Məhkəmə qərarları › İş №1(099)-432/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-432/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-432/2023 27.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1980-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, M.Hüseynzadə küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 7,567 qram olmaqla külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 11 yanvar 2023-cü il tarixdə narkotik vasitənin 4,978 qramını tanışı Şahid3 90 manat müqabilində qanunsuz olaraq satmış, həmin gün, saat 17 radələrində Şirvan şəhəri, M.Hüseynzadə küçəsində piyada hərəkətdə olarkən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 2,589 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman mülki geyimdə olan polis əməkdaşları evinə gəlmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. O, üzərində narkotik vasitə olmadığını bildirmiş və etiraz etmiş, bu zaman polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə dəvət etdilər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində onu döyüb, təzyiq etmişlər. O, da məcbur qalaraq polislərin dediyi kimi ifadə vermişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Şahid3 tanıyır, ona narkortik vasitə satmamış, Şahid3 ona qarşı ifadə verməsinin səbəbini bilmir. Heç bir günahı yoxdur, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli şəxsi qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həyətdə olan əldamında təmizlik işləri apararkən əldamının tavanında sellofan büküm tapmışdır. Həmin bükümü açarkən görmüşdür ki, bükümün içərisində narkotik vasitə olan heroin vardır. Həmin bükümü tapdığı yerə qoymuş və fikirləşmişdir ki, özü istifadə edər. xx.xx.2023-cü il tarixdə tanıdığı Şirvan şəhər sakini olan narkotik vasitənin istifadəçisi kimi tanıdığı Şahid3la görüşmüşdür va məsələni ona danışaraq hazırda onda narkotik vasitə olan heroin olduğunu ona bildirmişdir və etibarlı adam olsa satmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Şahid3 zəng vuraraq onda olan heroindən bir qədərini istəyərək 90 manat pulunun olduğunu bildirmişdir. O, da razılaşaraq Şahini küçələrinə çağırmışdır. Gizlətdiyi heroindən taxmin edərək yarısını bölüb ona vermişdir. Şahin bunun müqabilinda ona 90 manat pul vermiş və çıxıb getmişdir. Həmin heroinin yarısını isə özü istifadə etmək üçün əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində küçələrində dayanıb siqaret çəkərkən polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, ilk öncə ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o, da əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində “heç vaxt narkotik vasitə satmaması, polis şöbəsində ona təzyiq etdikləri üçün məcbür qalıb etirafedici ifadə vermişdir” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Polislər tərəfindən Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Şirvan şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və polislərin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl avtomobil təmiri ustası kimi həyətində yerləşən avtomobil təmiri sexində işləmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Şirvan şəhər sakini Təqsirləndirilən şəxs avtomobilini təmir etdirmək üçün sexə gəlmiş, onun avtomobilini düzəltdirmək müqabilində 60 manat ödəniş istəmiş, lakin həmin vaxt ona ödəməyə pulu olmamış, sonra görüşüb pulunu almışdır, onu müştəri kimi tanıyır, ondan narkotik vasitə almamışdır. Şahid3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə tanışı Mirdamidin istifadə etməsi üçün Təqsirləndirilən şəxs 1 büküm narkotik vasitə heroin almış, həmin narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Mirdamidin ona verdiyi 90 manat pulu Ruslana vermişdir. Məhkəmə şahidin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində “Təqsirləndirilən şəxs müştəri kimi tanıması, ondan narkotik vasitə almaması” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 18/37 saylı rəyindən görünür ki, “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -2.589 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı qalıq: heroin 2,539 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 31 mart 2023-cü il tarixli 1769 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. İş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 1836 saylı rəyindən görünür ki, “... X1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -2,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 18/918 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Şahid3 sərdar oğlu üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir, həmin heroinlər X2 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli 599 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs istintaqa düzgün ifadə vermək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin dərk etmək və onarı idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid3 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar ediləçrək götürülmüşdür.Sorğu zamanı Şahid3 həmin bükümdə olan heroin narkotik vasitə olduğunu 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında Şirvan şəhərində yaşayan Ruslan adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan 11 ay 28 gün hissəsindən azad edilmişdir. Məhkumluğu yoxdur. İş materiallrında olan 25 yanvar 2023-cü il tarixli Şirvan şəhər X7 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli Şirvan şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Hüseynzadə küçəsi 27-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadandıan xx.xx.2014-cü il təvəllüdlü X4 azyaşlı, 15 oktyabr 2004cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə ekspertiza tədqiqatından sonrakı qalıq 2,539 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Şirvan ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəsinin mənbəsinin müəyyən edilməsi ilə əlaqədar materiallar ayrılması qərara alınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Şirvan Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2.539 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxsv barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Şirvan Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2.539 qram narkotik vasitə heroin məhv edilsin, İş üzrə 9 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar