Məhkəmə qərarları › İş №1(099)-439/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-439/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-439/2024 26.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, 21 avqust 1992-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Salyan şəhəri, Ş.Ə.Hüseynzadə küçəsi, ev 03-də qeydiyyatda olmaqla Salyan rayonu Seyidsadıxlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində qaynı X3 hərbi xidmətə yola salınması münasibətilə qayınatası Şahid4 Sabirabad rayonu Xankeçən kəndində yerləşən evində təşkil edilmiş məclisdə yeyib-içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində olmaqla saat 23:45 radələrində digər qonaqlarla birlikdə evin qarşısındakı küçəyə çıxmış, həmin vaxt məclisdə iştirak etmiş kənd sakini Şahid3 yolla keçən tanışının ünvanına zarafatyana nalayiq ifadə işlətməsini eşidib sonuncuya heç bir səbəb olmadan irad bildirdikdə onların söhbətinə həmin vaxt orada olan Zərərçəkmiş şəxs müdaxilə etmiş, sonuncu onun Şahid3 yönəlmiş iradının əsassız olduğunu bildirdikdə, o, bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan kənar şəxslərin gözləri qarşısında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməklə və yumruqları ilə baş və bədənin müxtəlif nahiyələrinə zərbələr endirməklə döyərək xuliqanlıq etmiş, bu vaxt hadisə yerində olan kənar şəxslərin müdaxiləsindən sonra Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşmaq üçün onun əlindən çıxıb yaşadığı evə doğru istiqamətlənmiş, lakin o, zərərçəkmiş şəxsin mübahisə zamanı onun ünvanına təhqirlər işlətməsini bəhanə edib, öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, həmin vaxt evinə doğru hərəkət etməkdə olan zərərçəkmiş şəxsin arxasınca təqib edib onu küçədə tutmuş, əvvəlcədən əldə etdiyi və üzərində daşıdığı, soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, qarnın ön sol divarında qarın boşluğuna keçən, enən çənbər bağırsağı, nazik bağırsağı, mədənin müsariqəsini yaralayan bir ədəd yara, hər biri ayrı-ayrılıqda və ümumilikdə, dərəcəsinə görə həyat üçün təhlükəli olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər hesab edilən döş qəfəsinin ön səthində sağ məmə xətti üzrə 7-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol döş giləsinin alt səthində döş boşluğuna keçməyən bir ədəd yara, sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, çənəaltı nahiyədə iki ədəd yara, sol əlin 2-ci barmağının 1-ci falanqası proyeksiyasında ovuc səthdə bir ədəd yara ilə müşayiət olunan, ümumilikdə yeddi ədəd, kəsici deşici alətin-bıçağın təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirmiş, zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmiş əməlini başa çatdırmaq üçün növbəti bıçaq zərbələrini endirmək istəyərkən əlində olan bıçağın tiyəsinin qırıldığını görüb dəstəyi atmaqla hadisə yerindən qaçmış, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs özünün çağırışı ilə hadisə yerinə gəlmiş yeznəsi Şahid1 tərəfindən vaxtında Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırıldığından və ixtisaslı tibbi yardımla təmin olunmaqla həyatı xilas edildiyindən o, iradəsindən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti ilə onu qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, X4 əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə qayınatası Kərəmin oğlu Məhəmmədin Xankeçən kəndindəki evlərində keçirilən əsgərlik mərasiminə qonaq getmiş, ailəsi də orada olmuşdur. Məclis xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində başlamış, gecə saat 01 radələrinə kimi məclisdə olaraq spirtli içki olan araq qəbul edərək, sərxoş vəziyyətə gəlmişdir. Saat 01 radələrində ev sakinləri ilə sağollaşıb evə qayıtmaq istəmiş, bu vaxt təkbaşına evin xaricinə çıxmışdır ki, taksi sürücüsünə zəng etsin. Bu zaman arxası ilə məclisdən insanlar girib çıxmış, darvazanın qarşısında təxminən 3 metr məsafədə adının sonradan Ceyhun olduğunu öyrəndiyi bir şəxsin yüksək səslə təhqirlər işlətdiyini eşitmişdir. Həmin vaxt nə baş verdiyini anlamasa da, sonradan Ceyhunun müğənni ilə mübahisə etdiyini öyrənmiş, həmin vaxt ətrafdakı şəxslər Ceyhunu sakitləşdirməyə çalışmışlar. İlkin olaraq əlini ağzına tutub Ceyhuna tərəf çevrilmiş, ona sakit durmasını, təhqir işlətməməsini bildirmişdir. Lakin, Ceyhun ona məhəl qoymamış, kimisə söymüşdür. Sonra Ceyhun əli ilə onu çağırmış, onun anasının ünvanına nalayiq sözlərlə söymüşdür. O isə Ceyhuna yaxınlaşaraq söyməməsini demişdir. Həmin vaxt Ceyhun sağ əlini onun boğazına ataraq sıxmağa başlamış, sol əlini də ətrafdakı şəxslər tutub saxlamışlar. Bu zaman Ceyhun onu dartarkən ikisi də sağ tərəfə doğru yerə yıxılmış, yerdən qalxdıqdan sonra Ceyhun ona qarşı təhqirlər işlətmişdir. Onun bu təhqirini eşidəndən sonra əsəbiləşmiş və gödəkcəsinin sol iç çibində olan mətbəx bıçağını çıxararaq onunla Ceyhuna çoxsaylı zərbələr vurmuşdur. Hadisə vaxtı Ceyhunun hansı nahiyələrinə zərbə vurduğunu xatırlamır, ona 7 dəfə zərbə endirdiyini xatırlayır. Daha sonra bıçağın kəsici yeri qırılmış və dəstəyi əlində qalmışdır. Əvvəl onun qırıldığını anlamamış, kənara çəkiləndə bıçağın kəsici yerinin olmadığını görmüşdür. Daha sonra dəstəyi də kənara atmışdır. Ceyhun isə həmin vaxt yerdə oturmuş və ətrafına çoxlu sayda insanlar yığılmışdır. Daha sonra içəri girərək yoldaşına qardaşının gəlib onu aparacağını, adam bıçaqladığını bildirib Salyandakı evinə getmişdir. Evə girməyə az qalmış qardaşı Toğrula zəng edib məlumat vermiş, paltarını dəyişdirdikdən sonra Salyan rayon Polis şöbəsinə getmişdir. Bir müddət Salyanda qaldıqdan sonra Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu təhvil almışlar. Hadisə Ceyhunun onu və ailəsini söydüyü üçün baş vermiş, həmin hadisə təxminən 10 dəqiqədən az çəkmişdir. Mübahisə zamanı boğaz nahiyəsindən xəsarət almış, Ceyhun onun boğazını sıxdığı üçün dərisi sıyrılmışdır. Habelə, gödəkcəsinin boyun hissəsi cırılmış, köynəyinin isə boyun və ön hissəsi cırılmışdır. Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, məqsədi onu cəzalandırmaq olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, məlum hadisənin baş verdiyi məclisin sahibi anası Xanımın bibisi nəvəsi Şahid4dur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində anası Xanım ilə birlikdə Kərəmin oğlu Məhəmmədin əsgər getməsi mərasiminə getmiş, mərasim Kərəmin evinin həyətyanı sahəsində olmuşdur. Həyətdə stollar qurulmuş və bir hissəsində qadınlar, bir hissəsində isə kişilər əyləşmişdir. Həmin məclisdə dayıları Saməddin, Amin və Fikrət ilə oturmuş, yeyib içmişdir. Həmin məclisdə Elmini görməmiş, həmkəndliləri Şahid3 isə bir az aralıda, darvaza tərəfdə əyləşmişdir. Məclisdə spirtli içki araq içmiş, lakin ölçüsünü xatırlamamışdır. Saat təxmini 12-01 radələrində evinə getmək üçün darvazanın qarşısına çıxmış, anası Bacıxanım məclisdə qalmışdır. Emin xaricində Şahid3 ucadan təhqir işlətdiyini eşitmiş, lakin tam olaraq kimi söydüyünü bilməmişdir. Bu zaman Elmin Rafətə yaxınlaşaraq ona söyüş söyməməsini bildirmiş, daha sonra onun üzərinə doğru gəlmişdir. Rafət yaşlı bir şəxs olduğu üçün araya girmiş, həmin vaxt Elminlə aralarında mübahisə başlamışdır. Bu vaxt bir-birilərinə yumruq atmışlar, Rafətin oğlu Sənan Xəlilov isə onları aralaşdırmışdır. Həmin vaxt özü də Elminin xatırlamadığı nahiyələrinə yumruq zərbələri atmış, Elmin də ona yumruq atmışdır. Bir-birindən aralaşdıqdan sonra Elminin Kərəmin evinə doğru getdiyini görmüş, özü də evə tərəf yoluna davam etmişdir. Təxminən 10-15 metr sonra Elmin arxadan gələrək ona 8 dəfə bıçaqla zərbə endirmişdir. Bu zaman dərhal telefonla yeznəsi Arifə zəng etmiş, anası Bacıxanım da hadisə yerinə gəlmişdir. 10 dəqiqə sonra Arif gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada öyrənmişdir ki, Elmin bıçaqla ona ümumilikdə 7 bıçaq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Şahid4 oğlu Məhəmmədin hərbi xidmətə getməsi münasibəti ilə xx.xx.2023-cü il tarixdə təşkil etdiyi məclisə çağırlmamış və orada olmamışdır. Lakin qayını Geyhun həmin məclisə çağrılmışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 23:50 radələrində Ceyhun onun mobil telefonuna zəng edərək bir kəlmə bıçaqlandığını bildirib gəlməsini istəmişdir. Lakin, harada olduğunu deməmişdir. Bu zaman dərhal qonşu İsmət Qocamanovu çağırmış, sonuncu evin qarşısına çıxdıqda ona hadisə barədə məlumat verərək, onun avtomobili ilə Kərəmin evinə yollanmışlar. Kərəmin evinə tərəf dönən kimi təxminən 10 metr sağ tərəfdə Ceyhunun yerdə uzandığını, ətrafında isə çoxlu sayda insanlar olduğunu görmüş, ətrafdakı şəxslərdən sadəcə Ceyhunun anası Bacıxanımı tanımışdır. Dərhal Ceyhunu maşına mindirib Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt Ceyhunun qoltuğunun altında, boğazının altında, əlində, qarnında, ayaq nahiyəsində kəsiklər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, həmkəndlisi Şahid4 xx.xx.2023-cü il tarixdə oğlu Məhəmmədin əsgər getməsi münasibəti ilə təşkil olunmuş məclisə onu da dəvət etmişdir. Həmin gün saat 18 radələrində oğlu Sənan Xəlilovla birlikdə məclisə getmişdir. Məclisdə təxminən 100 qram araq içmişdir. Saat 23 radələrində evə getmək üçün həyətə çıxmışdır. Evin qarşısında dayanıb gözlədiyi zaman bacanağı Adıgözəl Mustafayev «Ford» markalı avtomobili ilə yoldan keçmişdir. O, əl etsə də, bacanağı avtomaşını saxlamamış və uzaqlaşmışdır. Bu səbəbdən bacanağının arxasınca söymüşdür. Yaxınlıqda olan Təqsirləndirilən şəxs onun söyməsini eşidərək ona qız-gəlin keçir, əməlli danış-deyərək öz iradını bildirmişdir. O isə səhvini başa düşərək Elminə üzürxahlıq etmişdir. Elmin onunla razılaşmış və oldu əmi deyə cavab vermişdir. Bu zaman Zərərçəkmiş şəxs kənardan Elminə sən kimsənki irad bildirirsən deyə səslənmişdir. Elminlə Ceyhunun aralarında mübahisə yaranmışdır. Lakin o, orada gözləmədən oğlu ilə birlikdə evinə getmişdir. Növbəti gün səhər saatlarında isə Ceyhunun Elmin tərəfindən bıçaqlandığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 da eyni xüsusatları təsdiq etməklə göstərdi ki, 23 sentyabr 2023-cü il tarixdə Şahid4 evində təşkil etdiyi məclisdə oğlu Zərərçəkmiş şəxslə birlikdə olmuşdur. Oğlu kişilər tərəfdə, o isə qadınlar tərəfdə olmuşdur. Saat 24 radələrində məclisdən çıxmışdır. Evə getmək üçün küçəyə çıxdıqda asfalt yola yaxın ərazidə, sol tərəfdə oğlu Ceyhunun yerə yıxıldığını görmüşdür. İnsanları köməyə çağırmış, az sonra Ceyhunun yeznəsi Şahid1 hadisə yerinə gəlmiş və Ceyhunu xəstəxanaya aparmışlar. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, Təqsirləndirilən şəxs ailəsi Ceyhunun müalicə xərclərini ödəmişlər, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Oğlu Məhəmmədin hərbi xidmətə çağırlması münasibəti ilə 23 sentyabr 2023-cü il tarixdə evinin həyətyanı sahəsində yığıncaq təşkil etmişdir. Təqsirləndirilən şəxs məclisdə iştirak etmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs və anası Bacıxanım da məclisdə iştirak etmişlər. Saat 24 radələrində artıq məclis başa çatmış o isə musiqiçiləri yola salmağa hazırlaşmışdır. Bu zaman Ceyhunun anası Bacıxanım ilə birlikdə oturub çay içərkən kimsə Elminin adam bıçaqladığını bildirmiş və bu səbəbdən dərhal evin qarşısına çıxmışdır. Darvazanın qarşısında Elminin ayaq üstə dayandığını görmüşdür. Elmin ona tərəf çönərək Ceyhunun onun anasının, bacısının ünvanlarına nalayiq sözlər dediyini və bu səbəbdən də onu bıçaqladığını demişdir. Dərhal Bacıxanım ilə birlikdə Ceyhunun olduğu tərəfə getmişlər. Ceyhunun yolun kənarında yerə yıxıldığını və qarın nahiyəsindən qan axdığını görmüşlər. Bir müddət sonra Ceyhunun qohumu Şahid1 gəlmiş və Ceyhunu xəstəxanaya aparmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Sabirabad rayon Xankeçən kəndində yaşayan X5 məxsus yaşayış evinin yaxınlığıda baş vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsində istifadə etdiyi bıçağın dəstəyi hadisə yerindən bir qədər kənarda atdığı yerdə müəyyən olunaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 24 sentyabr 2023-cü il sərxoşluq vəziyyətinin tibbi müayinəsi nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkotester nəticəsində qanında olan alkoqol miqdarı 0.019 % olaraq müəyyən edilmişdir. Tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, hadisə yerindən aşkar edilmiş bıçaq dəstəyi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o, həmin dəstəyin ona məxsus bıçağa aid olduğunu bildirmişdir. İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Emin Abdullayevin ifadəsi yerində yoxlanılarkən o, Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirdiyi yeri göstərmişdir. DVD diskdə olan məlumatlara baxış aparılması haqqında protokoldan görünür ki, videogörüntülər kənd sakini Şahid4 evinin həyətyanı sahəsində qeydə alınmışdır. X1 və Təqsirləndirilən şəxs məclisdə iştirak etmələri qeydə alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı boynun ön səthində sıyrıq, sol yan səthində qançır xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, 808 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnının ön sol divarında qarın boşluğuna keçən, enən çənbər bağırsağı, nazik bağırsağı, mədənin müsariqəsini yaralayan bir ədəd yara, döş qəfəsinin ön səthində sağ məmə xətti üzrə 7-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol döş giləsinin alt səthində döş boşluğuna keçməyən bir ədəd yara, sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, çənəaltı nahiyədə iki ədəd yara, sol əlin 2-ci barmağının 1-ci falanqası proyeksiyasında ovuc səthdə bir ədəd yara (cəmi yeddi ədəd) kəsici deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. Ayrı ayrılıqda dərəcəsinə görə qarnın ön sol divarında qarın boşluğuna keçən, enən çənbər bağırsağı, nazik bağırsağı, mədənin müsariqəsini yaralayan bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər - döş qəfəsinin ön səthində sağ məmə xətti üzrə 7-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol döş giləsinin alt səthində döş boşluğuna keçməyən bir ədəd yara, sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, çənəaltı nahiyədə iki ədəd yara, sol əlin 2-ci barmağının 1-ci falanqası proyeksiyasında ovuc səthdə bir ədəd yara isə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. 25 yanvar 2024-cü il tarixli məhkəmə-soyuq silahlar ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq dəstəyi zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissəsidir – dəstəyidir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Məhkəmə-trasoloji ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 3/2042 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus, tədqiqata təqdim edilmiş köynəyin səthində beş ədəd, maykanın səthində altı ədəd zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3423 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Salyan Rayon Mərkəzi Xəstəxanasının 22 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən “çətənə narkomaniyası” ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən hazırda qeydiyyatda deyildir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək ona 700 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək qeydiyyatdan çıxarılmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2024 və xx.xx.2016-cı illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənilməsini göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmaqla əvvəlcə xuliqanlıq cinayəti törətməsi, sonra isə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci və 221.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 63.3 və 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda CM-nin 60.1-ci maddəsinin tələbinə görə CM-nin 59.1.12-59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş başa çatmış cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın son həddi iyirmi il müəyyən edildiyindən, Təqsirləndirilən şəxs həmin cinayəti törətməyə cəhdə görə təyin edilən cəzanın müddəti iyirmi ilin dörddə üçündən, yəni on beş ildən artıq ola bilməz. Bundan əlavə CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla on beş ilin dörddə üçü on bir il üç ay təşkil etdiyindən Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2-ci maddəsi ilə təyin edilən cəzanın müddəti on bir il üç aydan artıq ola bilməz. Eyni zamanda CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi bir il müəyyən edildiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə təyin edilən cəzanın müddəti bir ilin dörddə üçündən, yəni doqquz aydan artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar məhv edilməlidir. Ekspertiza xərci 104 manat 38 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 29,120.2.2 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 29,120.2.2-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar məhv edilsin. Ekspertiza xərci 104 (yüz dörd) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar