Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-448/2023 20.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Hacıqabul rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə küllü miqdarda - 11,307 qram narkotik vasitə heroini əldə edərək əynində olan gödəkçəsinin sağ cibində saxlayaraq daşımış, 25 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evinin yaxınlığında saxlanılaraq Hacıqabul polis şöbəsinə gətirilib, üzərinə axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Nəvahi kəndində usta kimi qonşunun evinin dam örtüyünü düzəltdiyi zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları oraya gələrək qonşusunu tutmuşlar. Eyni zamanda onu da tutaraq rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis işçisi Eldar onun cibinə narkotik vasitə qoymuşdur. Polis işçiləri onu döymüşlər, narkotiki boynuna götürməsini tələb etmişlər. O da təzyiq altında narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan yabanı çətənə bitkilkərindən istifadə etmişdir. Son zamanlar narkotik vasitə herorindən istifadə edir. 25 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən qəbiristanlığa atasının qəbrini ziyarət etməyə getmişdir. Həmin vaxt yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin narkotik vasitənin bir hissəsini hazırlayıb istifadə etmişdir. Qalan hissəsini isə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Həmin gün, yəni 25 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmasına başlamazdan əvvəl narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qış gödəkçəsinin sağ cibində gizlətdiyi 1 ədəd sellofan bükümünü təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində heroin olması məlum olmuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış və başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar olunmuş heroin qablaşdırılaraq götürülmüş və bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Hacıqabul Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə ona Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 18 radələrində cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Hacıqabul rayonu Nəvahi kəndində küçədə olarkən Təqsirləndirilən şəxs görüb saxlamış, üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd-yaşıl rəngli qış gödəkçəsinin sağ cibində gizlətdiyi 1 ədəd sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə heroin qoymamışdır. Təqsirləndirilən şəxs döyməmişlər, ona qarşı heç bir təsirtəzyiq göstərməmişlər. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı göstərdi ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 25 yanvar 2023-cü il tarixli təqrirində və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarından görünür ki, ona Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 25 yanvar 2023-cü il tarixli protokoldan və aparılmış vidogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd- yaşıl rəngli qış gödəkçəsinin sağ cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik maddəni 25 yanvar 2023-cü il tarixdə Nəvahi kəndi ərazisində qəbirstanlıqdan tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 18-88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd polietilen bükümdə təmiz çəkisi 11,307 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli, 1076 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Hacıqabul rayonu Nəvahi kənd İnzibati ərazi vahidi üzrə nümayəndəlik tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 11,307 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə ilkin sənədlərlə və məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokollardan və protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin maddəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Təqsirləndirilən şəxs özünün məhz opioidlərin qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəsi olması, onda aşkar olunan heroinin miqdarı, bir ədəd bükümdə olmaqla xırda bükümlərə ayrılmaması da onun həmin maddəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun həmin maddələri satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə üzərində bir ədəd bükümdə aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun narkomaniya xəstəsi olmaqla həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə Azərbaycan Respublikasının medalları ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 11,257 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 11,257 qram narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-448/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-448/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver