Məhkəmə qərarları › İş №1(099)-435/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-435/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-435/2022 23.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxsin hüquqi varisi X2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Astara rayonunun Şümrüd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 fevral 2022-ci ildə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin və 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan dövlət qeydiyyat nişanı, ban və mühərrik nömrəsi olmayan, sahibsiz (faktiki özünün istifadəsində olan) “Qaz-66” markalı avtomobillə Astara rayonunun Pəlikəş kəndi ərazisində 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək, hərəkətdə olarkən daim dəyişən yol şəraitində avtomobilin təhlükəsiz hərəkətini təmin etməməklə Astara rayonu Pəlikəş kəndində yerləşən nahamar, maili relyefli dağlıq yer olmaqla avtomobil yolu hesab olunmayan yolda idarəetməni itirdikdən sonra həmin vaxt avtomobildə olan sərnişin X9 ilə birlikdə avtomobilin kabinəsindən yerə tullanmış, hərəkətdə olan avtomobil isə yoldan 40 metr kənarda, çökək hissədə yerləşən kənd sakini Şahid2 məxsus fərdi yaşayış evinə çırpılmaqla evin mətbəx hissəsini uçurmuş, sərnişin Tarif Sovqatov avtomobilin kabinəsindən yerə tullandıqdan sonra öz-özünə hərəkətdə olan avtomobilin təkərlərinin bədəni üzərindən keçməsi nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Tarif Sovqatov yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmya aid xəsarətlər alaraq xəstəxanaya aparılarkən yolda ölmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmasa da özünə məxsus dövlət qeydiyyat nişanı olmayan “Qaz-66” markalı avtomaşını ilə kənd ərazisində yük daşımaqla məşğul olmuşdur. 27 fevral 2022-ci ildə saat 17 radələrində qaynı Tarif Sovqatovla birlikdə idarə etdiyi həmin avtomaşınla yaşadığı kənddə dağlıq əraziyə gedib orada maşının yük yerinə peyin yığmış, kəndin ərazisi dağlıq olduğuna görə avtomobili təxminən 10 km/saat sürətlə idarə etmiş, təxminən 40 dəqiqə sonra avtomobillə sürüşkən daşların üzəri ilə getməyə başlamış, həmin vaxt yolda maililik çox olduğundan, maşının yük yerində də 1 tona yaxın peyin olmasından, eləcə də maşınının təkərləri yeyilmiş vəziyyətdə olduğundan maşın getdikcə sürət yığmış, əyləci basıb sürəti azaltmağa çalışsa da, maşın sürüşkən daşların üzəri ilə getdiyinə və maşının təkərləri yeyilmiş vəziyyətdə olduğuna görə əyləci yaxşı tutmamış, avtomobilin sürəti öz-özünə yüksəlməyə başladıqda maşının sürətini azaltmağa çalışsa da, əyləcin yaxşı tutmadığını və maşının sürətinin də getdikcə artdığını görüb maşında olan qaynı Tarifə özünü maşından atmasını demiş, bundan sonra qapını açaraq özünü maşından yerə atmış, daha sonra nə baş verdiyini xatırlamamışdır. Ayıldıqda yerdə uzanılmış vəziyyətdə olduğunu, Tarifi isə ora gələn kənd sakinlərinin başqa bir maşına uzandırdıqlarını görmüş, özünə gəldikdən sonra məlum olmuşdur ki, onlar maşından özlərini tulladıqdan sonra maşın sürətlə gedib aşağı hissədə olan fərdi yaşayış evinə çırpılıb evin divarını uçurmuş, bundan sonra kənd sakinləri onu da həmin maşına mindirib qarşılarına çıxan təcili yardım maşınına aparmış, Tarifin vəziyyəti daha ağır olduğu üçün onu təcili yardım maşınına mindirib Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmış, özü isə yol maşınına minib onların arxasınca xəstəxanaya getmiş, xəstəxanaya çatanda Tarifin yolda gedərkən təcili yardım maşınında öldüyünü bilmişdir. Törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, zərər çəkmiş şəxsin arvadına üzrhaqlıq etməsini, arvadının və anasının ölməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində olan 2 azyaşlı uşaqlarını təkbaşına böyütməsini, eləcə də mədə xərçəngi xəstəsi atasının onun himayəsində olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, əri mərhum Tarif Sovqatov 27 fevral 2022-ci ildə saat 14 radələrində evdə olarkən yeznəsi Ələmdar ona zəng edərək peyin yığmaq üçün onu köməyə çağırmış, saat 19 radələrində həyətdə olan zaman evdən qışqırtı səsi gəldiyini eşidib evə girmiş, evə girərkən qaynanası və qaynatasının ağladığını görüb nə baş verdiyini soruşmuş, həmin vaxt qaynatası Rakifağa kənddə baş verən yol qəzası zamanı Tarifin öldüyünü demiş, qaynatası ilə birlikdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getmiş, ora çatdıqda əri Tarifin yeznəsi Təqsirləndirilən şəxs idarə etdiyi «Qaz-66» markalı avtomobilində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci ildə saat 18 radələrində evdə olarkən həyətdən bərk guppultu səsi gəlmiş, həmin vaxt demək olar ki, ev silkələnmiş, həyətə çıxmaq istədikdə mətbəxin divarının uçurularaq yük maşının mətbəxin içinə girib hər tərəfi dağıtdığını görmüş, həmin maşına yaxınlaşdıqda içərisində sürücünün olmadığını görmüş, sonra məlum olmuşdur ki, “Qaz-66” markalı avtomaşının sürücüsü idarə etməni itirərək avtomobil gəlib onun evinin divarına çırpılmış, həmin avtomaşında olan sürücü və sərnişin yolda gedərkən özünü maşından yerə atmış, maşında olan sərnişin özünü yerə yerə atarkən təkərin altında qalmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci ildə Astara rayonunun Pəlikəş kəndində yol-nəqliyyat hadisəsi törətdiyi “Qaz-66” markalı avtomobili Ələmdara təxminən 3 il əvvəl satmış, həmin avtomobilin üzərində dövlət qeydiyyat nişanı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan Lənkəran Avtomotoservis və Ticarət Müəssisəsinin tabeliyində olan Astara rayonunda yerləşən 6 nömrəli ATXB-dən alınmış 04 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, «Qaz-66» markalı yük avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin ban nömrəsinin və mühərrik nömrəsinin silinməsi, qeyd olunan yük avtomobilinin əyləc sistemində hər hansı bir nasazlığın olmaması, avtomobilin protektorların olmaması (şinlərin aşınmış vəziyyətdə olması) müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 18 aprel 2022-ci il tarixli, 314-2478-1222 saylı məktubundan görünür ki, Astara rayonunun Şümrüd kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 27 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Astara rayonu Pəlikəş kəndində nahamar, mayili relyefli dağlıq yer olmaqla avtomobil yolu olmamış, yük avtomobili avtomobil yolu olmayan yerdə hərəkətdə olmuş, sürücü qəfldən idarə etməni itirmiş və yaxınlıqda yerləşən fərdi yaşayış evinin divarına çırpılaraq 3 metr evin içərisinə daxil olmuş, yol örtüyü nahamar, quru, torpaq, idarəetməni itirdikdən sonra avtomobilin hərəkətdə olduğu yer isə nahamar, enişli otluq yer olmuşdur. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, «Qaz-66» markalı yük avtomaşını Astara rayonunun Pəlikəş kəndində yerləşən Şahid2 məxsus palçıq və taxtadan inşa edilmiş evin mətbəxinin divarına çırpılaraq həmin divarı uçurub evin 3 metr içərisinə girmişdir. Həmin «Qaz-66» markalı yük avtomaşının üzərində dövlət qeydiyyat nömrə nişanı olmadığı, avtomaşının qarşı tərəfinin deformasiyaya uğradığı, təkərlərin yeyilmiş vəziyyət olduğu, avtomobilin ban və mühərrik nömrəsinin olmadığı, avtomobilin əyləs sistemində hər hansı bir nasazlığın olmadığı müəyyən edilmişdir. Həmin avtomobil evin içərisindən çıxarıldıqdan sonra Astara RPŞ-nin duracağına gətirilməsi mümkün olmadığına görə istintaq dövründə saxlanılması məqsədi ilə ev sahibi Şahid2 təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 mart 2022-ci il tarixli, 03 saylı rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər – qabırğanın sağ tərəfli çoxsaylı sınıqları (sağ İV-X qabırğalar yerini dəyişən sınıqları), sağ plevra, sağ ciyərin zədələnməsi, daxili qanaxma (450 ml), sol bud sümüyünün başı, sol qalça, sol sirkə kasasının sınıqları, sol böyrək və sidik kisəsinin zədələnməsi, peritonarxası qanaxma ilə birlikdə çanağın küt travması, daxili və xarici qanaxma, sağ aşıq baldır oynağı sümüklərinin açıq sınığı, sol bud, sağ baldır, sağ qaş nahiyyələrində əzilmiş-cırılmış yaralar, sol dirsək, sol baldır, sağ diz oynağı nahiyyələrində sıyrıqlar, sol bud, sol baldır nahiyyələrində yumşaq toxumaların əzilməsi ilə müşahidə olunan yayılmış qansızmahematoma aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə nahiyyəsini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə mərhumun bədəni üzərindən yük maşının təkərləri keçməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur və canlı şəxslərdə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə – döş qəfəsi və çanağın küt ravmas ilə əlaqədar sağ ağciyərin və sağ plevra, sol böyrəyin zədələnməsi, xarici və daxili qanaxma səbəb olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində onun qanında alkqol, psixotrop və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 mart 2022-ci il tarixli, 103 saylı rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs bədəni üzərində – başın ənsə nahiyəsində əzilmiş yara, sol diz qapağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27 fevral 2022-ci ildə idarə etdiyi yük maşınından özünü ataraq yer səthində bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 aprel 2022-ci il tarixli, 8/843 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Qaz-66 markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əzizov avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, dövlət qeydiyyat nişanı olmayan “Qaz 66” markalı avtomobil Astara rayonunun Pəlikəş kəndində yerləşən Şahid2 yaşadığı evin həyətyanı sahəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini, maddi sübutu, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanunauyğun cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İ 861750 saylı “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında 01 oktyabr 2013-cü ildə nikah müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 870757 və AZ-İV 543212 saylı “Doğum haqqında şəhadətnamə”lərin təsdiq olunmuş surətlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci və xx.xx.2021-ci illərdə doğulmuş 2 (iki) azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Mərkəzi Xəstəxanasının epiqrizindən görünür ki, təqsirləndirilən şəxsin atası X13 endoskopik müayinədən keçirilərkən o, “Eroziv ezofaqit. Mədənin infiltrativ xorası (Cr), subtotal zədələnmə. Duodenit” diaqnozu ilə xəstədir. Xəstəyə Milli Onkologiya Mərkəzi şəraitində müayinə və müalicə məsləhət görüldü. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əzizov X8 rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla himayəsində iki azyaşlı uşağı birgə orada yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan “ölüm haqqında şəhadətnamələr”in surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X6 31 iyul 2013-cü ildə qaraciyərin xərçəngi xəstəliyindən, arvadı X10 isə 31 yanvar 2022-ci ildə çoxsaylı exinokokkoz xəstəliyindən vəfat etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının və pensiya yaşında olmaqla, mədə xərçəngi xəstəsi olan atasının olmasını, arvadının və anasının vəfat etməsini, hazırda iki azyaşlı uşağını təkbaşına böyütməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd göstərməsini, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, arvadının və anasının vəfat etməsi nəticəsində iki azyaşlı uşağını təkbaşına böyütməsini, uşaqlardan birinin yaş yarımında, digərinin isə 10 yaşında olmasını, hazırda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşaqları və pensiya yaşında olmaqla xəstə atasının olmasını, ilk məhkumluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 79-cu maddəsinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə gəldiyi nəticələri «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarının izahı baxımından da, əsaslı hesab edir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarda qeyd olunan Plenum Qərarının şərhinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə cinayətlərə aid edilmədiyini, onun şəxsiyyətini, cinayət hadisəsini törədərkən və cinayəti törətdikdən sonrakı davranışını, arvadının və anasının vəfat etməsi nəticəsində iki azyaşlı uşağını təkbaşına böyütməsini, hazırda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində 2 azyaşlı uşaqları və xəstə atasının olmasını, ona azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə, ailənin maddi cəhətdən çətinliklərlə üzləşəcəyini, iki azyaşlı uşaqların valideynsiz böyüməsinə səbəb olmaqla həmin ailənin mənəvi iztirablar çəkəcəyini, bunun uşaqların gələcəyinə, onların sağlamlığına və bundan sonrakı tərbiyəsinə, o cümlədən xəstə bir şəxsin səhhətinə mənfi təsir göstərəcəyini, eyni zamanda həmin uşaqlara valideyn, ən azı ata nəvazişinin-qulluğunun və tərbiyə verilməsinin vacibliyini, eləcə də uşaqların dövlət tərəfindən qorunan mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq olunmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan uşaqlarından ən kiçiyi – 08 fevral 2021-ci ildə doğulmuş X7 14 (on dörd) yaşı tamam olana kimi, yəni 08 fevral 2035-ci il tarixədək təxirə salınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq olunmasını istisna və qeyri-mümkün edən hallar müəyyən edilməmişdir, həmin maddə tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının təxirə salınaraq, onun 2 azyaşlı uşaqlarına normal şəraitdə qayğı göstərməsinə və onları tərbiyə etməsinə imkan yaradılması qanunidir, ədalət və humanizm prinsiplərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində davranışı ilə bağlı nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, himayəsində olan iki azyaşlı uşaqlarını böyütmək, təhsil almalarına şərait yaratmaq, onları tərbiyə etmək və onların qayğısına qalmaq vəzifələri qoyulmalı, onun davranışına nəzarət qeydiyyatda olduğu və yaşadığı yer üzrə, yəni Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 (beş) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını və ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini, həmçinin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona təyin olunacaq əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan Astara rayonu, Pəlikəş kəndində yerləşən Şahid2 yaşadığı evin həyətyanı sahəsində saxlanılan“Qaz-66” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun kiçik uşağı, 08 fevral 2021-ci ildə doğulmuş X7 14 (on dörd) yaşı tamam olana kimi, yəni 08 fevral 2035-ci il tarixədək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə davranışı ilə bağlı nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, himayəsində olan 2 (iki) azyaşlı uşağını böyütmək, təhsil almalarına şərait yaratmaq, onları tərbiyə etmək və onların qayğısına qalmaq vəzifələri qoyulsun. Hökmün bu hissədə icrası onun qeydiyyatda olduğu və faktiki yaşadığı yer üzrə - Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzaçəkmə yeri kimi məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayonunun Pəlikəş kəndində yerləşən Şahid2 yaşadığı evin həyətyanı sahəsində saxlanılan “Qaz-66” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar