Məhkəmə qərarları › İş №1(099)-442/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-442/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-442/2023 04.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 27,181 qram çəkidə narkotik vasitə olan “heroin” əldə edib üzərində saxlamaqla Salyan rayonu, Noxudlu kəndi ərazisinə daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 12:35-də Salyan rayonu, Noxudlu kəndi ərazisində saxlanılıb Salyan Rayon Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 27,181 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Həmin ittihamlar tamamilə yalan və uydurmadır, ona qarşı saxtalaşdırılmış bir ittihamdır. Ona görə də ona qarşı elan olunmuş ittihamlarla özünü təqsirli hesab etmir. Lakin, ibtidai istintaq zamanı, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 03 fevral 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Şorsulu kəndində piyada hərəkət edən zaman yol kənarında 01 ədəd sellofan bükümün olmasını görmüşdür. Həmin maddənin narkotik vasitə olmasını bilib qeyd etdiyi bükümü götürüb gödəkçəsinin cibinə qoymuşdur. O, həmin maddəni üzərində saxlamaqda məqsəd isə uyğun vaxt tapdığı halda istifadə etmək olmuşdur. 04 fevral 2023cü il tarixdə, təxminən saat 12:30 radələrində Salyan rayonu, Noxudlu kəndi ərazisində hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib barəsində əməliyyat– axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra, onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. X8 dəvət olunmuş müdafiəçinin iştirakı ilə “şübhəli şəxs” qismində tutulmuşdur. Həmin vaxt, ona hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli gödəkçənin sol yan cibindən “sürücülük vəsiqəsi”ni və “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd bükümü, iç cibindən isə 120 (yüz iyirmi) manat məbləğində pulu təqdim etmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmiş və içərisində narkotik vasitə olan “heroin” olması müəyyən edilmişdir. Həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənib onlar tərəfindən imzalanmışdır. Ona məxsus “sürücülük vəsiqəsi” və “Samsung” markalı mobil telefon götürülmüş, 120 (yüz iyirmi) manat məbləğində pul özünə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirmə protokolunda qeyd etdiyi xüsusatları “şübhəli şəxs” qismində dindirmə protokolunda göstərmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. 04 fevral 2023-cü il tarixdə Baş İdarəyə Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin vaxt, əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvləri əməliyyat müvəkkilləri X2 və Şahid2 təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmasını, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. 04 fevral 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Salyan rayonu, Noxudlu kəndi ərazisinə getmişlər. Həmin vaxt, onlar bir qədər həmin ərazidə müşahidə aparan zaman saat 12 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Ona özünü təqdim etməsini söyləmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. X8 Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən “şübhəli şəxs” qismində tutulmuşdur. Daha sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellefon bükümü, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa, onun üzərindən 120 (yüz iyirmi) manat məbləğində pul və özünə məxsus “sürücülük vəsiqəsi” aşkar olunmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış zamanı içərisində qəhvəyi rəngli, narkotik vasitə olan “heroinə” bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ağ rəngli zərfə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Həçim vaxt, 01 ədəd “Samsung” markalı mobil telefon və “sürücülük vəsiqəsi” iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 120 (yüz iyirmi) manat məbləğində pul isə özünə qaytarılmışdır. Bundan sonra, təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunaraq düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, 04 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 12:35-də Salyan rayonu, Noxudlu kəndi ərazisində saxlanılaraq Salyan RPŞ-ə gətirilmişdir. Polis Şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellefon bükümdə narkotik vasitə olan “heroinə” bənzər maddə qablaşdırılmaqla, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd “sürücülük vəsiqəsi” götürülmüşdür. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 04 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon ailə üzvlərinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd “DVD” disk 04 aprel 2023-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 27,181 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. (İ siyahı). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 27,181 qram çəkidə narkotik vasitə olan “heroin” maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 27,131 qram çəkidə narkotik vasitə olan “heroin” məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1463 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 04 fevral 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmişdir. Həmin verilmiş tapşırığa 3-13-7/2-3006/2023 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 04 fevral 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 05 fevral 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı- 1991-ci il təvəllüdlü, X3, oğlu – 2009-cu il təvəllüdlü, X7 və 2013-cü il təvəllüdlü, X5 ilə birlikdə ailə üzvləri vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrin qanunsuz əldə edib saxlayaraq daşıması haqqında verdiyi ifadələri, onun ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri ilə və digər sübutlarla tam təsdiq olunur. Eyni zamanda, məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin əldə edib saxlaması və daşıması sübuta yetirilmir. Məhkəmə aşağıda göstərilən səbəbələrə görə Təqsirləndirilən şəxs ittihamında qeyd edilmiş “satış məqsədi ilə” tövsifedici əlamətləri xaric edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yol verilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yol verilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili– narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “heroin” narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi- 27,181 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan “heroin”i əldə etmiş, üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanması haqqında” 04 fevral 2023-cü il tarixli və “şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2023-cü il tarixli qərarlarından (i.v. 1;19) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə “şübhəli şəxs” qismində tutulduqdan sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş “heroin”ə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “heroin”in təmiz çəkisinin 27,181 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən hansı bir mötəbər sübutlar ibtidai istintaq orqanı tərəfindən əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli 1463 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaması, hal-hazırda müayinə zamanı onun narkomaniya xəstəliyindən əzab çəkməməsi, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş “heroin”ə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), “heroin”in hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş “heroini” əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin “heroin”dən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış video görüntülər, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş “heroin”in təmiz çəkisinin 27,181 qram olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması və onun narkomaniya xəstəliyindən əzab çəkməməsi ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmasına ehtiyacı yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 27,181 qram çəkidə narkotik vasitə olan “heroin” ekspertiza tədqiqatından sonrakı qalıq 27,131 qram çəkidə narkotik vasitə olan “heroin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 04 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 27,181 qram çəkidə narkotik vasitə olan “heroin” ekspertiza tədqiqatından sonrakı qalıq 27,131 qram çəkidə narkotik vasitə olan “heroin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X11 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar