Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-45/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Füzuli rayonu, Qərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin Füzuli rayon filialında sosial işçi işləyən, məhkumluğu olmayan, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatında olmaqla hazırda Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi, 93 nömrəli evdə yaşayan, barəsində ”Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq əldə etdiyi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində qanunsuz olaraq saxlayıb daşıyarkən, 02 may 2022-ci il tarixdə, saat 23 radələrində Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsi ərazisində sərnişin kimi mindiyi cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi “Khazar SD minik” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomaşında saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada onun üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarışı aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 11,071 qram, 0,764 qram, ümumi çəkisi 11,835 qram olan narkotik vasitə heroin, həmçinin, 03 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkisi 4.799 qram, 1,687 qram və 0,238 qram, ümumi təmiz çəkisi 6,724 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 03 may 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq saat təxminən 14 radələrində Mücəllətin idarə etdiyi “Khazar SD minik” markalı avtomobili ilə Bakı şəhərinə getmişdir. Avtomobildə Səxavət adlı bir nəfər də olmuşdur. O yol haqqı olaraq Mücəllətin avtomaşınına 30 manatlıq benzin almışdır. Onlar təxminən saat 18 radələrində Bakı şəhərinə çatmış, Mücəllət onları 20 Yanvar metrostansiyasının yanında düşürmüşdür. O, 20 Yanvar metrostansiyasında alver edən bir qohumu ilə görüşüb onunla bir qədər söhbət etmiş, sonra metronun Neftçilər stansiyasının yaxınlığında yaşayan qohumunun evində gecələmək üçün metroya minmişdir. Metrodan çıxıb qohumunun yaşadığı yataqxanaya çatan zaman zibil yeşiklərinin yanında, yerdə bir ədəd “Vinston” markalı, siqaret qutusunu görmüş və onu yerdən götürüb baxarkən içərisində 2 ədəd bükümlərdə kakos (heroin), 3 ədəd bükümlərdə şüşə (metafetamin) olduğunu görüb öz istifadəsi üçün cibinə qoymuşdur. Sonra da qohumugilə getməyib, rayona qayıtmaq qərarına gəlmiş və Mücəllətə zəng edərək rayona qayıtmaq istədiyini və onu Neftçilər metrosunun yanından götürmələrini demiş, Mücəllət də Səxavətlə birlikdə gəlib onu olduğu yerdən götürmüşlər. Onlar Bakı şəhərindən təxminən saat 20 radələrində çıxmış və saat 23 radələrində Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsinə çatmışlar. Yolda olarkən polis əməkdaşları onları saxlayıb, Füzuli Rayon Polis şöbəsinə aparmışlar. Orada onun üzərində axtarış aparılmış və Bakı şəhərində tapdığı “Vinston” siqaret qutusunda olan maddələr aşkar olunaraq ondan götürülmüşdür. Sonra da bu barədə protokol tərtib edilmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, ondan aşkar edilib götürülmüş maddələri tapmışdır. İstintaq vaxtı həmin maddələri Bakı şəhərindən tanımadığı şəxsə 450 manat verməklə alması barədə verdiyi ifadəsini təsdiq etmir. Həmin maddələri öz istifadəsi üçün üzərində saxlamışdır. Onları kiməsə satmaq fikri olmamışdır. Onun kartına ayrı-ayrı şəxslərin pul köçürmələrini onunla izah edir ki, həmin şəxslər ona borclu olduqları borclarını ona qaytarmışlar. Etdiyi əməldən peşmandır. O vərəm xəstəsidir. Himayəsində 1 nəfər azyaşlı uşağı vardır. Arvadı hamilədir. Ailədə yeganə qazanc gətirəndir. Xahiş edir ki, əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edib ona həbslə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs X12 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində o 03 may 2022-ci il tarixdə, saat 23 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə metamfetaminə və iki ədəd bükümdə heroinə oxşar kütlələr aşkar edilərək götürüldüyünü, narkotik vasitə qəbul etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni həmin gün Bakı şəhərindən 450 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Məhkəmədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o idarə etdiyi “Khazar SD” markalı ** PX *** nömrəli avtomaşınla Füzuli rayonundan Bakı şəhərinə sərnişin daşımaqla məşqul olur. 3 may 2022-ci il tarixdə saat təxminən 14 radələrində əvvəlcə Səxavəti , sonra da Füzuli rayonu, Fin qəsəbəsinin kənarındakı dayanacaqdan İlkini avtomaşına götürüb Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat təxminən 18 radələrində Bakı şəhərinə çatmışlar. 20 Yanvar metrosunun yanında onlar avtomaşından düşmüşlər. Səxavət ona 20 manat yol pulu vermiş və o, 3-cü mikrorayon dairəsində rayona qayıtmaq üçün sərnişin gözləyərkən təxminən 2 saat sonra Səxavət həmin yerə gələrək rayona qayıtmaq istədiyini demiş, o da bir azdan gedəcəyini demişdir.Bir qədər sonra İlkin də ona zəng edib rayona qayıtmaq istədiyini və onu “Neftçilər” metrosunun yanından götürməsini bildirdiyindən o Səxavətlə birlikdə İlkinin dediyi yerə gedib, onu avtomobilinə götürərək, Füzuli rayonuna yola düşmüşlər. Saat təxminən 23 radələrində Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsinə çatmışlar. Orada polis əməkdaşları onları saxlayıb Füzuli rayonunun Polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərində axtarış və avtomobilinə baxış keçirilmişdir.Onun üzərində və avtomaşınında hər hansı bir narkotik vasitə aşkar olunmamışdır.Həmin vaxt İlkinin üzərində axtarış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur.Onlar saxlanılana kimi Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən və üzərində narkotik vasitənin olmasından onun məlumatı olmamışdır. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməıklə oxşar məzmunlu ifadə verdi. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Füzuli Rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2 may 2022-ci il tarixdə Bakı şəhərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirəcəyi və satacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. 03 may 2022-ci il tarixdə, saat 23 radələrində Hacıqabul-Mincivan avtomobil yolu ilə Mincivan istiqamətində hərəkətdə olan Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Şahid1 idarə etdiyi “Khazar SD” markalı ** PX *** dövlət nömrə nişanlı avtomobil saxlanılmış, avtomobildə sərnişin kimi əyləşmiş Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Şahid2 və Füzuli rayonu, Fin qəsəbə sakini Təqsirləndirilən şəxs da olduğu müəyyən olunmuşdur.Həmin şəxslər Füzuli rayon Polis şöbəsinə gətirilərək, Şahid1 və Şahid2 üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılmış, onlarda hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarışı keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə ağ rəngli ayrı-ayrılıqda çəkisi 4.6 qram, 2 qram və 1.1 qram psixotrop maddə olan metamfetaminə oxşar və iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 11.1 qram və 0,9 qram qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni həmin gün Bakı şəhərindən 450 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni konkret kiməsə satması barədə məlumat olmamışdır. Lakin onun əvvəllər ayrı-ayrı şəxslərə narkotik vasitə satması halları olması müəyyən edilmişdir. Dindirilmiş şahidlər Şahid4 və Şahid5 Şahid3la eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan “Şəxsin üzərində axtarış aparılması haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilib, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə ağ rəngli ayrı-ayrılıqda çəkisi-4.6 qram, 2 qram və 1.1 qram psixotrop maddə olan metamfetaminə oxşar və iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 11.1 qram və 0,9 qram qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 08 sentyabr 2022ci il tarixli cavabda göstərilmişdir ki, 02 may 2022-ci il tarixdə, saat 23:05 radələrində onun rəhbərliyi ilə CAB-nin əməkdaşlarının Hacıqabul-Mincivan yolunun 139-cu k/m-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi “Xəzər” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Füzuli rayonu istiqamətində hərəkətdə olarkən qeyd edilən ərazidə əməliyyat tədbiri olaraq süni tıxac yaradılmaqla avtomobil məcburi saxlanılmış, bu zaman avtomobildə olan Təqsirləndirilən şəxs, avtomobilin sürücüsü Şahid1 və həmin vaxt avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşmiş Şahid2 avtomobildən düşüb, müqavimət göstərərək qaçmaq istəyərkən tədbirə cəlb edilmiş əməkdaşlar tərəfindən “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 2-ci bəndinin 5-ci hissəsinin tələblərinə əməl etməklə fiziki qüvvə tətbiq edilməklə avtomobilə əyləşdirilərək Füzuli RPŞ-nə gətirilmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qeyd edildiyi miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Həmçinin, onu qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olur. Onun bu əməli onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə açılmış əməliyyatqeydiyyat işi çərçivəsində keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində tam sübuta yetirilir. Lakin qeyd edilmiş sübutların əldə edilmə mənbəyi 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən “tam məxfi” qrifli olduğundan və yayılması Azərbaycan Respublikası DİN-nin qanuni mənafeyinə xələl gətirdiyindən açıqlanması, eləcə də açıq məhkəmə iclasında baxışa çıxarılacaq və məxfiçilik rejimində işləməyə buraxılışı olmayan şəxslərin tanış olacağı cinayət işinə əlavə edilməsi qanunvericiliklə qadağan olunduğundan həmin sübut hesab ediləcək dəlillərin istintaq orqanına təqdim edilməsi mümkün deyildir. Buna baxmayaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla apardığı danışıqlara əməliyyat-axtarış fəaliyyəti subyektinin xx.xx.2022-ci il tarixli vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokurorunun 31 mart 2022-ci il tarixli təqdimatı və xx.xx.2022-ci il tarixli məhkəmə qərarı əsasında əməliyyataxtarış tədbiri qismində “Telefon danışıqlarına qulaq asma” əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş kompleks əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin mütəmadi satışı ilə məşğul olur.O, narkotik vasitəni satacağı şəxslərlə telefonda danışaraq razılaşdıqdan sonra həmin şəxslərdən ya əlbəəl, yada əvvəlcədən kodunu verdiyi və narkotik satışı üçün istifadə etdiyi bank kartına pul köçürtdürmək üsulu ilə pulu əldə edib, narkotik vasitə və ya psixotrop maddələri satmışdır. Belə ki, telefon danışıqlarından məlum olur ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə saat 11:55-dən 18:14-dək olan müddətdə 18 ayrı-ayrı mobil nömrədən zəng edən müxtəlif şəxslər ondan narkotik vasitə və ya psixotrop maddə istəmişlər. Danışığın mətnindən görünür ki, onlar daş (metamfetamin), kola (heroin), ot (qurudulmuş marixuana) və ya torpaq (heroin) jarqon sözlərindən istifadə edərək Təqsirləndirilən şəxs narkotik sifariş vermiş və Təqsirləndirilən şəxs üzərində olan bank kartına müxtəlif məbləğdə, yəni alacaqları narkotik vasitənin miqdarından asılı olaraq bunun müqabilində ödəmə terminalları və bank kartları vasitəsi ilə pullar göndərmişlər. Təqsirləndirilən şəxs həmin şəxslərə Bakı şəhəri istiqamətinə getdiyini bildirmiş və danışıq zamanı Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi onun Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu təsdiqləyir, yəni o, birinci telefon zəngində Beyləqan rayonu ərazisində, növbəti zənglərdə Saatlı, Sabirabad, Hacıqabul rayonları ərazisində, sonuncu zəngdə isə Bakı şəhərində olmuşdur. Cinayət işinin materiallarında olan Füzuli Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş "xxxx" ASC-dən verilmiş bir ədəd plastik karta mədaxil və məxaric olan vəsaitlərə dair məlumatlar həmin bankdan götürülmüşdür. "xxxx" ASC-dən daxil olmuş 06 iyun 2022-ci il tarixli 157000/2-2798 nömrəli məktuba əlavə edilmiş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kart X3 məxsusdur və həmin karta 02 mart 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif elektron ödəmə terminallarından 116 dəfə müxtəlif məbləğlərdə naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmin karta pul köçürməsini kart vasitəsi ilə həyata keçirmiş X4, X10, X5, X2 hər biri bir dəfə, X13 isə 15 dəfə kart vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş karta müxtəlif məbləğlərdə pul köçürmüşlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2022-ci il tarixli tələbnamələrə əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 416974******0468 nömrəli karta pul köçürmüş şəxslərdən X13 və X9 əvvəllər Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə məhkum olunmuşlar. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-11,071 qram, 0,764 qram, ümumi çəkisi 11,835 qram olan qəhvəyitil rəngli maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, 03 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 4.799 qram, 1,687 qram və 0,238 qram, ümumi təmiz çəkisi 6,724 qram olan ağımtıl rəngli maddələr Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının 04 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 11,735 qram heroin və qalıq çəkisi 6,574 qram metamfetamin maddi sübut hesab edilmiş və saxlanması üçün Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İşdə olan Füzuli rayon Mərkəzi Xəstəxanasından verilmiş 27 iyul 2022-ci il tarixli, 27-07-378-22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamini Bakı şəhərində taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə onun həmin hissədə ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olmaqla məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadələri, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertzasının rəyi, əldə olunmuş maddi sübutlar, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübur kimi qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddələrin müxtəlif çeşiddə olmaqla, ayrı-ayrı bükmlərə qablaşdırılması, narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olması, habelə onun narkotik vasitələrin satışı ilə məşqul olması haqqında əməliyat məlumatının olması, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşqul olmasını təsdiq edən telefon danığıqlarına qulaq asma əməliyyat axtarış tədbirləri nəticəsində kompleks əməliyyat məlumatlarını olması haqqında təqrirlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1980-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatında olmaqla hazırda Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi, 93 nömrəli evdə yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2012-ci il təvəllüdlü Nərmin və 2013-cü il təvəllüdlü Fidan adlı qızları vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Füzuli rayon X8 Hüquqi şəxsin verdiyi 11 noyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X11 25 həftəlik hamilədir. İşdə olan X19 Xəstəlikləri İnsititunun məhkəməyə ünvanladığı 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VMB (-) mənfi, bronxial astma, qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə diaqnozu ilə xəstədir. İşdə olan Füzuli Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPMnin 513, 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CMnin 59.1-ci maddəsinə əsasə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı qız uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ağır vərəm və bronxial astma diaqnozu ilə xəstə olmasını, öhtəsində 25 həftəlik hamilə vəziyyətdə arvadının olmasını, ailədə yeganə qazanc gətirən olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Göründüyü kimi CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, kifayət qədər cəzanı yüngülləşdirən halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyindən ona qarşı seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 30 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Füzuli Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 11,735 qram heroin və qalıq çəkisi 6,574 qram metamfetamin məhv edilməlidir. 3 ədəd DVD disk və bir ədəd Kapital Bank ASC-yə məxsus kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 31,95 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 52-1, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı o həbs olunduğu vaxtdan, 30 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Füzuli Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 11,735 qram heroin və qalıq çəkisi 6,574 qram metamfetamin məhv edilsin. 3 ədəd DVD disk və bir ədəd Kapital Bank ASC-yə məxsus kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 31,95 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi ) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-45/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-45/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver