Məhkəmə qərarları › İş №1(099)-445/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-445/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-445/2024 07.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1967-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, Q.Əsgərov küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-4857,97 qram (4 kq 857,97 qram) narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparmış və bundan sonra həmin narkotik maddənin satışını realizə etmək üçün qurudulmuş marixuananın 7,97 qram hissəsini iki ədəd kibrit qutusunda qablaşdırıb üzərində saxlayıb daşımış, qurudulmuş marixuananın qalan hissəsini 4850,0 qram olmaqla bir ədəd bağlamada qablaşdırıb yaşadığı evin zirzəmisində gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2024-cü il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, Q.Əsgərov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən iki ədəd kibrit qutusunda 3,77 qram və 4,20 qram olmaqla cəmi 7,97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin zirzəmisindən bir ədəd bağlamada 4850,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan şəhəri, Q. Əsgərov küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. İyirmi ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə” adlanan (marixuana) narkotikdən istifadə etmişdir. Əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2019-cu ildə narkotiklə bağlı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2021-ci ildə cəzasını çəkib qurtarıb evinə qayıtmışdır. Həbsdən qayıtdıqdan sonra iş tapa bilmədiyindən heç bir yerdə işləməmişdir. 17 fevral 2024-cü il tarixdə, günorta saatlarına yaşadığı ərazidə, küçədə (Salyan şəhəri, Q.Əsgərov küçəsində) olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində, həmçinin yaşadığı evdə narkotik maddələr olmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmamış, lakin ona təklif olunmuşdur ki, təqdim etdikləri narkotik maddəni üzərinə götürsün, o da heç bir əsas olmadan sadəcə polislərin təklifi ilə razılaşmışdır. Həmçinin narkotik maddələrin istifadəçisi və uzun müddət həbsdə olmuş şəxs kimi polislər onu tutub polis şöbəsinə gətirib belə təklif etmişlər, o da onlarla razılaşmışdır. Polis şöbəsində ona iki ədəd kibrit qutusunda “nəşə” (marixuana) təqdim edilmiş, o da həmin qutuları cibinə qoymuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan iki ədəd kibrit qutusunu çıxarıb təqdim edib qutuların içərisində “nəşə” (marixuana) olduğunu, yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, evdə özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə evin zirzəmisinə baxış keçirilmiş və zirzəmidə bir ədəd bağlamada “nəşə” (marixuana) aşkar edilmişir. Həmin vaxt o, aşkar olumuş “nəşə”nin (marixuananın) özünə məxsus olduğunu, bir müddət əvvəl yerdən-Kür çayının qırağında tapdığını bildirmişdir. Əslində isə yaşadığı evinin zirzəmisində aşkar olunmuş nəşə” (marixuana) ona məxsus deyil, həmin narkotiki evinin zirzəmisinə kimin gətirib qoymasını bilmir. Polislərin ona qarşı təzyiqləri olmasa da, o, üzərində və yaşadığı evin zirzəmisində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmaması ilə bağlı heç bir yerə şikayət etməmişdir. Üzərində və yaşadığı evinin zirzəmisində aşkar olumuş “nəşə” (marixuana) ilə bağlı tərtib olunmuş sənədlərə özü imza etmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrdən istifadəçisi kimi özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, tutulmamışdan təxminən iki ay əvvəl Salyan şəhərindən keçən Kür çayının sahilində gəzərkən yerdən bir ədəd torbada “nəşə” (marixuana) tapmış, “nəşə” (marixuana) istifadəçisi olduğundan həmin torbanı evinə aparmış və torbanı yaşadığı evin zirzəmisində gizlətmiş, hərdənbir torbadan marixuanadan götürüb özü istifadə etmişdir. 17 fevral 2024cü il tarixdə, saat 15 radələrində yaşadığı Salyan şəhəri, Q.Əsgərov küçəsində olarkən polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki qara rəngli şalvarının cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim edib qutuların içərisində “nəşə” (marixuana) olduğunu bildirmişdir. Təqdim etdiyi kibrit qutuları açılıb baxıldıqda onların hər birinin içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, iki ay əvvəl Kür çayının sahilində yerdən sintetik torbanın içərisində “nəşə” (marixuana) tapdığını, kibrit qutularındakı “nəşə”nin (marixuananın) həmin torbada olan “nəşə”dən (marixuanadan) götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını, həmçinin tapdığı içərisində “nəşə” (marixuana) olan torbanı da yaşadığı evin zirzəmisində gizlətdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən o, yaşadığı evə aparılıb orada özünün və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evə (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə) baxış keçirilmişdir. Baxış zamanı özü yaşadığı evinin zirzəmisində gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd sintetik torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Yaşadığı evinin zirzəmisində aşkar olunub götürülmüş qurudulmuş marixuana özünə məxsus olmaqla ondan əvvəldən kiməsə satmamış və ya verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşlarının ona təqdim edilən narkotik maddəni üzərinə götürməsi təklifi ilə razılaşdığı üçün o, ibtidai istintaq zamanı belə ifadə vermiş, yəni üzərində və yaşadığı evin zirzəmisində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində və yaşadığı evin zirzəmisində aşkar olunmuş narkotik maddə özünə məxsus deyil, həmçinin o, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrin istifadəçisi kimi özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 Füzuli oğlu ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin əməkdaşıdır. 17 fevral 2024-cü il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və saxlaması barədə məlumat daxil olmuş, bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 15 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Salyan şəhəri, Q.Əsgərov küçəsində saxlanılıb ona X2 dövriyyəsində şübhəli olduğu bildirilib Salyan RPŞ-nə aparılmışdır. Polis şöbəsində müstəntiq İlqar İsmayılov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutularının içərisində marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan iki ədəd kibrit qutusunun içərisində aşkar olunmuş marixuananı iki ay əvvəl Kür çayının sahilində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin tapdığı narkotik maddənin bir hissəsini yaşadığı evin zirzəmisində gizlətdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra müstəntiq İlqar İsmayılov tərəfindən vəkilin (müdafiəçinin) və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə) baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisində bir ədəd torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş torbanın içərisində olan kütlənin marixuana olduğunu, iki ay əvvəl Kür çayının sahilində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşlarının 17 fevral 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 17 fevral 2024-cü il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, Q.Əsgərov küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 17 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə və videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd kibrit qutusunun içərisində olan kütlələrin qurudulmuş marixuana olduğunu, iki ay əvvəl bir ədəd bağlamada yerdən tapdığını, tapdığı marixuananın bir hissəsini yaşadığı evin zirzəmisində gəzlətdiyini, iki ədəd kibrit qutusunda aşkar olunun marixuananı isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr müstəntiq tərəfindən elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 17 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən müdafiəçi İlqar Tapdıqov və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Q.Əsgərov 31 ünvanında yerləşən fərdi yaşayş evinə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisində bir ədəd ağ rəngli sintetik kisənin (torbanın) içərisində 2 ədəd bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ..." sözləri və imzaları olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-3,77 qram, 4,20 qram, ümumi çəkisi-7,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ..." sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi-4850,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi 4857,97 qram təşkil edir və ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 4857,67 qramdır. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 21 fevral 2024-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 4857,67 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 14 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı digər şəxslərin barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən və yaşadığı evin zirzəmisindən aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən və yaşadığı evin zirzəmisindən aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokollar, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər (həmin vaxt o, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatı və ifadələri ilə (həmin izahat və ifadələrində o, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 4857,97 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuana əldə etməsi və həmin qurudulmuş marixuananın bir hissəsini iki ədəd kibrit qutulara qablaşdırıb cibində saxlamaqla yaşadığı ərazidə üzərində daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Salyan Rayon Xalq Məhkəməsinin 19 oktyabr 1989-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə əməyə mütləq cəlb olunmaqla azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş, Salyan Rayon Xalq Məhkəməsinin 11 iyul 1994-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CMnin 226-1-ci maddəsinin 1-ci hissəsi və 227-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 06 fevral 1996-cı ildə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, Salyan Rayon Xalq Məhkəməsinin 28 iyul 1998-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 227-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 09 may 2003-cü ildə amnistiya qərarına əsasən cəzadan azad olunmuş, Salyan Rayon Məhkəməsinin 03 iyun 2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 04 fevral 2012-ci ildə cəzasının sonu ilə azad olunmuş, Salyan Rayon Məhkəməsinin 08 may 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 04 avqust 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 26 may 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş və Salyan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 aprel 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Salyan şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 mart 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Q.Əsgərov küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 4857,67 qram (4 kq 857,67 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və narkotik maddənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 4857,67 qram (4 kq 857,67 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar