Məhkəmə qərarları › İş №1(099)-443/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-443/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-443/2022 27.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1992-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış və və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-8,227 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsnin əməkdaşları tərəfindən 06 aprel 2022-ci il tarixdə, saat 18 rədələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılıb üzərində şəxsi axtarış zaman əynindəki şalvarın cibindən bir ədəd bükümdə, külli miqdarda- 8,227 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsi ilə birlikdə Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də yaşayır. Xeyli müddətdir ki, “kakos”dan (heroindən) istifadə etməyə başlamışdır. 06 aprel 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evdə olarkən bir neçə polis əməkdaşı evinə gəlib ona narkotik maddə əldə edib saxlamaqda və istifadəsində şübhəli olduğunu bildirmiş, o da istifadəsi üçün üzərində-şalvarının cibində heroin olduğunu etiraf edib, həmin heroini internetdə “Qara bazar” saytı ilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən “Mirzə” adı ilə şəxslə danışıb bir gün əvvəl 150 manata aldığını bildirmişdir. Sonra polislər onu tutub Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən iranlıdan aldığı təxminən 7-8 qram heroin əynindəki şalvarının cibində olmuşdur. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibindən bir bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, həmin heroini bir gün əvvəl internetdə “Qara bazar” saytı ilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən “Mirzə” adı ilə şəxslə danışıb 150 manata aldığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik maddə vermədiyini və narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş heroin polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş, həmin vaxt ona məxsus “Nokia” və “Redmi” markalı mobil telefonlar da polislər təərfindən götürülmüşdür. İranlı “Mirzə” ilə danışdıqdan sonra “Mirzə” ona narkotik maddənin Bakı şəhərində “Dərnəgül” adlanan yolun kənarında, yol nişanın altında gizlədildiyini dedikdən sonra o, həmin yerə gedib bir ədəd bükümdə olan heroini götürmüş və heroinin pulunu, 150 manatı bank kartı vasitəsi ilə Mirzəyə göndərmişdir. İranlıdan narkotik maddə almasını barədə bibisi oğlu Şahid4 məlumatı olmamış, həmçinin polislər onu tutan vaxt bibisi oğlu Niyaməddin onun yanında olmamışdır. Şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığı heroinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin (bundan sonra CRŞ-nin) əməkdaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 06 aprel 2022-ci il tarixdə Biləsuvar şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid4 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün saat 19 radələrində özünün də daxil olduğu əməliyyət qrupu tərəfindən Biləsuvar şəhərində yaşadıqları ərazidə, küçədə (Biləsuvar şəhəri, S.Rufullayev küçəsində) Təqsirləndirilən şəxs və Şahid4 saxlanılıb X3 dövriyyəsində şübhəli olduqları bildirilib Biləsuvar RPŞ-nə gətirilmişlər. Şöbədə təhqiqatçı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin heroin olduğunu, tanışı “Mirzə” adlı iranlıdan pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Həmçinin təhqiqatçı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində də şəxsi axtarış aparılmış və onun üzərində bir bükümdə narkotik maddə və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 06 aprel 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 06 aprel 2022-ci il tarixdə, saat 19 radələrində CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, S.Rufullayev küçəsində piyada hərəkət edərkən saxlanılıb Biləsuvar RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd büküm çıxarıb təqdim edib bükümdə heroin olduğunu, həmin heroini tanışı iranlı “Mirzə” adlı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-fiziki-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi-8,227 qram olan qəhvəyi rəngli maddə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara bıxış keçirilməsi haqqında” 25 may 2022-ci il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/611-02-38 saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 11:06-da 070/513-76-77 saylı nömrədən “salam qaqa necesen super amanat gelib 2 sinedende gör istiyen olsa xeber ele. Hörmetin ederem” məzmunlu sms daxil olmuş, xx.xx.2022-ci il tarixdə, saat 02:33-də 070/667-65-61 saylı nömrədən “xalaoğlu istiyirem sene qret eliyem hemişe sen elemeli deyilsen ki, men kişilerden umuram” məzmunlu və xx.xx.2022-ci il tarixdə ,saat 04:01-də 070/667-65-61 saylı nömrədən “salam qaqa necesen yatmamısan bidene urey xoş eden şey var çekerdik” məzmunlu smslər göndərilmişdir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 09 aprel 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 08 iyun 2022-ci il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 8,177 qram heroin və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi-9” markalı mobil telefon aparatı (üzərində 050/611-02-38 saylı mobil nömrə ilə birlikdə) iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində prolfilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 08 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 08 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokolları, maddi sübutu, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşlarının onu yaşadığı evdə tutub polis şöbəsinə aparmalarına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıması ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 8,227 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda-8,227 qram heroini nə vaxt, haradan və hansı qaydada əldə etməsini təsdiq edən kifayət qədər sübutlar əldə edilmədiyindən onun həmin maddəni məlum olmayan vaxtda və mənbədən əldə etməsi kimi qiymətləndirilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə heyəti hesab edir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-8,227 qram heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilmədi. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi (CM-nin 234.4.1-ci maddəsi) ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən bir ədəd bükümdə, külli miqdarda- 8,227 qram narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsnin əməkdaşlarının aldığı məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman qeyd edilən külli miqdarda, yəni 8,227 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tam təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə 234.4.1-ci maddəsində göstərilən cinayəti kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1-ci maddəsi ilə tövsif olunmuş, eləcə də məhkəmə istintaqı zamanı da tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmədə tədqiq olunmuş sübutlara, əsasən də təqsirləndirilən şəxsin ifadəsinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 8,227 qram heroini İran vətəndaşı kimi özünü təqdim etmiş “Mirzə” adlı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almış, yəni narkotik maddənin alqı-satqısında Təqsirləndirilən şəxs alıcı qismində, “Mirzə” adlı şəxs isə satıcı qismində iştirak etmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 1999-cu il tarixli Qərarında qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Habelə həmin Qərarda göstərilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilərkən cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Hazırki iş üzrə cinayət qanunvericiliyinin qeyd olunan normaları baxımından Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi, yəni onun İran vətəndaşı olması güman edilən və şəxsiyyəti məlum olmayan “Mirzə” adlı şəxsin arasında qeyd olunan cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməsi və yaxud cinayətin törədilməsi üçün müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı (yəni iştirakçılardan birinin bilavasitə cinayət törətməsi, digərlərinin isə ona cinayətin icrası ilə bağlı razılaşmalarına uyğun olaraq müxtəlif vəzifələrin yerinə yetirilmələri) cinayətin icraçısının fəaliyyət ilə yaxından, yaxud da uzaqdan əlaqəda, rabitədə olmaları, yəni iştirakçıların birgə fəaliyyətinin yaranması istintaq orqanı tərəfindən təqdim olunmuş, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarda öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə birlikdə satış məqsədi ilə narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməyə görə CM-nin 234.4.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1-ci maddəsi ilə tövsif olunmuş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Habelə bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni şəxsiyyəti məlum olmayan şəxslər, o cümlədən özünü İran vətəndaşı kimi təqdim etmiş “Mirzə” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması sübuta yetmir. Həm də bu ittihamın sübuta yetirilməsində istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılmasına qeyri-mümkün olan şübhələr mövcuddur. Ona görə də verilmiş ittihamın bu hissədə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetmədiyinə görə ona elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onun ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan, Biləsuvar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamışdır İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X7 24 yanvar 2019-cu ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 8,227 qram qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi-9” markalı mobil telefon aparatı (üzərində 051/611-02-38 saylı mobil nömrə ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası Şamama Abdalovaya (ünvanı: ünvan 1but olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 8,227 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi-9” markalı mobil telefon aparatı (üzərində 051/611-02-38 saylı mobil nömrə ilə birlikdə) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası X4 (ünvanı: ünvan 2 sübut olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar