Məhkəmə qərarları › İş №1(099)-44/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-44/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-44/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 05 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər şəxslərlə külli miqdarda narkotik vasitələri onlara veriləcək müəyyən məbləğdə pul müqabilində Azərbaycan Respublikası ərazisində satışının təmin edilməsi, yəni satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə ümumi təmiz çəkiləri müvafiq olaraq 6500,363 qram və 2550 qram, yəni ayrı-ayrılıqda külli miqdar təşkil edən narkotik vasitələr olan heroin və tiryəki (bundan sonra – heroin, tiryək) əldə etmiş, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1250 qram və 1300 qram olan tiryəki və göstərilən heroinin iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2150 qram və 4340 qram olmaqla, ümumi təmiz çəkisi 6490 qram təşkil edən hissəsini Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağında gizlətməklə saxlamış, heroinin ayrı-ayrılıqda bir ədəd bükümdə, təmiz çəkiləri 7,579 qram və 2,784 qram təşkil edən qalan hissələrini isə müvafiq olaraq əyinlərində olmuş şalvarın sol və sağ yan cibində saxlamış və Masallı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanının yaxınlığına daşımışlar. Həmin kütlələr 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra - BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra üzərilərinə şəxsi axtarış və göstərilmiş otelin kirayələdikləri otağına baxış keçirilməsi zamanı saxlanıldığı qeyd edilmiş yerlərdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etməmişdir. Əvvəllər tanış olduğu, adını mobil telefonunda “Nurlan” adı ilə qeyd etdiyi “İbrahim” adlı İran İslam Respublikası vətəndaşı (bundan sonra – “İbrahim”) “WhatsApp” proqramı vasitəsilə mobil nömrəsinə zəng edib ona özünün artıq İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirdiyi narkotik vasitələri verəcəyi müəyyən məbləğdə pul müqabilində deyəcəyi yerdən götürməsini təklif etmişdir. Lakin “İbrahim”lə sonuncunun İran İR-dən onun üçün satış məqsədilə Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr, o cümlədən iş üzrə cinayət əməlinin predmetini təşkil edən heroin və tiryəki göndərəcəyi barədə razılaşmamışlar. Buna görə də “İbrahim”in həmin narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirəcəyi barədə qabaqcadan məlumatı olmamışdır. Maddi cəhətdən imkansız olması səbəbindən “İbrahim”in göstərdiyi təklifi ilə razılaşmışdır. Buna görə də 26 iyul 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində olarkən “İbrahim” mobil nömrəsinə zəng edib ona “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləyən Tural adlı şəxslə birlikdə Masallı şəhərində yerləşən “Karal” otelə getməsini, həmin otelin qarşı tərəfindəki ağacın dibində gizlədilmiş narkotik vasitəni götürüb sonuncuya verməsini tapşırmış, bunun müqabilində 150 manat məbləğində pul verəcəyini demişdir. Bu səbəbdən “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmiş, orada onu gözləmiş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 (bundan sonra - Tural) ilə görüşüb taksidə Masallı rayonu istiqamətində gəlmiş, 27 iyul 2021-ci il tarixdə saat 04 radələrində Masallı şəhərində yerləşən “Karal” otelin (bundan sonra - otel) qarşısına çatmışlar. Tural otelə gedib otaq kirayə etmiş, o, isə çöldə dayanıb “İbrahim”-in ona zəng etməsini gözləmişdir. Həmin ərəfədə “İbrahim” “WhatsApp” proqramı vasitəsilə ona narkotik vasitənin gizlədildiyi yerin şəklini göndərmişdir. Bunun əsasında həmin yerdə sellofan torbada olmuş heroin və tiryəki götürüb Turala təhvil vermiş, sonuncu ilə həmin kütlələri otelin kirayələdikləri 202 nömrəli otağına aparmış, sonradan kiməsə satmaq məqsədilə həmin heroinin üzərindən az miqdarda götürüb əyinlərində olmuş şalvarın cibinə qoymuşlar. Saat 05:30 radələrində Turalla otelin qarşısında olarkən polis əməkdaşları onları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib saxlamış, Masallı RPŞ-yə gətirmişlər. Orada üzərilərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən onun təqdim etdiyi iki ədəd “Samsung” markalı mobil telefonlar və bir ədəd bükümdə ümumi çəkisi 4 qram olmuş heroin, Turalın təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd bükümdə ümumi çəkisi 10 qram olmuş heroin qablaşdırılıb götürülmüşdür. Həmin vaxt şifahi qaydada verdiyi izahatında da hazırki məzmunda göstərmişdir. Şəxsi axtarış zamanı Tural izahatında iş üzrə əldə etdikləri narkotik vasitələri Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağında saxladıqlarını bildirdiyinə görə onun və Turalın yazılı razılığı, həmçinin onların və müdafiəçilərinin iştirakları ilə videoçəkiliş aparılmaqla həmin otağa baxış keçirilmişdir. Baxış zamanı Tural yataq dəstinin sağ tərəfində yerdən götürdüyü bir ədəd sellofan bağlamanı polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik vasitələrin olduğunu demişdir. Həmin bağlamadan iki ədəd bükümdə ümumi çəkisi 6130 qram heroin və iki ədəd bükümdə ümumi çəkisi 2565 qram tiryək aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokollara, həmçinin o və Tural imza etmişlər. İş üzrə ona və Turala qarşı irəli sürülmüş ittihamda göstərilmiş narkotik vasitələrin təmiz çəkilərini mübahisələndirmir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, işin halları barədə Təqsirləndirilən şəxs1 ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, əvvəllər heroindən istifadə etmişdir. İş üzrə tutulmasından təxminən bir ay əvvəl tanış olduğu “İbrahim” adlı İran İR vətəndaşı (bundan sonra – “İbrahim”) “WhatsApp” proqramı vasitəsilə mobil nömrəsinə zəng edib ona özünün artıq İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirdiyi narkotik vasitələri verəcəyi müəyyən məbləğdə pul müqabilində deyəcəyi yerdən götürüb Bakı şəhərində müəyyən yerə qoymasını təklif etmişdir. Lakin “İbrahim”lə sonuncunun İran İR-dən onun üçün satış məqsədilə Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr, o cümlədən iş üzrə cinayət əməlinin predmetini təşkil edən heroin və tiryəki göndərəcəyi barədə razılaşmamışlar. Buna görə də “İbrahim”in həmin narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirəcəyi barədə qabaqcadan məlumatı olmamışdır. Maddi cəhətdən imkansız olması səbəbindən “İbrahim”in göstərdiyi təkliflə razılaşmışdır. Buna görə də 26 iyul 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində olarkən “İbrahim” mobil nömrəsinə zəng edib ona “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləyən Sahil adlı şəxslə birlikdə Masallı şəhərinə getməsini, orada sonuncunun verəcəyi narkotik vasitələri Bakı şəhərinə gətirməsini tapşırmış, bunun müqabilində 200 manat məbləğində pul verəcəyini demişdir. Buna görə də “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmiş, orada onu gözləmiş əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 (bundan sonra - Sahil) ilə görüşüb taksidə Masallı rayonu istiqamətində gəlmişlər. İş üzrə ona və Sahilə qarşı irəli sürülmüş ittihamda göstərilmiş narkotik vasitələrin təmiz çəkilərini mübahisələndirmir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsini, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində iş üzrə keçirilmiş əməliyyat-axtarış tədbiri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, onların Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağına baxışın nəticələri barədə sonuncularla eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, 26 iyul 2021-ci il tarixdə Sahil Məmmədov və Təqsirləndirilən şəxs2 sonuncunun Masallı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında BNMİ-nin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Masallı şəhərində saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili İsbatov X3 Azər Əli oğlu ilə eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncu və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, onların Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağına baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbiri, sonuncu və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, onların kirayələdikləri göstərilmiş otel otağına baxış keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxslər və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 4-6, 10, 47-49, 53, 54). - Masallı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 06 may 2021-ci il tarixdə qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilmişdir (İ cild, səh. 220). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 iyul 2021-ci il tarixli, 6/3126 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərilərində “Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ...” və “Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ...” sözləri yazılmış, ayrı-ayrılıqda bir ədəd bükümdə olan, təmiz çəkiləri müvafiq olaraq 2,784 qram və 7,579 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamadakı iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1250,0 qram və 1300,0 qram olmaqla, ümumi təmiz çəkisi 2550,0 qram təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kütlələr tiryək, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2150,0 qram və 4340,0 qram olmaqla, ümumi təmiz çəkisi 6490,0 qram təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kütlələr heroindir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Ekspert tədqiqatından sonra heroin və tiryəkin ümumi qalıq çəkiləri müvafiq olaraq 6500,163 qram və 2549,9 qram təşkil edir. Ekspertiza xərci 65 manatdır (İ cild, səh. 88-90). - Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3641 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, həmin xəstəlikdən əziyyət çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 276, 277). - Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3638 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 274, 275). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (bundan sonra - Təqsirləndirilən şəxs1) və Təqsirləndirilən şəxs2 (bundan sonra - Təqsirləndirilən şəxs2) məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar qaçaqmaçılıq cinayət əməlini törətmədikləri barədə özlərini müdafiə etmək üçün dəlil irəli sürmüş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə hər hansı halı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər və törətdikləri əməllərin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satma, həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxsə narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilməsinə köməkçilik etmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, onlar cinayətkar qrupun “İbrahim” adlı İran İR vətəndaşı olan üzvü və qeyrilərinə narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirilməsinə köməklik edəcəkləri barədə qabaqcadan vəd verdikdən sonra cinayətkar qrupun həmin üzvləri tərəfindən İran İR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirilmiş heroin və tiryəki məlum olmayan yerdə və şəraitdə götürməklə qabaqcadan əlbir olan bir qrup şəxsə qaçaqmalçılıq cinayətini törətməyə köməkçilik etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən qanunvericilik normaları və hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, şəxsin əldə etdiyi narkotik vasitələrlə bağlı həm də qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik etməsi barədə nəticəyə gəlinməsi üçün cinayət işi materialları ilə onun həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə qabaqcadan məlumatlı olmasının sübut olunması tələb olunur. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə göstərdiyi hüquqi mövqeyə uyğun olaraq, işin müvafiq faktiki halları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs1 və Tural Rəhimli məhkəmə istintaqı zamanı verdikləri ifadələrində olduğu kimi, ibtidai istintaq zamanı verdikləri ifadələrində də İran İR-in “İbrahim” adlı vətəndaşının onlara artıq İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirdiyi narkotik vasitələri gizlədildiyi yerdən götürmələri barədə təklif verdiyini göstərməklə həmin kütlələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə qabaqcadan məlumatlı olmadıqlarını qeyd etmişlər. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı 28 iyul 2021-ci il tarixdə qəbul etdiyi qərarları ilə (İ cild, səh. 122, 123, 132, 133) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etdikdən sonra onların irəli sürülmüş ittihamda göstərilmiş heroin və tiryəki kimdən və hansı şəraitdə əldə etmələrinin müəyyən edilməsi məqsədilə 30 iyul 2021-ci il tarixdə əməliyyat tapşırığı (İ cild, səh. 209, 210) vermişdir. BNMİ-nin bununla bağlı verdiyi 16 avqust 2021-ci il tarixli cavab məktubunda (İ cild, səh. 266) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin həmin kütlələri İran İR-in “İbrahim” adlı vətəndaşının Masallı rayonu ərazisində təyin etdiyi yerdən götürmələrinin müəyyən edildiyi göstərilsə də, Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin müvafiq kütlələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə qabaqcadan məlumatlı olmalarının müəyyən edilməsi göstərilməmişdir. Məhkəmə buna görə də hesab edir ki, BNMİ-nin 16 avqust 2021-ci il tarixli məktubunda göstərilmiş həmin hal Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin iş üzrə əldə etdikləri narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə qabaqcadan məlumatlı olmaları mənasını ifadə etmədiyinə görə müvafiq nəticəyə gəlməyə əsas vermir. Məhkəmə, həmçinin hesab edir ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli protokolda (İ cild, səh. 263, 264) iş üzrə Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin üzərinə şəxsi axtarış keçirilərkən üzərilərindən aşkar edilib götürülmüş mobil telefon aparatlarına baxış keçirilərkən həmin telefonların yaddaşından İran İR operatorlarına məxsus bir neçə mobil nömrələrin olması, onlardan bəziləri ilə Tural Rəhimli və Təqsirləndirilən şəxs1 telefon danışıqları aparması, sonuncunun istifadəsində olmuş mobil telefona onun “Kontaktlar” bölməsində “Ruslan Nur” adı ilə qeyd edilmiş İran İR mobil operatoruna məxsus +98(***)******* nömrədən 27 iyul 2021-ci il tarixdə “Qardaş, salam. Necəsən? Nə var nə yox? Salamatçılıqdı, qaqa? Uşaq çatdı evə? Onu mənə denən. Mən gedirəm rayona yoldayam. Onu mənə denən” məzmununda səsli mesaj göndərilməsinin aşkar edildiyi göstərilsə də, həmin məlumatlarda konkret olaraq Təqsirləndirilən şəxs1 və ya X5 İR-dən narkotik vasitələrin göndərilməsinə dair hər hansı informasiya əks olunmadığına görə həmin məlumatlar sonunculara qarşı Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş "xxxx" MMC-nin 06 avqust 2021-ci il tarixli, 16015 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə, "xxxx" MMC-nin 16 avqust 2021-ci il tarixli, BKC/LGL-13538/21 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə və "xxxx" MMC-nin 19 avqust 2021-ci il tarixli, AZF/LGL-24076/21 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair təqdim edilmiş telefon danışıqları haqqında məlumatlarda Təqsirləndirilən şəxs1 və ya Tural Rəhimliyə nəinki İran İR-dən narkotik vasitələrin göndərilməsi, eləcə də onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə hər hansı informasiyanın mövcud olmadığını, xüsusilə də ibtidai istintaq orqanının tərtib etdiyi 06, 16 və 19 avqust 2021-ci il tarixli protokollarda həmin telefon danışıqları haqqında məlumatlara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halın aşkar edilməməsinin göstərildiyini də nəzərə alır (İ cild, səh. 221-223, 241-243, 246-248). Buna görə də ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin istifadələrində olmuş mobil telefonlara baxış keçirilərkən yuxarıda aşkar edildiyi göstərilmiş məlumatları onlara qarşı Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə sübut kimi qəbul etməsi əsassız olmuşdur. Göstərilənlərdən aydın olur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin iş üzrə cinayətin predmeti olan narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə qabaqcadan məlumatlı olduqlarını təsdiq edən hər hansı mötəbər sübut növü əldə etmədiyi və iş üzrə onlara qarşı irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxslərin xeyrinə həll etməli olduğu halda, 27 sentyabr 2021-ci il tarixdə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarda (İ cild, səh. 278-288) Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin törətdikləri əməli şübhə və ehtimallar əsasında Azərbaycan Respublikası CM-in əlavə olaraq 32.5,206.3.2-ci maddəsinə əsassız olaraq tövsif etmişdir. Halbuki, bu nəticəyə gəlmək üçün hər hansı sübut növü və ya əsas olmamış, beləliklə də qaçaqmalçılıqla bağlı ittiham sübuta yetirilməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində qaçaqmalçılıq cinayət əməlini törətmədikləri barədə irəli sürdükləri dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Tural Rəhimliyə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onların həmin cinayət əməlini törətmələrinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Tural Rəhimlinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri kimi, məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətmələri əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, onların Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağına baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 iyul 2021-ci il tarixli, 6/3126 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3641 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və tiryək qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 1(101)133/2015 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” 24 may 2018-ci il tarixli, 137 nömrəli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkmişdir (İ cild, səh. 195-206). Məhkəmə Azərbaycan Respublikası CM-in 18.1, 83.1, 83.3.4 və 83.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilindiyi əməl ehtiyatsızlıqdan törədilmiş cinayət olduğuna görə residiv yaratmasa da, o, həmin əmələ görə məhkumluğu ödənilmədiyinə görə hazırki iş üzrə məhkumluğu olan şəxsdir. - Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, valideynləri ilə birlikdə yaşamış, yaşayış yeri üzrə sakinlər və ailə üzvləri arasında davranışının yaxşı olması, barəsində şikayətin daxil olmaması göstərilməklə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 267, 268). - Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 18 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə, müvafiq nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin, X7 X2 tərəfindən verilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 vərəm xəstəliyindən əziyyət çəkir, evlidir, arvadı, 2012-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı, 2005 və 2006-cı il təvəllüdlü olmaqla iki nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə ünvan 2ında yaşamış, yaşayış yeri üzrə bütün dövlət tədbirləri və seçkilərdə iştirak etməsi, barəsində şikayətin daxil olmaması göstərilməklə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 256-262). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsi, sonuncunun vərəm xəstəliyindən əziyyət çəkməsi və himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələri, iş üzrə törətdikləri cinayət əməllərini etiraf etməklə onlardan səmimi peşiman olmaları, sonuncunun əvvəllər məhkum olunmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq qaydada onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi cinayət əməlini etiraf etməklə ondan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, məhkumluğu olan şəxs olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış və bir nəfər azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi cinayət əməlini etiraf etməklə ondan səmimi peşiman olması və vərəm xəstəliyindən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-ci maddələrinin saknsiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 8 (səkkiz) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinə kifayət edir. Buna görə də onlara azadlıqdan məhrum etmə cəzasının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 27 iyul 2021-ci il tarixdən hesablanmalı və barələrində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada cəmi 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 6500,163 qram və 2549,9 qram təşkil edən heroin və tiryək məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, onların Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağına baxış keçirilməsi barədə protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş iki ədəd “Samsung” markalı mobil telefon aparatları onun ailə üzvünə, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvünə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 27 sentyabr 2021-ci il tarixli qərarla (İ cild, səh. 290, 291) iş üzrə narkotik vasitələrin əldə edildiyi mənbəyə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada cəmi 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 6500,163 qram və 2549,9 qram təşkil edən heroin və tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, onların Masallı şəhərində yerləşən “Karal” otelin kirayələdikləri 202 nömrəli otağına baxış keçirilməsi barədə protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş iki ədəd “Samsung” markalı mobil telefon aparatları onun ailə üzvünə, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvünə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar