Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-442/2025 02.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1993-cü ildə Saatlı rayonunun Dəlilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada təsərrüfatla məşğul olmuş, əvvəllər məhkum edilməmiş, Saatlı rayonu, Dəlilər kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaq və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, külli miqdarda 5360,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və Saatlı rayonu Dəlilər kəndində yerləşən yaşadığı evin həyətindəki tövlədə ot bağlamalarının altında satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 12 may 2025-ci il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 19:10-dan 19:50-dək keçirilmiş baxış nəticəsində bir ədəd sintetik torbada həmin 5360,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana Saatlı rayonu, Dəlilər kəndində onun yaşadığı evin həyətindəki tövlədə ot bağlamalarının altından aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonunun Dəlilər kəndində valideyinləri ilə birlikdə yaşamış, iri və xırdabuynuzlu heyvanları saxlamaqla və əkinçilik fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin dekabr ayında özünə məxsus iribuynuzlu heyvanları yaşadığı Saatlı rayonu, Dəlilər kəndində çöl sahədə otararkən su kanalının kənarında kolların arasında təsadüfən bir ədəd ağzı bağlı, içərisində nəsə olan ağ rəngli kisəni görmüş və maraq üçün götürüb ağzını açanda içərisində “nəşə” olduğunu bilmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlənin nəşə olduğunu iyindən anlamışdır. Gələcəkdə özü istifadə etmək məqsədilə həmin kisəni oradan götürüb yaşadığı evə gətirmiş və evin həyətindəki heyvanlar saxlanılan tövlədə olan ot bağlamalarının altında gizlətmişdir. 12 may 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin həyətində olarkən küçədən kiminsə onu çağırmasını eşitmiş və küçəyə çıxanda gələn şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları özlərini təqdim etdikdən sonra ona, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi və narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirəcəklərini bildirdikdə, polis əməkdaşlarının onun narkotik saxlamağı barədə məlumatları olduğunu başa düşüb, etiraz etməyin lüzumsuz olduğunu anlayıb etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları özləri ilə birlikdə gətirdikləri aqronomun iştirakı ilə yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirməyə başlamışlar. Baxış zamanı yaşadığı evin həyətindəki tövlədə ot bağlamalarının altında gizlədib saxladığı bir ədəd kisədə olan marixuananın yerini göstərmiş və səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında narkotik tərkibli bitkilər əkmədiyini, aşkar edilən kisədəki kütlənin marixuana olduğunu və çöl sahədən tapdığı etiraf etmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindəki tövlədə ot bağlamalarının altında aşkar edilmiş kisə açılıb içərisinə baxılarkən içərisindəkinin qurudulmuş marixuana olduğuna əmin olduqdan sonra, həmin marixuana olduğu kisə ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 5 kiloqram 450 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilərkən qanunsuz heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bir inəkləri olmuş, həmin inəyə evdə olanda özü, olmayanda isə atası baxmış, bəzən də qardaşı uşaqları kömək etmişlər. Arada tapanda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Ondan aşkar olunan narkotik vasitəni tapandan hardasa bir ay əvvəl “nəşə” istifadə etmişdir. Sonuncu dəfə tapdığı və ondan aşkar olunan narkotikdən istifadə etməmiş, istifadə məqsədi ilə gizlətmiş, lakin unutduğu üçün istifadə etməmişdir. Belə ki, işi ilə əlaqədar Bakı şəhərində olduğu üçün tapdığı narkotik barədə unutmuşdur. 2025-ci ilin mart ayında evə qayıtmış, sonra yenidən Bakıya getmiş və may ayının əvvəllərində yenidən evə qayıtmışdır. Yaşadığı evin həyətindəki tövlədə ot bağlamalarının altında narkotik vasitə saxlaması barədə heç kimin xəbəri olmamış, bu barədə heç kimə deməmişdir. Kiməsə narkotik vasitə verməmiş və satmamışdır. Ot preslərini 2024-cü ilin oktyabr-noyabr aylarında almışdır. Narkotik vasitəni həmin yerə bir həftə olarmış ki, qoymuş, buna qədər isə onu evin zirzəmisində saxlamışdır. Marixuananı yandırmaqdan qorxmuş, ota qarışdırıb məhv etmək niyyəti olmuşdur. Polis əməkdaşları tərəfindən ona heç bir təsir və təzyiq göstərilməmişdir. Anten dairəsi məlumatları çıxarılmış (051) ***-**-** saylı mobil nömrə ona məxsus olmaqla özünün istifadəsində imiş. İbtidai istintaq zamanı qanından analiz götürüb narkoloji ekspertizadan keçirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirmiş, anasının xərçəng xəstəliyindən əziyyət çəkməsinin, nənəsinin əməliyyat olunmasının, habelə özünün səhhətinin nəzərə alınaraq, son sözündə məhkəmədən barəsində humanist və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin etirafedici və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Qubad oğlu ifadəsində göstərmişdir ki, 12 may 2025-ci il tarixdə Saatlı rayonunun Dəlilər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Dəlilər kəndində yaşadığı fərdi evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkilib-yetişdirilməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tərəfindən raportla polis şöbəsinin rəisinə məruzə edilmiş və təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edən şəxslərin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid4, polis kiçik leytenantı Şahid3, Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X12 və ondan ibarət olması təsdiqlənmişdir. Keçiriləcək tədbirdə mütəxəssis-aqronomun iştirakının və rəyinin alınması zərurətini nəzərə alaraq Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində Bitkiçilik sektorunun müdiri, ixtisasca arqonom işləyən X6 dəvət edilmişdir. Bundan sonra qəbul olunmuş qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun və əməliyyat qrupunun digər üzvlərinin, aqronom qismində dəvət edilmiş şəxsin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, ona evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibyetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən, Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı onun yaşadığı evin həyətyanı sahəsində yerləşən ot kiplərinin arasında gizlədərək saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülüb qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş əşya yaxud predmetin olubolmadığı soruşulmuş, cavabında üzərində heç bir qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirirək, üstündə saxladığı “Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. Mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Həyətyanı sahəyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin orada qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkarlanmış həmin kütləni mal-qara otaran zaman su kanalının kənarında, kolların arasında bir ədəd sintetik torbada ağzı bağlanılmış vəziyyətdə tapdığını və gələcəkdə özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o da baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvalanmış suallara cavab olaraq bildirmişdir ki, bir ildir Saatlı rayonunda xidmət edir. Bu müddət ərzində ilk dəfə idi ki, ona Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur və onu tədbirlə əlaqədar tanımışdır. Təqsirləndiirlən şəxsin Bakı şəhərində işlə əlaqədar qalması barədə məlumat fikrində qalmamışdır. Əməliyyat tədbiri zamanı aşkarlanmış narkotik vasitənin təqsirləndirilən şəxsdə nə qədər müddətdə olduğunu bilməmiş, satışla əlaqədar məlumatla bağlı tədbir realizə edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Saatlı Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verərək, onun ifadəsindəki xüsusatları təsdiq etmişlər. Şahid4 ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə həmin narkotik vasitədən istifadə edib-etmədiyi ilə bağlı sualın verilməsini xatırlamır. Şahid2 ifadəsində əlavə olaraq, baxış zamanı videoçəkilişi özünün aparmasını, həmin vaxt təqsirləndirilən şəxsə ondan aşkarlanan narkotik vasitədən istifadə edibetməməsi barədə sual ünvanlanmasını xatırlamadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılaraq, aidiyyəti üzrə həmin şöbənin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqi 01). Saatlı Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu, Dəlilər kəndindəki fərdi evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkilibyetişdirilməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Saatlı Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun yaşadığı Saatlı rayonu, Dəlilər kəndində yerləşən evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 13). Saatlı Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Dəlilər kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindəki tövlədə ot bağlamalarının altından bir ədəd sintetik torbada təmiz çəkisi 5360,0 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş və videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 14-18). Saatlı Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, həmin tarixdə, saat 19:10-da azadlığı faktiki olaraq məhdudlaşdırılmış Təqsirləndirilən şəxs eyni tarixdə, saat 20:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20; 30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/388 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs həyətində olan...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi-5360,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitə marixuananın 5359,90 qram qalığı istintaq orqanına geri qaytarılmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 43-46). Saatlı Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki tövlədən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəksi 5359,90 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, həmin şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 55). Saatlı Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 58-59). Saatlı Rayon Məhkəməsinin 4(055)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 may 2025ci il tarixdə, saat 19:10-dan hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 84-87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 96). Saatlı Rayon İcra Hakimiyyəti başçısının Dəlilər Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Dəlilər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və yaşayış yeri müsbət xarakterizə olunmuşdur (iş vərəqi 97-98). Saatlı Rayon Məhkəməsinin 5(055)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Saatlı Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli qərarı qanuni heab edilmişdir (iş vərəqi 100-101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 5002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub, lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 150). Saatlı Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca material ayrılmış; evə və həyətyanı sahəyə baxış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən CD disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 151-159). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “sol ağciyərin yuxarı payının ocaqlı vərəmi infiltrasiya mərhələsində VM (+) pozitiv” diaqnozu təsdiqlənmişdir. Xəstə xx.xx.2025-ci il tarixdə “Yeni” hal kimi 1-ci sıra vərəməleyhinə dərmanlarla müalicəyə cəlb edilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 13 (on üç) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla, bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm ittiham, həm müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz fikirlərini bildirmiş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi tərəfindən suallar verilmiş və ona qarşı irəli sürülmüş ittiham mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqinin nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən, təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 234.1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana (kannabis) dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edirlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsi barədə verdiyi izahat və ifadələri, habelə şahid ifadələri, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlər, maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Cinayət-Prosessual Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 27-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” xx.xx.1988-ci il tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vərəm xəstəsi olmasını, anasının xərçəng xəstəliyindən əziyyət çəkməsini, nənəsinin əməliyyat olunmasını və əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarından da göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinin 4-cü yarımbaşlığında qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işlərinə baxılarkən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması araşdırılmalı və bu araşdırmanın nəticələrindən irəli gələn məsələlər həll edilməlidir. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5359,90 qram olan qurudulmuş marixuana məhv edilməli; evə və həyətyanı sahəyə baxış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 may 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5359,90 qram olan qurudulmuş marixuana məhv edilsin; evə və həyətyanı sahəyə baxış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-442/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-442/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver