Məhkəmə qərarları › İş №1(099)-447/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-447/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-447/2023 10.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X8 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxxxx 1987-ci il tarixdə Əli- Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 2-ci dərəcəli əlil olan, subay, məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törəmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,108 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə olan “metamfetamini” istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2023-ci il tarixdə, saat 20:30 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 2,108 qram çəkidə külli miqdar psixotrop maddə olan “metamfetamin” əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanda yaşamışdır. O, narkotik vasitələrdən istifadə edir. Tutulan zaman o, yenicə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Faktla bağlı bildirmişdir ki, 20 yanvar 2023-cü il tarixdə, o Şirvan şəhəri ərazisində olan ”Kapital Bank”ın qarşısındakı bankomatdan pul çıxaran zaman əvvəllər onunla bir yerdə cəzaçəkmə müəssisəsində olmuş tanışı X7 görmüşdür. Dilqəm ona yaxınlaşaraq salamlaşmış və danışmaq üçün mobil telefonu istəmişdir. O, da telefonunu Dilqəmə vermişdir. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq onu Şirvan ŞPŞ-nə gətirmişlər. Həmin vaxt, onun üzərində narkotik vasitə olmamışdır, polis şöbəsində polis əməkdaşları onu döyərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Sonra isə polislər onun üzərinə narkotik vasitə qoymuşlar və şəxsi axtarış zamanı həmin narkotik vasitənin onun olmasını deməyə onu məcbur etmişlər. Polis əməkdaşları ona “əgər sən boynuna almasan evinə narkotik vasitə qoyacağıq və ailə üzvlərini də məsuliyyətə cəlb edəcəyik” demişlər. O, da videoçəkilişlə şəxsi axtarış aparılan zaman məcbur qalaraq narkotik vasitənin onun olmasını bildirmişdir. o, tutulan zaman “Kapital Bank”ın qarşısında olmuş, bankın müşahidə kameralarına da düşmüşdüqr. Bundan əlavə bildirmişdir ki, telefonunun anten məlumatlarına da baxış keçirə bilər. Lakin, ibtidai istintaq zamanı, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddədən əvvələr istifadə etmişdir. Hal-hazırda narkotik vasitə və psixotrop maddə istifadə etmir. 20 yanvar 2023-ci il tarixdə, saat 20 radələrində Şirvan şəhərində yerləşən “Kapital Bank”ın yaxınlığında olmuşdur. Həmin vaxt yaxınlıqda tanışı X7 görmüşdür. Həmin vaxt, Dilqəm Aslanov ondan mobil telefonunu istəmiş, Dilqəmə mobil telefonunu vermişdir. Bir müddət sonra 3 nəfər tanımadığı şəxs ona yaxınlaşmış, həmin şəxsləri görüb qaçmağa başlamış, həmin şəxslər ona bildirmişlər ki, polis əməkdaşlarıdır. Bundan sonra, o dayanmış və polis əməkdaşları onu Şirvan ŞPŞ-yə gətirmişlər. Sonra Şirvan ŞPŞ-də ona bildirmişlər ki, onun üzərinə narkotik vasitə qoyacayıq. O, buna etiraz etmiş, Şirvan ŞPŞ-nin əməkdaşları bundan sonra onu döyməyə başlamışlar. O, tanımadığı polis əməkdaşı 01 ədəd bükümdə psixotrop maddə olan “metamfetamin” ona vermiş və bildirmişlər ki, psixotrop maddəni üzərinə qoysun. Onun üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddənin özünə məxsus olmasını bildirsin. Sonra Polis əməkdaşlarından həmin psixotrop maddəni götürüb əynində olan şalvarının sağ yan cibinə qoymuş, sonra Şirvan ŞPŞ-də təhqiqatçısının otağına getmiş, üzərinə video kamera vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt, şəxsi axtarış zamanı polis əməkdaşlarının ona verdiyi psixotrop maddəni masanın üzərinə qoymuşdur. Həmin bükümdə psixotrop maddə olan “metamfetamin”in olduğunu bildirmişdir. Onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını, həmin psixotrop maddəni Şirvan ŞPŞ-də tanımadığı polis əməkdaşının ona verdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsində polis əməkdaşlarının onu döydüyünü, 01 ədəd bükümdə psixotrop maddə olan “metamfetamini” ona verdiklərini, üzərindən aşkar olunan bükümün ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 20 yanvar 2023-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. Sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin İTB-nin polis nəfəri, polis baş senrjantı Şahid2 Kərəm oğlu və Təhqiqat bölməsinin təhqiqatçısı X5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 20 yanvar 2023-ci il tarixdə, saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev prospektinə getmişlər. Həmin küçədə olarkən saat 20:30-da Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onun üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt, Təqsirləndirilən şəxs da etiraz etməmiş, onlarla birlikdə Şirvan ŞPŞ-nə gəlmişdir. Sonra, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Salman Fərəcov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmişdir. Buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə olan “metamfetamin”in olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində psixotrop vasitə olan “metamfetaminə” bənzər maddə olması müəyyən olunmuşdur. Ona verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi psixotrop maddəni yaşadığı evin yaxınlığından yerdən tapmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olduğunu, sonuncu dəfə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirildiyini, məlumatın təsdiqini tapdığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin X2 polis sahə nəfəri, polis baş serjantı Əmənov X11 Məhərlinin göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan “metamfetaminə” bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2023-ci il tarixli, 18/69 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi- 2,108 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin”dir. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-ci il tarixli, 2179 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs “opioidlər”in qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş, verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “təqsirləndirilən şəxs” qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan “metamfetamini” haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2023-ci il tarixdə, saat 20:30-da Şirvan şəhəri, Heydər Əliyev prospektində, X3 isə 20 yanvar 2023ci il tarixdə, saat 18:45-də Şirvan şəhəri, X12 küçəsində üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli kimi saxlanılaraq Şirvan ŞPŞ-yə gətirildiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 16 fevral 2023-ci il tarixli, 165 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində “Tiryək alkoidlərinin tərkibində saxlayan maddələrədən sui-istifadə edilməsi nəticələnən narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 234.1, 66.2-ci maddələrinə əsasən 4 il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş 03 (üç) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 7(007)-1363 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 03 ay 19 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkuma təyin edilmiş cəza müddəti 17 mart 2023-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 20 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 22 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən psixotrop maddə aşkar olunmadığını göstərmiş, həmin xüsusat istintaq dövründə tərəfimdən vəsatət kimi qəbul edilib özünü müdafiə xarakteri daşıdığından və iş materialları ilə təkzib olunduğundan rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratması məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”in ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi- 2,058 qram olan “metamfetamin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”in ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi- 2,058 qram olan “metamfetamin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X13 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar