Məhkəmə qərarları › İş №1(099)-433/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-433/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-433/2024 09.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi - “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əfladdin oğlunun iştirakları ilə xx xxxx 2002-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə “qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-in) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü ildə saat 16 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Howo ZZ3317 N 3967W» markalı **-DT-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edib Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 54-cü kilometrində, Ələt qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, hərəkətin təhlükəsizliyini təmin etmədiyindən qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün qarşı sol hərəkət zolağına çıxaraq qabaq sağ hissəsi ilə qarşıdan əks istiqamətdə öz yolu ilə düzünə hərəkətdə olub təhlükəni görərək nəqliyyat vasitəsini dayandıran Həsənov X4 idarə etdiyi «Mercedes Benz 208» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Mercedes Benz 208» markalı avtomobilin sərnişinlərindən X5 beynin sərt və yumşaq qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ alın nahiyəssində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində sağda yara, sağ yanaq nahiyəsində burunun yumşaq toxuması üzərində, alt çənədə, qarının ön divarında sıyrıqları, sağ tərəfli 4-5-6-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları, bədən səthinin qançır və sıyrıqları, bədənin küt travması kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasında saat 18:15-də ölməsinə, Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, qara ciyərin subkapsulyar hematoması kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs2 sol gözün əzilməsi, buynuz qişanın kəsiyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin noyabr ayından işlədiyi yerdə avtomobilləri təmir edir, həm də avtomobilləri sürür. Həmin günü Biləsuvar yolunda yük boşaldıb qayıdarkən Salyan yolunda dönərkən avtomobili xarab olmuş, avtomobildən enib onu təmir etmiş, təmir təxminən 15 dəqiqə çəkmişdir. Avtomobilə əyləşib hərəkət etdirmək istəyərkən yanından “Vaz 21014” markalı avtomobil keçib ondan təxminən 20 metr öndə saxlamış, avtomobildən ağsaqqal bir kişi düşüb nalayiq sözlər deyərək onun üstünə gəlmiş, ondan avtomobildən düşməyi tələb etmişdir. Nə üçün avtomobildən düşməli olduğunu soruşduqda həmin şəxs “yox düş” demiş, həmin vaxt qeyd etdiyi kişinin oğlu avtomobilə daxil olub ona 3-4 dəfə yumruq zərbələri vurmuş, buna görə də qorxub avtomobillə oradan uzaqlaşmışdır. “Ələt” yolunda yanacaq doldurma məntəqəsinin yanında avtomobildə hərəkətdə olarkən həmin şəxslər idarə etdikləri avtomobillə onun avtomobilini arxadan vurmuş, o, sola dönərkən avtomobilin sol tərəfindən də vurub “Mitsubishi pikap” markalı avtomobili də vurmuşlar. Lakin qorxduğu üçün avtomobili saxlamayıb hərəkətinə davam etmişdir. Hərəkət edərkən önündə gedən avtomobili ötüb yenidən öz hərəkət zolağına dönməyi düşünmüşdür. Belə ki, irəlidə onu tanıyan adamların olmasını bilmiş, onu təqib edən avtomobildəkilərin onu döymək istədikləri üçün onlaradan köməklik istəyəcəyini düşünmüşdür. Ötmə əməliyyatı edərkən yanındakı avtomobil də sürətini artırmağa başlamış, artıq onun ötmə zolağına çıxdığı zolaqda öndən gələn marşruta çatmış, həmin vaxt sağında iki avtomobil də olduğundan öz yoluna qayıda bilməmiş, sol tərəfdən köməkçi yola çıxmış, bu zaman marşrutun sağ tərəfi onun idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Avtomobildən enib kimin zərər çəkdiyinə baxmaq istədikdə onu təqib edənlər avtomobillərindən enib onu orada döymüşlər. Bu zaman “Mitsubishi” markalı avtomobilin sürücüsü onun həmin şəxslərin əlindən alıb öz avtomobilinə otuzdurub qan içində Salyan Rayon Polis Şöbəsinə gətirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobilin sahibi sürücülük vəsiqəsinin olmadığını bilmiş, ona sürücülük vəsiqəsini almaqda köməklik edəcəyinə söz vermiş, eləcə də avtomobili idarə etməyə icazə vermişdir. Avtomobilin sahibi Namik İsgəndərovdur, Şamaxı rayonundan olan həmkəndlisidir. Avtomobili 17 avqust 2023-cü il tarixdən idarə etmişdir. Həmin şəxslərin onu nəyə görə təhqir etdiyini bilməmişdir. Hadisə vaxtı onun yanında heç kim olmamış, yükü boşaltdıqdan sonra “karyerə” qayıtmaq istəmişdir. Həmin hadisə vaxtı mobil telefonu olmuş, polisə xəbər etməmiş, lakin həmin vaxt iş yoldaşlarından zəng gəlmiş və onlara onu təqib edən şəxslərin onu döymək istədiklərini demişdir. İş yoldaşları isə ona “sür gəl qabağa, yolun kənarında səni gözləyirik” demişlər. İş yoldaşları onu Asan Xidmətin önündə gözləmişlər. Onu təqib edən avtomobilin nömrəsini götürə bilməmiş, həmin şəxslərin onu döymə səbəbinin nə olmasını bilməmiş, idarə etdiyi avtomobilin maksimal sürəti saatda 50 km olmuşdur. Onu gözləyən iş yoldaşlarına tez çatmaq üçün ötmə əməliyyatını etmişdir. Ötmə əməliyyatını edərkən qarşıdan gələn marşrutu görmüşdür. 6-7 il olar ki, avtomobil idarə etmişdir. Ötmə əməliyyatı edərkən qarşıdan gələn marşrutu keçməsi üçün hesabını götürmüş, yanında hərəkət edən “Vaz 2107” markalı avtomobil də sürətini artırdığı üçün qəza baş vermişdir. Hadisə baş verdikdən sonra avtomobildən enib qəza yerinə yaxınlaşıb köməklik etmək istəmiş, lakin avtomobilin önündən keçməmiş sağ tərəfdən “Vaz 21014” markalı avtomobildəki şəxslər gəlib ona çatıb onu döymüşlər. Qəza nəticəsində xəsarət alanları kimin xəstəxanaya çatdırması barədə məlumatı olmamış, qəzada xəsarət alanların olmasını bilmişdir. Qəza baş verdikdən sonra hadisə yerindən qaçmamış, avtomobildən enib qəza yerinə doğru hərəkət etmiş, lakin onun təqib edən şəxslər çatıb onu döydüklərindən digər avtomobilin sürücüsü onu oradan götürüb Salyan Rayon Polis Şöbəsinə aparmışdır. Avtomobilində videoqeydiyyat cihazı olmamışdır. Zərərçəkmişlərin ailələri ilə barışmaq üçün ailə üzvləri həmin şəxslərin evlərinə getmişlər, lakin həmin şəxslər onunla barışmamışlar. Qəzadan sonra avtomobildən enib hadisə olan yerə getməkdə məqsədi zərərçəkmişlərə köməklik göstərmək olmuşdur. Yolda sürət həddinin neçə olmasını bilməmiş, lakin avtomobildə hərəkət edərkən sürəti saatda 50 km olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə anasının xəstə olmasını, atasının işləməməsinin nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, axşam saat 17 radələrində onun uşağının telefonunu ilə ona zəng edilmiş, övladının qəza keçirdiyinə görə xəstəxanada olduğunu demişlər. Sonra da o, və digər qohumları xəstəxanaya getdikdən oğlunun avtoqəza nəticəsində vəfat etdiyini bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Xalıq Məlikov ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və onun ailə üzvləri onunla barışmaq istəmişlər, lakin o, barışmamışdır. Aldığı məlumata görə Təqsirləndirilən şəxs qəzanı törətdikdən sonra hadisə yerindən qaçmağa çalışmış, lakin onu təxminən hadisə yerindən 300-400 metr kənarda tutmuşlar. Onu kimin tutduğunu bilməmişdir. Hadisə Təqsirləndirilən şəxs dediyi kimi olmuş, hadisəni Murad törətmişdir. Barışmamağının səbəbi Təqsirləndirilən şəxs cəzasını çəkməsini istəməsidir. Zərərçəkmiş şəxsin hüquqi varisi Xalıq Məlikov Təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 18 noyabr 2023-cü il tarixdə avtoqəza hadisəsində ağır xəsarət alanladan biri o olmuşdur. Qəza nəticəsində kəllə beyin travması almışdır. O, “Asan Xidmət” mərkəzində fəaliyyət göstərir. Avtoqəza baş verərkən zərbə nəticəsində huşunu itirmiş, beyninə qan sızmış, kürək nahiyyəsinin sağ tərəfində sümük sınmış və ciyərində də qan sızması olmuşdur. Ağır vəziyyətdə xəstəxanaya çatdırılmış, daha sonra Bakı şəhəti “İstanbul NS” xəstəxanasına göndərilmiş və orada müalicə almışdır. Hal-hazırda başında qan sızma var. Maddi cəhətdən imkanı yoxdur, müalicə alır və dəymiş zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin necə baş verməsini xatırlamır. Hadisəyə kimi yolla hərəkət etdiyini və marşruta arxada sağ tərəfdə əyləşdiyini xatırlayır. Marşrutun sürücüsü avtomobili normal şəkildə idarə etmişdir. Mülki iddiası yalnız təqsirləndirilən şəxsə qarşıdır. Qəzadan sonra ki, hadisələri huşunu itirdiyindən xatırlamır. Təqsirləndirilən şəxsin orada olması və ya kimlərəsə köməklik göstərməsi barədə məlumatı yoxdur. Eşitdiyinə görə hadisə yerindən qaçmağa çalışmşdır. Mülki iddianı ödəyəcəyi təqdirdə təqsirləndirilən şəxslə barışacaqdır. Zərərçəkmiş şəxs1 özü tərəfindən verilmiş mülki iddianın da təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 18 noyabr 2023-cü il tarixdə axşam saat 16 radələrində iş yeri olan “Asan Xidmət”dən çıxmış, Ələt-Astara yolunun kənarına çıxıb oradan avtobusa minib evə getmək istəmiş, o, dayanacaqda gözləyən «Mercedes Benz» markalı mirkoavtobusda sol cərgədə oturmuş, onlar oradan yeni tərpənmişlər ki, qəflətən qışqırıq səsləri eşitmiş və sonra mikroavtobusa zərbəylə nəsə dəymiş, onun gözünə şüşə qırıntıları tökülmüş, daha sonra özü mikroavtobusdan yerə düşmüş, bu vaxt görmüşdür ki, mikRoavtobusun sağ tərəfi əzilib və xəsarət alanlar var. Daha sonra ona məlum olmuşdur ki, əyləşdiyi mikroavtobusu sağ yan hissədən vuran yük avtomobili olmuşdur. O, hadisə yerinə gələn başqa avtomobillə Salyan MRX-na gedib orada müayinə olunduqdan sonra evə getmişdir. O, hadisə zamanı gözündən və bədəninin digər yerlərindən xəsarət almışdır. Zərərçəkmiş şəxs2 zərərçəkmişlə barışdığını, ona qanuna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Salyan rayonu, Aşağı Kürkənd marşrutu ilə hərəkət edərkən “Asan Xidmət”in işçiləri marşruta əyləşdikdən sonra hərəkət etməyə başlamış, təxminən 300-400 metr irəlilədikdən sonra öndən “Vaz 2107” markalı, arxasınca isə “Hovvo” markalı yük avtomobilin gəldiyini görmüşdür. Onlara çatmağa təxminən 20-25 metrə qalmış “Hovo” markalı avtomobil “Vaz 2107” markalı avtomobİli ötməyə çıxmışdır. Həmin vaxt aralarında az məsafə qaldığından yük avtomobili öz zolağına qayıda bilmədiyini görüb sükanı sola döndərərək onun sağındakı ehtiyyat hissəyə doğru istiqamətlənmişdir. Buna görə də sükanı sol tərəfə çevirmişdir ki, “Hovvo” markalı avtomobilə yol verə bilsin. Lakin “Hovo” markalı avtomobil yoluna qayıda bilməmiş, onun sağ tərəfinə ehtiyat yola çıxmış,onun sağ tərəfindən keçmiş və onun avtomobilinin ön hissəsi marşrutun arxa hissəsinə dəymişdir. Sonrdan maşından enib xəsarət alanlara ətrafda olan şəxslərlə köməklik göstərmiş, az sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Şahid1 ona verilmiş suallara cavab olara bildirmişdir ki, “Hovvo” markalı avtomobilinin gəldiyini təxmini 20-25 metr öncədən görmüş, həmin avtomobil anidən önünə çıxmışdır. Yolun bir tərəfi yol boyu çəpərdir. “Hovvo” avtomobili sürətlə hərəkət etmişdir. Həmin avtomobili kiminsə təqib etməsini bilməmişdir. Qəzadan sonra kənarda bir “Jiquli” markalı avtomobilin hadisə yerində dayandığını görmüş, Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Hadisədən sonra ona heç kim yaxınlaşmamışdır. Marşrutun sürəti saatda 40-45 km olmuşdur. Toqquşmadan sonra zərbənin gücündən marşrut yolun sol tərəfinə düşmüşdür. Hadisə yerindəkilər polislərin təqsirləndirilən şəxsi polis şöbəsinə apardıqlarını demişdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə, saat 16:05 işdən çıxıb marşruta əyləşmiş, sonra yol kənarında duran digər əməkdaşlarda əyləşdikdən sonra yola düşmüşlər. Marşurutda olarkən əlində mobil telefon olduğundan hadisəyə yetərincə şahidlik edə bilməmişdir. Yola baxarkən yük avtomobilinin sağ tərəfini görmüş, sonra yerdə olduğunu xatırlayır. Şahid7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisəyə qədər nə olduğunu xatırlayır. Marşrutda sol tərəfdə əyləşmiş, marşrutun sürücüsü avtomobili normal şəkildə idarə etmişdir. Toqquşmaya qədər yük avtomobilinin haradan gəldiyini görməmişdir. Hadisə nəticəsində əzik xəsarətləri almış, kürək nahiyyəsində sağ tərəfdə, sağ budunda və diz nahiyəsindən xəsarətlər almışdır. Təcili tibbi yardım gələnə kimi onları ətrafdakılar və əməkdaşlar şəxsi avtomobilləri ilə xəstəxanaya çatdırmışlar. Yük maşınının sürücüsünün orada olması barədə məlumatı yoxdur. Sonradan onun oradan qaçmaq istədiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində işdən çıxıb marşrutla evə gedərkən yük maşının yüksək sürətlə onun əyləşdiyi marşurutun üzərinə gəldiyini görmüşdür. Hadisə nəticəsində burnundan xəsarət almış, sonradan onları xəstəxanaya aparmışlar. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, marşrutda sol tərəf ortada oturmuş, yük avtomobilinin onlarla üzbəüz sol tərəfdən irəlilədiyni görmüşdür. Marşrut təzə hərəkət etməyə başladığından sürəti normal olmuş, yüksək sürət olmamışdır. Sürücülərin zərərçəkmişlərə köməklik göstərmələrinə diqqət yetirməmişdir. Hadisədən sonra ətrafdan köməyə gələnlər olmuşdur. Hadisə yerindən qaçan bir şəxs görmüş və hadisənin törədən şəxs olduğunu düşünmüşdür, lakin hadisəni tərəfdən yük avtomobilinin sürücüsünü tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə, saat 16:00-da işdən çıxıb marşruta əyləşmiş, bir az hərəkət etdikdən sonra yük maşınının onun əyləşdiyi marşrutla üzbəüz gəldiyini görmüş, sonradan qəza baş vermiş, qəza nəticəsində huşunu itirmişdir. Şahid9 ona verilən suallara cavab oalraq bildirmişdir ki, marşrutun sürücüsü avtomobili normal idarə etmişdir. Yola baxdığı üçün hadisənin neçə baş verdiyini görmüş, yük maşını onların olduğu marşrutun üzərinə gəlmişdir. Marşrutu idarə edən sürücünü hadisə yerində görmüş, xəsarət alıb-almadığını xatırlamasada onun xəsarət alanlara yardım etməsini görmüşdür. Təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. Təqsirləndirilən şəxsin qışqırdığını və yaxud onu kiminsə döyməsini xatırlamır. Hadisə yerində yük maşınının sürücüsünün qaçmaq istədiyini eşitmiş, lakin konkret olaraq kimdən eşitdiyini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı “Asan Xidmət”də işləyir. Onu işdən götürüb evə qayıdarkən Noxudlu kəndində yol ayrıcında dönərkən “Hovvo” markalı avtomobilin üstünə gəlməsini və “Vaz 21014” markalı avtomobilin onu arxasıyca gəlib ötmə əməliyyatı etdiyini görmüşdür. Öz maşınını kənara çəkmiş, yük avtomobili “Vaz 21014” markalı avtomobilə toxunduqda “Vaz 21014” də onun maşınına dəymişdir. Avtomobilini saxlayıb baxmş, “Hovvo” və “Vaz 21014” isə dayanmayıb yollarına davam etmişlər. Sonra onun avtomobili saxladığı yerə qaynı gəlmiş, ailəsini onunla göndərib özü həmin avtomobillərin arxasınca getmişdir. Onların arxasıyca getdikdə artıq qəza hadisə baş vermiş və “Hovvo” markalı avtomobilin sürücüsünün qaçdığını, onun arxasıyca 2-3 nəfərin də qaçdığını görmüş, sonradan onların arxasıyca avtomobili sürüb “Hovvo” markalı avtomobilin sürücüsünü yaxalayıb öz maşınına mindirib polis şöbəsinə təhvil vermişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qəzada xəsarət almamış, avtomobili əzilmişdir. Təqsirləndirilən şəxsi qaçarkən görmüşdür. Hadisə yerindən təxminən 150-200 metr kənarda təqsirləndirilən şəxsi tutmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən onun arxasıyca gələn şəxslər onu saxlamaqda köməklik etmişlər. Təqsirləndirilən şəxs hadisə yerində heç kimə köməklik göstərməmişdir. Təqsirləndirilən şəxsdən qəza yerindən niyə qaçdığını soruşmuş, sonuncu hadisə yerində ki, adamların onu döyəcəyindən qorxduğunu bildirmişlər. Təqsirləndirilən şəxsin arxasınca qaçan şəxslərin onu döymələrinə icazə verməmişdir. Həmin şəxslər çox olmuş, təqsirləndirilən şəxsi qəza törətdiyinə görə döymək istəmişlər. Hadisə yerində “Vaz 21014” markalı avtomobilin sürücüsü, sürücünün atası və tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs arxasınca qaçanlar “Vaz 21014” markal avtomobildə olan şəxslər olmuşdur. “Vaz 21014” markalı avtomobil yük maşınını təqib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə o, atası və iki əmisi oğlu ilə birlikdə Cəlilabad rayonundan əmisi oğlunun and içmə mərasimindən qayıdarkən “Hovvo” markalı avtomobil yolun sol tərəfində saxladığını görmüşlər, onun xarab olduğunu düşünüb sağ tərəfindən ötmək istədikdə avtomobil hərəkətə gətirilmiş, qəza olmasın deyə idarə etdiyi maşını sağ tərəfə döndərərək səkiyə vurmuşdur. Atası yuxudan oyanıb nə olduğunu soruşmuş, o, da ona nə baş verdiyni izah etmişdir. Sonra atası yük maşınına yaxınlaşıb onunla söhbət edərkən sürücü qapını çəkmiş və qapı atasının baş nahiyəsinə dəydiyindən atası xəsarət alıb yerə yıxılmışdır. Yük maşınının sürücüsü avtomobili idarə edib oranı tərk etmişdir. Atasının yanına gedib onu maşına əyləşdirib yük maşınının arxasınca sürməyə başlamışdır ki, onun nömrəsini götürsün. Onu ötüb ön tərəfinə keçmək istədikdə sağ tərəfdən maşınını vurmuş, idarəetməsini itirib yolla gedən “Pick up” avtomobilinə dəymişdir. Hadisə yerində 3-4 dəqiqə qaldıqdan sonra sonra yenidən həmin yük avtomobilinin arxasınca sürmüş, yolla irəliləyərkən qəza hadisəsinin baş verdiyini sürücünün maşından enib qaçdığını, təxmini 700 metr maşınından uzaqlaşdığını və “095” dövlət nişanlı “pick up” markalı maşının onu tutduğunu və öz avtomobilinə əyləşdirib apardığını görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; - “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokol və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində - Astara rayonu istiqamətində olan hərəkət zolağında baş vermişdir. Hadisə yeri yaşayış yeri məntəqəsi ərazisidir. Həmin yerdə maksimum surət həddi 50 km/saata qədər məhdudlaşdırılmışdır. Həmin yerdə yol quru, düz, hamar və asfalt-beton örtüklüdür. Yol ikitərəfli hərəkət istiqamətlidirş Hərəkət hissəsində 3,5 metr enində olmaqla 2 qarşılıqlı hərəkət zolağı vardır və hərəkət zolaqlarını bir-birindən ağ düz xətt ayırır. Ümumi hərəkət hissəsinin eni 7 metrdir. Həmin istiqamətdə sağdan 2,5 metr torpaqlıq yol çiyini, daha sonra istinad divarı vardır, soldan 2,5 metr enində torpaqlıq yol çiyini, daha sonra yaşıllıq zolağı yerləşir. Hadisə yerində tormoz izi aşkar olunmamışdır. (i.v.05-12) - 18 noyabr 2023-cü il tarixli 177 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sərxoş deyildir. ( i.v. 14) - DİN-nin BDYPİ-nin rəisinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kömpüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. (i.v.88) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 mərhum zərərçəkmiş şəxs X8 hüquqi varisi qismində tanınmışdır. (i.v. 92-93) - məhkəmə-tibb ekspertizasının 18 noyabr 2023-cü il tarixli 53 №-li rəyində göstərilmişdir ki, X5 meyitinin məhkəmə tibbi müayinəsi zamanı beynin sərt və yumşaq qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ alın nahiyəssində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində sağda yara, sağ yanaq nahiyəsində burunun yumşaq toxuması üzərində, alt çənədə, qarının ön divarında sıyrıqları, sağ tərəfli 4-5-6-7ci qabırğaların qapalı yerdəyişən sınıqları, bədən səthinin qançır və sıyrıqları, bədənin küt travması xəsarətlər aşkar edilmişdir. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyaların) təsiri nəticəsində törənmişdir, ola bilsin ki, xx.xx.2023-cü il tarixdə, sərnişini olduğu mikroavtobusun dirgər yük maşını ilə toqquşması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Ölümünə səbəb başın küt travmasından törənmiş baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. (i.v. 109-112). - məhkəmə-tibb ekspertizasının 12 dekabr 2023-cü il tarixli 626 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün əzlməsi, buynuz qişanın kəsiyi küt əşya (əşyalar) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 115-116). - məhkəmə-tibb ekspertizasının 12 dekabr 2023-cü il tarixli 659 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səhtində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, qara ciyərin subkapsulyar hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i.v. 120-122) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 124) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 130) - Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu hadisə nəticəsində ağır bədən xəsarətləri aldığını, müalicəsinin davam etdiyini, müalicə xərcləri üçün ona 5000 manat maddi ziyan dəydiyini qeyd edərək mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. (i.v.135) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. (i.v. 130) - məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 fevral 2024-cü il tarixli 8/6 nömrəli rəyindən görünür ki, «Howo» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Howo» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 143- 146) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 147) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ilkin yoxlama aparılması nəticəsində müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid5, X12 və Təqsirləndirilən şəxs bir-birləri ilə dava-dalaş etməmişlər, sadəcə olaraq ehtiyatsızlıqdan xəsarət almışlar, aldıqları xəsarətləri isə kənar şəxsin təsiri nəticəsində almamışlar. Buna görə də toplanmış materiala üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 149-151) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 177-178) - “qətimkan tədbirinin seçilməsi haqqında“ 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. (i.v. 189-190) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirsə də (Şahid5 idarə etdiyi avtomobilin onu təqib etməsi səbəbindən avtoqəza törətməsi), məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulmuş və bu əmələ görə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci hissəsinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 fevral 2024-cü il tarixli 8/6 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X5 ölümü ilə, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır, Zərərçəkmiş şəxs2 Xöşbəxt qızının sağlamlığına isə az ağır zərər vurulması ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin şahidlər - Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 53 saylı, xx.xx.2023-cü il tarixli 626 saylı, xx.xx.2023-cü il tarixli 659 saylı, məhkəmə-yol nəqliyyat ekspertizasının 02 fevral 2024-cü il tarixli 8/6 nömrəli rəyləri və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263-1.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 62) - Qobustan Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X10 rayonu, Ərəbşalbaş kəndində daimi qeydiyyatdadır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v. 153- 155) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin ehtiyatsızlıqdan törədilən cinayət növünə aid olsa da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsini və bu yöndə olan passiv davranışını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında sonuncunun avtoqəza törətməsi nəticəsində xəsarət alması və müalicəsi üçün 5.000 manat maddi ziyan məbləğinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirilməsi tam sübuta yetmişdir. Mülki iddiada zərərçəkmiş şəxsin müalicəsinə cəmi 5.000 manat xərc çəkilməsi qeyd edilmiş, lakin bu barədə hər hansı sübut əlavə edilməsə də məhkəmə hadisənin şokunda olan zərərçəkmiş şəxsin və onun qohumlarının müalicə xərclərinə dair hər hansı qəbzin alınıb saxlanılması marağında olmadığını nəzərə alaraq həmin xərclərin çəkilməsini təsdiq edən qəbzlərin olmamasını mülki iddianı bu hissədə təmin edilməməsinə maneə kimi qəbul etmir və hesab edir ki, müvafiq sübutlar əlavə edilmədiyi halda belə zərəçəkmişin müalicəsi üçün 5.000 manat məbləğində xərcin çəkilməsi ağlabatandır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 5.000 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 09 sentyabr 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 göndərilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 5.000 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar