Məhkəmə qərarları › İş №1(099)-443/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-443/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-443/2025 21.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Tərtər rayonu Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, məhkum olunmamış, Tərtər rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olan, İmişli şəhəri, Koroğlu küçəsində müvəqqəti yaşayan və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Muğan Regional X10 idarəsinin X10 şöbəsinin inspektoru vəzifəsində işləyən, daxili xidmət leytenantı, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə saat 17:17 radələrində İmişli- Qaradonlu avtomobil yolunun İmişli şəhəri ərazisindən keçən 1-ci kilometrliyində idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C-200” minik markalı avtomobili yolun sağ çiynində hərəkətsiz vəziyyətdə saxlamış, sonra isə hərəkətə başlamazdan əvvəl sola döndərməklə geriyə, yəni İmişli şəhəri istiqamətinə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən təhlükəsiz manever etməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, əks istiqamətli hərəkət zolağını ayıran 1.1 üfiqi nişanlama xəttini kəsib keçməməli, hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili hərəkətə gətirməməli, ondan arxada «İJ-Planeta» markalı motoskletin hərəkətdə olduğu vəziyyətdə avtomobili yolun sağ çiynində dayandığı yerdən hərəkətə başlayaraq sola doğru manever etdirməməli, hərəkət üçün təhlükə yaratmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun tələblərini pozmaqla ondan arxada «İJ- Planeta» markalı motoskletin hərəkətdə olduğu vəziyyətdə idarə etdiyi «Meresedes Benz C200» markalı avtomobili yolun sağ çiynində dayandığı yerdən hərəkətə başlayaraq sola doğru manever etməklə əks istiqamətli hərəkət zolağını ayıran 1.1.üfiqi nişanlama xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxaraq hərəkət üçün təhlükə yaratmış, avtomobilin ön sol hissəsindən özündən sol tərəfdən, yəni İmişli şəhərindən Qaradonlu kəndi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanı olmayan, “İJ-Planeta” markalı motosikletin ön hissəsi ilə toqquşmuş və onun ehtiyyatsızlığı üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticədə iki şəxsin-motosikletdə olan sərnişin X5 3-4-5-6-cı boyun fəqərələrinin cisminin və çıxıntısının yerini dəyişən qapalı, qəlpəli sınıqları, sınıq proyeksiyasında onurğa beyninin əzilməsi və ödemi, onurğa beyininə qansızma, sağ bud və sol said sümüklərinin aşağı 1/3-nin, sağ diz qapağı sümüyünün yerini dəyişən qapalı sınıqları, üst dodağın selikli qişasının yarası, sağ budun aşağı 1/3-nin iç səthində, sol diz qapağının ön səthində, sol ayağın bayır topuq nahiyəsində, sol əlin arxa səthində 3,4,5-ci daraq-falanqa oynağı proyeksiyasında sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, onun onurğanın boyun şöbəsinin qapalı küt travması fonunda boyun fəqərələrinin sınması və onurğa beyninin əzilməsindən hadisə yerində ölümünə, motosikletin sürücüsü X2 isə sol alın-gicgah nahiyəsində şişkinlik və hematoma, sol gicgah nahiyəsində yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sol gicgah sümüyünun yerini dəyişməyən sınığı, sol 7-ci qabırğanın qapalı yerdəyişmiş sınığı, sağ və sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ bud sümüyünün yuxarı 1/3-nin, qasıq və burun sümüyünün qapalı, yerini dəyişən sınığı, alın nahiyəsində ortada, sağda və solda, sağ əlin arxa səthində 2,3-cü daraq sümükləri proyeksiyasında, sağ baldırın yuxarı 1/3-nin ön səthində, sol budun yuxarı 1/3-nin iç səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində yaralar, burun belində, sağ gözün altında bayır bucaq nahiyəsində, sol qaşın qövsü istiqamətində tışda, sağ yanaq nahiyəsində, qarının ön divarında göbək səviyyəsindən aşağıda, sağ əlin arxa səthində 2, 3-cü barmaqların orta falanqası proyeksiyasında, sağ budun yuxarı 1/3-nin iç səthində, sağ diz oynağının on səthində, sağ ayağın bayır və iç topuq nahiyəsində, sağ ayaq pəncəsinin üst səthində 2-ci barmağın 3-cü falanqası proyeksiyasında, sol budun yuxarı 1/3-nin iç səthində, sol ayaq pəncəsinin üst səthində 1-ci daraq sümüyü proyeksiyasında sıyrıqlar, sol budun yuxarı 1/3-nin iç səthində, qarnın ön divarında qasıq nahiyəsində qançırlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq 14 noyabr 2024-cü il tarixdə saat 18:40-da İmişli rayon mərkəzi xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Mercedes Benz C200” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobili idarə etməsi üçün sürücülük vəsiqəsi vardır. O, 15 noyabr 2024-cü il tarixdə saat 17 radələrində İmişli şəhəri Ə.Həmidov küçəsində baş vermiş yanğın hadisəsi ilə bağlı xidməti təhqiqat aparılması üçün hadisə yerinə getmiş və zəruri sənədləşməni apardıqdan sonra idarə etdiyi avtomobillə İmişli şəhəri, 28 May küçəsi ilə İmişli şəhəri istiqamətində hərəkət etmişdir. Mərkəzi yola çatan zaman sol istiqamətə dönüb işlədiyi idarəyə getmək istəmiş, həmin vaxt mərkəzi yolun ortasında bütöv düz xətt olmasını görüb xətti kəsib yol-hərəkəti qaydalarını pozmamaq üçün avtomobili sağa tərəf, yəni İmişli rayonu Otuziki kəndi istiqamətinə döndərmişdir. Bu zaman mobil telefonuna zəng gəldiyi üçün o, avtomobili yolun sağ tərəfinə, digər hissəyə çıxarmış və saxlamışdır. Mühərriki söndürmədən telefonla danışdıqdan sonra sola dönmə işığını yandırıb yolun hərəkət hissəsinə çıxmaq istəmiş, qeyd olunan vaxt maşının sol yan güzgüsündən arxa istiqamətdən nəqliyyat vasitəsinin gəlib-gəlmədiyinə baxmış, arxadan motoskletin gəldiyini görməmiş və yolun boş olduğunu düşünərək yolun hərəkət hissəsinə çıxdıqda onunla eyni hərəkət zolağında hərəkətdə olan motosiklet onun idarə etdiyi avtomobilin ön sol qanad hissəsi ilə toqquşmuş və zərbənin təsirindən onun avtomobilinin ön sol təkəri burulmuşdur. Bu zaman avtomobil yolun sol tərəfinə, yəni əks istiqamətli hərəkət zolağının kənarındakı digər hissəyə keçmişdir. Motosikletin sürücüsü və sürücüsünün arxa tərəfində oturan sərnişin isə yolun sol tərəfindəki digər hissəyə, avtomobildən təxminən on metr kənara düşmüşdür. O, maşından düşüb dərhal onlara yaxınlaşaraq, motosikletin sərnişinin hadisə yerində öldüyünü, sürücünün isə sağ olduğunu görmüşdür. Odur ki, dərhal «103» X16 xidmətinə zəng etmiş və tibbi yardım çağırmışdır. Hadisə yerinə ətrafdan adamlar toplaşmışdır. Az sonra hadisə yerinə X16 avtomobili gəlmişdir. O, hadisə yerində olan şəxslərin köməyi ilə motoskletin sürücüsünü və sərnişini X16 avtomobilinə qoymuş və İmişli rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonra isə hadisə yerinə qayıtmış və iş yoldaşı Şahid1 mobil telefonla hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Vüsal hadisə yerinə gəlmiş və o, Vüsalla birlikdə İmişli Rayon Mərkəzi Xəstəxanasına yaralı olan motosiklet sürücüsünün yanına gəlmişdir. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə və İmişli RMX-ya gəlmişlər. Sonra isə o, polis əməkdaşlarına təslim olmuş və onlarla birlikdə İmişli rayon polis şöbəsinə getmiş, oradan isə sərxoşluğunun müayinəsi üçün onu yenidən xəstəxanaya aparmışlar. Əməlindən peşimandır. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmış və onlara maddi göməklik göstərmişdir. Zərərçəkmiş şəxs X2 hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında göstərdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun atası, X8 isə onun qardaşı olmuşdur. Onlar İmişli rayonu Soltanmuradlı kəndində yaşamışlar. “İJ-Planeta” markalı motosiklet Mübariz İbişova məxsus olmuş, lakin motosikletin dövlət qeydiyyat nişanı olmamışdır. 15 noyabr 2024-cü il tarixdə saat 17 radələrində dayısı Rasif İbişov ona zəng edərək Mübariz İbişovun yol nəqliyyat hadisəsində xəsarət alması barədə məlumat verərək xəstəxanaya gəlməsini demişdir. O, İmişli rayonu Qaradonlu kəndində olduğundan dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-2106” markalı avtomobil ilə İmişli rayon Mərkəzi xəstəxanasına yollanmış və İmişli şəhəri ərazisində Qaz idarəsinin yaxınlığında camaatın toplaşdığını görüb sürücüdən avtomobili saxlamağı tələb etmişdir. Orada o, “Mercedes- Benz” minik markalı avtomobillə Mübariz İbişova məxsus motosikletin toqquşmuş vəziyyətdə olduğunu görmüş, orada olan şəxslərdən motosikletdə olan şəxslərin harada olduğunu soruşduqda, ona xəstəxanaya aparıldıqlarını bildirmişlər. Bundan sonra o, İmişli rayon Mərkəzi xəstəxanasına getmiş və xəstəxanada Kazım İbişovun vəfat etiyini, Mübariz İbişova isə xəstəxanada tibbi yardım göstərildiyini öyrənmişdir. Bir neçə dəqiqə sonra isə ona Mübariz İbişovun da ölməsi barədə məlumat verilmişdir. Onların ailəsinə Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərməklə dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mərhum X6 onun əri, mərhum X8 isə oğlu olmuşdur. Onlar birliklə İmişli rayonu Soltanmuradlı kəndində yaşamışlar. 15 noyabr 2024-cü il tarixdə saat 17 radələrində qardaşı Rasif İbişov ona zəng edərək Mübariz İbişovun yol nəqliyyat hadisəsində xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 zəng edib harada olduğunu soruşmuş, sonuncu xəstəxanaya getdiyini bildirmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Mübariz və Kazım İbişovların ölməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 15 noyabr 2024-cü il tarixdə 17 radələrində X10 şöbəsinin inzibati binasında olarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən “whatsapp” mobil tətbiqi vasitəsi ilə onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, İmişli şəhərindəki Qaz idarəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi törətdiyini və təcili gəlməsini demişdir. O, istifadəsində olan “KİA SERATO” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 2-3 dəqiqəyə hadisə yerinə çatmış və Allahverənin hadisə yerində olduğunu, camaatın oraya toplaşdığını görmüşdür. Həmçinin hadisə yerində Allahverənin idarə etdiyi “Mersedes-Benz C-200” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “İJ-Planeta” markalı motosikletin toqquşduğunu müşahidə etmişdir. Allahverən ona motosikletlə toqquşduğunu, motosikletdəki şəxslərin xəsarət aldığını və X16 avtomobili ilə xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra onlar avtomobil ilə xəstəxanaya getmiş, orada X5 öldüyünü, sürücü X3 isə tibbi yardım göstərildiyi öyrənmişlər. Daha sonra polis əməkdaşları və zərərçəkənlərin yaxınları xəstəxana gəlmiş, onlarla Allahverənin arasında mübahisənin baş verəcəyi ehtimalını nəzərə alaraq sonuncuya xəstəxanadan getməyi təklif etmiş və oradan çıxaraq İmişli rayon polis şöbəsinə gəlmişlər. Şahid2 ifadəsində göstərmişdir ki, İmişli Rayon Polis Şöbəsinin X17i bölməsinin inspektoru vəzifəsində işləyir. 15 noyabr 2024-cü il tarixdə saat 17 radələrində İmişli Rayon Polis Şöbəsinin növbətçi hissəsindən İmişli şəhəri ərazisində qaz idarəsinin yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq yol-patrul xidməti inspektoru Şahid3la birlikdə təxminən 10 dəqiqə ərzində hadisə yerinə çatmışlar. Onlar hadisə yerində “Mersedes-Benz C-200 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzərində dövlət qeydiyyat nişanı olmayan “İJ-Planeta” markalı motosikletin toqquşduğunu görmüşlər. Belə ki, “Mersedes-Benz C-200 minik” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobil asfalt yolda olan düz ağ xətti keçərək əks istiqamətdə olan yola dönmə vəziyyətində, üzərində dövlət qeydiyyat nişanı olmayan “İJ- Planeta” markalı motosiklet isə həmin minik avtomobilinin qabaq sol təkər hissəsinə dəyərək bitişik vəziyyətdə olmuşdur. Orada olan şəxslər minik avtomobilinin sürücüsünün motosikletin sürücüsü və sərnişinini İmişli Rayon Mərkəzi xəstəxanasına apardığını demişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə İmişli-Qaradonlu avtomobil yolunun İmişli şəhəri ərazisindən keçən 1-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C-200” minik markalı avtomobili ilə X2 idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanı olmayan “İJ-Planeta” markalı motosikletin toqquşması nəticəsində baş vermişdir. Hadisənin baş vermiş olduğu yol asfalt-beton olmaqla quru və hamardır. İmişli-Qaradonlu avtomobil yolunun İmişli şəhəri ərazisindən keçən hissəsi baş yoldur. Yolun hərəkət hissədə qarşı-qarşıya ayıran ağ xətt vardır. Toqquşma yol nəqliyyat hadisəsi əks hərəkət zolağında asfalt yolun sol kənarından 0.5 metr məsafədə baş vermişdir. Hadisə yerində əyləc izi aşkar edilməmişdir. "xxxx" MMC-nin 19 noyabr 2024-cü il tarixli, 954 nömrəli zərər aktından görünür ki, 15 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanı olmayan “İJ-Planeta” markalı motosikletə 1165 (bir min yüz altmış beş) manat məbləğində maddi zərər dəymişdir. "xxxx" MMC-nin 19 noyabr 2024-cü il tarixli, 953 nömrəli zərər aktından görünür ki, 15 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C- 200” minik markalı avtomobilə 2910 (iki min doqquz yüz on) manat maddi zərər dəymişdir. Hadisə yerinin yaxınlığında İmişli rayon sakini X4 istifadəsində olan təsərrüfat mallarının mağazasında quraşdırılmış və asfalt yola istiqamətlənmiş təhlükəsizlik kamerasının görüntülərindən görünür ki, kamera mövcud saatdan 1 saat 1 dəqiqə geri qeydiyyat aparır. Videogörüntüyə əsasən xx.xx.2024-ci il tarixdə saat 16:17:55-də Təqsirləndirilən şəxs idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C- 200” minik markalı avtomobili təhlükəsizlik kamerasının görünüş dairəsində olan və hadisənin baş verdiyi ərazidə ilkin olaraq asfalt yolun kənarında saxlayır. Saat 16:17:56dan saat 16:18:06-ya kimi o, avtomobillə asfalt yola çıxaraq sola dönməklə geriyə dönmə manevri etməyə başlayır. Saat 16:18:07-də Təqsirləndirilən şəxs idarə etdiyi **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C-200” minik markalı avtomobillə X2 idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanı olmayan “İJ-Planeta” markalı motosiklet toqquşur. Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki, X2 meyiti üzərində sol alın-gicgah nahiyəsində şişkinlik və hematoma, sol gicgah nahiyəsində yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qışaaltında qansızma, baş beyin toxumasına qansızma, sol gicgah sümüyünün yerini dəyişməyən sınığı, sol 7-ci qabırğanın qapalı yerdəyişmiş sınığı, sağ və sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ bud sümüyünun yuxarı 1/3-nin, qasıq və burun sümüyünün qapalı, yerini dəyişən sınığı, alın nahiyəsində ortada, sağda və solda, sağ əlin arxa səthində 2,3-cü daraq sümükləri proyeksiyasında, sağ baldırın yuxarı 1/3-nin ön səthində, sol budun yuxarı 1/3-nin iç səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində yaralar, burun belində, sağ gözün altında bayır bucaq nahiyəsində, sol qaşın qövsü istiqamətində tışda, sağ yanaq nahiyəsində, qarnın ön divanında göbək səviyyəsindən aşağıda, sağ əlin arxa səthində 2.3-cu barmaqların orta falanqası proyeksiyasında, sağ budun yuxan 1/3-nın iç səthində, sağ diz oynağının ön səthində, sağ ayağın bayır və iç topuq nahiyəsində, sağ ayaq pəncəsinin üst səthində 2-ci barmağın 3-cü falanqası proyeksiyasında, sol budun yuxarı 1/3-nın iç səthində, sol ayaq pəncəsinin üst səthində 1ci daraq sümüyü proyeksiyasında sıyrıqlar, sol budun yuxarı 1/3-nin iç səthində, qarnın ön divarında qasıq nahiyəsində qançırlardan ibarət, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələn bədən xəsarətləri vardır. Onun ölümü xx.xx.2024-cu il tarixdə İmişli MRX-da baş vermiş, ölümünə səbəb başın küt travması nəticəsində sol gicgah sümüyünun yerini dəyişməyən sınığı və baş beyin toxumasına qansızma olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, X5 meyiti üzərində 3-4-5-6-cı boyun fəqərələrinin cisminin və çıxıntısının yerini dəyişən qapalı, qəlpəli sınıqları, sınıq proyeksiyasında onurğa beyninin əzilməsi və ödemi, onurğa beyininə qansızma, sağ bud və sol said sümüklərinin aşağı 1/3-nin, sağ diz qapağı sümüyünün yerini dəyişən qapalı sınıqları, üst dodağın selikli qişasında yara, sağ budun aşağı 1/3-nin iç səthində, sol diz qapağının ön səthində, sol ayağın bayır topuq nahiyəsində, sol əlin arxa səthində 3,4,5-ci daraq-falanga oynağı proyeksiyasında sıyrıqlardan ibarət, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik, xx.xx.2024-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələn bədən xəsarətləri vardır. X5 ölümü xx.xx.2024-cü il tarixdə baş vermiş, ölümünə səbəb onurğanın boyun şöbəsinin qapalı küt travması fonunda boyun fəqərələrinin sınması və nəticədə onurğa beyninin əzilməsi olmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 may 2025-ci il tarixli, 8/954 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C200” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 4135/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtlari, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar va kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 03 avqust 2023-cü il tarixli, 1444/ş nömrəli əmrindən çıxarışdan görünür ki, daxili xidmət leytenantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Muğan Regional X10 idarəsinin X10 şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 təqdim olunmuş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 21 noyabr 2024-cü il tarixli, 243 nömrəli protokoldan görünür ki, 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. 21 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi altında istifadə olunan “XİAOMİ REDMİ NOTE 13 Pro” markalı mobil telefondan 15 noyabr 2024cü il tarixdə 17:16-da “whatsapp” mobil tətbiqi vasitəsi ilə “Vüsal İnspektor FHN İmişli” adı ilə telefon yaddaşına qeyd olunmuş Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə, 15 noyabr 2024-cü il tarixdə saat 17:18-də Təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra “103” X16 xidmətinə zəng edilmiş və danışıq aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İmişli Regional Qİ və TB şöbəsinin 28 noyabr 2024-cü il tarixli, 016-11-k-540 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə “BC” kateqoriyalı, BD-807396 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 728 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanasının 4 dekabr 2024-cü il tarixli, 18-1-46/2- 1246/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 08 yanvar 2025-ci il tarixli, **********123 nömrəli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdiyi ərizəsində isə əlavə olaraq ona dəymiş maddi ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını göstərmiş və məhkəmədən ona cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 08 yanvar 2025-ci il tarixli, **********124 nömrəli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verdiyi ərizəsində isə əlavə olaraq cinayət nəticəsində dəymiş maddə ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsini göstərmiş və məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin olunmamasını xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İmişli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəlidir, uşağı yoxdur, yaşayış yerindən müsbət səciyyələnir. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi X10 Xidməti Muğan regional X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin idarənin X10 şöbəsinin inspektoru vəzifəsində işləyir, həmin vəzifədə işlədiyi müddətdə özünü işinə məsuliyyətli, intizamlı işçi kimi göstərmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs cinayəti törətməsindən sonra könüllü olaraq polis şöbəsinə getməklə təqsirini boynuna almasını CM-nin 59.1.10-cu, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsləri hadisə yerindən xəstəxanaya aparmaqla tibbi yardım göstərilməsini təşkil edərək onların həyat və sağlamlıqlarına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etməsini CM-nin 59.1.11-ci, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 10 il müəyyən edildiyindən, ona təyin olunan cəzanın müddəti 7 il 6 aydan çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varislərinin ondan şikayət və tələblərinin olmamasını, həmçinin şəxsiyyətini-yəni ilk məhkumluğunu, ali təhsilli olmasını və qeyd olunan digər halları nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə, yəni 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 200” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İmişli Rayon Polis Şöbəsinin durağacında yerləşdirilmiş “İJ-Planeta” markalı motoskilet mərhum X2 hüquqi varisi Zərərçəkmiş şəxs1 verilməlidir. Yol-nəqliyyat hadisəsinin vieogörüntüləri barədə bir ədəd DVD-R markalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 150 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 200” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İmişli Rayon Polis Şöbəsinin durağacında yerləşdirilmiş “İJ-Planeta” markalı motoskilet mərhum X2 hüquqi varisi Zərərçəkmiş şəxs1 verilsin. Yol-nəqliyyat hadisəsinin vieogörüntüləri barədə bir ədəd DVD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar