Məhkəmə qərarları › İş №1(099)-432/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-432/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-432/2022 06.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X15 oğlunun sədrliyi ilə, hakimlər – X12 və X4 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli,himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hüsüulu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 28 fevral 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Ağcabədi şəhəri H.Hacıyev küçəsi 101 saylı evin həyətində qardaşı Zərərçəkmiş şəxs əvvəllər tutduğu iradlardan heç bir nəticə çıxarmayıb yenidən narkotik vasitə heroin qəbul etməsi nəticəsində ağrılar çəkməsini görüb, Zərərçəkmiş şəxs yaxınlaşaraq bir daha narkotik vasitələrdən uzaq durmasını, özünü narkotik vasitələrlə məhv etdiyini bildirib yenidən irad tutduqda aralaraında mübahisə yaranmış, bu vaxt Zərərçəkmiş şəxs yerdən götürdüyü taxta parçası ilə onu vurduğu üçün cibindən çıxardığı kustar üsülla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir zərbə vurub, sonuncuya döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək ürəyin və diafraqmanın zədələnməsi ilə müşahidə olunan, yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirib sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 evdə yaşayır. 2010-cu ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. Onları birgə nikahdan olan qızları Zəhra Hüseynova xx.xx.2012-ci il tarixdə, oğulları Mövsüm Hüseynzadə isə xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Oğlu Mövsümə anadan olan vaxtdan iki tərəfli pnevmoniya, kəskin gediş, ağır dərəcə, qulaqcıqlararası çəpərin defekti, hipoksik ensefalopatiya, bətndaxili infeksiya diaqnozu qoyulmuşdur. Mövsüm sərbəst şəkildə yerimədiyi üçün ancaq qucaqda hərəkət etdirilir. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Elçinlə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Qardaşı Elçinlə yaşadıqları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ataları Mövsümə məxsus olmuşdur. Onlarla bir evdə həmçinin qardaşı oğlu Şahid1 da yaşamışdır. Həmin fərdi yaşayış evinin həyətində yardımçı tikili olmuşdur. Qardaşı Elçin narkotik vasitələrdən istifadə etmiş, bu səbəbdən Elçində narkotik vasitələrdən asılılıq yaranmış, həyətdə olan yardımçı tikilini söküb onun hissələrini sataraq pul əldə edib narkotik vasitə alaraq özünü məhv etmişdir. Buna görə də daim Elçinə düz yola qayıtmasını deyib, narkotik vasitə qəbul etməsinə iradını bildirmişdir. Elçin də, həmişə irad bildirən kimi əsəbiləşib onunla mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində o, yenə də Elçinin yaşadıqları evin həyətində olduğunu görüb ona tərəf yaxınlaşmış, həmin vaxt Elçinə düz yola qayıtmasını və narkotikdən əl çəkməsini demişdir. Elçin onun sözlərindən əsəbiləşərək, onunla sözlə mübahisə etməyə başlamış və aralarında olan mübahisə daha da böyümüşdür. Bundan sonra Elçin yerdə olan taxta parçasını götürüb onu vurmaq istəyən zaman sağ əlini taxtanın qarşısına vermiş və sağ əlinin baş barmağıdan xəsarət almışdır. O, taxtanı Elçinin əlindən alıb yerə tullamış, sonra cibində olan açılıb-qatlanan bıçağı çıxarıb Elçinin döş qəfəs nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən sonra qardaşı Elçin dizləri üstə yerə yıxılmış, Elçinin yerə yıxılmasını görüb ona ikinci bıçaq zərbəsini vurmamış və Elçinə ikinci bıçaq zərbəsin vurmağa heç bir cəhd göstərməmişdir. Mübahisə zamanı həyətdə kənar şəxs olmadığından, ona Elçinə ikinci bıçaq zərbəsini vurmaması üçün heç kim mane olmamış, özü də Elçinə ikinci bıçaq zərbəsini vurmaq istəməmişdir. Onun Elçini öldürmək niyyətim olmamış, niyyəti Elçinə ancaq bıçaqla xəsarət yetirmək olmuşdur. Elçini bıçaqla vurduqdan sonra yaşadığı evin həyətindən çıxıb rayon icra hakimiyyəti istiqamətində getmiş, icra hakimiyyətinə çatdıqdan sonra Elçinə kömək etmək fikrinə gəlib evinə qayıtmışdır. Geri qayıdanda Elçini həyətdə görməmiş, tez Elçinə xəsarət yetirdiyi bıçağı həyətdə olan krantın suyu ilə yuyub cibinə qoymuşdur. Daha sonra isə evin yaşadıqları otağına keçmiş, otaqda olan arvadı Rastaya həyətdə Elçinlə dava etdiyini və Elçinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Rasta və uşaqlarla görüşüb Ağcabədi rayon polis şöbəsinə getmək istəmişdir. Həmin vaxt polis əməkdaşları onun yaşadığı evə gəlmiş, polis əməkdaşlarına hadisənin necə baş verdiyini söyləmişdir. Bundan sonra yaşadığı evin həyətində hadisənin baş verdiyi yeri polis əməkdaşlarına göstərmiş və polis əməkdaşları bu barədə protokol tərtib etmişlər. Polis əməkdaşları onu özləri ilə polis şöbəsinə gətirmiş, polis şöbəsində qardaşı Elçini vurduğu cib bıçağını təqdim etmişdir. O, toyuq alqı-satqısı ilə məşğul olduğundan sata bilmədikləri toyuqları bazardan gətirəndən sonra onların ayaqlarındakı ipi kəsərək həyətə buraxır, həmin bıçağı da, o, məqsədlə cibində gəzdirmişdir. Həmin bıçağın tiyəsinin uzunluğu təxminən 7 sm olmuşdur. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 evdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onunla birlikdə evdə qardaşı İlqar, qardaşı oğlu Emin ailəsi ilə birlikdə yaşayırlar. Həmin ev onlara ataları Mövsümdən qalmışdır. Böyük qardaşları X3 isə hazırda Ukrayna Respublikasının Kiyev şəhərində yaşayır. Hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yaşadıqları evin həyətində olmuş, bu vaxt həyətə daxil olan İlqar onun narkotikdən vəziyyətinin agır olmasını görmüş və onunla mübahisə etməyə başlamışdır. İlqar ondan narkotik vasitələrdən əl çəkib, düzgün yola qayıtmasını tələb etmişdir. O, bu sözlərdən əsəsbləşib yerdə olan taxta parçasını götürüb İlqarı vurmaq istəmiş, İlqar sağ əlini taxta parçasının qarşısına vermiş və onun əlində olan taxta parçasını alıb yerə atmışdır. Buna baxmayaraq o, yenədə dayanmayıb İlqrla mübahisəni davam etdirmiş, bundan sonra İlqar əlində olan açılıb qatlanan bışaqla onun döş qəfəs nahiyyəsindən bir zərbə vurmuşdur. O, zərbədən sonra dizləri üstə yerə yıxılmış, İlqar ondan aralaşaraq həyətdən çıxmışdır. İlqarın ardınca özü də həyətdən yola çıxmış, tanışı taksi sürücüsü işləyən Fəxrəddin adlı şəxsin avtomobilini saxlatmış və onu Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmasını demişdir. Fəxrəddin onu avtomobilinə əyləşəndən sonra xəstəxanaya aparmışdır. Hadisə onların yaşadığı evin həyətində baş vermişdir, həmin vaxt həyətdə onların yanında heç kim olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ifadəsinin davamında qardaşı İlqarla barışdığını, daha doğrusu onunla heç küsmədiyini, bütün günahın özündə olduğunu və qardaşı İlqara qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, Həhacıyev küçəsi 101 saylı evdə yaşayır və həmin ev babası Mövsüm Hüseynovdan qalmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun əmiləridir. Təqsirləndirilən şəxs həmin ünvanda ailəsi ilə birlikdə, Zərərçəkmiş şəxs isə həmin ünvanda tək yaşayır. Onlar evdə yaşamaq üçün evi ayrı-ayrı otaqlar bolmüş, əmisi Elçin isə yaşadıqları evin qarşısında həyətdə olan ayrı evdə yaşamış, Elçin narkotik vasitələrdən istifadə etdiyi üçün onda narkotik vasitələrə aludəçilik yaranmışdır. Buna gödə də əmisi Elçinin ailəsi köçüb başqa yerdə yaşamışdır. Elçin son vaxtlarda yaşadığı evin əşyalarını satmış və ev yararsız vəziyyətə düşmüşdür. Hal-hazırda isə evin mişar daşlarını söküb satmağa başlamışdır. Qohumlar Elçini narkotik vasitələrdən istifadədən çəkindirməyə çalışmış və Elçn həmin yoldan qayıtmasını istəmişlər. Bununla əlaqədar olaraq bir neçə dəfə Elçinə irad tutulsa da bir nəticəsi olmamışdır. 28 fevral 2022ci il tarixdə saat 18 radələrində o, Ağcabədi şəhərində işdə olarkən mobil telefon nömrəsinə xatırlamadığı şəxs zəng etmiş, ona əmisi Zərərçəkmiş şəxs xəsarət almasına görə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına aparıldığını və vəziyyətinin ağır olduğunu bildirmişdir. Bundan sonra dərhal xəstəxanaya getmiş, xəstəxanada olan zaman birinci mərtəbədə həkimlərin Elçinə ilk tibbi yardım göstərmələrini görmüşdür. Həmin vaxt orada qonşuları taksi sürücüsü Faxrəddini görmüş, həkimlərdən Elçinə nə olmasını soruşmuş, həkimlər ona Elçinin ürək nahiyəsindən bıçaq xəsarəti almasını demişlər. Aradan biraz keçdikdən sonra Elçinin vəziyyəti pisləşdiyinə görə onu xəstəxananın reanimasiya şöbəsinə qaldırmışlar. Elçin əməliyyatdan çıxdıqdan sonra da xəstəxananın həyətində gözləmiş, orada olduğu müddətdə ona əmiləri Elçin və İlqar arasında mübahisə baş verməsi, mübahisə zamanı İlqarın bıçaqla Elçinə bir dəfə döş qəfəsindən vurub xəsarət yetirməsi məlum olmuşdur. Hadisə baş verər zaman özü orada olmamış, sonradan İlqarın qardaşı Elçinə yaşadığı evi söküb sataraq narkotik vasitədən istifadə etdiyinə görə irad bildirməsini, bu səbəbdən onların arasında mübahisə yaranmasını öyrənmişdir. Onun əvvəllər əmilləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə avtomobillə Ağcabədi şəhərində yerləşən bazardan çıxıb müştəri götürmək üçün Ağcabədi rayon İcra Hakimiyyəti istiqamətində getmişdir. Bu vaxt H.Hacıyev küçəsinə dönən yolun kənarıda səkinin üzərində əvvəllər tanıdığı və qonşuları olan Elçinin aşağıya əyilmiş vəziyyətdə durduğunu və döş qəfəsindən qan gəldiyini görüb avtomobili saxlamışdır. Avtomobildən düşüb Elçinə tərəfə gedib ondan nə baş verdiyini soruşmuş, Elçin cavab verməkdə çətinlik çəkmış və onu xəstəxanaya aparmasını istəmişdir. Elçinə köməklik edib onu idarə etdiyi avtomobilin arxa oturacağına qoyub Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışdır. O, Elçini xəstəxanaya çatdırdıqdan sonra həkimləri çağırıb xəstə gətirdiyini bildirmış, həkimlər gəlib köməklik edərək Elçini avtomobildən düşürmüş və Elçini xəstəxananın birinci mərtəbəsində yerləşən otaqların birinə aparıb yerləşdirmişlər. Bundan sonra o, xəstəxananın həyətinə çıxmış, aradan biraz keçdikdən sonra Elçinin qardaşı oğlu Emin xəstəxanaya gəlmişdir. Elçinin qohumu Eminin xəstəxanaya gəldiyini görüb oradan çıxıb getmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsindən Elçin götürdüyü yedən keçib gedərkən orada polis əməkdaşlarının olduğunu görmüş və ona Elçinlə qardaşı İlqarın yaşadıqların evin həyətində mübahisə etmələri və Elçinə qardaşı İlqarın bıçaqla vurub xəsarət yetirməsi məlum olmuşdur. Hadisə zamanı özü orada olmamış və hadisənin hyansı səbəbdən baş verməsini bilməmişdir. İdarə etdiyi avtomobilə Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ilə hərəkətdə olarkən Elçinin əyilmiş vəziyyətdə durub üzərindən qan gəldiyini görmüş, avtomobil saxlayan zaman Elçinin yanında heç kim olmamışdır. Elçini avtomobilə özü tək mindirib xəstəxanaya aparmış, onun Elçini avtomobilə mindirib xəstəxanaya aparmağını küçədə heç kim görməmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 19 mart 2022-ci il tarixli, 188 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək ürəyin və diafraqmanın zədələnməsi ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yara – iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlışa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-psixiatrik ekspertizasının 26 aprel 2022-ci il tarixli 262 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında omuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 05 may 2022-ci il tarixli, 223/MTBŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi kriminalistik ekspertizasının 13 may 2022-ci il tarixli, 183/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin ön səthinin sol yaxalığında bir ədəd, köynəyin ön səthinin sol nahiyyəsində dörd ədəd və maykanın ön səthinin sol yuxarı nahiyyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-soyuq silah ekspertizasının 02 iyun 2022-ci il tarixli, 18/612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq–kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan Baxış keçirilməsi haqqında 28 fevral 2022-ci il tarixli protokoldan aydın olur ki, ünvan 3 ünvanda yerləşən evin həyətyanı sahəsinə və həmin sahədə yerləşən sökük vəziyətdə olan yardımçı tikiliyə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd taxta parçası aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs ilə həyətdə mübahisə etdikləri yeri və qardaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan 28 fevral 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq baxış keçirilməklə götürülmüşdür. Baxış zamanı bıçağın dəstəyinin qəhvəyi rəngli, dəstəyinin 9 sm uzunluğunda, tiyəsinin isə 7 sm uzunluqda olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Götürmə aparılması haqqında 05 mart 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən X6 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs əməliyyat zamanı əynindən çıxarılan bir ədəd qırmızı rəngli gödəkçə, bir ədəd yaşıl rəngli sviter və bir ədəd ağ rəngli mayka götürülmüşdür. Baxış zamanı yaşıl rəngli sviter və ağ rəngli maykanın döş qəfəs nahiyyəsində deşilmiş kəsiklər və paltarlar üzərində qana bənzər ləkələr olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınan 20 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağcabədi rayon X8 Hüquqi şəxsin 31 may 2022-ci il tarixli, 112 saylı tibbi arayışından görünür ki, Hüseynov X7 rayon X2 şöbəsində narkoloji və nevroloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti BaşçısınınAğcabədi şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 31 may 2022-ci il tarixli, 2006 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü X9 və 2017-ci il təvəllüdlü X5 adlı övladları vardır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətin yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Habelə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını məsələsini müzakirə edərək, iş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan bir ədəd taxta parçası, bir ədəd bıçaq, bir ədəd gödəkcə, bir ədəd sviter və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 87 (səksən yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs ailəsinə maddi yardım göstərmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustqalığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan bir ədəd taxta parçası, bir ədəd bıçaq, bir ədəd gödəkcə, bir ədəd sviter və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 87 (səksən yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar