Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-455/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1962-ci ildə Salyan rayonunun Xurşud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonunun Xurşud kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bir müddət əvvəl onun və rəsmi nikah qeydiyyatından keçmədən faktiki birgə yaşadığı arvadı Şahid1 haqqında kənd içərisində nalayiq və təhqiramiz ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlib bu məqsədlə 26 dekabr 2023-cü il tarixdə, saat 18:30 radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Salyan rayonunun Xurşud kəndinin ərazisində yerləşən dükanın yan tərəfində olan, ətrafı şifer və taxta ilə hasarlanmış əraziyə gedib orada dayanan Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə şəxsi münasibətlər zəminində qəsdən bir neçə zərbə vuraraq sonuncuya sol bazunun, sağ budun, sağ diz qapağı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol nahiyəsinin daxilə keçib ağ ciyəri zədələməyən, sol tərəfli pnevmatoraks kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, beş ildir ki, Şahid1 ilə evlidir, arvadı ilə rəsmi nikahları yoxdur, buna baxmayaraq Şahid1 və iki azyaşlı uşağı ilə birlikdə o, Salyan rayonunun Xurşud kəndində özünə məxsus fərdi yaşayış evində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin təsərrüfat işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs həmkəndlisi, həm də dayısı nəvəsidir, onunla münasibətləri yaxşı olmuşdur. O, bir müddət əvvəl kənd sakinlərindən eşitmişdir ki, arvadı Lalə haqqında Ağakişi nalayiq, təhqiramiz ifadələr işlədib onun yüngül əxlaqlı qadın olduğunu danışmışdır. Hadisə olan günü isə arvadı Lalə Ağakişinin həqiqətən də ona qarşı nalayiq sözlər danışıb xoşagəlməz hərəkətlər etməsini demişdir. Ağakişinin belə hərkət etməsindən əsəbiləşərək 26 dekabr 2023-cü il tarixdə, günorta saatlarında evdə yemək yeyərkən bir qədər araq içmişdir. Araq içsə də, tam sərxoş olmamış, özünü idarə edə bilmişdir. Həmin gün axşam saatlarında qərara gəlmişdir ki, gedib Ağakişi ilə görüşüb onun dediklərini aydınlaşdırsın. Sonra o, bıçaq götürüb cibinə qoyub evdən çıxıb kəndin içərisinə getmiş və Ağakişinin əmisi oğlu Arazla birlikdə kəndin içərisində yerləşən dükanın yanında dayandığını görüb Ağakişini yanına çağırmışdır. Sonra o, Ağakişidən nəyə görə kənd içərisində arvadı haqqında nalayiq ifadələr işlədib onu təhqir etdiyini soruşmuş, Ağakişi də belə bir şeyin olmadığını bildirmişdir. Ağakişinin bu sözündən sonra daha da əsəbiləşib gödəkcəsinin cibindən bıçağı çıxarıb Ağakişini vurmaq istəmiş, lakin Ağakişi əli ilə bıçağı tutub kənara çəkilmişdir. Sonra o, yenidən Ağakişiyə yaxınlaşıb ona bir-iki dəfə bıçaqla vurmuş, bundan sonra bıçağı həmin yerə atıb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Az sonra polis əməkdaşları ona zəng edib harada olmasını soruşmuş, o da evdə olduğunu paltarını dəyişib hadisə olan yerə gələcəyini demiş, sonra paltarını dəyişib Ağakişini bıçaqla vurduğu yerə-dükanın yan tərəfində olan, ətrafı şifer və taxta ilə hasarlanmış həyətyanı sahəyə gedərkən yolda polis əməkdaşları ilə rastlaşmış və onlar onu polis maşınına mindirib hadisə olan yerə aparmışlar. Sonra o, Ağakişini bıçaqla vurduğu yeri və bıçağı atdığı ərazini polislərə göstərmiş, həmin yerdə polislər tərəfindən bıçaq aşkar edilib götürülmüşdür. Hadisə baş verən vaxt orada Ağakişinin əmisi oğlu Şahid2 olmuş, hadisədən sonra ora kənd sakinləri gəlmiş, həmin vaxt əsəbi və həyacanlı olduğundan hadisə yerinə kimlərin gəlməsini xatırlamır. Ağakişi ilə aralarında olan söhbət və hadisə təxminən beş dəqiqə çəkmişdir. Onun Ağakişi ilə əvvəlcədən düşmənçilik və ya ədavətləri olmamış, həmişə qohum kimi münasibətləri yaxşı olmuşdur, lakin Ağakişi onun və arvadı barədə kənd içərisində daim nalayiq və təhqiramiz ifadələr işlətdiyindən təxminən son 1 ildən bəri kənddə arvadı və özü haqqında təhqiredici söhbətlər yarandığı üçün Ağakişi ilə münasibətləri pisləşmiş və elə bu səbəbdən də Ağakişini cəzalandırmaq məqsədi ilə onu bıçaqla vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Baş vermiş hadisədən az müddət sonra Ağakişi onunla barışmış və o, xəsarət yetirdiyinə görə Ağakişiyə üzrxaqlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də Ağakişinin müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir. Hazırda həmkəndli və qohum kimi Ağakişi ilə münasibətləri yaxşıdır. O, Ağakişiyə xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salyan rayonun Xurşud kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi, həm də atasının bibisi oğludur. Səxavət və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında münaqişə, ədavət və ziddiyyətləri olmamışdır. 26 dekabr 2023-cü il tarixdə, axşam saat 18 radələrində yaşadığı kəndin içərisində olan abidənin yaxınlığında əmisi oğlu Şahid2lə birlikdə dayanıb söhbət edərkən Səxavət də həmin yerə gəlib onu yanına çağırıb nəyə görə kənddə arvadı və özü haqqında söz-söhbət yaratdığını soruşmuş, o da onun və arvadının barəsində heç bir pis söhbətlər etmədiyini, eşitdiklərinin doğru olmadığını bildirmişdir. Onun dediklərinə Səxavət məhəl qoymayıb cibindən bıçaq çıxarıb onu vurmaq istəmiş, həmin vaxt o, bıçağı əli ilə tutmuş, sonra kənara çəkilmişdir. Səxavət isə ondan əl çəkməyib yenidən onun üstünə gəlib bıçaqla bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuş, sonra Səxavət bıçağı yerə atıb oradan çıxıb getmişdir. Orada olan əmisioğlu Araz və hadisə yerinə gəlmiş kənd sakinlərinin köməkliyi ilə o, Salyan rayon mərkəzi xəstəxanasına aparılmış və bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. O, Təqsirləndirilən şəxs və onun arvadı Lalənin barəsində kənddə nalayiq və təhqiramiz sözlər söyləməmiş, heç vaxt Laləyə söz atıb nalayiq ifadələr işlətməmişdir. Səxavətin bu söhbətləri kimdən eşitməsini bilmir. Ona görə də hesab edir ki, Səxavət kimsənin yalan sözlərini eşidib guya onun bu hərəkətləri etməsi qənaətinə gələrək onu bıçaqla vurmuşdur. Baş vermiş hadisədən az müddət sonra o, Səxavətlə barışmış və müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir. Səxavət ona xəsarət yetirdiyinə görə üzrxaqlıq edib peşman olduğunu bildirmişdir. Hazırda o, Səxavətlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Səxavətin həmkəndlisi, həm də qohumu olması, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına və məhkəməyə ünvanladığı 08 mart 2023-cü il tarixli və 03 may 2024-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və hazırda təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasının bibisi oğlu və Zərərçəkmiş şəxs əmisi oğludur. 26 dekabr 2023-cü il tarixdə, axşam saatlarında kəndin içərisində olan abidənin yaxınlığında əmisioğlu Zərərçəkmiş şəxs birlikdə dayanıb söhbət edərkən həmin yerə Səxavət də gəlib Ağakişini yanına çağırıb onun ailəsi barəsində nə söz-söhbət yaratdığını soruşmuş, Ağakişi də heç bir söz-söhbət yaratmadığını demişdir. O, Səxavətin əsəbi vəziyyətdə olduğunu görüb onlara yaxınlaşmış, Səxavət isə ona niyə gəldiyini, onun söhbəti Ağakişi ilə olduğunu bildirmişdir. Elə həmin vaxt Səxavət gödəkcəsinin içəri cibindən bıçaq çıxarıb Ağakişiyə vurmaq istəmiş, Ağakişi də bıçağı əli ilə tutub kənara çəkilmişdir. Səxavət isə yenidən Ağakişinin üstünə gedib bıçaqla Ağakişinin bədəninə bir neçə dəfə vurmuş, sonra Səxavət bıçağı yerə atıb oradan çıxıb getmişdir. Bundan sonra hadisə yerinə gəlmiş kənd sakinlərinin köməkliyi ilə o, əmisioğlu Ağakişini maşına mindirib Salyan rayon mərkəzi xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs hansı səbəblərdən bıçaqla əmisi oğlu Zərərçəkmiş şəxs vurmasını bilmir. Hadisə baş verən vaxt Səxavət Ağakişiyə söz-söhbət yaratdığını bildirmiş, lakin bu söz-söhbətin nədən ibarət olmasını bilməmiş, həmçinin o, Ağakişinin Səxavətin və onun ailəsinin barəsində xoşagəlməz söz-söhbətlər etməsini, həm də Səxavətin arvadı barədə nalayiq ifadələr işlətməsini eşitməmişdir. Məhkəmə iclasında Şahid1 təkrarən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, beş ildir ki, onunla evlidir və iki azyaşlı uşaqları ilə birlikdə Salyan rayonun Xurşud kəndində Səxavətə məxsus evdə yaşayır. Səxavətlə ailə daxilində münasibətləri həmişə yaxşı olmuş, Səxavət ailəsinin qayğısına qalmışdır. Zərərçəkmiş şəxs əri Səxavətin dayısının nəvəsi olsa da, onu qohum kimi tanımamış və baş vermiş hadisədən sonra əri Səxavətin qohumu olduğunu bilmişdir. Bu hadisədən bir müddət əvvəl Səxavət ona Ağakişinin kənddə onun və Səxavətin haqqında nalayiq, təhqiramiz ifadələr işlədib onun yüngül əxlaqlı qadın olduğunu və Səxavətin də qeyrətsiz adam olmağını deməsini kənd sakinlərindən eşitdiyini demiş, lakin kimdən eşitdiyini dəqiq deməmişdir. O, Səxavətə Ağakişinin yalan danışdığını və qəsdən belə dediyini bildirmiş, buna baxmayaraq, həmin vaxt Ağakişinin kənd ərazisində danışdığı bu yalan söz-söhbətlərə görə Səxavətlə ailə daxilində münasibətləri pisləşmiş və hətta aralarında yüngül münaqişə də baş vermişdir. Həmçinin Ağakişi mütəmadi olaraq ona qarşı belə hərəkətlər etmiş, yəni o, yol gedərkən və ya yaşadığı evin həyətində olarkən öz qərəzli hərəkətlərini davam etdirmişdir. Ağakişi o, yol gedərkən arxasınca fit çalmış və bəzi nalayiq ifadələrlə ona söz atmış, həmçinin həyətdə işləyərkən qəsdən ona ilişməkdən ötrü mal-qarasını gətirib həyətin yaxınlığında otarmaq adı ilə həmin vaxt nalayiq ifadələr işlətmiş, o isə Ağakişinin bu hərəkətlərinə və sözlərinə heç bir əhəmiyyət verməmişdir. Son vaxtlar o, Ağakişinin bu hərəkətlərindən cana yığıldığı üçün hadisə baş verməzdən bir neçə gün əvvəl, yəni 2023cü ilin dekabr ayının ortalarında əri Səxavətə bu barədə demiş, Səxavət də ona narahat olmamağını, bu işi özü həll edəcəyini bildirmişdir. 26 dekabr 2023-cü il tarixdə gündüz saatlarında yaşadığı evin həyətində iş görərkən Ağakişi yenə də öz mal-qarasını evin yaxınlığına gətirmişdir. Həmin vaxt Ağakişi yenə də fit çalıb atmaca şəklində nalayiq sözlər deməyə başlamışdır. O, bundan bezdiyi üçün həmin gün günorta saatlarında Səxavətə evdə olarkən bu barədə bildirmişdir. Həmin gün Səxavət yaşadıqları evdə bir qədər spirtli içki qəbul etmiş, axşam saatlarında isə gedib Ağakişini etdiyi hərəkətlərə görə danlayacağını deyib evdən çıxıb getmişqdir. Bir az müddətdən sonra Səxavət evə gəlmiş, Səxavətin əsəbi vəziyyətdə olmasını görüb nə baş verdiyini soruşanda Səxavət ona qarşı etdiyi bu hərəkətlərə görə Ağakişini bıçaqla vurduğunu bildirmişdir. Sonra Səxavət paltarını dəyişib «polis şöbəsinə gedirəm» deyib evdən çıxıb getmişdir. Əri Səxavətin harada və hansı şəraitdə Ağakişini bıçaqla vurması barədə məlumatı olmamışdır. Əri Səxavət evdən çıxarkən Ağakişi ilə söhbət edib onu bu hərəkətlərinə görə danlayacağını bildirmiş, lakin sonra Səxavət evə gəlib Ağakişini bıçaqla vurduğunu demişdir. Ağakişi kənddə onun və əri Səxavət haqqında nalayiq və təhqiramiz ifadələr işlətdiyi üçün Səxavət onu bıçaqla vuraraq xəsarət yetirmişdir. İşdə olan, Salyan RPŞ-nin məsul növbətçisinin 26 dekabr 2022-ci il tarixli “Raprot”u ilə müəyyən edilir ki, həmin tarixdə, saat 20:10-da Salyan Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məlumata əsasən Salyan rayonunun Xurşud kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsi və sağ bazu nahiyyəsi və sağ budun 1/3-nin açıq yarası diaqnozu ilə Salyan RMX-na daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi barədə” 26 dekabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, hadisə Salyan rayonunun Xurşud kəndi ərazisində yerləşən dükanın yan tərəfində baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs göstərdiyi yerdə-hadisə yerində bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 26 dekabr 2023-cü il tarixli, 157 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan, “Baxış keçirilməsi və götürmə barədə” 26 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, Salyan RMX-dan təqdim olunmuş, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar-bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol döş qəfəsinin daxilə keçib ağ ciyəri zədələməyən, sol tərəfli pnevmatoraks, sol bazunun, sağ budun, sağ diz qapağı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşicikəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 26 dekabr 2023-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Bu xəsarətlərdən döş qəfəsinin sol nahiyəsinin daxilə keçib ağ ciyəri zədələməyən, sol tərəfli pnevmatoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sağ budun, sol bazunun, sağ diz nahiyəsinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi bioloji ekspertizasının 14 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. (təqdim olunan sənədin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar və uzunqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (əgər onun qanında müşayətçi H antigeni vardırsa). İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 15 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın arxa səthinin sol yarısında iki ədəd, sol qolunun üzərində iki ədəd deşilmiş-kəsilmiş zədə və cins şalvarın sağ ayağının üzərində iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus koftanın və şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus koftanın arxa səthinin sol yarısında, sol qolunun arxa səthində və şalvarın sağ ayağının üzərində olan zədələrlə, onun bədəninin həmin nahiyələrində olan deşilmiş-kəsilmiş xəsarətlər yerləşməsinə görə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs məxsus koftanın və şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələr yetirilərkən, zədə yetirən alətin (alətlərin) tiyəsi zərərçəkmiş şəxsin xəsarət nahiyələrinə doğru yönəlmiş olmaqla, zədə yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: a) Zərərçəkmiş şəxs məxsus koftanın və cins şalvarın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. b) bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, bir ədəd bıçaq, bir ədəd uzunqol köynək və bir ədəd şalvar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Salyan Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 22 avqust 2006-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Salyan RİHB-nın Arbatan kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 fevral 2023-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyon rayonun Xurşud kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (ictimai işlərdə yaxından iştirak etmiş, kənd əhalisinin hörmətini qazanmış və nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Salyan RİHB-nın Arbatan kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 fevral 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2019-cu il təvəllüdlü Əsədova Zəhra səxavət qızı və 2021-ci il təvəllüdlü X3 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) könüllü olaraq ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) könüllü olaraq ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) könüllü olaraq ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi), təqsirləndirilən şəxsin 62 yaşının olması, təqsirlənləndirilən şəxslə zərərçəkmiş şəxsin həmkəndli və qohum olmaları, eləcə də işin faktiki halları, o cümlədən hadisənin bilavasitə zərərçəkmiş şəxsin hərəkətlərinin təsiri altında baş verməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd uzunqol köynək və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-455/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-455/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver