Məhkəmə qərarları › İş №1(099)-456/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-456/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-456/2023 16.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi şəhəri, S.Vurğun küçəsi, təzə məhəllədə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 9170,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd sintetik torbaya yığaraq taksi fəaliyyəti ilə məşğul olan Şahid7 etibarnamə ilə idarə etdiyi “VAZ- 21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla saxlamış, 13 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək sərnişin qismində əyləşdiyi VAZ-21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Ağcabədi şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis Şöbəsinə gətirilib, şöbənin həyətində həmin gün saat 20:30-dan başlayaraq Şahid7 etibarnamə ilə idarə etdiyi “VAZ-21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerində Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd sintetik torbada təmiz çəkisi 9170,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə gündüz saat 12 radələrində Ramin adlı polis əməkdaşı ona barəsində şikayət olduğunu, polis şöbəsinə getməli olduğunu demiş, polis şöbəsinə getdikdən sonra onun mobil telefonu əlindən alınmışdır. Polis əməkdaşları içərisində marixuana olan bir kisə təqdim edərək «sənindir» demişlər, o da həmin narkotik vasitəsinin ona məxsus olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu qardaşı ilə hədələyərək, ona təzyiqlər edərək narkotik vasitəsini boynuna almasını demişlər. Sonra polis əməkdaşları onun mobil telefonu ilə Ağcabədi şəhəri, E.Sadıqov küçəsinə taksi sifariş vermişlər. Sonradan adının Şəhriyar olduğunu bildiyi taksi sürücüsü həmin əraziyə gəldikdən sonra əlində torbanı avtomobilin yük yerinə qoyub avtomobilə oturmuşdur. Avtombilin yük yerinə qoyduğu torba polislərin ona verdiyi içərisində marixuana olan torba olmuşdur. Torbanı avtomobilin yük yerinə qoyan vaxtı polis əməkdaşları kənarda onları izləmişdir. Sonra polis əməkdaşları avtomobili saxlayaraq yük yerindən həmin torbanı çıxararaq onu şərləyib həbs etmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç bir günahı yoxdur, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, 7-8 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hadisədən təqribən 6 ay əvvəl Ağcabədi rayonu, Şənlik kəndi ərazisində yerləşən su kanalından balıq tutmağa getmiş, kanalın yaxınlığında nəşə kollarının bitdiyini görmüşdür. Yaxınlaşıb baxdıqda 13 ədəd nəşə kolu olmasını görmüşdür. Həmin nəşə kolunun yarpaqlarını qoparmış və onları yerə sərib qurutmuşdur. Sonra yığdığı nəşəni kisəyə yığıb oradan Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən şor kanalının yanına gətirmiş və yaxınlığındakı qamışlıqda gizlətmişdir. Bundan sonra qərar gəlmişdir ki, gizlətdiyi nəşəni oradan götürüb Ağcabədi rayonu meşəlik ərazidə gizlətsin. O, bu məqsədlə 13 yanvar 2023-cü il tarixdə saat 20 radələrində nəşəni gizlətdiyi yerə getmiş, oradan nəşəni götürmüş və yolun kənarına gəldikdən sonra “0222” taksi xidmətinə zəng edib olduğu yerə, yəni Ağcabədi şəhəri, E.Sadıqov küçəsinə taksi sifariş etmişdir. Aradan bir az keçdikdən sonra oraya əvvəllər tanımadığı, sonradan adının Şahid7 olduğunu bildiyi şəxs VAZ-21010 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. O, içərisində nəşə olan kisəni həmin taksi avtomobilin arxa yük yerinə qoymuşdur. Sonra onlar hərəkət edib Ağcabədi şəhəri, N.Nərimanov küçəsi ilə hərəkət edən zaman yol polisi avtomobilə saxlamağı bildirmişdir. Taksi sürücüsü avtomobili saxlamış, polis əməkdaşları onlara yaxınlaşmışlar və onlara avtomobildə narkotik vasitə olmağına şübhələr olduğunu deyib rayon polis şöbəsinə aparmışlar. Rayon polis şöbəsinin həyətinə daxil olmuşlar və avtomobildən aralaşmadan dərhal polis əməkdaşları avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı avtomobilin arxa yük yerinə qoyduğu içərisində nəşə olan bir ədəd kisə aşkar edilmişdir. Həmin kisənin ağzı açılıb baxıldıqda içərisində nəşə olduğu aşkar edilmiş və həmin aşkar edilmiş nəşə kisə ilə birlikdə tərəzidə çəkilmiş və çəkisi 9 kq-dan artıq olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoymaları, polis əməkdaşları tərəfindən ona təzyiq edilib, razılaşmasa qardaşı ilə hədələməmələri, məcbur qalaraq narkotikin ona məxsus olmasını etiraf etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, bir sölə cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü Təqsirləndirilən şəxs ətrafında keçirilmiş təxirəsalınmadan əməliyyat axtarış tədbirləri nəticəsində taksi fəaliyyəti ilə məşğul olan Şahid7 idarə etdiyi “VAZ-21010” minik markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində olması müəyyən edilmişdir. Şahid7 idarə etdiyi “VAZ- 21010” minik markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Ağcabədi şəhəri, N.Nərimanov küçəsində tərəflərindən saxlanılaraq Təqsirləndirilən şəxs və Şahid7 avtomobillə birlikdə saat 20:30-da Ağcabədi rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbənin həyətində Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə Şahid7 idarə etdiyi “VAZ- 21010” minik markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerində bir ədəd sintetik paketin içərisində bir ədəd sintetik kisə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kisənin içərisində narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Kisənin içərisinə baxan zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Ağcabədi rayonu Şənlik kəndinin ərazisində kanalda balıq tutan zaman gördüyünü, yığaraq qurutduğunu, daha sonra gətirərək Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən şor kanalının yanına gətirdiyini və yaxınlığındakı qamışlıqda gizlətdiyini, tutulan günü isə həmin kisəni götürərək yaşadığı evə aparmaq istədiyini, həmin narkotik vasitəni özünün istifadə edəcəyini, heç kimə satmadığını və satmaq fikirinin olmadığını bildirmişdir. Sonra aşkar edilmiş maddə tərəzidə çəkilmiş, çəkisi 9 kq-dan artıq müəyyən olunmuş, sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “VAZ-21104” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə “0222” taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olur. 13 yanvar 2023-cü il tarixdə saat 20:14-də mobil telefonuna qoşulduğu “0222” taksi şirkətindən yeni sifariş gəldiyi və sərnişinin Ağcabədi şəhəri N.Nərimanov küçəsindən Ağcabədi rayonu Şənlik kəndinin giriş hissəsinə gediş olduğunu görmüş və o, sifarişi qəbul edib həmin ünvana yollanmışdır. Orada daha sonra adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobilinə həmin küçədə yaxınlaşmış və sifarişi verənin özü olduğunu bildirmişdir. Onun əlində ağ rəngdə böyük çanta olmuş və həmin çantanı avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin ön sərnişin qismində əyləşmiş və o, avtomobili hərəkət etdirmişdir. Həmin küçədə hərəkətdə olan zaman DYP-nə məxsus avtomobil ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. Bu vaxt mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə saat 20:30-da avtomobili ilə Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis Şöbəsinin həyətində idarə etdiyi “VAZ-21104” minik markalı **-BK- *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçiriləcəyi bildirilmişdir. O, avtomobilinə baxış keçirilməyinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onun, Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilinin yük yerindən çantanın içərisində olan sintetik kisədə yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, Ağcabədi rayonu Şənlik kəndinin ərazisində kanalda balıq tutan zaman gördüyünü, yığaraq qurutduğunu, daha sonra gətirərək Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən şor kanalının yanına gətirdiyini və yaxınlığındakı qamışlıqda gizlətdiyini, tutulan günü isə həmin kisəni götürərək yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Bundan sonra həmin maddə tərəzidə çəkilmiş, sonra qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmiş, o da protokolu imzalamışdır. Taksi sifarişi verilən əraziyə gələrkən heç bir polis əməkdaşı görməmiş, heç bir polis əməkdaşının Coşquna torba verməsini müşahidə etməmişdir. Təqsirləndirilən şəxs əvvələr tanımamış, onu birinci dəfədir ki, həmin ərazidə görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli 18/43 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzaları olan 1 ədəd sintetik torbadakı təmiz çəkisi – 9170,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). Tədqiqatdan sonrakı qalıq 9169,9 qram qurudulmuş marixuanna təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetamiş dörd) təşkil edır. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli 219 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2023-cü il tarixli 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış gecə vaxtı süni işıqlandırılmış hava şəraitində keçirilir. Baxış Ağcabədi RPŞ-nin inzibati binasının həyətində vətəndaş Şahid7 etibarnamə əsasında idarə etdiyi “VAZ-21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilində keçirilir. Avtomobil qara rəngli sedandır. Avtomobilin üzərində “0222” rəqəmlə yazılmış taksi şirkətinin nömrəsi vardır. Avtomobilin əvvəl salon hissəsinə baxış keçirilmiş, daha sonra yük yerinə baxış keçirilən zaman ağ rəngli sintetik çanta və həmin çantanın içərisində ağ rəngli sintetik kisə aşkar edilmişdir. Kisənin ağız hissəsi ağ rəngli kəndirlə bağlanmışdır. Kəndiri açıb kisənin içərisinə baxdıqda yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə edilərək çəkilmiş və aşkar olunduğu qaydada sintetik kisə ilə birlikdə çəkisi 9815,0 qram təşkil etmişdir. İçərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə olan kisə təhqiqatçı tərəfindən bağlanmış və DİN-in 143 nömrəli möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin ona məxsus olduğunu, narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobildən başqa heç bir narkotik vasitə, psixotrop maddə və ya qeyri- qanuni əşya aşkar olunmamışdır. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 15 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 9169,9 qram qurudulmuş marixuanna, avtomobilə baxış və götürmə aparılması zamanı, Təqsirləndirilən şəxs və Şahid7 üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk maddi sübut kimi tanınmış, 9169,9 qram qurudulmuş marixuanna Ağcabədi RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş və 03 (üç) ədəd “DVD” disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Rəfiyev X3 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128,69.3-cü maddələri ilə təqsirli bilinərək 10 ay 15 gün müddətinə qazancının 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilməmişdir. Məhkumuluğu yoxdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli Ağcabədi RMX X6 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Lakin narkoloji kabinetində dispanser qeydiyyatına alınmışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Ağcabədi RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, X2 13 yanvar 2023-cü il tarixli qərarı qanuni və hesab edilmişdir. İş materiallarında olan Ağcabədi şəhər İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından və qardaşından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin Təqsirləndirilən şəxs Ağcabədi RMX narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Ağcabədi Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 9169,9 qram qurudulmuş marixuanna məhv edilməli, iş materiallarına əlavə edilmiş avtomobilə baxış və götürmə aparılması zamanı, Təqsirləndirilən şəxs və Şahid7 üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanıldığı müddət ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Ağcabədi Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 9169,9 qram qurudulmuş marixuanna məhv edilsin. - İş materiallarına əlavə edilmiş avtomobilə baxış və götürmə aparılması zamanı, Təqsirləndirilən şəxs və Şahid7 üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanıldığı müddət ərzində işdə saxlanılsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar