Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-449/2022 01.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 13,019 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda - 10,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamışdır. 09 mart 2022-ci il tarixdə saat 16:35-də Şirvan Şəhər Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə 13,019 qram narkotik vasitə heroin və 10,308 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Lakin 09 mart 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Eyni zamanda polis işçiləri onu küçədə yaşadığı evin yaxınlığında saxlamamışlar. O, həmin gün saat 15-16 radələrində yaşadığı evdə yatdığı zaman polis işçiləri evə gələrək onu evdən aparmışlar. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin üzərinə polis işçiləri tərəfindən qoyulmuşdur. Polis işçiləri ona işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyini vəd etmişlər. Ona görə də videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman göstərilən miqdarda heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Əslində isə onun üzərində heroin və metamfetamin olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, arabir narkotik vasitələrdən istifadə edir. 09 mart 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri ərazisində “Salyan dairəsi” adlanan yerdən çıxıb yaşadığı evə gedən zaman yolun kənarında iki ədəd bükümdə heroin və metamfetamin tapmışdır. Həmin maddələri İstifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat təxminən 16 radələrində yaşadığı Şirvan şəhəri, 1 May küçəsində olan zaman polis əməkdaşları onu saxlamış, üzərində nakrotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Şirvan Şəhər Polis Şöbəsində şübhəli şəxs kimi tutulmuş və dəvət olunmuş vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan şalvarının sağ yan cibindən iki ədəd yerdən tapdığı bükümləri çıxarıb təqdim etmiş və içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində heroin və metamfetamin olması müəyyən olunmuşdur. Polis əməkdaşları ondan həmin heroini və metamfetamini haradan əldə etdiyini soruşduqda yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Polis işçiləri tərəfindən ona qarşı hər hansı təsir-təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs Tovətin Səfərovun cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sybuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə Şirvan şəhəri, 1 May küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması, daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, həmin idarənin əməliyyat müvəkkili Şahid3 və Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 iştirakları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirməklə həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar. Ona üzərində narkotik vasiitələr saxlamaqda şübhəli olduğu bildirilməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilməklə üzərində videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılması zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içərisinə baxıldıqda birində heroinə bənzər, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa narkotik vasitə və ya psixotrop madd aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri Şirvan şəhərində «Köhnə şəhər» adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir Tofətdin Səfərova qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Ona CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyini söz verməmişlər. Təqsirləndirilən şəxs üzərinə heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi yalandır. Məhkəmədə şahid kimi dindirilən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 da Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2022-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə-ekspertizasının 10 mart 2022-ci il tarixli, 18/294 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 13,019 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 10,308 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 2240 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tədbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və azad edilmişdir. Ailə tərkibi haqqında 18 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində sahə inzibati ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədiqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi - 09 mart 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddənin olmaması, həmin maddələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin ona CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyini vəd etdiklərinə görə vidoçəkilişdən istifadə olunaraq üzərində şəxs axtarış aparılması zamanı heroinin və metamfetaminin özünə məxsus olmasını göstərməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektif ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyiəndən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 12,969 qram narkotik vasitə heroin və 10,258 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 12,969 qram narkotik vasitə heroin və 10,258 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-449/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-449/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver