəhərinə aparacağını bildirmişdir. 27 oktyabr 2024-cü il tarixdə yola çıxmış, Dağıstandan Azərbaycana keçmiş, 29 oktyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərinə çatmışdır. Orada olan vaxt Ziyavuddin adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq “Nima” adlı şəxsin yük göndərəcəyini bildirərək, sonuncunun telefon nömrəsini göndərib onunla əlaqə saxlamasını tapşırmışdır. O, da Nima adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq İranın Biləsuvar gömrük postunda olduğunu demiş və yükü nə vaxt və haradan götürəcəyini soruşmuş, Nima adlı şəxs də xəbər edəcəyini demişdir. 30 oktyabr 2024-cü il tarixdə Ziyavuddin əlaqə saxlayaraq “portağal” yükü deyil, başqa növ mal, yəni tərəvəz göndərəcəyini, həmin yükü Dağıstan Respublikasında sonuncuya təhvil verməli olacağını, lakin dəqiq olaraq hansı növ tərəvəz olacağını deməmişdir. 30 oktyabr 2024-cü il tarixdə İranın Biləsuvar gömrük postunda gözlədiyi vaxt Nima onunla əlaqə saxlayaraq “kahı” yükü daşımalı olacağını, həmin “kahı” yükünü Biləsuvar gömrük postunun yaxınlığında yerləşən anbarda yükləməli olacağını, bununla bağlı göndərəcəyi tanışının da ona yaxınlaşıb anbarın yolunu göstərəcəyini demişdir. Bir qədər sonra Nimanın tanışı, 35-40 yaşlı kişi avtomaşınla gələrək anbarın yerləşdiyi yerə getməsi üçün ona bələdçilik etmişdir. İdarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə gömrük postunun yaxınlığında yerləşən anbara çatmışdır. Bundan sonra “kahı” yükü paletlərdə digər nəqliyyat vasitəsindən onun idarə etdiyi “Volvo” yük nəqliyyat vasitəsinə yükləmişlər. “Kahı” məhsulunun onun maşınına yükləmə prosesində şəxsən iştirak etmiş, paletlərdə olan “kahı” yükünün hamısını yoxlamaq imkanı olmasa da, paletlərə daxil olan yeşiklərdən bir neçəsini yoxlamış, yoxlama zamanı yükün “kahı” yükü olduğunu görmüş və heç bir problem olmadığından yükləmə prosesini izləmişdir. Nima da gələrək yükləmə prosesini izləmişdir. Yükləmə qurtardıqdan sonra idarə etdiyi yük nəqliyyat vasitəsi elə oradaca da yükləməni həyata keçirən şəxslər tərəfindən plomblanmışdır. Bundan sonra sənədləşmə işlərini həyata keçirən şəxs ona yaxınlaşaraq növbəyə dayanacaq yeri göstərmiş və yükə dair sənədlərin də gömrük postunda ona təhvil veriləcəyini demişdir. Bundan sonra idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İranın Biləsuvar gömrük postuna gedib növbədə gözləməyə başlamışdır. Növbədə olduğundan təxminən 3 gün İranın Biləsuvar gömrük postunda qalmışdır. Gömrük yoxlamasına girməyinə az qalmış sənədləşmə işini həyata keçirən şəxs ona yaxınlaşaraq yükə dair sənədləri ona təhvil vermişdir. 02 noyabr 2024-cü il tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İrandan gömrük postundan keçməklə Azərbaycan Respublikasına Biləsuvar Gömrük postuna gəlmişdir. Bundan sonra gömrük xidməti əməkdaşları onunla sorğu-sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması soruşmuşlar. O, da öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük xidməti əməkdaşları idarə etdiyi yük nəqliyyat vasitəsini Biləsuvar gömrük postunun içərisində yerləşən rentgen aparatında keçirməsini ona bildirmişlər. O, da yük nəqliyyat vasitəsini rentgen aparatında müayinədən keçirmişdir. Bundan sonra idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinə gömrük xidməti əməkdaşları tərəfindən xidməti itin tətbiqi ilə baxış keçirilmişdir. Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunun ətraflarına reaksiya vermişdir. Yoxlama zamanı idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinin qoşqusunda olan hər paletdə 60 ədəd yeşik olmaqla ümumilikdə 21 palet “kahı” yükü yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Həmin vaxt xidməti it yük nəqliyyat vasitəsinin qoşqusundan yerə boşaldılmış 21 palet “kahı” yükündən 1 paletinə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən həmin paletlərdə olan yeşiklərdəki kahılara baxış keçirilmişdir. Baxış zamanı 1 paletdə 60 yeşikdən 10 ədədində, hər birində 1 ədəd olmaqla kahı yarpaqları ilə əhatə olunmuş, aliminium falqalara bükülmüş bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara keçirilmiş baxış zamanı hər birinin daxilində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra həmin kütlələr qablaşdırılmış və protokol yazılmışdır. Marixuana barədə hər hansı bir məlumatı olmamışdır, xəbəri olsa heç vaxt razılaşmazdı, hər hansı bir günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yüklərin daşınmasından ötrü əvvəlcə avtomobil sahibləri yük sahibləri ilə danışıqlar aparır, sonra sürücüyə yük olduğunu bildirirlər, hazır yüklər gətirilərək avtomobillərə yüklənir. “Kahı” yüklənəndən sonra qoşqunun qapısı plomblanmışdır. Həmin plomb yalnız gömrükdə açıla bilər. O yüklə birlikdə İran gömrüyünə gəlmiş, iran gömrüyündə onun avtomobili yoxlanılmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı yük avtomobilinə gömrük nəzarəti qaydasında şöbənin kinoloqu Şahid2 tərəfindən xidməti it tətbiq edilmişdir. Yoxlama keçirilərkən xidməti it nəqliyyat vasitəsinin qoşqusunun ətraflarına reaksiya vermiş və bununla əlaqədar yük nəqliyyat vasitəsinə yoxlama tətbiq edilmişdir. Yoxlama zamanı qoşquda olan ümumilikdə 21 palet “kahı” yükləri yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Bu zaman xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış 21 palet “kahı” yüklərindən 1 paletinə reaksiya vermişdir. Həmin paletdə olan yeşiklərə baxış keçirilmişdir. Baxış zamanı 1 paletdə olan 60 ədəd yeşikdən 10 ədədində hər birində 1 ədəd olmaqla kahı yarpaqları ilə əhatə olunmuş aliminium falqalara bükülmüş bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış zamanı hər birinin daxilində narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu məlum olmuşdur. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobili gömrük xəttinə daxil olarkən avtomobilin yük yerinin qapısı plomblu olmuş, həmin plomb onlar tərəfindən sökülmüş, həmin plombun başqa şəxslər tərəfindən sökülməsi halı müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə aşkar olunmasını gördükdən sonra həyacanlanmışdır, onun avtomobildən narkotik vasitə aşkar olunması gözləməmişdir. Avtombil yoxlanılmamışdan qabaq Təqsirləndirilən şəxs hər hansı həyacan hissi keçirməsi müşahidə olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin instruktor-kinoloqu Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, xidməti it yoxlama aparılmamışdan öncə avtomobilə rekaksiya vermiş, sonra avtomobilin plombu söküldükdən sonra avtomobilin yük yerində olan paletlərdən bir ədədinə it rekaksiya verdikdən sonra həmin paletdə olan yüklər boşaldılmış və içərisində olan bağlamalar aşkar olunmuşdur. Avtomobil yoxlanılan zaman Təqsirləndirilən şəxs özünü sakit aparmış, heç bir həyəcan hissi keçirməmişdir. Avtomobilə vurulmuş plomb onlar tərəfindən açılmış, plombun kənar şəxslər tərəfindən açılması müşahidə olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, yük nəqliyyat vasitəsinə aparılmış yoxlamada hal şahidi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, yük nəqliyyat vasitəsi kinoloji xidməti iti tətbiq edilməklə yoxlanılmışdır. İt yük nəqliyyat vasitəsinin qoşqusuna reaksiya vermişdir. Yoxlama zamanı yük avtomobilinin qoşqusunda olan ümumilikdə 21 palet “kahı” yükləri yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Baxış zamanı 1 paletdə olan 60 ədəd yeşikdən 10 ədədində hər birində 1 ədəd olmaqla kahı yarpaqları ilə əhatə olunmuş aliminium falqalara bükülmüş bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış zamanı isə hər birinin daxilində narkotik vasitə- qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2024-cü il tarixli 19/716 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “10 ədəd bükümdə qurudulmuş marixuana...” sözlər və imzalar bir ədəd kisədəki 10 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1115 qram, 995 qram, 1090 qram, 1000 qram, 1080 qram, 960 qram, 995 qram, 1020 qram, 1090 qram, 1015 qram: ümumi təmiz çəkisi 10360 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, oranoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ).Tədqiqat nəticəsində 10360 qram qurudulmuş marixuanadan 1 qramı sərf edilmiş və ekspertiza tədqiqatından sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalıq çəkisi 10359 qram olmuşdur. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuana 10359 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2024-cü il tarixli 5/1285 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “X6 11 Pro + 5G” markalı, “2109116UG” modelli, “**********53561, **********153579” imei kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X6 11 Pro + 5G” markalı, “2109116UG” modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, videofayllar, “Whatsapp” proqram təminatında, “Telegram” platformasında aparılmış məlumat mübadiləsi və s.) mövcud silinmiş məlumatlar əldə olundu və həmin məlumatlar “Ekspertiza 5-1285” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2024-cü il tarixli 745 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, 02 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Kahı” yükü aparan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Erik” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş, bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya vermiş, xidməti itin reaksiyası əsasında sözü gedən yük avtomobilinin qoşqusunda olan ümumilikdə 21 (iyirmi bir) palet “Kahı” yükləri yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Bu zaman xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış 21 (iyirmi bir) palet “Kahı” yüklərindən 1 (bir) paletinə reaksiya vermişdir. Həmin paletdə olan yeşiklərə baxış keçirilmişdir. Baxış zamanı 1 paletdə olan 60 ədəd yeşikdən 10 ədədində hər birində 1 ədəd olmaqla kahı yarpaqları ilə əhatə olunmuş aliminium falqalara bükülmüş bağlamalar aşkar edilmişdir. Bağlamalara keçirilmiş baxış zamanı hər birinin daxilində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli aktdan görünür ki, “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs akt əsasında götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11 Pro+ 5G” markalı mobil telefonun “Kontaktlar” bölməsinə baxış zamanı +**********9 saylı mobil telefon nömrəsinin istifadəçisi adı “Ziyavuddin” və +**********99 saylı mobil telefon nömrəsinin istifadəçisi adı “Nima” kimi qeyd edilmişdir.Telefonun “Tarixçələr” bölməsində “daxil olan” və “çıxan zənglərə” baxış zamanı Ziyavuddin adlı şəxsin istifadəsində olan +**********9 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********1 saylı nobil telefon nömrəsinə yalnız bir dəfə, 26 oktyabr 2024-cü il tarixdə, saat 12:27-də zəngin daxil olduğu və həmin vaxt 6 dəqiqə 47 saniyə müddətində danışığın olması müəyyən edilmiş, “Nima” adlı şəxslə hər hansı danışığın aparılması və iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı danışığın aparılması müəyyən edilməmişdir. Telefonun “Mesajlar” bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək daxil olan və çıxan mesajların olması müəyyən edilməmişdir.Telefonun “Qalareya” bölməsinə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə məxsus, idarə etdiyi yük nəqliyyat vasitəsinə dair iş üzrə əhəmiyyət kəsb edən fotoşəkillərin və videoların olduğu müəyyən edilmişdir.Telefonda olan “Whatsapp” sosial və “Telegram” sosial proqramlarına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumata rast gəlinməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyul 2025-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdən 24 iyun 2024-cü il tarixədək mütəmadi olaraq Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, Azərbaycan Respublikasından tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına geri qayıtmış, sonuncu dəfə 28 oktyabr 2024-cü il tarixdə idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, 29 oktyabr 2024-cü il tarixdə Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 02 noyabr 2024-cü il tarixdə, saat 14:45-də idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli «əşyaların maddi sübut kimi tanınması haqqında qərarla» Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən, “Kahı” yükün içərisindən aşkar edilərək göürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 10359 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “FH 12.460” modelli, Y817HY05 dövlət qeydiyyat nişanlı, YV2A4CEA45B404741 şassi nömrəli, 2005ci il buraxılışlı yəhərli dartıcı, həmin dartıcının “SCHMİTZ” markalı, “SKO 24” modelli, AE265605 dövlət qeydiyyat nişanlı, WSMS**********709 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqusu maddi sübut kimi tanınmış, narkotik vasitə DGK-nin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş və avtomobil və qoşqu Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsinin dayanacağında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2025-ci il tarixli «əşyaların maddi sübut kimi tanınması haqqında qərarla» Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 11 Pro+ 5G” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2024-cü il tarixli məhvetmə aktından görünür ki, “Volvo” markalı, Y817HY05/AE265605 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar olunmuş net çəkisi 6500 kiloqram, gross çəkisi 7300 kiloqram olan “Kahı” yükü yararsız olması ilə əlaqədar gömrük hərraclarında satışının həyata keçirilməsi mümkünsüz hesab edildiyindən Biləsuvar Gömrük İdarəsinin 07 may 2025-ci il tarixli, 3-33/1-015318/2025 nömrəli məktubuna əsasən məhv edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “FH 12.460” modelli, Y817HY05 dövlət qeydiyyat nişanlı, YV2A4CEA45B404741 şassi nömrəli, 2005-ci il buraxılışlı yəhərli dartıcı, “SCHMİTZ” markalı, “SKO 24” modelli, AE265605 dövlət qeydiyyat nişanlı, WSMS**********709 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqu "xxxx" MMC-nin nümayəndəsi Saiputdin Rustamova və həmin qoşqunun və dartıcının qeydiyyat şəhadətnamələrinin isə "xxxx" MMC-nin nümayəndəsi X3 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2025-ci il tarixli qərarla hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli protokol “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut-narkotik vasitənin məhz onun idarə etdiyi yük avtomobilinin qoşqusunda aşkar olunması faktıdır. Şahid kimi dindirilmiş gömrük əməkdaşları Şahid1, Şahid2, hal şahidləri Şahid3 və Şahid4 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili Azərbaycan ərazisinə daxil olarkən yük qoşqusu İranda olan zaman plomblanmış, plomblar 02 noyabr 2024-cü il tarixdə yük avtomobilinə baxış keçirilərkən gömrük əməkdaşları tərəfindən açılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunun plombları pozulmuş (sındırılmış, açılmış) halda olmadığından, Təqsirləndirilən şəxs avtomobilinin yük qoşqusuna kahı yüklənib plomblanandan sonra, onun plombu qıraraq maşına sonradan narkotik vasitə yükləyə biləcəyi qeyri-mümkün olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs yük avtomobilinin qoşqusuna vurulan plombları açıb, sonra yenidən plomb vurması halı da istisna olunur. Təqsirləndirilən şəxs kahı yükünün hələ qoşquya yüklənməsinə qədər, kahı yükünün içərisinə narkotik vasitə qoyub gizlətməsi faktı da ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təhqiqat zamanı izahatında, ibtidai istintaq və məhkəmə dövründə verdiyi ifadələrində sözü gedən kahı yükü olan 10 ədəd bağlamada narkotik maddənin yerləşdirilməsi barədə heç bir məlumata malik olmadığını, yalnız gömrük yoxlanılması zamanı narkotik maddənin aşkar olunmasından sonra xəbərdar olduğunu göstərmişdir. İttiham tərəfi bu halı təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi narkotik vasitənin məhz Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindəki kahı yükünün yerləşdiyi paletlərdən tapılmasını və onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, ehtimal edilən cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olması sübuta yetirilməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs əməllərində məsuliyyət məsələsi ilə əlaqədar məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulduğu “Beynəlxalq yol yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, həmçinin onların markalanması və nömrələri ilə bağlı fakturada yazılan qeydlərin dəqiqliyini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq, daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünun) nəzarət sahəsinə aid deyil. Həmin Konvensiyanın 11-ci maddəsində yük göndərənin yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin ikinci hissəsinə görə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə daxil deyil. Qanunvericiliyin qeyd olunan normasına əsasən beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücünün qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Əks yanaşma beynəlxalq yük daşıma qaydalarının prinsiplərinə zidd olar. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarında da əks olunmuşdur. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsinin yük yerinə yüklənmiş yükü açmaq və onu yoxlamaq kimi vəzifəsi olmamışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun daşıdığı yükün içərisində narkotik vasitənin yerləşdirilməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki: “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin mövcud olması təsdiq olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hərhansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəldiyini və cinayəti törətmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan şəxs(lər)in cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 10359 qram olan qurudulmuş marixuana həmin İdarədə saxlanılmalı, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 11 Pro+ 5G” markalı mobil telefon özünə qaytarılmalı, Net çəkisi 6500 kiloqram, gross çəkisi 7300 kiloqram olan “Kahı” yükü yararsız olması ilə əlaqədar gömrük hərraclarında satışının həyata keçirilməsi mümkünsüz hesab edildiyindən 22 yanvar 2025-ci il tarixli məhv etmə aktına əsasən məhv edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “FH 12.460” modelli, Y817HY05 dövlət qeydiyyat nişanlı, YV2A4CEA45B404741 şassi nömrəli, 2005-ci il buraxılışlı yəhərli dartıcı və “SCHMİTZ” markalı, “SKO 24” modelli, AE265605 dövlət qeydiyyat nişanlı, WSMS**********709 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqu "xxxx" MMC-nin nümayəndəsi Saiputdin Rustamova təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə olan 220 manat (iki yüz iyirmi manat) ekspertiza xərcinin ödənilməsindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 10359 qram olan qurudulmuş marixuana narkotik vasitəsi həmin idarədə saxlanılsın. İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 11 Pro+ 5G” markalı mobil telefon onun özünə qaytarılsın. Net çəkisi 6500 kiloqram, gross çəkisi 7300 kiloqram olan “Kahı” yükü yararsız olması ilə əlaqədar gömrük hərraclarında satışının həyata keçirilməsi mümkünsüz hesab edildiyindən Biləsuvar Gömrük İdarəsinin 07 may 2025-ci il tarixli, 3-33/1-015318/2025 nömrəli məktubuna və 22 yanvar 2025-ci il tarixli məhv etmə aktına əsasən məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “FH 12.460” modelli, Y817HY05 dövlət qeydiyyat nişanlı, YV2A4CEA45B404741 şassi nömrəli, 2005-ci il buraxılışlı yəhərli dartıcı və “SCHMİTZ” markalı, “SKO 24” modelli, AE265605 dövlət qeydiyyat nişanlı, WSMS**********709 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqu "xxxx" MMC-nin nümayəndəsi Saiputdin Rustamova təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə olan 220 manat (iki yüz iyirmi manat) ekspertiza xərcinin ödənilməsindən azad olunsun. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə cinayət işi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar