Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-448/2024 27.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Saatlı rayonu Məmmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Məmmədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq özünə məxsus olan, anası X3 adına rəsmiləşdirilmiş VAZ 21063 Minik markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək Məmmədabad-Əliabad avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndindən keçən 4-cü km-də yaşadığı Məmmədabad kəndi istiqamətində hərəkətdə olduğu zaman avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qanunun həmin tələbinə zidd olaraq onunla eyni istiqamətdə hərəkətdə olan traktoru ötüb öz hərəkət zolağına qayıtmaq istəyərkən avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməklə dayanıqlı hərəkəti təmin edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyib idarəetməni itirmiş və avtomobil hərəkət hissəsindən sağ tərəfə çıxaraq mağazanın divarına dəymiş, bununla da ehtiyyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə qabaq oturacaqda əyləmiş anası X3 həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vuran-ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması ilə müşayiət olunan qabırğaların ikitərəfli çoxsaylı sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ çiyin nahiyəsinin dərialtı hematoması, qarın nahiyəsinin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı, alın və hər iki təpə nahiyələrinin kəsilmə xarakterli yarası xəsarətləri alaraq 01 noyabr 2023-cü il tarixdə ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Məmmədabad kəndində mərhum anası Aybəniz Astanova, atası, 1-ci dərəcəli əlil olan Elşad Astanov, arvadı Nübar Astanova və 1 azyaşlı övladı ilə birlikdə yaşamışdır. Özünə məxsus, anasının adına rəsmiləşdirilmiş VAZ 21063 Minik markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun sürücülük vəsiqəsi vardır. 24 oktyabr 2023-cü il tarixdə anası Aybənizlə birlikdə idarə etdiyi VAZ 21063 Minik markalı avtomobil ilə Saatlı rayonu Sarıcalar kəndində yerləşən “Komfort” şadlıq sarayına həmkəndlisi Rəşadın qızının toyuna getmişlər. Toyda olarkən o, kənd sakinləri ilə birlikdə spirtli içki qəbul etmişdir. Həmin gün saat 22 radələrində anası Aybəniz ilə birlikdə onun sürdüyü “VAZ 2106” markalı avtomobil ilə şadlıq sarayından evlərinə yollanmışlar. Saatlı rayonu Qara Nuru kəndinin içərisindən keçən avtomobil yolunda təxminən 70 km/saat sürətilə hərəkətdə olarkən onunla eyni zolaqa yaşadığı Məmmədabad kəndi istiqamətində qoşqulu traktorun hərəkətdə olduğunu görmüşdür. O, idarə etdiyi VAZ 21063 Minik markalı avtomobil ilə traktorun yan tərəfindən ötərək öz hərəkət zolağına qayıdarkən idarə etdiyi avtomobilin qabaq sağ təkəri asfaltın kənarındakı ara küçəyə ayrılan digər asfalt yolun kənarına dəymişdir. Zərbənin təsirindən idarə etdiyi avtomobil sağa-sola tərəf hərəkət etməyə başlamış və o, idarəetməni itirmişdir. İdarəetməni itirdiyindən avtomobili sağ tərəfə doğru hərəkət etməyə başlamış və yolun kənarındakı mağazaya tərəf istiqamətlənmişdir. Həmin vaxt hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq tərəfi mağazaya dəyərək fıralanaraq dayanmışdır. Bu zaman anası Aybənizin başı avtomobilin qabaq tərəfinə dəymiş və xəsarət almışdır. O, özündə olmadığından sonra olanların heç birindən xəbəri olmamışdır. Sonradan anası Aybənizi müalicə etmək məqsədilə xəstəxanalara aparsalar da, anası aldığı xəsarətlərdən vəfat etmişdir. X11 1-ci qrup əlil olduğundan anasının ölümündən sonra atasına o qulluq edir. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli ozünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə təsdiq olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 məhkəmə istintaqında göstərdi ki, oğlu Təqsirləndirilən şəxs məxsus VAZ 21063 minik markalı avtomobil mərhum arvadı Aybəniz Astanovanın adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili etibarnamə əsasında idarə etməklə ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Özü isə 1-ci dərəcəli əlildir. 24 oktyabr 2023-cü il tarixdə oğlu Emil idarə etdiyi həmin avtomobil ilə anası Aybənizlə birlikdə Saatlı rayonu Sarıcalar kəndində yerləşən “Komfort” şadlıq sarayına həmkəndliləri Rəşadın qızının toyuna getmişlər. Həmin gün Emil və anası toydan qayıdarkən yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində ansı Aybəniz xəsarət alaraq ölmüşdür. Arvadının ölümündən sonra oğlu Emil ona qulluq göstərir. Ona görə də oğlu Emilə cəza təyin olunarkən məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Oğlu Emil ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Saatlı rayonu Qara Nuru kəndində özünə məxsus mağazası vardır. Yaşadığı ev həmin mağazının yaxınlığında yerləşir. 24 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Saat 22 radələrində evdə olduğu zaman küçədə səs eşitmişdir. Küçəyə çıxdıqda VAZ 21063 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin ona məxsus mağazasının divarına dəydiyini, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomaşında sərnişin qismində olan anası Aybənizin xəsarət aldıqlarını görmüşdür. Bir qədər sonra oraya təcili tibbi yardım avtomobili gələrək onların hər ikisini Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X5 aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. Hadisə nəticəsində ona məxsus mağazanın divarına az miqdarda ziyan dəysə də, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 oktyabr 2023-cü il tarixdə saat 22:52 radələrində rayon polis şöbəsindən Saatlı rayonu Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs və X3 avtoqəza nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olmaları barədə ona məlumat verilmişdir. O digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getdikdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil ilə Saatlı rayonu Qara Nuru kəndinin içərisindən keçən avtomobil yolu ilə yaşadığı kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın divarına dəyməsi nəticəsində sərnişin X1-beyin travması xəsarətləri alması məlum olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Saatlı rayonu Qara Nuru kəndinin içərisindən keçən avtomobil yolunda baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil hadisədən sonra yolun kənarındakı mağazanın qarşısında dayanmış vəziyyətdə olmuşdur. 24 oktyabr 2023-cü il tarixli, 189 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini protokolu”ndan görünür ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. Yol-nəqliyyat hadisələri ekspertinin 24 yanvar 2024-cü il tarixli, 8/87 nömrəli rəyində göstərilmişdir ki, hadisənin baş vermə şəraitində VAZ 21063 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun. Lakin istintaq tərəfindən qərarda göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21063” markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi, idarəetməni itirməsi və avtomobilin hərəkət hissəsindən sağ tərəfə çıxaraq mağazanın divarına vurması faktları onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də VAZ 21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertin 01 noyabr 2023-cü il tarixli, 112/MEŞ nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X3 ölümünün bilavasitə səbəbi döş qəfəsinin ağır küt travması ilə əlaqədar qabırğaların ikitərəfli çoxsaylı sınıqları, ağciyərlərin əzilməsi və cırılması, ikitərəfli hemotoraks, posttravmatik dövrdə inkişaf edən ağciyərlərin ocaqlı pnevmoniyası və aşağı paylarının atelektazı nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. X3 ölümü xx.xx.2023-cü il tarixdə saat 03:00-də X10 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X3 meyitində aşkar edilmiş xəsarətlər ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması ilə müşayiət olunan qabırğaların ikitərəfli çoxsaylı sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ çiyin nahiyəsinin dərialtı hematoması, qarın nahiyəsinin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, alın və hər iki təpə nahiyələrinin kəsilmə xarakterli yarası kəsici kənara malik əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə verilmiş AE seriyalı, 824789 nömrəli sürücülük vəsiqəsinin kserosurətindən və həmin nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə ilə müəyyən edilmişdir ki, onun VAZ 21063 Minik markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin də aid olduğu “B” və “C” kateqoriyasına aid edilən avtomobilləri idarə etmək hüququ vardır və o, hadisə zamanı anası Aybəniz Astanovaya məxsus həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin 29 yanvar 2024-cü il tarixli, 11-1/2-104/2024 saylı məktubunda göstərilmişdir ki, Y-49-01 (14 km, Qara Nuru)- Məmmədabad-Əliabad avtomobil yolunun 4-cü km hissəsində avtonəqliyyat vasitələrinin maksimum sürəti 60 km/saatdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2022-ci il tarixdə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. İşdə olan sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 1-ci dərəcəli əlildir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu halında olduğu halda nəqliyyat vasitəsini idarə etməklə yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan öz doğma anası X3 ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, hadisə nəticəsində öz doğma anasının ölməsini və 1-ci dərəcəli əlil X11un onun himayəsində olmasını isə CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CMnin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-in 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, həmin maddənini tələbinə əsasən şəxsin əməlində CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş dahi ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi səkkiz il müəyyən edildiyindən ona təyin olunan cəzanın müddəti altı ildən çox ola bilməz. Bundan əlavə məhkəmə Emil Aslanovun şəxsiyyətini, yəni ilk məhkumluğunu, ehtiyyatsızlığı üzündən törtmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində onun doğma anasının ölməsini, onunla bir ailədə yaşayan 1-ci dərəcəli əlil X11un onun köməyinə möhtac qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə, yəni beş il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-448/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-448/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver