Məhkəmə qərarları › İş №1(099)-440/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-440/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-440/2023 15.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və «XƏZƏR KONSALTİNQ» vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 (beş) azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 18 oktyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxx 1984-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Neftçala rayonu, SMD-31-də yaşamış, barəsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxs külli miqdarda narkotik vasitə olan və təmiz çəkisi 10165,0 qram qurudulmuş marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dan qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 12 oktyabr 2022-ci ildə şəxsiyyəti məlum olmayan şəxs Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “LADA 2106” markalı, “AZ **- BC-***” dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Biləsuvar rayonuna getmiş, 16 oktyabr 2022-ci ildə, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasının çöl istiqamətində iki ədəd bağlamada külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyaraq, avtomobilin arxa oturacağına qoyub hadisə yerindən uzaqlaşmış, DSX-in əməkdaşları tərəfindən təqib edildiyini görüb içərisində külli miqdarda narkotik vasitə olan bağlamaları N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 30-cu sahəsində avtomobildən atmış, davam etdirilən əməliyyat-axtarış tədbiri nəticəsində N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavsının 8-ci sahəsində saxlanılmış, sonra onların iştirakı ilə cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda - ümumi təmiz çəkisi 10165,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 4 ay öncə sosial şəbəkədə Baba adlı İran İslam Respublikası vətəndaş ilə tanış olmuş, söhbət zamanı həmin şəxs Bakı şəhərinə narkotik vasitələr aparacağı qarşılığında ona pul və marixuana verəcəyini vəd vermiş, maddi imkanı olmadığından Baba ilə razılaşmış, 12 oktyabr 2022-ci ildə Baba ilə telefondan yazışarkən narkotik vasitələri dövlət sərhəddindən keçirərək Cəbrayıl qəsəbələrində yerləşən körpünün yanında gizlətdiyni bildirmiş, avtomobili olmadığı üçün narkotik vasitəni götürməkdə çətinlik çəkmiş, 16 oktyabr 2022-ci ildə saat 12:30 radələrində əvvəlcədən taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu istiqamətinə - Bəhramtəpə qəsəbəsinə gedəcəyini bilərək ondan onu da aparmasını xahiş etmiş, Tahir avtomobilə bir nəfər hərbçini də götürüb yola çıxmış, onlar saat 16:00 radələrində Bəhramtəpə dairəsinə çatmış, yolda gedərkən Tahirə əsgər yoldaşının Cəbrayıl qəsəbələrində yaşadığını bildirmiş, İranlının dediyi yerə çatarkən ayaqyoluna getmək bəhanəsi ilə avtomobili saxlatdırıb düşərək yolu keçmiş, orada iranlı tərəfindən gizlədilən iki ədəd bağlamanı götürərək gətirib avtomobilin arxa oturacağına qoymuş, Tahir bağlamada nə olduğunu bilməmiş, qayıdarkən yolu səhv saldıqlarından sərhədə- tikanlı tellər olan yerə getmiş, orada iki nəfər hərbi qulluqçu avtomobili saxlayaraq, özlərini Dövlət Sərhəd Xidmətinin əməkdaşları kimi təqdim edərək şübhələndikləri üçün avtomobilin yük yerinə baxış keçirmək istədiklərini deyərkən Tahirə avtomobildə narkotik vasitə olduğunu bildirib avtomobili sürüb oradan uzaqlaşmasını demiş, ərazidən uzaqlaşıb içərisində narkotik vasitə olan iki ədəd bağlamanı avtomobilin pəncərəsindən atmış, bir qədər sonra yenidən DSX-in əməkdaşları onları saxlayaraq sərhəd zastavasına gətirmişlər. Onun rayondan narkotik vasitə götürmək üçün gəlməsindən Tahirin xəbəri olmamış, yalnız sərhədçilər avtomobili saxlamaq istəyərkən sonuncunun avtomobildə narkotik olduğunu bilmişdir. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının, 5 azyaşlı uşaqlarının və əlil olan qardaşının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməlini etiraf etməklə yanaşı, ifadəsində tanışı Təqsirləndirilən şəxs2la bağlı göstərmişdir ki, körpünün aşağı hissəsində iranlı tərəfindən gizlədilən iki ədəd bağlamanı götürərək avtomobilin arxa oturacağına qoymuş, avtomobilə əyləşərkən Tahir arxada torbanın olmasını görüb ondan bu barədə soruşarkən sonuncuya bağlamada narkotik vasitə olduğunu bildirmiş, Tahir ona qorxduğunu demiş, sonuncuya qorxmamasını, torpaq yolla avtomobili idarə edərsə polislərin onları tuta bilməyəcəyini, onların rahatlıqla geri qayıdacaqlarını demiş, avtomobillə hərəkət gedərkən yolda tanımadığı şəxsdən Biləsuvar rayonuna necə gedə biləcəkləri barədə soruşsalar da yolu azaraq sərhədə - tikanlı tellər olan yerə getmiş, orada iki nəfər hərbi qulluqçu avtomobili saxlayaraq özlərini Dövlət Sərhəd Xidmətinin əməkdaşları kimi təqdim edərək onlardan şübhələndikləri üçün avtomobilin yük yerinə baxış keçirmək istədiklərini bildirmiş, Tahirə avtomobili sürüb oradan uzaqlaşmasını demiş, ərazidən uzaqlaşan zaman içərisində narkotik vasitə olan iki ədəd bağlamanı avtomobildən tullamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Neftçala rayonunda taksi fəaliyyəti və qəssabçılıqla məşğul olmuşdur. 16 oktyabr 2022-ci ildə saat 12:30 radələrində tanışı, Nefçala rayon sakini Təqsirləndirilən şəxs1 və bir nəfər tanımadığı hərbçini müştəri qismində avtomobilə götürüb Bəhramtəpə qəsəbəsinə aparmış, hərbiçi dairə adlanan ərazidə düşmüş, Yusifi isə əsgər yoldaşı ilə görüşməsi üçün Cəbrayıl qəsəbələrində olan 8 saylı qəsəbəyə aparmış, sonuncu əsgər yoldaşının orada olan çayxanaya gələcəyini demiş, lakin həmin şəxs ora gəlmədiyindən Yusif avtomobili irəli sürməyi istəmiş, sonuncu yolda tualetə getmək üçün avtomobili saxlamasını bildirmiş, tanımadığı yerdə avtomobili saxladıqdan sonra Yusif avtomobildən düşərək yolu keçib körpünün aşağı hissəsinə getmiş, o, avtomobildən düşərək yaxınlıqda olan çaydan avtomobilə tökmək üçün su gətirmiş, suyu tökərkən Yusif avtomobilin arxa qapısını açıb bağlamış, sonra, avtomobilə əyləşərkən arxada çəhrayı rəngli torbanın olmasını görüb Yusifdən həmin torbanın nə olmasını soruşduqda Yusif ona qorxulu bir şey yoxdur, narahat olma sür gedək demiş, avtomobili işə salıb hərəkət edərək gəlib torpaq yola çıxdıqda, tanımadığı şəxsdən Biləsuvar rayonuna necə gedə biləcəkləri barədə soruşaraq yoluna davam etmiş, yolu tanımadıqlarından sərhədə - tikanlı tellər olan yerə gəlmiş, orada iki hərbi qulluqçu avtomobili saxlatdıraraq onlara hardan gəldiklərini soruşarkən o, Bəhrəmtəpəyə hərbi qulluqçu gətirdiyini bildirmiş, sərhədçilər onları buraxdıqdan sonra bir az getmişlər ki, təkrarən digər hərbi qulluqçular onları saxlayaraq Dövlət Sərhəd Xidmətinin əməkdaşları olduqlarını bildirib onlardan şübhələndiklərinə görə avtomobilin yük yerinə baxış keçirmək istədiklərini demiş, Yusif ona avtomobildəki bağlamaların içərisində narkotik vasitə olduğunu deyərək sürüb həmin ərazidən uzaqlaşmağını istəmiş, Yusiflə razılaşıb ərazidən 500 metr uzaqlaşdıqdan sonra, Yusif avtomobildə olan iki ədəd bağlamanı avtomobilin pəncərəsindən tullamış, bir az getdikdən sonra yenidən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onları saxlayaraq sərhəd zastavasına aparmışlar. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün gəlməsindən məlumatı olmadığını, yalnız sərhədçilər avtomobili saxlatdırıb avtomobilə baxış keçirmək istəyərkən avtomobildə narkotik olduğunu, tutulacağından qorxaraq avtomobili saxlamadığını, Yusifin əvvələr narkotik vasitə istifadə etməsi, satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Hazırda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının, biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci ildə saat 18 radələrində ona Cəbrayıl qəsəbələri ərazisindən 2 nəfər şübhəli şəxsin, VAZ 2106 markalı avtomobillə 5-ci sərhəd zastavası istiqamətinə doğru hərəkət etdiyi barədə məlumat daxil olmuş, sonra həmin şəxsin avtomobildən düşərək ərazidə sanki nəyisə axtardığını görüb dərhal bu barədə 5-ci sərhəd zastavasının rəisinə məlumat verərək həmin avtomobilin getdiyi istiqamətə doğru hərəkət etmiş, bir müddət sonra zastava rəisi ona zəng edərək həmin avtomobilin onların “Saxla” əmrinə tabe olmayaraq, avtomobillə qaçaraq 6-cı zastava istiqamətinə doğru hərəkət etdiyini bildirmiş, həmin şəxslərin 6-cı sərhəd zastavasının naryadları tərəfindən saxlanıldığı və onların avtomobilində olan narkotik vasitəni 5-ci sərhəd zastavasının ərazisində atdıqları məlum olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci ildə N nömrəli hərbi hissənin əməliyyat müvəkili, kapitan Şahid1 telefonla zəng edərək 2 nəfər şübhəli şəxsin VAZ 2106 markalı **-BC-*** nömrəli avtomobil ilə 5-ci sərhəd zastavası istiqamətinə hərəkət etdiyini demiş, onlar ərazidə olarkən həmin avtomobil saat 18 radələrində onlara yaxınlaşmış, onlara avtomobilin yük yerinə baxmaq istədiklərini bildirərkən avtomobildə olan şəxslər avtomobili sürərək ərazidən uzaqlaşmış, həmin şəxslərin təqibinə başlamış, təqib zamanı avtomobildən 2 ədəd bağlamanın 30-cu sahə istiqamətinə atıldığını görmüş, həmin şəxslər 6-cı sərhəd zastavasının naryadları tərəfindən saxlanılmış, saxlanılan şəxslər həmin bağlamaların onlara məxsus olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci ildə 5ci sərhəd zastavasının rəisi baş leytenant Vüsal ibrahimli ilə əlaqə saxlayaraq 2 nəfər şübhəli şəxsin VAZ 2106 markalı **-BC-*** nömrəli avtomobillə 6-cı sərhəd zastavası istiqamətinə hərəkət etdiyini, sərhəd naryadının “dayan” çağrışına məhəl qoymayıb qaçaraq ərazidən uzaqlaşdığını bildirmiş, saat 18:20 radələrində 2 nəfər şübhəli şəxs avtomobillə hərəkət edən zaman saxlanılmış, saxlanılan şəxslər özlərini Nefçala rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim edərək sonuncu bağlamalarda narkotik vasitəni Cəbrayıl qəsəbələri ərazisindən götürürək Nefçala rayonuna aparmaq istədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Pərviz Məmmədovun 17 oktyabr 2022-ci il tarixli 16/3606 nömrəli məktubundan görünür ki, 16 oktyabr 2022-ci ildə 5-ci sərhəd zastavasının arxa istiqamətində iki nəfər şübhəli şəxsin avtomobillə hərəkət etməsi barədə məlumat daxil olmuş, 5-ci sərhəd zastavasında “Nəzarət Məntəqəsi” xidməti təşkil olunmuş və VAZ 2106 **-BC-*** dövlət qeydiyyat nömrəli avtomobil saxlanılmış, sərhəd naryadı şübhəli şəxslərdən avtomobilin yük yerinə baxmaq üçün xahiş etdikdə, onlar qaçaraq ərazidən uzaqlaşmış, həmin şəxslər ərazidən uzaqlaşan zaman avtomobildə olan 2 (iki) ədəd bağlamaları 30-cu sahəyə atmış, 6-cı sərhəd zastavasının sərhəd naryad tərəfindən 8-ci sahənin çöl istiqamətində saxlanılmışlar. İş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Biləsuvar rayonunun ərazisində yerləşən 5-ci sərhəd zastavasının 30-cu sahəsidir. Ərazi düzənli, əkin sahələrindən ibarətdir. Mühəndis texniki çəpərindən çöl istiqamətə baxış keçirilən zaman 5-metr aralı məsafədə 1 (bir) ədəd açıq çəhrayı rəngli bağlama və ondan 5 metr aralı məsafədə 1 (bir) ədəd kamfuliyaj rəngli bağlamanın olması müşahidə olunaraq onların iştirakı ilə götürülmüşdür. İş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd cəhrayı rəngli və bir ədəd kamfulyaj rəngli bağlamalara baxış keçirilən zaman içərisində ümumi çəkisi 10600 (on miz altı yüz) qram narkotik vasitə olan marixuanaya bənzər maddələr aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 7/1186 nömrəli rəyindən görünür ki, 01 ədəd qara rəngli və 01 ədəd çəhrayı rəngli bağlamada üzəri şəffaf yapışqan lentlə yapışdırılmış, ümumi sayı 10 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1010,0 qr, 1005,0 qr, 1020,0 qr, 1015,0 qr, 1005,0 qr, 1035,0 qr, 1015,0 qr, 1025,0 qr, 1015,0 qr və 1020,0 qram olmaqla, ümumi çəkisi 10165,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 3311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizaçının 12 dekabr 2022-ci il tarixli 3310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 05 dekabr 2022-ci il tarixli 7355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 05 dekabr 2022-ci il tarixli 7363 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabda şəxsiyyəti istintaqa Baba adı ilə məlum olan şəxsin İİR vətəndaşı, 1985-ci il təvəllüdlü İran İslam Respublikası Biləsuvar şəhər sakini Ərjəng Behzat olması müəyyən olmuşdur. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 DSX-nin İstintaq və Təhqiqat İdarəsinə gələrkən üzərində olmuş, 02 ədəd mobil telefona aid şunur, 02 ədəd avtomobil sığorta kağızı və 116 manat pul həmin gün onun müdafiəçi X5 təhvil verilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 DSX-nin İstintaq və Təhqiqat idarəsinə gələrkən üzərində olmuş, 01 ədəd «Orient» markalı qol saatı, 01 ədəd gümüşü üzük, 01 ədəd gümüşü sep və 02 ədəd «Kapital» banka məxsus birbank kartları həmin gün onun müdafiəçi X6 təhvil verilmişdir. İş materiallarında olan 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 oktyabr 2023-cü ildə N nömrəli hərbi hissədə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd «AA*******» nömrəli özünə məxsus şəxsiyyəti təsdiq edən sənəd, 01 ədəd «AE533679» nömrəli özünə məxsus sürücülük vəsiqəsi, 01 ədəd «Kapital» banka məxsus (**********161454) nömrəli bank kartı, 01 ədəd «Azerfon» MMc-yə məxsus nar mobile nömrə, 01 ədəd etibarnamə, 01 ədəd yaddaş kartı, 01 ədəd qeydiyyat şəhadətnaməsi, RF-na məxsus 15 rus rublu və 01 ədəd «Samsunq» markalı mobil telefon DSX-nin inzibati binasının 4 nömrəli otağında qardaşı X7 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin N yanvar 2023-cü il tarixli, 16\220 saylı məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs2 arvadı X2 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınaraq və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10164,5 qram narkotik vasitə qurudulmuş marixuana DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır, 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 206.3.2-ci maddəsində həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs2 isə elan edilmiş CM-in 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni 16 oktyabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 oktyabr 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmmalıdır. İş materiallarına əlavə edilmiş Neftçala rayon icra hakimiyyətinin başçısının 12 avqust 2016-cı il tarixli, 79 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 30 iyun 1986-cı ildə doğulmuş, qardaşı X3 qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov X4 şəhəri, V.Eynullayev küçəsi, ev 02-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, 5 (beş) azyaşlı uşaqları və bir əlil qardaşı ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Tahirov X8 rayonu, Kimyaçılar küçəsi, ev 23a, mənzil 5-də qeydiyyatda olmaqla Neftçala rayonu, SMD-31 kəndində himayəsində heç bir yerdə işləməyən arvadı, 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 5 (beş) azyaşlı uşaqlarının, eləcə də fəaliyyət qabiliyyəti olmayan əlil qardaşının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, həmçinin təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10164,5 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində olmuş 02 ədəd mobil telefona məxsus şunurun, 02 ədəd avtomobil sığorta kağızının, 116 manat pulun müdafiəçi X5, 01 ədəd «AA*******» nömrəli özünə məxsus şəxsiyyəti təsdiq edən sənədin, 01 ədəd «AE533679» nömrəli sürücülük vəsiqəsinin, 01 ədəd «Kapital» banka məxsus (**********161454) nömrəli bank kartın, 01 ədəd «Azerfon» MMc-yə məxsus nar mobile nömrənin, 01 ədəd etibarnamənin, 01 ədəd yaddaş kartının, 01 ədəd qeydiyyat şəhadətnaməsinin, RF-na məxsus 15 rus rublunun və 01 ədəd «Samsunq» markalı mobil telefonun qardaşı X7, VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs2 arvadı X2, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində olmuş 01 ədəd «Orient» markalı qol saatının, 01 ədəd gümüşü üzüyün, 01 ədəd gümüşü sepin və 02 ədəd «Kapital» banka məxsus birbank kartlarının müdafiəçi X6 təhvil verilməsi nəzərə alınmalı, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindənonlarınbarəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 152 (yüz əlli iki) manat hər birindən 76 (yetmiş altı) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10164,5 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində olmuş 02 ədəd mobil telefona məxsus şunurun, 02 ədəd avtomobil sığorta kağızının, 116 manat pulun müdafiəçi X5, 01 ədəd «AA*******» nömrəli özünə məxsus şəxsiyyəti təsdiq edən sənədin, 01 ədəd «AE533679» nömrəli sürücülük vəsiqəsinin, 01 ədəd «Kapital» banka məxsus (**********161454) nömrəli bank kartın, 01 ədəd «Azerfon» MMc-yə məxsus nar mobile nömrənin, 01 ədəd etibarnamənin, 01 ədəd yaddaş kartının, 01 ədəd qeydiyyat şəhadətnaməsinin, RF-na məxsus 15 rus rublunun və 01 ədəd «Samsunq» markalı mobil telefonun qardaşı X7, VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs2 arvadı X2, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində olmuş 01 ədəd «Orient» markalı qol saatının, 01 ədəd gümüşü üzüyün, 01 ədəd gümüşü sepin və 02 ədəd «Kapital» banka məxsus birbank kartlarının müdafiəçi X6 təhvil verilməsi nəzərə alınsın, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 152 (yüz əlli iki) manat hər birindən 76 (yetmiş altı) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar