Məhkəmə qərarları › İş №1(099)-449/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-449/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-449/2023 22.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci ildə Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-91,214 qram narkotik vasitə heroini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayırıb 2,900 qram, 3,009 qram, 4,168 qram, 3,342 qram, 3,013 qram, 2,844 qram, 2,942 qram, 3,138 qram, 3,040 qram, 2,862 qram, 3,477 qram, 2,986 qram, 2,987 qram, 2,921 qram, 2,915 qram, 2,906 qram, 3,100 qram, 3,062 qram, 2,847 qram, 2,952 qram, 3,139 qram, 3,120 qram, 2,806 qram, 2,855 qram, 2,898 qram, 2,914 qram, 3,227 qram, 2,911 qram, 2,996 qram və 2,937 qram olmaqla 30 ədəd kağız kəsiyi bükümlərə qablaşdırııb və bu bükümləri pul qabının içərisində olmaqla üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 25 yanvar 2023-cü il tarixdə, saat 22:50 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Nəvahı kəndində küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki qış gödəkcəsinin cibindən bir ədəd pul qabının içərisində, 30 ədəd kağız bükümdə ayrı-ayrılıqda 2,900 qram, 3,009 qram, 4,168 qram, 3,342 qram, 3,013 qram, 2,844 qram, 2,942 qram, 3,138 qram, 3,040 qram, 2,862 qram, 3,477 qram, 2,986 qram, 2,987 qram, 2,921 qram, 2,915 qram, 2,906 qram, 3,100 qram, 3,062 qram, 2,847 qram, 2,952 qram, 3,139 qram, 3,120 qram, 2,806 qram, 2,855 qram, 2,898 qram, 2,914 qram, 3,227qram, 2,911 qram, 2,996 qram və 2,937 qram olmaqla cəmi, külli miqdarda-91,214 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik vaitələrdən istifadə etməyə başlamış, tutulmamışdan əvvəl son 2 ay müddətində heroindən istifadə etmişdir. 25 yanvar 2023-cü il tarixdə, gecə saat 21-22 radələrində Hacıqabul rayonunun Nəvahı kəndində yaşayan dostugilə getmək üçün bir nəfər tanışı ilə birlikdə maşınla Nəvahı kəndinə getmişdir. Nəvahı kəndinə çatıb maşından düşüb təxminən 10 metr getmiş, elə həmin vaxt bir neçə polis əməkdaşı onu tutub rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində tanımadığı polis əməkdaşları qarşısına içərisində narkotik maddələr olan bükümləri qoyub üzərinə götürməsini tələb etmiş, əks təqdirdə evindən daha çox, 1 kq narkotik maddə çıxacağını bildirmişlər. Dediyi formada polislərin ona qarşı təzyiqləri olduğu üçün o, polis əməkdaşları ilə razılaşıb həmin narkotik maddənin özünə məxsus olmasını deməyə razılaşmışdır. Sonra polis əməkdaşları heroin bükümlərini pul qabının içərisinə qoyub ona vermiş, o da həmin pul qabını əynindəki gödəkcənin cibinə qoymuşdur. Bundan sonra vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki gödəkcənin cibində olan pul qabını çıxarıb təqdim edib içərisində heroin bükümləri olduğunu bildirmişdir. Təqdim etdiyi pul qabının içərisindən 30 ədəd bükümlər və həmin bükümlərin də içərisindən heroin kütlələri aşkar olunmuşdur. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, həmin heroini pul qabı ilə birlikdə yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin kütlələri ona məxsus deyil, həmin heroini cibinə polis əməkdaşları qoymuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbni bilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, əvvəllər narkotik maddə olan marixuanadan, son vaxtlar isə herorindən istifadə etmişdir. 25 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndində yaşayan bacısıgildən piyada yaşadığı evə qayıdan zaman yerdən bir ədəd pul kisəsi tapmış, həmin pul kisəsinin içərisində heroin bükümləri olmuşdur. Həmin bükümlərdən birini istifadə etmiş, qalanlarını istifadə etməsi üçün cibinə qoymuşdur. Həmin gün saat 23 radələrində Nəvahı kəndində dayanıb siqaret çəkərkən Hacıqabul RPŞ-nin polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki qış gödəkcəsinin sağ cibində gizlətdiyi bir ədəd qara rəngli pul qabını çıxarıb təqdim edib içərisində olan bükümlərdə heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən pul qabının içərisində aşkar olunmuş heroin bükümləri qablaşdırılıb götürülmüşdür. Üzərindən aşkar edilmiş heroin ona məxsusdur və həmin heroini yerdən tapmışdır. O, narkotik maddə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Hacıqabul RPŞ-də ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini cibinə polis əməkdaşlarıl qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması və Hacıqabul rayonunun Nəvahı kəndində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 22 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahı kəndində yolda (küçədə) saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Tural Namazov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd pul qabını çıxarıb təqdim edib pul qabının içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içərisində 30 ədəd xırda kağız bükümlər və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin kütlələrini pul qabı ilə birlikdə yerdən tapdığını və heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 25 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 25 yanvar 2023-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Nəvahı kəndində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 25 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən müdafiəçi Salman Fərəcovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkcəsinin cibindən bir ədəb pul qabını çıxarıb təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Təqdim olunun pul qabında 30 ədəd kağız bükümlər və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini Nəvahı kəndininin ərazisində yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 30 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,900 qram, 3,009 qram, 4,168 qram, 3,342 qram, 3,013 qram, 2,844 qram, 2,942 qram, 3,138 qram, 3,040 qram, 2,862 qram, 3,477 qram,2,986 qram, 2,987 qram, 2,921 qram, 2,915 qram, 2,906 qram, 3,100 qram, 3,062 qram, 2,847 qram, 2,952 qram,3,139 qram, 3,120 qram, 2,806qram, 2,855 qram, 2,898 qram, 2,914 qram, 3,227 qram, 2,911qram, 2,996 qram, 2,937 qram olmaqla ümumi təmiz çəkisi 91,214 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 90,714 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 90,714 qram heroin maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, üzərində aşkar olunmuş heroini şəxsi istifadçsi üçün üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroinin üzərinə polis əməkdaşları tərəfindən üzərinə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar (30 ədəd xırda bükümlər), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroin kütlələrinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində aşkar olunmuş heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 91,214 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə edib bu maddəni çəkilib ayrıayrı hissələrə bölüb çoxsaylı (30 ədəd) xırda bükümlərə qablaşdırıb həmin bükümləri üzərində saxlamaqla yaşıdığı ərazidən bilavasitə kənarda daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 07 may 2010-cu ildə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 16 fevral 2007-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Hacıqabul rayon Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən və başqa) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 90,714 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 90,714 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar