Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-444/2022 26.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6030 qram narkotik vasitə heroini və külli miqdarda - 1730 qram narkotik vasitə tiryəki əldə edib, daşıyaraq ünvan 1-də yerləşən yaşadığı evin həyətindəki yardımçı tikilidə gizlədərək saxlamış, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitə heroinin külli miqdarda-3150 qram hissəsini cinayətkar qrupun digər üzvünə çatdırmaq məqsədi ilə daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 mart 2022-ci il tarixdə saat 03:10 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Çənlibel» kafesinin qarşısındakı yol zolağının qurtaracağını göstərən lövhənin yanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı qeyd edilən külli miqdarda-3150 qram narkotik vasitə heroin bir ədəd sellofan bağlamada olmaqla əynindəki gödəkçənin ön tərəfinin altından aşkar edilərək götürülmüş, habelə ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətindəki yardımçı tikiliyə həmin tarixdə baxış keçirlərkən onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroinin qalan 2880 qram hissəsi ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1170 qram və 710 qram olmaqla 3 (üç) ədəd sellofan bükümdə və 1730 qram narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 860 qram və 870 qram olmaqla 2 (iki) ədəd sellofan bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitələrə görə azadlıqdan məhrum edilmiş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Tutulmasından təxminən iki-üç ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Əvəz adlı şəxslə tanış olmuşdur. İranlı Əvəz ona Azərbaycan Respublikasında olduğunu demişdir. O iranlı Əvəzə narkotik vasitə istifadəçisi olduğunu demişdir. 12 mart 2022-ci il tarixdə Əvəz adlı şəxs onun istifadəsində olan telefona “Vhatsapp” proqramı vasitəsi ilə zəng edərək Bakı şəhəri Yasamal rayonuna gəlməsini, orada ona bağlama verəcəyini, bağlamanın içərisində narkotik vasitə heroin olacağını demişdir. Həmin heroni Yasamalda götürüb başqa şəxsə təhvil verməli olmuşdur. Bunun əvəzində iranlı Əvəz ona 300 manat pul verməli olmuşdur. O, Yasamalda ona deyilən yerdə bir ədəd qırmızı rəngli torbada narkotik vasitəni götürmüşdür. Həmin maddədən özünə vurmuş, keyfiyyəti aşağı olmuşdur. Həmin heroinin 200 qramını üzərində, 500 qramını isə evində saxlamışdır. Onda cəmi 700 qram heroin olmuş, narkotik vasitə tiryək və başqa heroin olmamışdır. 13 mart 2022-ci ildə Cəlilabad şəhərinin girişində olduğu zaman polis işçiləri onu tumuşlar. Polis işçiləri onu Biləsuvar şəhərində tutmamışlar. Həmin vaxt üzərində bir ədəd qırmızı rəngli torbada 200 qram heroin olmuşdur. Ona aid torbada narkotik vasitə tiryək olmamışdır. Polis işçiləri onu polis şöbəsinə aparmaqla üzərində şəxsi axtarış keçirmişlər. Özlərinin təqdim etdiyi torbada olan heroini onun adına yazmışlar. Sonra isə yaşadığı evin həyətində yerləşən tikiliyə baxış keçirilərkən orada faktiki olaraq 500 qram heroin olduğu halda heroinin miqdarını artırmışlar və əlavə olaraq tiryək də qoymuşlar. Polis işçiləri ona təzyiq göstərdiklərinə görə heroinin və tiryəkin tam şəkildə özünə məxsus olmasını etiraf etmişdir. Həm də polis işçiləri ona narkotik vasitənin faktiki təsir miqdarına görə cəza veriləcəyini demişlər. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, iranlı Əvəz içərisində narkotik vasitələr olan bağlamanı Yasamal rayonunda ona dediyi yerdən götürərək Biləsuvar rayonuna aparıb “Çənlibel” kafesinin yaxınlığında hər hansı bir plakatın yanına qoymalı olduğunu və bunun əvəzində ona 300 manat pul vərəcəyini demişdir. 12 mart 2022-ci il tarixdə Əvəz adlı şəxslə telefon əlaqəsi saxlamaqla Yasamal rayonuna getdikdən sonra Əvəz ona telefonun “Vhatsapp” proqramı vasitəsi ilə şəkil ataraq bağlamada narkotik vasitənin çox olduğunu, bağlamanı götürüb aparmasını, ona deyiləndə narkotik vasitənin yarısını Biləsuvar rayonunda deyəcəyi yerə qoymasını, qalan hissəsini isə gizlətməsini, sonra deyəcəyi yerə qomasını demişdir. Əvəz ona telefonun “Vhatsapp” proqramı ilə narkotik vasitələrin olduğu yerin fotoşəklini göndərmişdir. Fotoşəkildə göstərilən yerə gələrək oradan içərisində narkotik vasitələr olan bağlamanı götürmüş və 20 Yanvar metro stansiyasının yanına gəlmişdir. Oradan taksi ilə Cəlilabad şəhərinə gəlmiş, içərisində narkotik vasitələr olan torbanı da özü ilə gətirməklə yaşadığı evin həyətindəki yardımçı tikilidə gizlətmişdir.13 mart 2022-ci il tarixdə saat 23 radələrində Əvəz ona “Vhatsapp” proqramı vasitəsi ilə zəng edərək torbanın içərisidə olan heroinin bir hissəsini Biləsuvar rayonu “Çənlibel” kafesinin yanına aparıb, orada hər hansı bir plakatın yanına qoyaraq evə getməsini və gözləməsini demişdir. Heroinin bir hissəsini torbada özü ilə götürüb tanımadığı taksi ilə Biləsuvara gəlmişdir. Həmin vaxt artıq 14 mart 2022-ci il saat 03 iradələri olmuşdur. Narkotik vasitə olan torbanı əynindəki gödəkçənin altında, qarın nahiyyəsində gizlətmiş və “Çənlibel” kafesinin yaxınlığında narkotik vasitələr olan torbanı qoymaq üçün plakat axtaran zaman polis işçiləri onu saxlamışlar. Polis işçiləri ona narkotik vasitələri əldə edib saxlamaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin altında qarın nahiyyəsində gizlətdiyi, torabada olan heroini çıxarıb təqdim etmişdir. Sonra isə polis işçiləri ilə birlikdə yaşadığı evin həyətinə getmişlər. Evin həyətində yerləşən, ayaqyolu və hamam üçün nəzərdə tutulmuş yarımtikilidə gizlətdiyi heroini və tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bağlama onun iştirakı ilə açılıb yoxlanılmış, içərisində heroin və tiryək olması müəyyən edilmişdir. Həmin maddələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Protokolu imzalamışdır. Təqsirləndirilən şəxs cinayət əməlli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Biləsuvar Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 14 mart 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis mayoru Rövşən Musayev və polis baş leytenantı Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 14 mart 2022-ci il tarixdə saat 03:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirlərinə uyğun olaraq Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən on dəqiqədən sonra Təqsirləndirilən şəxs həmin küçədə yerləşən «Çənlibel» kafesinin qarşı tərəfində piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. İlkinə gəlişlərinin səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin ön tərəfinin altından bir ədəd sellofan bağlamanı çıxarıb stolun üzərinə qoyaraq bildirmişdir ki, həmin sellofan bağlamanın içərisindəki narkotik vasitə heroin vardır, həmin narkotik vasitə heroini Azərbaycan Respublikasında yaşayan İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerdən götürmüş və pul qarşılığında Biləsuvar rayonuna gətirib həmin şəxsin dediyi yerə qoyacaqmış. İlkinin təqdim etdiyi həmin sellofan bağlama açılaraq baxış keçirilən zaman müəyyən edilmişdir ki, sellofanın içərisində tünd-qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə vardır. Həmin narkotik vasitə bükülü ilə birlikdə çəkilərkən 3170 (üç min yüz yetmiş) qram olması müəyyən olunmuşdur. Bundan sonra İlkinin üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin qalan hissəsini yaşadığı Cəlilabad rayonunda yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə gizlətdiyini bildirmişdir. Evinə baxış keçirilməsinə etirazının olmaması barədə İlkin ərizə yazmışdır. İlkinin yaşadığı ünvan 1-də yerləşən evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. İlkinin yaşadığı evin həyətində olan yarımtiklinin otaqlarından birinə baxış keçirilən zaman döşəmənin üzərinə qoyulmuş dəmir lövhənin altından 5 (beş) ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar açılıb baxıldıqda birinci şəffaf rəngli sellofana bükülmüş bağlamanın içərisində tünd-qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu və həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1010 qram olması, ikinci şəffaf rəngli sellofana bükülmüş bağlamanın içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu və həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1185 qram olması, üçüncü şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu və həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 720 (yeddi yüz iyirmi) qram, ümumilikdə isə 2915 qram olması, dördüncü şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olduğu, həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 885 qram olması, beşinci şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olduğu, həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 885 qram maddə olması, ümumilikdə isə çəkisi 1770 qram olması müəyyən olunmuşdur. Bu barədə protokol tərtib edilmiş, həmin protokolla digər iştirakçılar kimi o, da tanış olub imzalamışdır. Şahid2 da məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış keçirilməsi barədə 14 mart 2022-ci il tarixli protokoldan və şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç tərəfinin altından bir ədəd sellofan bağlamanı çıxarıb stolun üzərinə qoyaraq həmin sellofan bağlamanın içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Azərbaycan Respublikasında yaşayan İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerdən götürdüyünü və pul qarşılığında Biləsuvar rayonuna gətirib həmin şəxsin dediyi yerə qoymalı olduğunu bildirmişdir. İlkinin təqdim etdiyi həmin sellofan bağlama açılaraq baxış keçirilən zaman müəyyən edilmişdir ki, sellofanın içərisində tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə vardır. Həmin narkotik vasitə bükülü ilə birlikdə çəkilərkən 3170 qram olması müəyyən olunmuşdur. Evə baxış keçirilməsi barədə 14 mart 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətindəki yardımçı tikilinin otaqlarından birinə baxış keçirilən zaman döşəmənin üzərinə qoyulmuş dəmir lövhənin altından 5 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar açılıb baxıldıqda birinci şəffaf rəngli sellofana bükülmüş bağlamanın içərisində tündqəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1010 qram olmuşdur. İkinci şəffaf rəngli sellofana bükülmüş bağlamanın içərisində tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə müəyyən edilmişdir. Həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1185 qram olmuşdur. Üçüncü şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 720 qram olmuş-ümumilikdə isə 2915 qram olmuşdur. Dördüncü şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tündqəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 885 qram olmuşdur. Beşinci şəffaf rəngli sellofana bükülmüş bağlama açılıb baxıldıqda içərisində tünd-qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Həmin bükülüdə olan maddə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 885 qram-ümumilikdə isə 1770 qram olması müəyyən olunmuşdur. Baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 14 mart 2022-ci il tarixli, 19/328 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi-3150,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 3149,0 qramdır. Həmin ekspertizanın 15 mart 2022-ci il tarixli, 19/338 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1170,0 qram, 710,0 qram-ümumi təmiz çəkisi - 2880,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 02 ədəd ayrı-ayrılıqda təmiz çəkisi:-860,0 qram, 870,0 qram-ümumi təmiz çəkisi-1730,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Həmin miqdarda heroinin tədqiqatdan sonrakı qalığı 2879,85 qram, tiryəkin tədqiqatdan sonrakı qalığı isə 1729,9 qram olmuşdur. Həmin ekspertizanın 14 aprel 2022-ci il tarixli, 19/369 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş heroinlər kimyəvi tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. Məhkəmə-psixiatrik ekspertizasının 27 aprel 2022-ci il tarixli, 1065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. O, ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2022-ci il tarixli, 663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi « 8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında » Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4cü hissəsinə əsasən 6 ay azaldılmış və cəzası başa çatdığından cəzadan azad edilmişdir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Cəlilabad Rayon Gənclər və İdman İdarəsi tərəfindən verilmiş diplomların surətlərindən görünür ki, bir-neçə idman yarışlarının qalibi olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və tiryəki əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-onda yalnız 700 qram narkotik vasitə heroin olması, tiryək olmaması, polis işçiləri tərəfindən saxlanılarkən onda olan torbanı polis işçilərinin dəyişdirməklə yerinə başqa narkotik vasitə olan torba qoymaları, polis işçiləri tərəfindən təzyiqə məruz qaldığından qeyd edilən narkotik vasitələrin özünə məxsusluğunu etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə hesab edir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, məhkəmə baxışı zamanı nümayiş etdirilmiş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs özü sərbəst olaraq üzərində və yaşadığı evin həyətində yerləşən yarımçıq tikilidə saxladığı narkotik vasitələri sərbəst olaraq təqdim edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1729,9 qram narkotik vasitə tiryək, 3149,9 qram və 2879,8 qram çəkilərdə heroin məhv edilməlidır. Ekspertiza xərci 150 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1729,9 qram narkotik vasitə tiryək, 3149,9 qram və 2879,8 qram çəkilərdə heroin məhv edilsin. Ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-444/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-444/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver