Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-450/2024 16.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), X7 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xeyli miqdarda 0,233 qram narkotik vasitə olan heroini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib “Kent 8” markalı siqaret qutusunun içərisində olan bir ədəd kağız bükümündə əynindəki göy rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 17 yanvar 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Sevimli” marketin yaxınlığında saxlanılaraq saat 09:10 radələrində Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 10:10-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı “Kent 8” markalı siqaret qutusunun içərisində olan bir ədəd kağız bükümdə 0,233 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs külli miqdarda, yəni 10630,0 qram narkotik vasitə olan qurudulmuş marixunanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir ədəd sintetik torbada yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisində saxlamış, 20 yanvar 2024-cü il tarixdə saat 20:50 radələrində Ağcabədi RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri yaşadığı ünvanda saxlamasında və satışında şübhəli bilinərək yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı fərdi yaşayış evinin zirzəmisindən bir ədəd sintetik torbada satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı 10630,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Ağcabədidə yaşadığı evi yanmışdır. Bundan sonra ailəsini iki azyaşlı uşağı ilə birlikdə qayınatasının evinə qoymuşdur. Özü fəhlə adam olmuşdur. Daha sonra gəlib öz yaşadığı evində qalmışdır. Qış olmuş yanvar ayı öz evində çöldə yatmış, lakin qala bilməmişdir. Sonra getmiş polisə, icraya ki, ona köməklik etsinlər. İcradan demişlər ki, “evin sənədi varsa kömək edə bilərik, yada sənə 200-300 manat çörək pulu verərik”. Bu zaman həmin təklifdən imtina etmişdir ki, 14500 manat ziyan var, həmin pulu versinlər. Bundan sonra polisdə əməliyyatçı tanıyırmış, gedib ondan köməklik göstərməsi üçün xahiş etmişdir. Özü isə içki aludəçisi olduğundan, həmin əməliyyatçı bundan istifadə edib demişdir ki, “234.1-lə səni 01 il göndərim get dincəl”. Özü isə həmin polislə razılaşmışdır. Daha sonra onu aparıb üzərinə narkotik qoyub, 48 saat sonra isə demişlər ki, “bu azdı boşdayaq çölə”. O zaman isə etiraz etmiş, boşuna yükləndiyini bildirmişdir. Çölə çıxandan sonra isə həmin polislə danışmış ki, bu nə işdi. Polis isə demişdir ki, “get 2-3 gün səbrli ol yaxşı olacaq”. Özü də 2-3 gün gedib gözləmiş, həmin vaxtda daim polislə danışmışdır. Sonra isə şöbəyə gəlmiş, orada təklif olunmuş ki, “belə bir iş var boynuva götürüb gedəsən, orada sənə hərtərəfli köməklik ediləcək, 3-4 il srokda olasan, şöbənin kəsiri var”. Bundan sonra həmin təkliflə tam razılaşıb, evinə getmişdir. 20 yanvar günü öz telefonu ilə polisi yığıb əlaqə saxlamış, lakin demişlər ki, başqa telefonla yığ. O isə yığmamışdır. Sonra elə olmuş ki, Rauf adlı əməliyyatçı gəlmiş evinə, söhbət etmiş ki, “bir meşok nəşədi götür boynuna, sənə sonra köməklik ediləcək, körpənədə baxılacaq”. Görmüş ki, araq onu yıxıb öldürür, düşünmüş ki, getsin içəri orada sağalsın. Polisdən isə soruşmuş ki, “prokror soruşanda bəs nə deyim”. Ona izah etmişlər ki, “deyim ki, kanalın qarşısından tapmışam”. Prokurorun yanında olanda elə də demişdir. Bildirmiş ki, tapıb evə gətirmişdir. Videoçəkiliş vaxtı da eynilə danışmışdır. Çünki içkili və narkotik təsiri altında olmuşdur. Razılıqlardan sonra da gətirib qoyub evə, qapını polislər döyüb, çəkilişlə gəliblər, qapını açmış, demiş ki, “var gedek yerin göstərim.” Sonra gedib çıxarmış, marixuana olduğun onlara demişdir. xx.xx.2024-cü ildə onu heç kim saxlamayıb, özü könüllü gedib polisə demişdir ki, “məni tutun bir il içkidən uzaqlaşım”. Evinə isə bir meşok “nəşə” qoyublar çəkiliş ediblər, onu döyməyiblər, söyməyiblər, əksinə çay veriblər, cibinə pul qoyublar. Birinci çəkilişdən qabaq ona oyun qurulmuş, cibinə Rauf narkotiki qoyub çıxmış şöbənin qarşısına, daha sonra polislər onu şöbənin qabağında yenidən gəlib əlindən tutaraq, guya indi tuturlar, heçənə bilmirlər. xx.xx.2024-cü ildə isə polis əməkdaşları yanmış evə gəlmişlər, bir kisə “nəşə”ni gətirib evin altına qoymuşlar, sonra biraz söhbət edib, danışıb gülmüşlər, daha sonra demişlər ki, “çəkilişə başlayaq”. Hadisə belə olub, çünki hansı insan bir meşok marixuananı çölə atıb gedər. Bir səhvi odur ki, içkili vəziyyətdə demişdir ki, “mənimdir.” Əlləri açıq şəkildə şöbəyə gəlmişlər, orada narkotik veriblər çəkmişdir. Özü isə nə satanı olub, nə də çəkmişdir. 20 il türmədə olmuşdur. Daha sözü yoxdur. Özünün iki azyaşlı uşağı olmasaymış heçnə deməzdi məhkəmədə, bu oyuna özü girmiş, bir meşok nəşə tapması inandırıcı deyil, məhkəmə nə cəza təyin etsə razıdır, olubda səhv edib, səhvsiz insan olmur, iki körpə uşağının nəzərə alınmasını, onların gözüyaşlı ata gözləməklərinin nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 234.4.3-cü maddələrilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir həftə bundan əvvəl günorta saatlarında yaşadığı evdən çıxıb Ağcabədi şəhəri, C.Cabbarlı küçəsində gedən zaman yerdə əzilməmiş halda siqaret qutusu görmüş, həmin qutu əzilməmiş halda olduğu üçün onun diqqətini cəlb etmiş, ona görə də siqaret qutusunu yerdən götürmüş, açıb baxanda içərisində bir neçə siqaret və kağız bükülü olduğunu görmüşdür. O həmin kağız bükülünü açıb baxdıqda içərisində heroin olduğunu görmüş, əvvəllər heroindən istifadə etdiyi üçün tanımış, həmin heroini gələcəkdə ürəyi istəsə qəbul etmək üçün özündə saxlamışdır. 17 yanvar 2024-cü il tarixdə saat 09:10 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə gedərkən həmin prospektdə yerləşən “Sevimli” marketin yanında olan zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. O da etiraz etməmiş və birlikdə rayon polis şöbəsinə gəlmişlər. Həmin tapdığı bir ədəd kağız bükümdə olan heroin də əynində olan göy rəngli gödəkcənin sağ yan cibindəki siqaret qutusunun içərisində olmuşdur. O polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. O da əynində olan göy rəngli gödəkcənin sağ yan cibində saxladığı içərisində heroin olan kağız bükümün olduğu kent 8 siqaretini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilib götürülmüş bir ədəd kağız bükülü hamının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Bundan başqa təxminən bir ay bundan əvvəl Ağcabədi rayonu, Qarabağ kanalının yanında gəzərkən su kanalının yanında yerdə bükülmüş halda olan bir ədəd ağ rəngli kisə görmüş, həmin kisə onun diqqətini cəlb etdiyi üçün yaxınlaşıb içərisinə baxanda qurudulmuş marixuana olduğunu görmüşdür. O marixuanadan istifadə etdiyi üçün tanımış və istifadə etmək üçün özü ilə götürmüşdür. O yoldan keçən sürücüsünü tanımadığı, markasını və nömrəsini xatırlamadığı taksi avtomobillə həmin torbanı yaşadığı evə gətirmişdir. Həmin torbanı yaşadığı evin yan tərəfindən zirzəmiyə gətirmiş və zirzəmidən arxadakı otağa qoymuşdur. 20 yanvar 2024-cü il tarixdə saat 20:50 radələrində tək olaraq yaşadığı evdə olmuş, bu vaxt həyət darvazasının döyüldüyünü eşidib küçəyə çıxmışdır. O darvazanın qarşısına çıxanda tanımadığı şəxslər özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və yaşadığı evdə narkotik vasitə olmağına şübhələr olduğunu deyib baxış keçirməyi bildirmişlər. O da polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirmələrinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həyətə daxil olmuşlar və ona yaşadığı ünvanda narkotik vasitə varsa təqdim etməyi bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə evin zirzəmisinə daxil olmuş və orada saxladığı içərisində marixuana olan bir ədəd sintetik kisəni götürüb təqdim etmişdir. Həmin kisə açılıb baxıldıqda içərisində marixuana olduğu aşkar edilmiş, sonra aşkar olunaraq götürülmüş marixuana aşkar olunduğu vəziyyətdə, yəni kisə ilə birlikdə tərəzidə çəkilmiş və 10940,0 qram çəkidə olmuşdur. Bundan sonra aşkar edilib götürülmüş bir ədəd kisə hamının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Aşkar edilmiş marixuana ona məxsus olmuş, həmin marixuananı su kanalının yanından tapmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 09:10 radələrində Ağcabədi şəhərində yerləşən “Sevimli” marketin yanında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt o, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kent siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, yaşadığı fərdi yaşayış evində saxlaması və satması barədə əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuş və əməliyyat qrupu ilə birlikdə 20 yanvar 2024-cü il tarixdə saat 20:50 radələrində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağırılmış, ona yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, baxış keçirilməsinə razılıq ərizəsi yazmışdır. Baxış zamanı isə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf edərək, evin sol tərəfdən zirzəmisinə daxil olub, zirzəmidəki digər otağa keçib girişdən sağ tərəfdə olan bir ədəd ağ rəngli sintetik kisəni götürüb evin zirzəmisindən həyətyanı sahəyə çıxardıb təqdim etmişdir. Həmin kisədə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilmiş, baxış zamanı kisənin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Həmin marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, təxminən bir ay əvvəl Beyləqan rayonu istiqamətində Qarabağ kanalının yanından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evi yanmış vəziyyətdə olsa da, otağın birində yaşamışdır. Ona qarşı heç bir təsir və ya təzyiq edilməyib, üzərinə və evinə narkotik vasitə qoyulmamışdır. Onun bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, evində saxlanması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində yaşadığı evə polis əməkdaşlarının baxış keçirmələrinə heç bir etirazı yoxdur. (c İ, i.v 9) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən bir ədəd sintetik kisədə 10940 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 10-12) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 23) İşdə olan, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/90 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan 01 ədəd sintetik torbadakı təmiz çəkisi 10630,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi 10630,0 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 10629,9 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 41-43) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(017)-8/2014 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 yanvar 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 75-76) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(017)-24/2014 nömrəli qərarından görünür ki, Ağcabədi RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid1 20 yanvar 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. (c İ, i.v 82) İşdə olan, xx.xx.2024-cü il tarixli cinayət işinin birləşdirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi və ********* saylı cinayət işləri üzrə törədilmiş cinayətlər bir şəxs tərəfindən törədildiyinə görə həmin cinayət işlərinin bir icraatda birləşdirilərək istintaqının davam etdirilməsi və icraata qəbul edilməsi, birləşmiş cinayət işinin nömrəsi ********* saxlanılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (c İ, i.v 103-104) İşdə olan, Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və gəzdirməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 111) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 112) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 127-128) İşdə olan, 17 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və vidoeçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 0,32 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 139- 140) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17 yanvar 2024-cü il tarixli, 18/68 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,233 qram olan maddə kustar üsulla hazırlanmış narkotk vasitə heroindir. Aşkar edilmiş heroinin təmiz çəkisi 0,233 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,183 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 146-148) İşdə olan, xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. (c İ, i.v 173) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(017)-20/2014 nömrəli qərarından görünür ki, Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis mayoru Şahid2 17 yanvar 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 178) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əsədov X8 Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib barəsində 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 ay 12 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c İ, i.v 201-204) İşdə olan, Ağcabədi Rayon Mərkəzi X6 Şəxsin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əsədov X8 RMX-nın poliklinika şöbəsinin nevroloji kabinetdə qeydiyyatda durmur və narkoloji kabinetdə qeydiyyatda durur. (c İ, i.v 84) İşdə olan, xx.xx.2024-cü il tarixli Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018 və 2020-ci il təvəllüdlü azyaşlı uşaqları var, barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 210-211) İşdə olan, Gəncə Şəhər Psixonevroloji Dispanserin 13 fevral 2024-cü il tarixli, 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. (c İ, i.v 224-226) İşdə olan, X2 12 mart 2024-cü il tarixli, 430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 237) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk, ekspertizadan sonra qalıq çəkiləri 0,183 qram heroin, 10629,9 qurudulmuş marixuana maddi sübut hesab edilmiş, DVD disklər cinayət işinin materiallarında saxlanılmış, narkotik vasitələr isə saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmişdir. (c İ, i.v 253-264) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində və yaşadığı evində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin və qurudulmuş marixuana polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən aldadıldığı və özünün təşəbbüsü ilə spirtli içki aludəçisi olduğundan həbs olunaraq həmin vərdişindən qurtulmaq üçün az müddətə cəza almaq istədiyindən həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 49-51, 154-156), xx.xx.2024cü ildə, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 65-67, 170- 172, 280-283) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni saxlanılmamışdan bir həftə əvvəl küçədə bir ədəd əzilməmiş siqaret qutusunun içərisindən tapdığını və ürəyi istəsə qəbul etmək üçün üzərində saxladığını, evindən aşkar edilmiş qurudulmuş marixuananı isə saxlanılmamışdan bir ay əvvəl Qarabağ kanalının yanından bir ədəd ağ rəngli kisədə tapdığını və istifadə etmək üçün özü ilə götürdüyü, yaşadığı evin zirzəmisində saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Ağcabədi Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız öz təşəbbüsü ilə az bir vaxtda məsuliyyətə cəlb edilib spirtli içki aludəçiliyindən xilas olmaq istədiyi və polis əməkdaşları tərəfindən aldadıldığını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri saxlanılmamışdan əvvəl tapdığını bildirmişdir. Bununla yanaşı o, müdafiəçisi ilə birlikdə xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadəsinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (yaşadığı evdən aşkar edilmiş narkotik vasitən qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin özünə aid olmasını, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs həmin maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlin obyektiv cəhətinə aid olan hərəkətləri (narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində və yaşadığı evində saxlamasını və daşımasını) inkar etməmiş, lakin maddənin hamısını öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs bu etirafedici ifadələri, yəni ən azından aşkar edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər etməsi şahidlər Şahid2 və Şahid3 hər birisinin ayrı-ayrılıqda həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələri ilə, maddi sübutlarla, məhkəmə-bioloji, materialların məhkəmə və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirilir, yəni Təqsirləndirilən şəxs həmin əməlləri törətməsi təkcə özünün şəxsi etirafı ilə deyil, həm də, CPM-nin 125.6-cı maddəsinin tələb etdiyi kimi, digər sübutların məcmusu ilə də təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin yaşadığı evindən aşkar olunmuş – ittihamda təsvir olunmuş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün bir ədəd sintetik torbada ümumi çəkisi 10630,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı tədarük etməsi, daşıyaraq yaşadığı evin zirzəməsində gizlətməsi inandırıcı deyil. Eyni zamanda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından 2126 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 21 dəfədən artıq olması, həmin narkotik vasitəni yaşadığı evin zirzəmisinə daşıyaraq saxlaması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məzh həmin narkotik vasitəni satış məqsədi ilə əldə edərək, daşımaqla, yaşadığı evin zirzəmisində saxlamışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83 və 109.1-ci sətrlərinə əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcıllığı ilə xeyli miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 5 qram, külli miqdarının aşağı həddi 2 qram, 500 qram, xüsusilə külli miqdarınının aşağı həddi isə 800 qram və 50 000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 20 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,183 qram narkotik vasitə heroin və 10629,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə, eləcədə baxış aparılmasını özündə əks etdirən 02 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,183 qram narkotik vasitə heroin və 10629,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə, eləcədə baxış aparılmasını özündə əks etdirən 02 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-450/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-450/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver