Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-437/2024 17.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Siyəzən rayonu, Balaca Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayon, Xırdalan şəhərində yaşamış, 12 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 4(022)-5/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə Azərbaycan Respublikası ərazisində xüsusilə külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddəni satıb qazanc əldə etmək məqsədi ilə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan «Səccad» adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq 11 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək orada cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar- Bəhrəmtəpə yolunun Nərimankənd kəndi ərazisində quraşdırılmış üzərində «Nərimankənd» sözü yazılmış lövhəsinin yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda -1215,0 qram çəkidə narkotik vasitə heroini, xüsusilə külli miqdarda -1005,0 qram çəkidə psixotrop maddə metamfetamini, küllü miqdarda -4740,0 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, daşıyaraq cinayətdən xəbərsiz Şahid4 idarə etdiyi «Kia Sportage» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, həmin tarixdə saat 23:25 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin X4 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis X6 Bölməsinə gətirilmiş, orada baxış keçirilərkən qeyd olunan avtomobilin yük yerində olan tünd göy rəngli idman çantasının içərisində bir ədəd yaşıl rəngli yapışqanlı lentə sarılmış bükümdə xüsusilə külli miqdarda, təmiz çəkisi:-1215,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli yapışqanlı lentə sarılmış bükümdə xüsusilə külli miqdarda, təmiz çəkisi -1005,0 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin, beş ədəd ayrı-ayrı göy rəngli yapışqanlı lentə sarılmış bükümlərdə təmiz çəkiləri: -970,0 qr: -840,0 qr: -580,0 qr: - 980,0 qr: -1370,0 qram olmaqla küllü miqdarda, ümumi təmiz çəkisi -4740,0 qram olan maddələr xaş-xaşdan kustar üsullar hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. Tutulmamışdan təxminən 2 ay əvvəl «İnstaqram» sosial şəbəkəsində «Səccad» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, daha sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə +98 903 310 5159 saylı mobil nömrə ilə «whatsapp» dan qeydiyyatdan keçən Səccad ilə əlaqə saxlamağa başlamışdır. Səccad adlı şəxslə əlaqə saxladıqdan sonra Səccad ona narkotik vasitələrin daşınmağını təklif etmişdir. Səccad ilə pul qarşılığında razılaşmışdır. Səccadı tanıdığı gündən 4-5 dəfə Bakı şəhərində sonuncunun əvvəlcədən qoydurduğu içərisində narkotik vasitələr olan bükülüləri götürüb və dediyi ünvanlara qoymuşdur. Bu hərəkətlərinin qarşılığında Səccad ona hər dəfəsi üçün 100-200 manat pulu plastik bank kartına göndərmişdir. Sonuncu dəfə 11 yanvar 2024-cü il tarixdə Səccad ona mesaj yazaraq Yardımlı rayonunda yerləşən narkotik maddələr olan bağlamanı Bakı şəhərinə gətirməsini istəmişdir. Bunun qarşılığında Səccad ona 1500-2300 manat arası pul verəcəyini bildirmiş və o da Səccadın təklifi ilə razılaşmışdır. Tanışı Şahid4 zəng vurmuş və onu Yardımlı rayonuna aparmasını xahiş etmişdir. Şahid4 ondan nə üçün getdiyini soruşan zaman, Cəlilə Yardımlı rayonunda olan tanışından pul alacağını deyərək, yol haqqı kimi Cəlilə 150-200 manat pul təklif etmişdir. Cəlil də onunla razılaşmış və birlikdə 11 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhərindən Yardımlı rayonuna getmək üçün Cəlilin idarə etdiyi «Kia Sportage» markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlamışlar. Bakı şəhərinin mərkəzini keçdikdən sonra Səccaddan getdiyi ünvanın dəqiq məkanını soruşmuş və ona adresi «whatsapp»a atmasını xahiş etmişdir. Buna səbəb onun yolu tanımağı olmuşdur. Səccad ona ünvanı göndərərək Biləsuvar rayonuna getməli olduğunu bildirmişdir. Cəlildən Biləsuvar şəhərinə sürməyi xahiş etmişdir. Onlar yolu yaxşı tanımadığı üçün yolda yubanaraq, təxminən saat 23 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndinə çatmışlar. Yolda olan zaman Səccadla telefonda danışmamış və Cəlilə də heç bir məlumat verməmişdir. Cəlil ondan nə üçün Yardımlı rayonuna getmədiyini soruşan zaman, o, görüşəcəyi şəxsin Biləsuvar şəhərinə gəlməsini bildirmişdir. Ona deyilən ünvana bir neçə kilometr qalmış Cəlildən avtomobili saxlamasını xahiş etmişdir. Cəlil də avtomobili yolun sol kənarında saxlamışdır. Bir az sonra Səccad ona yeni məkan olan üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın şəklini göndərmişdir. Cəlilə avtomobili hərəkət etdirməsini istəmişdir. Üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın yaxınlığında avtomobili saxlamasını xahiş etmişdir, Cəlil də avtomobili saxlamışdır. O da avtomobildən düşərək və yol nişanın altına qoyulmuş içərisində narkotik maddələr olan idman çantasını götürmüş və avtomobilin yük yerini açaraq ehtiyat təkərin yanına qoymuşdur. Onun çantanı götürməyini görən Cəlil nə olmasını soruşmuş, o da Cəlilə həmin çantanı yerdən tapdığını və içərisində nə olmasından xəbəri olmadığını maraq üçün götürdüyünü bildirmişdir. Avtomobilə əyləşmiş və onlar hərəkətə başlamışlar. Cəlilə tanışının yeni adres göndərdiyini, buna görə də geri qayıtmalı olduqlarını demişdir. Onlar geri dönərək, hərəkətə başlamışılar. Bir neçə dəqiqə sonra polis əməkdaşları Cəlilə saxla işarəsi vermişlər. Cəlil də avtomobili saxlamışdır. Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmışlar və sonra polis əməkdaşları onu, Cəlili və gəldiyi avtomobillə birlikdə Biləsuvar RPŞ-nin, Səmədabad PB-nə aparmışlar. Polis şöbəsində vəkili Fədai Quliyevin və polis əməkdaşlarının iştirakı ilə videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Özünə məxsus olan 1 ədəd mobil telefonunu təhvil vermişdir. Şahid4 idarə etdiyi «Kia Sportage» markalı, **-PH-*** nömrəli avtomobilə onun, Şahid4 və onların vəkillərinin iştirakı ilə baxış keçirilmişdir. Özü avtomobilin yük hissəsində içərisində narkotik maddələr olan bir ədəd idman çantasının olmasını bildirmişdir. Avtomobilin yük hissəsinə baxış zamanı həmin çanta aşkar olunmuşdur. Avtomobildən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli idman çantası açılıb baxıldıqda içərisində 5 (beş) ədəd göy rəngli yapışqanlı lentlə sarılmış, 1 (bir) ədəd yaşıl rəngli yapışqanlı lentlə sarılmış və 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar olunmuşdur. 1 (bir) ədəd şəfaf rəngli sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, 1 (bir) ədəd yaşıl rəngli yapışqanlı lentlə sarılmış bağlama açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması, 5 (beş) ədəd göy rəngli yapışqanlı lentlə sarılmış bağlamalar açıldıqda hər birinin içərisində narkotik vasitə tiryəkə bənzər maddələr olması müəyyən olunmuşdur. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Şahid4 polis şöbəsində onun Biləsuvar şəhərinə hansı məqsədlə gəlməsini bilmişdir. Narkotik vasitələri və psixotrop maddəni Səccad sözü ilə sonuncun dediyi yerə aparmaq üçün götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin X4 cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və X7 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan şəxslərin cinayət əməllərinin ifşa edilməsi üçün 11 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı Səmədabad PB-nin polis nəfərləri Şahid3 və Şahid2, RPŞ-nin DYPB-nin, YPX-nin inspektorları Elvin Ağayev və Orxan Həsənov daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 11 yanvar 2024-cü il tarixdə saat 23:15 radələrində Təqsirləndirilən şəxs və Cəlilli X5-Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində yerləşən ərzaq mağazasının yaxınlığında «Kia Sportage» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqədən sonra həmin şəxslər keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid4 idarə etdiyi avtomobil Biləsuvar rayonu, Nərimankənd kəndində ərzaq mağazasının yaxınlığında saxla işarəsi verilərək saxlanılmışdır. Həmin vaxtı onlar qeyd olunan şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəliş səbəbini izah edərək, onları avtomobillə birlikdə Səmədabad PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs və Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası RPŞ-nin İB-nin müstəntiqi Nicat İbayevə həvalə edilmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində şəxsi axtarış aparılmış, ancaq Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs, Şahid4 və onların müdafiəçilərinin iştirakı ilə Şahid4 idarə etdiyi «Kia Sportage» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobildə ona İran islam Respublikasının vətəndaşı Səccad adlı şəxs tərəfindən göndərilmiş narkotik vasitələr və psixotrop maddə olmasını bildirmişdir. Avtomobildən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli idman çantası açılıb baxıldıqda içərisində 5 (beş) ədəd göy rəngli yapışqanlı lentlə sarılmış, 1 (bir) ədəd yaşıl rəngli yapışqanlı lentlə sarılmış və 1(bir) ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar olunmuşdur. Bağlamanın içərisində psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə və tiryəkə bənzər maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 1 aydan çox müddətdə Səccad adlı İran İslam Respublikasının vətəndaşını tanıdığını, sonuncunun sözü ilə bir neçə dəfə Bakı şəhərində narkotik vasitələr və psixotrop maddələr daşımasını, 11 yanvar 2024-cü il tarixdə də Səccadın sözü ilə Biləsuvar şəhərinə narkotik maddələr olan bağlamanı götürmək üçün gəldiyini və Biləsuvar rayon Nərimankənd ərazisində yolun kənarında üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın yaxınlığından bağlamanı götürməsini və Səlil Cəlilinin idarə etdiyi avtomobilə onun xəbəri olmadan qoymasını bildirmişdir. Avtomobildən aşkar edilib götürülmüş içərisində narkotik vasitələr və psixotrop maddə olan bir ədəd bükülü bağlamaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Cəlil oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində velosiped təmirxanası işlədir. Təqsirləndirilən şəxs qardaşı Əflan Musayev ilə birlikdə işlədiyindən Sədrəddini tanımışdır. Təxminən 3 ay bundan əvvəl Bakı şəhərindən kreditə «Kia Sportage» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 11 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq Yardımlı rayonuna getmək istədiyini bildirmişdir. Sədrəddindən gedib-gəlmək üçün ümumilikdə 150 manat pul verməsini istəmişdir. Sədrəddin də onunla razılaşmışdır. Sədrəddindən Yardımlı rayonuna nə üçün getməsini soruşan zaman, Sədrəddin ona tanışından pul almaq üçün getdiyini bildirmiş, sonra Yardımlı rayonuna getmək üçün Bakı şəhərindən hərəkətə başlamışdır. Yolda olan zaman Sədrəddin Biləsuvar şəhərinə gedəcəyini bildirmişdir. Bundan sonra onlar Biləsuvar şəhərinə tərəf hərəkətini davam etdirmişlər. Biraz sonra Biləsuvar şəhərinə çatmışlar. Biləsuvar şəhərinə çatdıqdan sonra Sədrəddin telefonunda olan noviqator sistemi ilə onu yönləndirmiş və üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın yanında saxlamağını tələb etmişdir. Avtomobili həmin yol nişanın yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və ayaqyoluna dəymək istədiyini demişdir. Həmin vaxtı avtomobildən düşməmişdir. Sədrəddin avtomobilə əyləşməmişdən əvvəl avtomobilin yük hissəsini açmış və oraya nəsə qoymuşdur. Sədrəddindən avtomobilə nə qoymasını soruşan zaman, Sədrəddin yerdən çanta tapmasını və maraq üçün götürdüyünü bildirmişdir. Sədrəddin avtomobilə əyləşmiş və görüşməli olduğu şəxsin arxada qalmasını və yanına getmək üçün geriyə dönməli olduqlarını bildirmişdir. O da buna görə idarə etdiyi avtomobili geri döndərmiş və hərəkətə başlamışdır. Biraz getdikdən sonra polis əməkdaşları ona saxla işarəsi verdiklərindən avtomobili yolun sağına çəkərək saxlamışdır. Biləsuvar RPŞ-nin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlamışlar, polis əməkdaşları onu və Sədrəddini idarə etdiyi avtomobillə birlikdə Biləsuvar RPŞ-yə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Özünə məxsus olan bir ədəd mobil telefonunu, plastik bank kartını və avtomobilin açarını təhvil vermişdir. İdarə etdiyi «Kia Sportage» markalı, **-PH-*** nömrəli avtomobilə onun, Sədrəddinin və onların vəkillərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Sədrəddin özü avtomobilinin yük hissəsində bir ədəd içərisində narkotik maddələr və psixotrop maddə olan bağlama olmasını, həmin bağlamanın özünə məxsus olmasını bildirmişdir. Avtomobildən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli idman çantası açılıb baxıldıqda içərisində olan bağlamalardan psixotrop maddə metamfetaminə bənzər maddə, narkotik vasitələr heroinə və tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Səccad adlı İran İslam Respublikasının vətəndaşının kim olmasını bilməmiş və Sədrəddinin kiminlə danışması barədə məlumatı olmamışdır. Avtomobilindən aşkar olunmuş narkotik vasitələrdən və psixotrop maddədən məlumatı olmamış, Sədrəddin bağlamanı götürən zaman görmüş, sadəcə olaraq nə götürməsini və həmin çantanın içərisində nə olmasını bilməmişdir. Sədrəddin çantanı yerdən tapdığını və içərisinin boş olmasını bildirmişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs şahidlərin həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı düzgün ifadələr verdiklərini bildirmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə» 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 11 yanvar 2024-cü il tarixdə Biləsuvar RPŞ-nin, Səmədabad PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid4 idarə etdiyi «Kia Sportage» markalı, **-PH-*** nömrəli avtomobilin yük yerindən xüsusilə külli miqdarda, 1215,0 qram narkotik vasitə heroinin, xüsusilə külli miqdarda 1005,0 qram psixotrop maddə metamfetaminin, 05 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 970,0 qr: -840,0 qr: -580,0 qr: -980,0 qr: -1370,0 qram; ümumi təmiz çəkisi: -4740,0 qram narkotik vasitə tiryəklərin aşkar edilib götürülməsi faktı və həmin fakt əsasında toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v. 1-76) -«şübhəli şəxsin tutulması haqqında» 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.25) -«şəxsi axtarış və götürmə haqqında» 12 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 1 (bir) ədəd «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təxminən 1 aydan çox müddətdə Səccad adlı İran İslam Respublikasının vətəndaşını tanıdığını, onun sözü ilə bir neçə dəfə Bakı şəhərində narkotik vasitələr və psixotrop maddələr daşımasını, 11 yanvar 2024-cü il tarixdə Səccadın sözü ilə Biləsuvar şəhərinə narkotik maddələr olan bağlamanı götürmək üçün gəldiyini və Biləsuvar rayonu, Nərimankənd ərazisində yolun kənarında üzərində «Nərimankənd» sözü yazılmış yol nişanının yaxlığında bağlamanı götürməsini və X7 idarə etdiyi «Kia Sportage» markalı **- PH-*** nömrə nişanlı avtomobilə sonuncunun xəbəri olmadan qoymasını bildirmişdir.(i.v.34-36) -«şübhəli şəxsin tutulması haqqında» 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.48) -«şəxsi axtarış və götürmə haqqında» 12 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, Şahid4 üzərində qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd plastik kart və avtomobil açarını təqdim etmişdir. Şahid4 Təqsirləndirilən şəxs sözü ilə 11 yanvar 2024-cü il tarixdə idarə etdiyi «Kia Sportage» markalı **-PH-*** nömrə nişanlı avtomobillə Biləsuvar şəhərinə gəlməsini, gələn zaman Təqsirləndirilən şəxs hansı məqsədlə gəlməsini bilmədiyini bildirmişdir.(i.v.57-59) -«baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə» 12 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müstəntiq Nicat İbayev tərəfindən Təqsirləndirilən şəxs və Cəlil Cəliliyə «Kia Sportage» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etmələri təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Həmin maddəni İran islam Respublikasının vətəndaşı Səccad adlı şəxs tərəfindən ona göndərilmişdir. Avtomobildən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli idman çantası açılıb baxıldıqda içərisində 5 (beş) ədəd göy rəngli yapışqanlı lentlə sarılmış, 1 (bir) ədəd yaşıl rəngli yapışqanlı lentlə sarılmış və 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar olunmuşdur. 1 (bir) ədəd şəfaf rəngli sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 1,010 qram, 1 ədəd yaşıl rəngli yapışqanlı lentlə sarılmış bağlama açılıb baxıldıqa içərisində heroinə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə bağlama ilə birlikdə çəkisinin 1340 qram, 5 ədəd göy rəngli yapışqanlı lentlə sarılmış bağlamalar açıldıqda hər birinin içərisində narkotik vasitə tiryəkə bənzər maddələr olması, birinci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 1400 qram, ikinci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 985 qram, üçüncü bükülü elektron tərəzidə çəkildikdə 990 qram, dördüncü bükülü elektron tərəzidə çəkildikdə 850 qram və beşinci bükülü elektron tərəzidə çəkildikdə 595 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 1 aydan çox müddətdə Səccad adlı İran İslam Respublikasının vətəndaşını tanıdığını, soncunun sözü ilə bir neçə dəfə Bakı şəhərində narkotik vasitələr və psixotrop maddələr daşımasını, 11 yanvar 2024-cü il tarixdə də Səccadın sözü ilə Biləsuvar şəhərinə narkotik maddələr olan bağlamanı götürmək üçün gəldiyini və Biləsuvar rayon Nərimankənd ərazisində yolun kənarında üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın yaxınlığından bağlamanı götürməsini və Cəlil Cəlilinin idarə etdiyi avtomobilə sonuncunun xəbəri olmadan qoymasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını və Şahid4 məlumatının olmadığını bildirmişdir. Eyni zamanda Şahid4 də sorğu zamanı Təqsirləndirilən şəxs sözü ilə 11 yanvar 2024-cü il tarixdə də idarə etdiyi «Kia Sportage» markalı **-PH-*** nömrə nişanlı avtomobillə Biləsuvar şəhərinə gəlməsini, gələn zaman Təqsirləndirilən şəxs hansı məqsədlə gəlməsini bilmədiyini və aşkar olunmuş narkotik vasitələrdən və psixotrop maddələrdən əvvəlcə məlumatının olmadığını, polis şöbəsində məlumatının olmasını bildirmişdir.(i.v.60-62) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 12 yanvar 2024-cü il tarixli, 19/27 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Kia Sportage» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş içərisində hər birində narkotik vasitə tiryəkə bənzər maddə olan 5 ədəd, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd bükülünün qablaşdırıldığı bağlama...» sözlər və imzalar olan 1 ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -1215,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd büküldə təmiz çəkisi:-1005,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -970,0 qr: -840,0 qr: -580,0 qr: -980,0 qr: - 1370,0 qram; ümumi təmiz çəkisi: -4740,0 qram olan maddələr xaş-xaşdan kustar üsullar hazırlanmış tiryəkdirlər.(i.v.70-73) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(i.v.97-98) -«tutulmuş şəxsin azad edilməsi haqqında» 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı elan etmək üçün kifayət qədər sübut əldə etmək mümkün olmadığına görə, onun barəsində cinayət təqibinə xitam verilmiş və o, RPŞ-nin MSY-dən müvəqqəti saxlanılmaqdan azad edilmişdir. (i.v.113) -Biləsuvar Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 4(022)-5/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasını xahiş etmişdir.(i.v.121-124) -«maddi sübutun tanınması haqqında» 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar olunaraq götürülmüş -1215,0 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -1214,9,8 qram, -1005,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1004,9 qram və -4740,0 qram narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 4739,5 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (i.v.136) -«mobil telefona baxış keçirilməsi haqqında» 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı korpusunun mavi rəngli olmaqla «Redmi-12 C» markalı olması və "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı nömrəsi olması müəyyən edilmişdir. Telefonun «zənglər», «mesajlar», şəkillər, watshaap və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Belə ki, mobil telefonun vatsap proqramına baxış zamanı orada-Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan «sajat vazifeh 66» adı ilə qeydiyyata alınmış +**********59 saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşması müəyyən edilmişdir. Həmin mesajlara baxış zamanı İran İslam Respublikasının vətəndaşının üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın şəklini göndərməsi müəyyən edilmişdir. Mobil telefonun şəkillər proqramına baxış zamanı orada iş üçün əhəmiyyət kəsb edən bir neçə şəkil müəyyən edilmişdir. Həmin şəkillərə baxış zamanı Biləsuvar rayonuna gələn yolun xəritəsinin olması, istintaqa şəxiyyəti məlum olmayan şəxsin əlində psixotrop maddə metamfetaminə oxşar maddə olması və elektron tərəzinin üzərində narkotik vasitə marixuananın çəkilməsi göstərən şəkil olması müəyyən edilmişdir.(i.v.139-148) -Biləsuvar Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 5(022)-5/2024 nömrəli qərarından görünür ki, Biləsuvar RPŞ-nin, Səmədabad PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Fizuli şəhəri, Nizami küçəsi, ev 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Çiçək qəsəbəsində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şahid4 və Siyəzən rayonu Balaca Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 11 yanvar 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.156) -məhkumluq haqqında 23 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v 164) -"xxxx" MMC-dən 29 yanvar 2024-cü il tarixli, 2303 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskdə nömrələrin göstərilən müddət ərzində mövcud olan zənglər siyahısına, SMS, əhatə dairəsinə və abunəçilərə dair məlumatların təqdim edildiyi göstərilmiş və ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadə etməsi göstərilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: ki, xx/xx/2023-cü il tarixdə saat 22:53:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə (sen mənə 10 gram getirmisen) smsi göndərilmişdir. xx/xx/2023-ci il tarixdə 22:54:05-də **********03 saylı nömrədən **********12 saylı nömrəyə «verdiyim pulu səndən geri alacam, tələsmə cekdimm dodağım başım pis günə qaldı» sözləri yazılmış SMS göndərilmişdir. xx/xx/2023-ci il tarixdə, saat 22:54:10-də, **********03 mobil nömrəsindən **********12 saylı mobil nömrəsinə «kola mene şamı getrb vermisən, tələsmə mən sənə sabah göstərəcəm» sözləri olan SMS göndərilmişdir.(i.v.172-174) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 25 yanvar 2023-cü il tarixli, 56 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.190) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, istintaq hərəkətinin iştirakçılarını Biləsuvar rayon, Nərimankənd ərazisində quraşdırılmış üzərində «Nərimankənd» sözü yazılmış yol nişanın yanına apararaq «Kia Sportage» markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri həmin yol nişanın altından götürdüyünü bildirərək həmin yeri əyani olaraq göstərib təqdim etmişdir.(i.v.196-200) -«Siyəzən Rayon Mərkəzi Xəstəxanası» X9 daxil olmuş 09 mart 2024-cü il tarixli, 18-1-69/2-302/2024 nömrəli məktubda göstərilmişdir ki, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olan Musayev X2 RMX-nın PHŞ-nin Polikilinika şöbəsində nevroloji xəstə kimi qeydiyyata alınmamışdır.(i.v.201) -«sübutların qiymətləndirilməsi haqqında» 09 mart 2024-cü il tarixli qərardan görünür ki, «Kia Sportage» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qeydə alınmış videoçəkiliş olan 1 (bir) ədəd disk, "xxxx" MMC-dən 29 yanvar 2024-cü il tarixli, 2303 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd «REDMİ-12 C» markalı mobil telefon maddi sübut kimi tanınmış, 2 (iki) ədəd disk cinayət işinin materiallarına əlavə olunmuş, «REDMİ-12 C» markalı mobil telefon isə saxlanılması üçün Biləsuvar RPŞ-yə təhvil verilmişdir.(i.v.203- 216) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən İran İslam Respublikası vətəndaşı «Səccad» adlı şəxsin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.219-220) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qram, xüsusilə külli miqdarı 800 qramdır. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı «Tiryək» olan maddə narkotik vasitədir, tiryəkin xeyli miqdarının yuxarı həddi 0,5 qram, külli miqdarının (qramla) isə aşağı həddi 50 qram, xüsusilə külli miqdarı 5000 qramdır. Dərman preparatı kimi beynəlxalq adı metamfetamin olan maddə psixotrop maddədir, metamfetaminin xeyli miqdarının (qramla) aşağı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2 qram, xüsusilə külli miqdarı 400 qram hesab olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, heroin və tiryək qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2024-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 4 (022)-5/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlamanın» rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1214,9,8 qram olan narkotik vasitə heroin, 1004,9 qram olan psixotrop maddə metamfetamin və 4739,5 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, avtomobilə baxış zamanı qeydə alınmış videoçəkiliş olan 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd «REDMİ-12 C» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra, onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 12 yanvar 2024-cü il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 4 (022)-5/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1214,9,8 qram olan narkotik vasitə heroin, 1004,9 qram olan psixotrop maddə metamfetamin və 4739,5 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış avtomobilə baxış zamanı çəkilmiş videoçəkiliş olan 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd «REDMİ-12 C» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-437/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-437/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver