Məhkəmə qərarları › İş №1(099)-443/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-443/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-443/2024 31.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı (məruzəçi) və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mikayılov Elbrus Əlisahib oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - 19 avqust 1993-cü ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməmiş, orta təhsilli, üçüncü dərəcə əlilliyi olan, Salyan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 17 aprel 2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Salyan rayonunun Kərimbəyli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,87 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən əldə edib, 1,432 qramını bir ədəd bükümdə tanışı Şahid4 17 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində məlum olmayan qiymətə satmış, qalan 1,438 qram psixotrop maddə metamfetamini bir ədəd bükümdə üzərində daşıyaraq saxlamış, 25 dekabr 2023cü il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 01 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,438 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və buna görə Salyan Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Əvvəllər fərdi əməklə məşğul olmuşdur. Gözünə görə əlillik təqaüdü alır, üçüncü dərəcə əlilliyi vardır. Hazırki cinayət işi ilə bağlı onu deyə bilər ki, polis əməkdaşları 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı Salyan rayonunun Kərimbəyli kəndində olan fərdi yaşayış evinə qanunsuz daxil olmuşlar. Həmin vaxt onlar, yəni xəstə ata-anası, arvadı və iki uşağı yatmağa hazırlaşmışlar. Əməliyyatçılar ona qarşı fiziki güc tətbiq etməklə evdən həyətə çıxarmış, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu, etiraz etdiyi təqdirdə onun üçün yaxşı olmayacağını bildirmişlər. Ailəsini nəzərə alaraq, onlara heç nə olmasın deyə polis əməkdaşları ilə razılaşmış, birlikdə polisə məxsus avtomobillə Şirvan Şəhər Polis Şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında videoçəkilişdən qabaq əməliyyatçılar şalvarının sağ cibinə bir büküm psixotrop maddə metamfetamin qoymuş, təzyiq və təsir göstərərək cibinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu bildirməsini tələb etmişlər. Polis şöbəsinin təhqiqat bölməsində olarkən vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Məcburiyyət qarşısında qalıb polislər tərəfindən üzərinə qoyulmuş psixotrop maddə metamfetamini 2023-cü ilin 24 dekabr tarixindən 25 dekabr tarixinə keçən gecə, saat 01:00 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən istilik elektrik stansiyasının yaxınlığında əkilmiş ağacların yanında yerdən tapdığını bildirmişdir. Barəsində olan cinayət işində adı hallandırılan Şahid4 ilə 2022-ci ildə 16 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Şahid4lə dost olmağına baxmayaraq aralarında pərdə olmuş, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilməmiş, ona psixotrop maddə nə pay olaraq vermiş, nə də satmış, özü də Şahidə metamfetamindən istifadə etdiyini bildirməmişdir. Şahid4lə aralarında mobil telefonla danışıqları olmuş, iş barəsində danışmışlar. Şahid4 psixotrop maddə verməsi məzmununda ifadəsini psixoloji təsir altında vermişdir. Psixotrop maddə olan metamfetamin qəbul etsə də, alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanlandıqları suallara cavab olaraq bildirmişdir ki, hər gün 0,2-0,3 qram metamfetamin istifadə etmişdir. Polis əməkdaşları evinə gecə saat 23:00 radələrində daxil olmuşlar. Evinə daxil olmuş əməliyyatçılar bir avtomobildə gəlmişlər. Evin həyətində yeddi-səkkiz nəfər polis əməkdaşı olmuşdur. Polislər gələndə evdə arvadı Şahid3, atası Mayis Xəlilov, azyaşlı oğlu Mais və altı aylıq körpə qızı Aminə olmuşlar. Evinin hər iki mərtəbəsində polis əməkdaşları axtarış aparmış, lakin heç nə aşkar edə bilməmişlər. Əməliyyatçılar evə daxil olanda vəkil iştirak etməmişdir. Polis şöbəsində tanımadığı əməliyyatçılar ona elə də fiziki güc tətbiq etməmiş, bir-iki şillə-təpik vurmuş, daha çox psixoloji təsir göstərmişlər. Şalvarının cibinə bir büküm metamfetamin qoyan polis əməkdaşını tanımır, lakin üzünü görsə tanıya bilər. Polis əməkdaşları onların dediklərini etdiyi halda videoçəkilişdən qırx səkkiz saat sonra onu evə buraxacaqlarını, əks təqdirdə yaşadığı evdən külli miqdarda psixotrop maddə aşkar ediləcəyini demişlər. Bu səbəbdən də, qorxaraq onlarla razılaşmışdır. Şahid4lə dost münasibətində olsalar da, aralarında narkotiklə bağlı söhbət, mobil telefon danışığı və ya mesajlaşma olmamışdır. Ola bilər ki, Şahid ona nəsə yazıb, lakin o, cavablandırmamışdır. Əməliyyatçılar ondan Şahidə zəng edib-etmədiyini soruşmuş, o da cavabında zəng etdiyini bildirmişdir. Sonradan bilmişdir ki, polis əməkdaşları Şahidi yolda tutub şöbəyə aparmışlar. Şahidlə üzləşməsi Şirvan Şəhər Polis X7 Yerində baş tutmuşdur. Yaşadığı küçədə və istilik elektrik stansiyasının yaxınlığında videomüşahidə kameraları olmuş, lakin həmin videogörüntüləri əldə edə bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və psixotrop maddədən istifadə etdiyi üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 4 (dörd) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən istilik elektrik stansiyasının yaxınlığında yerləşən bankomatdan pul çıxarmaq üçün getmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 01 radələrində istilik elektrik stansiyasının yanına çatmış və bankomata yaxınlaşarkən orada yerləşən ağacların yaxınlığında yerdə bir ədəd sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə açıb baxmış və görmüşdür ki, bükümün içərisində psixotrop maddə metamfetamin var. Psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün həmin bükümü əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər və bundan sonra bankomatla işini bitirib kənarlaşıb gedəndə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:10 radələrində bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt onun üzərində psixotrop maddə metamfetamin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və birlikdə Şirvan Şəhər Polis Şöbəsinə getmişlər. Polis şöbəsinin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Ulduzə Əhmədova gəlmiş və sonuncunun iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd plastik kart, bir ədəd texniki baxış şəhadətnaməsi və bir ədəd 1 (bir) manatlıq pul əskinazı, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümdə psixotrop maddə metamfetamin vardır. Polis əməkdaşları ondan həmin psixotrop maddə metamfetaminə bənzər kütləni haradan əldə etməsini soruşduqda, cavab vermişdir ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən istilik elektrik stansiyasının yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən əlavə narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkildikdə 1,6 qram olması müəyyən olunmuşdur. Protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etdikdən sonra yaşadığı evə baxış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bu barədə də protokol tərtib olunmuş, bütün iştirakçılar kimi protokola imza etmişdir. İfadəsində həmçinin göstərmişdir ki, üzərində aşkar edilərək götürülən psixotrop maddə metamfetamin ona məxsusdur. Əvvəllər psixotrop maddə metamfetamini tapdıqda istifadə etmişdir. 17 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində üzərində olan psixotrop maddə metamfetamindən bir büküm tanışı Şahid4 pay olaraq vermişdir. Şahid4 mobil nömrəsi 051 ***-**-** saylı nömrədir. Onun üzərində psixotrop maddə metamfetamin olmasından heç kəsin məlumatı olmamışdır. Psixotrop maddə metamfetamin qəbul etsə də, alqı-satqısı ilə məşğul olmur. Lakin arabir dost-tanışa və Şahidə pay olaraq psixotrop maddə metamfetamin vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Mobil telefondan istifadə edir və istifadəsində 070 ***-**-** saylı mobil nömrədir. Törətdiyi cinayət əməlindən peşmandır (iş vərəqi 209-210). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti müstəntiqin onun ifadəsini doğru yazmaması, ifadələri məcbur edildiyi üçün oxumadan imzalaması, ona qarşı psixoloji təsir göstərilməsi ilə əlaqələndirmişdir. Əlavə olaraq bildirmişdir ki, bədənində müxtəlif ağrılar olduğu üçün metamfetamindən istifadə etmişdir. Metamfetamini pulla tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən on iki ilə yaxın “Socar”da fəhlə işləmiş, daha sonra gül satışı ilə məşğul olmuşdur. Əlilliklə bağlı təqaüd alır. Ümumi olaraq aylıq qazancı 730 (yeddi yüz otuz) manat olmuş, ailəsini həmin pulla saxlamışdır. Polis şöbəsində əvvəlcədən hər şey ssenari üzrə qurulmuşdur. Ona, polislə razılaşmadığı halda yaşadığı evə bir-iki kiloqram çəkidə narkotik vasitə qoyulacağı bildirilmişdir. Saxlanılarkən mobil telefonunu əməliyyatçılar götürmüşlər. Heç kəsə narkotik vasitə və ya psixotrop maddə pay verməmişdir. Müstəntiq ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham veriləcəyini bildirsə də, sonradan həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Qorxduğu üçün heç bir orqana şikayət etməmişdir. Məhkəmədə həqiqəti əks etdirən ifadə verir. Yaşadığı kənddə elektrik stansiyasının qarşısındakı videomüşahidə kameralarından görüntülər əldə olunsa, həqiqət ortaya çıxacaqdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi məlum hadisə ilə əlaqədar tanıyır, onunla hər hansı bir qohumluğu, yaxud ədavət və ya düşmənçiliyi yoxdur. 25 dekabr 2023-cü il tarixdə icraatına Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə edilmiş narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və bu qərarın icrası ilə bağlı Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2, Təhqiqat Bölməsinin təhqiqatçısı Mustafa Əsgərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 01:10 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə getmiş, orada Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmiş və onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə etiraz etsə də, sonradan razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən bir ədəd mobil telefon, sağ yan cibindən bir ədəd büküm və iki ədəd plastik kart çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkildikdə 1,6 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və sonra protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs etirazı olmadan onun yaşadığı ünvana gedərək baxış keçirmişlər. Evdə qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı 2023-cü ilin 23-24 dekabr tarixlərində şəxsən özünə daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs olduğu yer, yəni Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində olduğu, üzərində deyilən miqdarda metamfetamin daşıdığı və kimlərəsə satdığı bildirilmişdir. Raportu şöbə rəhbərliyinə özü təqdim etmişdir. Ola bilsin ki, raportda hər hansı bir texniki səhv getmişdir. Əməliyyat məlumatına əsasən Bəhruzun olduğu yerə getmiş, əməliyyat müşahidəsi təxminən beş dəqiqə davam etmişdir. Həmin vaxt Bəhruz piyada hərəkətdə olmuşdur. Bəhruzu 25 dekabr 2023-cü il tarixdə gecə saatlarında tutub saxlamışlar. Bəhruz əvvəl onlardan yayınmaq istəmiş, amma ona uzaqlaşmağa imkan verməmişlər. Bəhruzun tutulub saxlanması zamanı videoçəkilişdən istifadə olunmamış, həmin vaxt üzərində mobil telefon olmamışdır. Bəhruzu xidməti avtomobillə polis şöbəsinə aparmışlar. Bəhruz özü üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bəhruz onlara üzərində aşkar olunmuş metamfetamini tapdığını, xəstə olduğu üçün şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Əməliyyat məlumatında Bəhruzun metamfetamini hardan əldə etdiyi barədə məlumat olmamışdır. İki ildir ki, Şirvan Şəhər Polis Şöbəsində işləyir, lakin Bəhruzun üzərindən aşkarlanmış metamfetamini güya tapdığını dediyi yerdə bankomat görməmişdir. Satışla bağlı əllərində real fakt olmamışdır. Polis şöbəsində təhqiqatçı Bəhruzdan ərizə götürmüş və gecə saatlarında sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Bəhruzun yaşadığı evdən polis şöbəsinə beş dəqiqəlik məsafə olmuşdur. Bəhruza qarşı fiziki və ya psixoloji təsir göstərilməmiş, o özü hər şeyi könüllü etiraf etmişdir. Şahid4 tanımır, onun barəsində əməliyyat məlumatı daxil olmamış, tutulmasında iştirak etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində tanınaraq dindirilmiş Şahid4 ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, dost olmuşlar, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla 2022-ci ildə 16 saylı Cəzaçəkmə Müəssisəsində tanış olmuş, məhbus tanışı kimi arabir əlaqə saxlayıb, hal-əhval tutmuşlar. Bəhruzdan heç nə götürməmişdir. Bəhruz pay olaraq ona metamfetamin verməmişdir. İbtidai istintaq zamanı müstəntiqə də eyni bu məzmunda ifadə vermişdir. Bəhruzla aralarında pərdə olmuş və narkotiklə bağlı söhbətləri olmamışdır. Öz şəxsi istifadəsi üçün metamfetamin əldə etmişdir. Bəhruz onlayn kazino oyunu oynamış və gül alveri ilə məşğul olmuşdur. Polis şöbəsində Bəhruzun tutularaq şöbəyə gətirilməsini bilmişdir. Həmin vaxt, habelə Bəhruzla cəzaçəkmə müəssisəsində tanış olduğu zaman da onun hansı maddələrlə ittiham olunduğunu bilməmiş, bu onun üçün maraqlı olmamışdır. Bəhruzdan pul müqabilində metamfetamin almamışdır. Polis əməkdaşları onu tutanda üzərində ancaq limon duzu olmuş, metamfetamin olmamışdır. Şəxsi axtarış zamanı üzərində limon duzu aşkar edilmiş, lakin polis əməkdaşları işi elə düzüb-qoşmuşlar ki, ekspert üzərində aşkar edilən limon duzunu metamfetamin kimi qeyd etmişdir. Şirvan Şəhər Polis Şöbəsində polis əməkdaşları təzyiq və təsir göstərmişlər. Bəhruz ona metamfetamin pay verməmiş və özü də ondan metamfetamin istəməmişdir. Tutulmamışdan qabaq Bəhruzla mobil telefonla danışıqları olsa da, sonuncu dəfə onunla mobil telefonla nə vaxt danışdığını xatırlamır, ola bilsin ki, axrıncı dəfə 2023-cü ilin dekabr ayının əvvəllərində danışmışlar. Bəhruzla aralarında heç vaxt narkotik vasitələr və psixotrop maddələrin alış-verişi ilə bağlı söhbət olmamışdır. Bəhruzun narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyini bilməmişdir. 051 ***-**-** saylı mobil nömrə ona məxsusdur. Ona pul göndərməyi ilə bağlı 070 ***-**-** saylı nömrədən mesaj, zəng gəlmişdir və ola bilər ki, həmin nömrə Bəhruza məxsusdur. Bəhruzla arasında olan sms yazışmalarla əlaqədar heç bir fikri yoxdur. Bəhruza xərclik olaraq pul köçürmə aparatı ilə onlayn pul göndərmişdir. Polis şöbəsində etirafedici ifadə verməyinə səbəb polislərin ona qarşı qanunsuz təsirləri olmuşdur. Bəhruz onlayn kazino oyunundan qazandığı puldan ona arabir göndərmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində tanınmış Şahid3 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 24 yaşı var və Bəhruzla ailə həyatı quranda onun narkoman olmasını bilməmişdir. Onlar 2017-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahdan 2018-ci ildə oğlu Mais, 2023-cü ildə isə qızı Aminə dünyaya gəlmişlər. Bəhruz çox qayğıkeş və ailəcanlı biri olmuşdur. Özü Şirvan şəhərində tibb işçisidir. Onlar ailə həyatı quranda Bəhruz narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmişdir. Uzun müddət sonra Bəhruzun etdiyi hərəkətlərdən şübhələnməyə başlamışdır. 2022-ci ilin aprel ayında narkotik istifadə etdiyi üçün Bəhruz ilk dəfə məhkum olunmuş və həmin ilin dekabr ayında azad edilmişdir. Bəhruzu Şirvan şəhərində yerləşən narkoloji dispanserə aparmağa hazırlaşırmışlar. Həmin vaxtdan ailəsi Bəhruzu müalicə etdirmək qərarına gəlmişdir. Bəhruzla aralarında bu barədə ciddi söhbət olmuş, Bəhruz ona artıq pis əməllərindən uzaq duracağına söz vermişdir. İkinci dəfə tutulmamışdan bir neçə ay qabaq onlar evdə olanda Bəhruzun gizlincə bir otağa girərək qapını bağladığını görmüş, tez onun arxasınca gedərək bağlı qapını açmağa çalışmış, Bəhruz qapını açdıqdan sonra onunla mübahisə etmişdir. 23 dekabr 2023-cü il tarixdə, gecə saat 23:00 radələrində evdə olan əri, qayınatası və iki azyaşlı uşağı ilə yatmağa hazırlaşdıqları vaxt qəflətən on nəfərə yaxın polis əməkdaşı icazə almadan evə daxil olmuşlar. Evləri ikimərtəbəlidir. Polislər onların mobil telefonlarını əllərindən almış, yataq otaqlarına belə daxil olmuş, bütün əşyalarını yerə tökmüş, evi başdan ayağa alt-üst etmişlər. Lakin, nə evdən, nə də Bəhruzun üzərindən qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmuşdur. Polislər onun azyaşlı oğlunu belə sorğu-sual etmişlər, daha sonra isə saat 00:30 radələrində Bəhruzu küçədə olan avtomobilə mindirib harasa aparmışlar. Sonradan ona bir nəfər polis əməkdaşı zəng edib Bəhruzun Şirvan Şəhər Polis Şöbəsində olduğunu bildirmişdir. Hadisə vaxtı qorxusundan ağlamış və nə edəcəyini bilməmişdir. Polis əməkdaşları evə daxil olaraq Bəhruzu yataq otağından tutub həyətə düşürmüşlər və Bəhruz həmin vaxt qaçmamışdır. Həmin gecə həyətlərində vəkil olmamışdır. Polis əməkdaşları həm formada, həm də mülki geyimdə olmuşlar. Polislər Bəhruza bildirmişdilər ki, onu Şahid4 adlı tanışına görə tutublar. Bəhruz son iki gün imiş ki, evdən küçəyə çıxmırmış. Hadisə vaxtı qorxduqları üçün heç kəsə şikayət etməmişlər. Polis əməkdaşları heç nə bildirməmiş, sadəcə demişlər ki, sonra onlara bir xəbər verəcəklər. Bəhruz polis şöbəsinə aparılanda küçədə videomüşahidə kameraları olmuş, həmin videokameralara müdaxilə olunub-olunmadığını bilməmişdir. Bəhruzun narkotik vasitə istifadə etdiyini görməmişdir. 2022-ci ildə Bəhruzun birinci məhkumluğu olmuş və həmin ilin aprel ayında azadlığa çıxmış, azadlığa çıxandan sonra ona heç nə deməmiş, hiss etmişdir ki, ondan nəyisə gizlədir. Bəhruz özünə qapanmışdır. Onun hansı narkotikdən istifadə etdiyini bilməmişdir. Bəhruz həbs edilməmişdən bir-iki ay qabaq bilmişdir ki, o, narkotik vasitədən istifadə edir. Bir müddət Şirvan şəhərində atasıgildə qalmış, Bəhruz isə Salyan şəhərində atasının evində yaşamışdır. Bəhruzdan soruşanda ona demişdir ki, narkotikdən istifadə etmir, lakin bir dəfə otağa girib qapını bağlayanda ondan şübhələnmiş, qapını ona açmamış, sonradan ona və ailəsinə narkotikdən istifadə etdiyini bildirmişdir. Çalışmışdır ki, Bəhruzun üzərinə çox getməsin, çünki, sonuncu tez-tez əsəbləşirmiş. Bəhruza demişdir ki, “sən sağalmalısan, övladlarımızı düşün”, Bəhruz da onlara söz vermişdir ki, pis əməllərindən əl çəkəcək və müalicə alacaqdır. Bəhruza ciddi şəkildə bildirmişdir ki, müalicə almasa, ondan boşanacaqdır. Bəhruzun kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satdığını, pay və ya hədiyyə verdiyini görməmiş, nə də eşitməmişdir. Yaşadıqları küçədə və istilik elektrik stansiyasının yaxınlığında videomüşahidə kameraları olmuşdur. Bəhruzun istifadəsində bir mobil telefon olmuş, həmin mobil telefona dəfələrlə daxil olmuş, amma orada şübhəli heç bir şeyə rast gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin 25 dekabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə həmin şöbənin istintaq bölməsinə verilmişdir (iş vərəqi 01). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 25 dekabr 2023-cü il tarixli raportundan görünür ki, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 25 dekabr 2023-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 04-05; 08). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 25 dekabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitəni gəzdirməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 01:10 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında hərəkət edərkən saxlanılaraq polis şöbəsinə aparılmışdır (iş vərəqi 09). Şirvan Şəhər Polis X13 25 dekabr 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 12; 26-27). Şirvan Şəhər Polis X13 25 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, iki ədəd plastik bank kartı, sürücülük vəsiqəsi, avtomobil şəhadətnaməsi və 1 (bir) manatlıq pul əskinası, şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 28; 30-32). Təqsirləndirilən şəxs tərəfindən Şirvan Şəhər Polis Şöbəsinə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, onun Salyan rayonunun Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə müdafiəçisinin iştirakı olmadan baxış keçirilməsinə heç bir etirazı olmamış, habelə vəkilin eyni tarixli ərizəsində hüquqlarını madafiə etdiyi Təqsirləndirilən şəxs fərdi yaşayış evinə onun iştirakı olmadan baxış keçirilməsinə heç bir etirazı olmamışdır (iş vərəqi 37-38). Şirvan Şəhər Polis X13 25 dekabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı heç bir qanunsuz predmet və kütlə aşkar olunmamışdır (iş vərəqi 39-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 18/1138 nömrəli, 25 dekabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,438 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 49-52). Şirvan Şəhər Polis X9 25 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi icraata qəbul edilmişdir (iş vərəqi 55). Şirvan Şəhər Polis X9 26 dekabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 61). Şirvan Şəhər Polis X9 26 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 63-64). Şirvan Şəhər Məhkəməsinin 4(032)-334/2023, 4(032)-73/2024 nömrəli, 26 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla üç ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay da uzadılmışdır (iş vərəqi 82-87; 217-219). Şirvan Şəhər Polis X9 28 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, 01 yanvar 2024-cü il tarixli qəbzlə həmin tarixdə sözügedən mobil telefon onun həyat yoldaşı Şahid3 təhvil verilmişdir dır (iş vərəqi 107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 yanvar 2024-cü il tarixli tələbnaməsi və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 17 aprel 2023cü il tarixdə cəza müddəti başa çatmışdır (iş vərəqi 110-111; 160-163). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Şirvan Şəhər Polis X9 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 1,338 qramı iş üzrə maddi sübut kimi tanınmışdır (iş vərəqi 112). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Salyan Rayon Mərkəzi X14 Şəxsin 15 yanvar 2024-cü il tarixli, 18-1-68/2-90/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən “çətənə” diaqnozu ilə narkoloji qeydiyyatdadır, lakin psixiatr qeydiyyatında deyildir (iş vərəqi 114). Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 5(057)-12/2024 nömrəli qərarından görünür ki, Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir (iş vərəqi 115-117). Şirvan Şəhər Polis X9 07 fevral 2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMCnin AZF/LGL-77/24 nömrəli, 29 yanvar 2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ayrı-ayrı mobil telefon nömrələrinə aşağıdakı məzmunda sms-lər göndərilmişdir:- «Yaxwi el be el yari daw yari ko dedin de 4169 7388 5178 1033»; - «Yaxwi yigacam sen karta vurda pul mende posta catdim qazi goturecek meni burdan»; - «Pox yedim 1.2 defe isvi asirdim o demekdi ki mal dagidiram sikecem o qehbeni»; - «gel dube duz 1ci uz parnik yox ....2ci uz parnik axrinda isiq direyi var onun dibinde çay dawn altinda»; - «nolub fidan danwr deye yiga bilmirem, sene verdim o dawi»; - «5 T getirib ver». Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ayrı-ayrı mobil telefon nömrələrindən aşağıdakı məzmunda sms-lər göndərilmişdir: - «Qaqam pul duzelmedi 1 dene pto 1rde yari 70 manat pul atiram sene hacogludan sen balon cani cekisi duz olsun men pis vezyete qalmiyim qardawim sene qurban olum nolar»; - «Qaqa 08 birin ele 04 birin qurban olum»; - «Qaqa isdad ceki duz olsun tererzi var yanimdakinda balam cani menim payimi ayri qoy»; - «qaqam ele nizamla 03 mene qalsin qurban olum sene menimkin istatma nolar»; - «Yarı kömeyliy etde onda pulu atmaqmı gözirdin 30 manata göre oglanlıq yoldawçlıq dediyin yarnı ver birin 30 manat abeden sora verecem»; - «Yarı daw yarı ko imkan var el be el sade telfonanam»; - «Mən pulu karta vuracam ya gecə yada səhər mənə çeki atannan sora verəcəm ona temanı». SMS mübadilələrinə dair məlumatlar təhlil olunarkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrəsinə «he saiq teli deyiwmiwem nomre silinb qaqa yuk yoxdu qitdiqdi»; Şahid4 istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinə «Bir dənə etibarlı vhaçapla yaz mənə işim var Səninlə təcili», «Qardaş bir tərpəniş elə gedim 50 paçka istiyot 30-40 paçka duz göt», «Qardaş telefonun bağlı idi, Tezdən uşağa de mənimçün bir maşın torpaq harasa qoysun gedib pulunu verib götürüm. Səhər saat 10-11 arası gələcəm İnşallah», «Kartı at mənə pul vrum bir maşın torpağ lazımdır» məzmunlarda sms-lər göndərilmişdir. Bundan başqa mobil telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrəsi arasında ayrı-ayrı vaxtlarda ayrı-ayrı müddətlərdə telefon danışıqları aparılmışdır (iş vərəqi 118-121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X10” X20 28 dekabr 2023-cü il tarixli, 666 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır (iş vərəqi 122-123). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 X15 X11 13 yanvar 2024-cü il tarixli, 181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 124-125). Şirvan Şəhər Polis X9 25 dekabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Şahid4 üzərindən aşkar olunmuş bir ədəd «Samsung» markalı mobil telefonun sensorlu ekranı xüsusi işarə vasitəsilə açılaraq, mobil telefonun «Qalereya» qovluğuna baxış keçirilən zaman çoxsaylı psixotrop maddə olan metamfetamin bükümlərinin, 22 dekabr 2023-cü il tarixdə, saat 03:27-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən terminaldan Təqsirləndirilən şəxs kart hesabına 20 (iyirmi) manat, 12 dekabr 2023-cü il tarixdə, saat 23:48-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən marketdən Təqsirləndirilən şəxs kart hesabına 60 (altmış) manat, 03 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən terminal vastəsilə X***** F***** y***** adlı şəxsin kart hesabına 230 (iki yüz otuz) manat pul göndərilməsi barədə çeklərin şəkilləri görünür (iş vərəqi 154-158). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 3- 16-16/2-18/246 nömrəli, 06 mart 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid4 məxsus olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən olunmuşdur (iş vərəqi 168-170). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-71-12/2-74/2024 nömrəli, 05 mart 2024-cü il tarixli arayışı, eyni tarixli xasiyyətnaməsi, məhkəməyə təqdim olunmuş şəxsiyyət vəsiqələri, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Kərimbəyli kəndində yaşayır, ailə tərkibi valideynləri, arvadı, 22 yanvar 2018-cı il təvəllüdlü oğlu, 24 sentyabr 2023-cü il təvəllüdlü qızından ibarətdir və yaşayış yeri üzrə nümayəndəliyə barəsində şikayət daxil olmamışdır (iş vərəqi 172-173). Şirvan Şəhər Polis X4 Qrupunun 14 mart 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olur, bununla bağlı polis şöbəsinə bir sıra əməliyyat məlumatları daxil olmuş, həmçinin məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Şahid4 psixotrop maddə metamfetamini Bəhruz satmışdır. Bununla belə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs psixotrop maddəni kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 188). Şirvan Şəhər Polis X9 15 mart 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” və “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» haqqında 16 mart 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, ona həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, üzərindən aşkar edilərək götürülümüş 1,438 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 1,288 qram qalığı maddi sübut kimi tanınaraq şöbənin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 189-199; 201). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Rayon Vəkil Bürosunun vəkilləri X12 və X3 hesabatlarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdikləri hüquqi yardım ilə əlaqədar Ulduzə Əhmədova 10 (on), Salman Fərəcov 15 (on beş) iş saatı həcmində vaxt sərf etmişlər. Hşmçinin, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni bədənində ağrıları olduğu üçün psixotrop maddə olan metamfetamindən istifadə etməsi, polis əməkdaşlarının 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı Salyan rayonunun Kərimbəyli kəndində olan fərdi yaşayış evinə qanunsuz daxil olmaları, ona qarşı fiziki güc tətbiq edilməklə evdən Şirvan Şəhər Polis Şöbəsinə aparılması, etiraz etdiyi təqdirdə onun üçün yaxşı olmayacağını, evinə bir-iki kiloqram çəkidə narkotik vasitə qoyulacağını bildirmələri, ailəsini nəzərə alaraq, onlara heç nə olmasın deyə razılaşaraq, birlikdə polisə məxsus avtomobillə şöbəyə getməsi, şöbənin inzibati binasında videoçəkilişdən qabaq əməliyyatçılar tərəfindən əynində olan şalvarının sağ cibinə bir büküm psixotrop maddə metamfetamin qoyulması, təzyiq və təsir altında cibinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu bildirməsinin tələb edilməsi, təhqiqat bölməsində olarkən vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının təkidi ilə məcburiyyət qarşısında onlar tərəfdən üzərinə qoyulmuş psixotrop maddə metamfetamini 2023-cü ilin 24 dekabr tarixindən 25 dekabr tarixinə keçən gecə, saat 01:00 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən istilik elektrik stansiyasının yaxınlığında əkilmiş ağacların yanında yerdən tapdığını bildirməsi, polis əməkdaşlarının ona dediklərini etdiyi halda Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham veriləcəyi və videoçəkilişdən qırx səkkiz saat sonra onu evə buraxacaqları, əks təqdirdə yaşadığı evdən külli miqdarda psixotrop maddə aşkar ediləcəyini demələri, bu səbəbdən qorxaraq onlarla razılaşması, barəsində olan cinayət işində adı hallandırılan Şahid4lə dost münasibətində olsa da, ona narkotik vasitə və ya psixotrop maddə pay olaraq verməməsi, həmçinin satmaması, onunla arasında yalnız iş barədə danışıq və yazışmalar olması, ona psixotrop maddə pay verməsi məzmununda olan ifadəsini psixoloji təsir altında verdiyi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) təqdim etdiyi, üzərində olan psixotrop maddə metamfetamini Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını, hətta həmin metamfetamindən tanışı Şahid4 pay olaraq verməsini bildirmiş, izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməməsi, hər şeyin öz istəyi ilə könüllü olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə barədə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir etirazının olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş vəkilinin hüquqi yardımından imtina etdikdən sonra ona növbəti dəfə təqdim olunan müdafiəçilərin siyahısından seçdiyi digər vəkilinin iştirakı ilə verdiyi ifadəsində də eyniməzmunlu ifadə verməklə əvvəlki ifadələrində dediklərini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti polis şöbəsində əvvəlcədən hər şeyin ssenari üzrə qurulması, polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsir və təzyiq, habelə müstəntiq tərəfindən ifadələrinin doğru yazılmaması, ifadələrini məcbur edildiyi üçün oxumadan imzalaması ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, qorxduğu üçün bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillərlə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs arvadı Şahid3 əri Bəhruzun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsi, bununla əlaqədar bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və azadlığa çıxandan sonra bir daha həmin maddələrdən istifadə etməməsi, belə bir halın şahidi olmaması, yalnız son vaxtlar şübhələndiklərinə görə onu müalicə etdirmək niyyətində olduqları, bunun üçün Şirvan şəhərində yerləşən narkoloji dispanserə aparacaqları gündən əvvəlki gecə polis əməkdaşlarının gecə saat 23 radələrində qəflətən, icazə almadan evlərinə basqın edərək mobil telefonlarını əllərindən alıb yataq otaqlarına belə daxil olmaqla bütün əşyalarını yerə töküb, evi başdan ayağa alt-üst etmələri, baş verənlər barədə sonra məlumat verəcəklərini deyib Bəhruzu tutub apardıqları, Bəhruza onu Şahid4 adlı şəxsə görə tutduqlarını demələri, Bəhruzun kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satdığını, pay və ya hədiyyə verdiyini görmədiyi, bu barədə eşitmədiyi, onun mobil telefonuna baxsa da, orada da şübhəli bir şeyə rast gəlmədiyi; dostluq münasibətində olduğu Şahid4 ona ünvanlanmış suallara Təqsirləndirilən şəxsla dost olsalar da, aralarında pərdə olduğu üçün narkotiklə bağlı söhbətlərinin olmaması, Bəhruzun ona narkotik vasitə və ya psixotrop maddə pay olaraq verməməsi, satmaması, habelə özünün də Bəhruzdan bunları istəməməsi, aralarında olan pulla bağlı danışıqların arabir Bəhruza xərclik kimi pul göndərməsi, sonuncunun da ona onlayn kazino oyunundan qazandığı puldan arada göndərməsi ilə əlaqədar cavablarını, habelə onun cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi eyni məzmunlu ifadələrini yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcə də, onlardan birinin təqsirləndirilənin ailə üzvü, digərinin isə təqsirləndirilənlə dost münasibətdə olmaları, təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş metafetaminin çəkisi psixotrop maddələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Bundan başqa o, özü ibtidai istintaq zamanı dindirilərkən heç bir zorakılığa məruz qalmadığını etiraf etdiyi ifadələrində üzərində olan psixotrop maddədən tanışı Şahid4 pay verdiyini səmimi ifadə etmişdir. Bundan əlavə məhkəmədə tədqiq edilmiş Şirvan Şəhər Polis X9 07 fevral 2024-cü il tarixli protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 070 759- 93-93 mobil nömrəsi üzrə telefon danışıqlarına və sms mübadilələrinə dair məlumatlar təhlil olunarkən həmin nömrədən narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı ayrı-ayrı mobil telefon nömrələrinə, həmçinin Şahid4 məxsus 051 747-29-89 nömrəsinə sms-lər göndərilmiş, sonuncu nömrə ilə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı müddətlərdə telefon danışıqları aparılmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş Şirvan Şəhər Polis X9 25 dekabr 2023-cü il tarixli protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddə pay verdiyini dediyi tanışı Şahid4 məxsus «Samsung» markalı mobil telefonun «Qalereya» qovluğunda çoxsaylı psixotrop maddə olan metamfetamin bükümlərinin, terminaldan Təqsirləndirilən şəxs kart hesabına müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə pul göndərilməsi barədə çeklərin şəkilləri aşkar olunmuşdur. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması, ibtidai istintaq zamanı ifadəsində metafetamindən pay verməsini etiraf etməsi onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, habelə Post Patrul Xidməti Bölüyü polis nəfərinin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 dekabr 2023-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, mobil telefon, habelə mobil telefon nömrələrindən əldə edilmiş sms yazışmaları, fotoşəkillər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, həmin Məcəllənin 65.2-ci maddəsi nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Eyni zamanda onun əməlində cinayətin residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ambulator məcburi-X11 rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, sözügedən rəydə də göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 3, 3.2-ci maddələrindən görünür ki, əlilliyi olan şəxslər məcburi müalicə tətbiq edilməyən şəxslərin sırasına daxildirlər. Beləliklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində (məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarının saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır) nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 1,288 qram qalığı məhv edilməli; onun üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı, habelə içərisində mobil telefon danışıqlarına dair məlumatlar olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı, habelə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 1,288 qram qalığı məhv edilsin; onun üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı, habelə içərisində mobil telefon danışıqlarına dair məlumatlar olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar