Məhkəmə qərarları › İş №1(099)-452/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-452/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-452/2025 22.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Şivan şəhəri, X3 küçəsi ev 17, mənzil 28-də qeydiyyatda olmaqla, Sabirabad rayonu Yaxa-Beşdəli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının ortalarında yaşadığı Sabirabad rayonu Beşdəli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq 20 ədəd, külli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkərək onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında 18 may 2025-ci il tarixdə saat 11 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaşıl vəziyyətdə, kök üstə olmaqla ümumi çəkisi 125 qram olan 20 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2025-ci ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayonu Beşdəli kəndinin çöl torpaq sahəsində piyada hərəkət edən zaman yerdən bir ədəd kibrit qutusunda çətənə bitkisinin toxumlarını tapmış və yaşadığı evə gətirmişdir. 2025-ci ilin aprel ayının ortalarında həmin toxumları yaşadığı evin həyətyanı sahəsindən keçən su arxının kənarında torpaqda əkmişdir. Həmin toxumlardan 20 ədəd çətənə bitkiləri bitmişdir. Həmin bitkilərə qulluq etmişdir. Bitkilər müəyyən qədər böyümüşlər. Məqsədi həmin bitkilərdən öz istifadəsi üçün narkotik əldə etmək olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkməsi barədə onlara məlumat daxil olduğunu və evinin həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. Onun razılığı və iştirakı ilə evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətindən keçən su arxının kənarında 20 ədəd çətənə bitkiləri aşkar olunmaqla köklərindən çıxarılaraq götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs özünün səmimi və etirafedici ifadəsindən əlavə onun cinayət əməli məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ona Sabirabad rayonu Beşdəli kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirməklə həmin gün saat 11 radələrində polis işçiləri və aqronom mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmuşdur. Ona evinin həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkməsi barədə məlumat aldıqlarını və evinin həyətyanı torpaq sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onun iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 20 ədəd yaşıl və kök üstə olan çətənə bitkiləri aşkar olunaraq köklərindən çıxarılıb götürülmüş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. 18 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu Beşdəli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində kök üstə olan 20 ədəd yaşıl, narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Sabirabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(056)-92/2025 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 18 may 2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 18 may 2025-ci il tarixli, 18/398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 20 ədəd yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqranomun (mütəxəssisin) 18 may 2025-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilmiş 20 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Sabirabad Rayon İcra Hakimiyyəti Minbaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23 may 2025-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin Beşdəli kəndində yaşayır, ailəlidir, himayəsində xx.xx.2011 və xx.xx.2013-cü il tarixlərdə doğulmuş uşaqları vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan 20 ədəd külli miqdarda çətənə (kannabis) bitkilərini əkəməsi, kultivasiya etməsi və yetişdirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 20 ədəd çətənə bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar