Məhkəmə qərarları › İş №1(099)-456/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-456/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-456/2025 11.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X2 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü ildə Sabirabad rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşamış, 16 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 18 may 2025-ci il tarixli, 4(056)-32/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Sabirabad rayonu, Xəlfəli kəndindəki evinin həyətyanı sahəsində mişar daşından tikilmiş üst hissəsi açıq olan tövlə kimi istifadə edilməsi nəzərdə tutulan yerdə qanunsuz olaraq çətənə bitkilərinin toxumlarını əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda-132 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya edərək yetişdirmiş, əkdiyi bitkilərdən 15 may 2025-ci il tarixdə 25 ədədini kökündən çıxararaq qurudulması üçün həmin yerə sərmiş, 16 may 2025-ci il tarixdə saat 16:27-dən başlayaraq Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı həmin yerdən kökündən çıxarılmış 25 ədəd, kökü üstə olmaqla 107 ədəd, ümumilikdə isə 132 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən evində arvadı Zabutə Nəzərova və iki az yaşlı uşaqları ilə birlikdə yaşamaqla fərdi əməklə məşğul olmuşdur. Qurudulmuş marixuananı arabir papirosa doldurub qəbul etmişdir. Qəbul etdiyi marixuanaların içərisində olan toxumlarını yığıb özündə saxlamış və 2025-ci ilin mart ayının əvvəllərində həyətində mişar daşlarından tövlə kimi tikdiyi üst hissəsi açıq olan, lakin tövlə kimi istifadə etmədiyi tikilinin içərisnə həmin marixuana toxumlarını əkmiş və onlara qulluq etmişdir. 15 may 2025-ci il tarixdə isə çətənə kollarının 25 ədədini torpaqdan kökündən çıxardaraq həmin tikilinin içərisinə bir tərəfə yığmışdır. 16 may 2025-ci il tarixdə, saat təxminən 16 radələrindən sonra yaşadığı evdə olarkən Sabirabad RPŞ-nin əməkdaşları gəlib həyətyanı sahəsinə baxış keçirərkən həyətindəki tikilinin içərisində olan 25 ədəd kökündən çıxarılmış, 107 ədəd isə kökündən çıxarılmamış çətənə kollarını aşkar edib cəmi 132 ədəd çətənə kollarını götürmüşlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, çətənə kollarını özü istifadə etmək üçün əkmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin tək qazanc gətirən şəxsi olmasını, əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 16 may 2025-ci il tarixdə Sabirabad rayonu, Xəlfəli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini kültivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs həyətində yerəşən daş hasara alınmış yardımçı tikilinin içərisində əkib-becərdiyi kökü torpaqda və kökü torpaqdan çıxarılmış vəziyyətdə olan narkotik tərkibli çətənə kollarını göstərərək təqdim etmişdir. Aqranom-mütəxəssis Rahid Usubov kökü torpaqdan çıxarılmış 25 ədəd və kökü torpaqda olan 107 ədəd çətənə kollarına baxış keçirərək onlara aqrotexniki qaydada qulluq edilməsi barədə rəy tərtib edərək onlara təqdim etmişdir. Sonra onlar kökləri torpaqda olan 107 ədəd çətənə kollarını torpaqdan çıxararaq və 25 ədəd narkotik tərkibli çətənə kollarını qablaşdıraraq götürmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahidlərin düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, 16 may 2025-ci il tarixdə, saat 16:27 dəqiqədə, Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Sabirabad rayonu, Xəlfəli kəndində Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən mişar daşından tikilmiş üst hissəsi açıq olan tövlə kimi istifadə edilməsi nəzərdə tutulan yerdən əkib yetişdirdiyi külli miqdarda-132 ədəd çətənə (kannabis) bitkilərinin aşkar olunaraq götürülməsi faktı ilə bağlı toplanılmış materiallar əsasında Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi və həyatyanı sahəyə baxış keçirilməsi haqqında” 16 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videomaterialdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən həyətyanı sahəsində daş hasara alınmış yardımçı tikilinin içərisində əkdiyi 25 ədəd kökündən çıxarılmış və kökü torpaqda olan 107 ədəd, cəmi 132 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər aşkar edilərək, 5 ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmaqla götürülmüşdür.(i.v.11-13) - Sabirabad RLESM-nin Toxum Analizləri şöbəsinin müdiri X5 16 may 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Sabirabad rayonunun Xəlfəli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki yardımçı tikilidə 107 ədəd kökü torpaqda olan və 25 ədəd torpaqdan çıxarılmış halda narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Həmin kök üstə olan 107 ədəd və kökündən çıxarılmış aşkar olunmuş 25 ədəd olmaqla ümumilikdə 132 ədəd çətənə bitkisi kollarına aqrotexniki qaydada qulluq edildiyi göstərilmişdir. (i.v.14) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-dəqiqədə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.27) -“məhkəmə-bioloji ekspertizası”nın 17 may 2025-ci il tarixli, 18/397 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilinin içərisindən aşkar olunub götürülmüş 1 ədəd sintetik torbada ümümi sayı 25 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi- 5400,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilinin içərisindən aşkar olunub götürülmüş 4 ədəd sintetik torbada ümumi sayı 107 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 36100,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 107 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.(i.v.39-43) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 18 may 2025-ci il tarixli, 4(056)- 32/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 16 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, onun satış niyyəti olmamışdır. O, narkotik vasitə istifadəçisidir. İstifadə etmiş olduğu narkotik vasitənin qalığını yerə atması nəticəsində onların toxumları cücərmiş və nəticədə qeyd edilən kollar əmələ gəlmişdir. Bundan sonra o, kollara qulluq etmişdir. Məqsədi öz istifadəsi ilə bağlı olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Himayəsində bir azyaşlı övladı vardır. Ona görə də o, istintaq müddətində övladının yanında olmaq istəyir. Odur ki, o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir.(i.v.53-54, 67-70) -“maddi sübut kimi tanımaq haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilinin içərisində aşkar olunmuş 132 ədəd çətənə (kannabis) bitkiləri maddi sübüt kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞnin maddi sübutları saxlama anbarına təhvil verilmişdir.(i.v.73) -Sabirabad Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” 19 may 2025-ci il tarixli, 5(056)-91/2025 nömrəli qərarından görünür ki, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı İsmayıl Şixəliyev tərəfindən qəbul olunmuş 16 may 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.76- 77) -“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X7 daxil olmuş 4 iyul 2025-ci il tarixli, 18-1- 70/3-546/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsinin “Əsəb-ruhi və nakoloji” kabinetlərində dispanser qeydiyyatda deyildir.(i.v.92) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 11 iyul 2025-ci il tarixli, 4128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.106-107) -“ifadənin yerində yoxlanılması haqqında” 03 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Xəlfəli kəndindəki evlərinin arxa hissəsində yerləşən mişar daşlarından tikilmiş üst hissəsi açıq olan tövlə kimi nəzərdə tutulmuş tikilinin içərisində 132 ədəd narkotik vasitə çətənə kolları əkib yetişdirdiyi yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(i.v.117-120) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 132 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişdən, mütəxəssis rəyi, “məhkəmə-bioloji ekspertizası”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 132 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 29 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.79) -Sabirabad rayonu İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Xəlfəli kəndində yaşayır, himayəsində 15 yanvar 2019-cu il təvəllüdlü Elxan Nəzərov və 22 avqust 2022-ci il təvəllüdlü Güllü Nəzərova adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.113-114) Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasasən himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdıraraq müəyyən etmişdir ki, o, ailənin yeganə maddi təminatçısıdır. Onun iki nəfər azyaşlı uşağı vadır. Uşaqlar atasız böyüyür və ailənin gündəlik yaşayış tələbatının əsas hissəsi hazırda qohumlarının köməklik etdiyi məhdud məbləğli pul hesabına ödənilir. Təqsirləndirilən şəxs ən əsas gəlir mənbəyi olmaqla ailənin sosial müdafiəsini faktiki olaraq təkbaşına təmir edir, onun məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin uşaqların maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ailəsinə köməklik etmək üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasında işlə təmin olunması üçün müraciət etdiyini, tezliklə işlə təmin olunacağını bildirmişdir. Bu halların hamısı təqsirləndirilən şəxsin ailəsinin sosial cəhətdən həssas durumda olduğunu göstərir və cəzanın fərdiləşdirilməsi zamanı humanizm prinsipinin gözlənilməsini zəruri edir. Təqsirləndirilən şəxs həbs və ya digər sərt məhdudlaşdırıcı cəza tədbirlərində olması ailənin yeganə gəlir mənbəyinin itirilməsi ilə nəticələnən, uşaqların qayğı və təminatının daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə tərkibi bu sosial və demoqrafik vəziyyəti nəzərə alaraq, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, ailənin yeganə təminatçısı kimi çıxış etməsi, uşaqların atasız böyüməsi və ailənin hazırda çətinliklə dolanması hallarını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bu əməlləri şəxsi istifadə ilə məhdudlaşmış, gəlir əldə etmək niyyəti ilə törətməmiş, törətdiyi cinayət əməlini etiraf etmiş, onun əməllərində davamlı cinayət niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X3rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X1 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 may 2025-ci il tarixdən hesablanmalı və Sabirbad Rayon Məhkəməsinin 18 may 2025-ci il tarixli, 4(056)- 32/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq ekspert tədqiqatından sonra qalıq çəkisi 41498,80 qram olan 132 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 may 2025-ci il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 18 may 2025-ci il tarixli, 4(056)-32/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirbad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 41498,80 qram olan 132 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar