Məhkəmə qərarları › İş №1(099)-442/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-442/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-442/2024 12.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Sabirabad şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Sabirabad şəhəri Q.Namazəliyev küçəsi ev 60-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda 110,261 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində 01 (bir) ədəd bükümdə saxlamış, 15 sentyabr 2023-cü il tarixdə saat 18:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Emin” YDM-nın yaxınlığında saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 92 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 19:30-da üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 110,261 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü Sabirabad şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 15 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində yanacaqdoldurma məntəqəsindən çıxmış, polis əməkdaşları onu saxlayıb Kürkəndi kəndinə aparmış və orada döymüşlər. Həmin vaxt üzərində bir baş “nəşə” olmuş, heroin və metamfetamin olmamışdır. Bundan sonra ona hədə-qorxu gəlib demişlər ki, çəkilişdə bir kq mal çıxaracaqlar, əgər polis əməkdaşlarının dediklərin etməsə atasının avtomobilindən və yaşadığı evdən külli miqdarda psixotrop maddə aşkar olunacaqdır. O da fikirləşmiş ki, atası ürək əməliyyatı olub, səhhətində ciddi problemlər ola bilər, ona görə qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış, metamfetamini boynuna götürmüşdür. Çünki ona demişlər ki, “üç qramdır, üzərinə götürməlisən”. Üzərindən aşkar olunmuş psixotrop maddənin ona heç bir aidiyyatı olmayıb. Onu döyüb metamfetamini üzərinə qoyublar. Təhqiqatçı və müstəntiq onu döyməyib, müstəntiq sərbəst ifadə alıb, təsir etməyib, ifadəsini vəkili oxuyub, özü isə imzalayıb. Barəsində həbs qətimkan tədbiri seçilərkən də narkotikin (metamfetaminin) özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını, saxlanılmasının səbəbini izah edib, polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə, ağ rəngli psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 113 qram olmuşdur. Daha sonra həmin maddə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ona evindən də çıxarıb, evdəkiləri də gətirmələri, lap pis olacağı barədə təhdid etdiklərindən, hədələndiyindən və təhdid edildiyindən həmin ifadələri verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Emin” YDM-nin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Sabirabad RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Fikrət müdafiəçi, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim edib, stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olduğunu, iranlıdan götürdüyünü, iranlı şəxsin ona göndərdiyi konumdan əldə etdiyini və müəyyən ünvanlarda yerləşdirməli olduğunu səmimi etiraf etmişdir. İranlı ilə instaqram sosial şəbəkəsində tanış olduğunu bildirmişdir. Lakin onun konkret satış faktı ilə bağlı məlumatları olmamışdır. Ona qarşı nə özü nə də digər polis əməkdaşları tərəfindən təzyiq və təsir göstərilməmiş, bu barədə bildirikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid2 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı cinayət prosesi tərəflərinin razılığı ilə şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı şahid qismində vermiş olduqları ifadələri elan və tətqiq olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 15 sentyabr 2023-cü il tarixdə evdə olarkən tanımadığı nömrədən ona zəng gəlmiş və özünü təqdim edən polis əməkdaşı oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbindən tutulmasını bildirmişdir. O da, bu barədə bildikdən sonra Sabirabad Rayon Polis Şöbəsinə gəlmiş və ona məlum olmuşdur ki, oğlu həqiqət tutulmuşdur. Fikrətin onunla bir evdə yaşadığını, Fikrət tutulana qədər narkotik vasitə və ya psixotrop maddə metamfetamin qəbul etməsi və satması ilə bağlı heç bir məlumatının olmadığını, oğlunun kiməsə narkotik vasitə və ya psixotrop maddə satsaydı maddi imkanın əla vəziyyətdə ola biləcəyini, maddi imkanın olmaması səbəbindən taksi fəaliyyəti ilə məşğul olduğunu, maddi ehtiyaclarını da həmin işinin vasitəsi ilə qarşıladığını, narkotik vasitə və psixotrop maddə sataraq pul əldə etməsinə inanmadığını və qəbul etmədiyini, narkotikə meylli şəxslərlə görüşməsini görmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, BNMİ-nin şöbə rəisinin müavini Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 15 sentyabr 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin şöbə rəisinin müavini Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 20) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, İbrəhimov X4 Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin şalvarın cibindən 01 ədəd Samsung markalı mobil telefon, 20 AZN pul, 01 ədəd bank kartı, içərisinə siqaret dənələri olan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuş, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər 20 AZN pul, içərisində siqaret dənələri olan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (c İ, i.v 29-32) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 6/4897 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Şahid4 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 110, 261 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin psixotrop maddə metamfetamindən 0,050 qram tədqiqata sərf olunmuş, 110,211 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. (c İ, i.v 40-43) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-159/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 sentyabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 66-69) İşdə olan, xx.xx.2023-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi1 110,261 qram, ekspertiza tədqiqatından sonrakı qalığı 110,211 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. (c İ, i.v 77-78) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-131/2023 nömrəli qərarından görünür ki, BNMİ-nin rəis müavini Şahid1 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (c İ, i.v 91-92) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c İ, i.v 104) İşdə olan, xx.xx.2023-cü il tarixli Sabirabad RİHB-nın Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və xx.xx.2015-ci il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (c İ, i.v 105-108) İşdə olan, “ambulator məcburi-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 7073 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 111-112) İşdə olan, Məhkəmə kompüter-texniki ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 5/1384 nörməli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli “**********98654, **********98653” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2. Tədqiq olunan “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə olunmuş iki ədəd DVD-R diskə). 3. Rəyin “Tədqiqi hissəsi” nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli mobil smartfonun yaddaşından “WhatsApp” və “WhatspApp Plus” proqram təminatları vasitəsi ilə aparılmış hər hansı bir məlumat (çat seansı, foto, audio və video fayllar) mübadiləsinin pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 4 Təqdim edilmiş “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli mobil smartfonun yaddaşında 01 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, “SMS” mesajın və telefon kitabçasında olan məlumatların olubolmaması barədə rəyə əlavə olunmuş iki ədəd DVD-R disklərə köçürülmüş “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə əldə olunmuş hesabatda qeyd olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (c İ, i.v 113-118) İşdə olan, 26 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə komputer-texniki ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 5/1384 saylı rəyə əlavə olunmuş iki dədə DVD-R diskə baxış keçirilən zaman çox sayda kontaklar, zənglər, sms” mesajlar, audio, foto və video materialların olması müəyyən edilmişdir. Həmin materiallara komputerdə vizual baxış keçirilən zaman müxtəlif məzmunda görüntülər olsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışını həyata keçirməsinə dair görüntüyə rast gəlinməmişdir. (c İ, i.v 119) İşdə olan, 26 noyabr 2023-cü il tarixdə telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Samsung markalı mobil telefona baxış keçirilsə də, telefonun “adlar”, “mesajlar”, “zənglər” bölməsinə və “Whatsapp messenger” proqramına baxış keçirilərkən” narkotik vasitələrin alış və satışı barəsində iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmişdir. (c İ, i.v 120) İşdə olan, Baxış keçirilməsi haqqında 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskdəki məlumatlara baxış keçirilən zaman həmin nömrədən xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “özüvü ariya qoymusan istiyirsən pula görə qapuva gəlim yaxşı gələrəm bu gün”, xx.xx.2023-cü il tarixdə “çox şəfərsiz adamsan telesme rayonda rastlaşacıq üzüvə xoşuva gələn sözü deyəcəm”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “niyə blok etdin qisqandun həm söhbət edirdikdə nə məcbur ələdiki”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “telesme pesel sab nəslu ağzın...” məzmunlu sms mətni aşkar edilsə də, narkotik vasitələrin alış və satışı barəsində hər hansı sms mətninin aşkar edilməmişdir. (c İ, i.v 163-165) İşdə olan, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması və ona qarşı zorakılıq göstərildiyi üçün həmin psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməsi xüsusatları üzrə araşdırılma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, toplanmış 345C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 197-201) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefon və 01 ədəd Kapital Bank ASC-yə məxsus bank kartı Şahid4 təhvil verilmişdir. (c İ, i.v 215) İşdə olan, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Təvəkkül oğlu xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində bir baş qurudulmuş marixuanadan başqa heç bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq, təhdidlər və pis rəftar edildiyi üçün həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan ilkin izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun yaşadığı evindən və istifadəsində olan avtomobilindən narkotik vasitə çıxaracaqları, ailə üzvlərinin də məsuliyyətə cəlb olunacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 23 fevral 2024-cü il tarixli qərarla (cild İ, i.v 197- 201) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X13 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki, psixoloji təzyiqə və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmiş, bundan başqa tutulduqdan sonra saxlanıldığı istintaq təcridxanasında tibbi müayinədən keçirilərkən də onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki, psixoloji təzyiqlərə və təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-49) və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 57-59) qismində verdiyi ifadələri, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatı (cild İ – i.v. 66-69), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və onu sosial şəbəkədə tanış olduğu iran vətədaşından əldə etdiyini bildirmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar olunmuş pisxotrop maddə metamfetaminin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu iran vətəndaşından aldığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 110,261 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 15 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi fəaliyyət göstərən vəkil X8 Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 15 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 110,261 qram psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahısına əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 110,211 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161 (bir yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 110,211 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-161 (bir yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar