Məhkəmə qərarları › İş №1(099)-456/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-456/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-456/2024 30.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 23 fevral 1974-cü ildə Astara rayonu Pəlikeş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonu Pəlikeş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, -10,548 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 07 yanvar 2024-cü il tarixdə, saat 12:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Diqo kəndində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümündə təmiz çəkisi: -10,548 qram olan narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü il yanvar ayının 1-də Astarada yaşayan bacısı rəhmətə getdiyi üçün Astara rayonu Diqo kəndinə getmiş, yanvarın 7-nə qədər orada qalmışdır. 2024-cü ilin yanvar ayının 7-də bacısı oğlu ona zəng edərək polislərin onu axtardığını demiş, bundan sonra Astara rayonu Diqo kəndində yas məclisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Astara polis şöbəsindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran Regional şöbəsinə aparılmış, orada olarkən polis əməkdaşları tərəfindən döyülmüş və üzərinə narkotik qoyulmuşdur. Hazırda İİ qrup əlildir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, döyülərkən gözləri bağlı olduğundan onu hansı polis əməkdaşlarının döydüyünü görə bilməmişdir. Polislərin hədəsindən qorxduğundan çəkiliş zamanı etirafedici ifadə vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarət izi olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, üzərində aşkar olunan heroini şəxsi istifadəsi üçün bir neçə gün əvvəl - 2 yanvar 2024-cü ildə saat 10 radələrində Lənkəran şəhəri böyük bazar deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 200 manat pulun müqabilində əldə etdiyini, narkotiki üzərində saxladığını, 07 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Astara rayonu Diqo kəndində küçədə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Astara RPŞ-yə aparıldığını, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılarkən şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə heroini çıxarıb təqdim etdiyini, əvvəli izahatında narkotikin iranlı Rza tərəfindən göndərildiyini qeyd etməsi yalan olduğunu, heç kimə narkotik satmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə Astara rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü saat 10 radələrində digər polis əməkdaşları ilə birgə Astara rayonu Diqo kəndinə yollanmışlar. Rəhim piyada hərəkətdə olarkən kəndin ərazisində saxlanılmış və Astara RPŞ-yə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Rəhimin üzərində axtarış aparılarkən o, şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və özünə məxsus olduğunu etiraf edərək Lənkəran rayonu Böyük Bazar deyilən ərazidən üzdən tanıdığı şəxsdən 200 manat aldığını etiraf etmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, heç kim Rəhimin üzərinə narkotik qoymamış, onu döyən incidən olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli 19/12 №-li rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -10,548 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi -10,548 qramdır, tədqiqata 0,1 qram heroin sərf edilməklə 10,448 qram heroin qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 07 №-li rəyində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin bizə təqdim etdiyi 3-17-1/2-5177 nömrəli arayışa əsasən narkomaniyadan müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə –tibbi ekspertizasının 8 yanvar 2024-cü il tarixli 14 №-li rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 07 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, 07 yanvar 2024-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalan 10,448 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən və hədə- qorxuya məruz qaldığından məcbur olub az çəkidə olan heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının müvafiq rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı gündən başa çatanadək polis əməkdaşları tərəfindən döyülüb incidilməsi, işgəncələrə məruz qalması barədə ifadələrində heçnə göstərməmiş, bu barədə hər hansı bir rəsmi orqanlara müraciət etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən bükümlərdə olan heroini çıxarıb təqdim edərək bükümlərin özünə məxsus olduğunu etiraf edir, həmin bükümlərin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və qanunsuz saxladığı külli miqdarda psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 7 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 9 yanvar 2024-cü ildə CM-nin 234.1-1ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 7 yanvar 2024-cü ildən hesablanmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Rəşxəndə Miracavadovadan və xx.xx.1999-cu il təvəllüdlü oğlu Emil Həmdəmovdan ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kim nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyən edilmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə-narkoloji eskpertizasının rəyində narkomaniyadan məcburi müalicəyə əks göstəriş olduğundan Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz, o, yalnız ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 7 yanvar 2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 10,448 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması haqqında 1 ədəd disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 7 yanvar 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara-rayon polis Şöbəsində saxlanılan qalıq çəkisi olan 10,448 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar