Məhkəmə qərarları › İş №1(099)-458/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-458/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-458/2023 07.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Astara rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 1(018)-14/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, Astara rayonunun Rüdəkənar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində 30 yanvar 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən islah yoluna qayıtmadan qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, şəxsiyyəti məlum olmayan İran vətəndaşının verdiyi məlumat əsasında o, məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 20, 649 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 4050 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 6800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 67,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1690 ədəd dərman tabletini əldə edib Masallı rayonu ərazisindən keçən Astara-Ələt avtomobil yolunun 59-cu kilometrliyinə daşımış, 28 yanvar 2023-cü ildə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində gecə saat 23:15-də Astara-Ələt avtomobil yolunun 59-cu kilometrliyində əlində idman çantası ilə birgə saxlanılaraq Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti tağımının stasionar postunun inzibati binasına gətirilmiş, orada yanvarın 29-na keçən gecə saat 00:30-da üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 20,649 qram çəkidə narkotik vasitə heroin, əlindəki idman çantasının üzərindən və içərisindən 12 ədəd bükümdə, ayrı-ayrı çəkilərdə olmaqla ümumilikdə külli miqdarda 6800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 06 ədəd bükümdə ayrı-ayrı çəkilərdə olmaqla ümumilikdə külli miqdarda 4050 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 67,6 qram təşkil edən hər birində 10 ədəd olmaqla 169 ədəd konvalyutda ümumilikdə 1690 ədəd dairəvi formalı həb aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə axşam saatlarında polis əməkdaşları onu postda saxlayıb Regional şöbəyə gətirib orada üzərinə videoçəkilişlə baxış keçirirərkən üzərində heç bir şey aşkar edilməmiş, sonra polis əməkdaşı qarşısına içərisində narkotik olan bir ədəd sumka qoyaraq ona məxsus olduğunu bildirmiş, polis əməkdaşı tərəfindən yazılanlara təsir-təzyiq nəticəsində imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 2 ay əvvəl sosial şəbəkədə özünü “Babək” adı ilə təqdim edən İran vətəndaşı ilə tanış olmuş, onunla söhbət zamanı ona marixuanadan istifadə etdiyini bildirmiş, ondan öz istifadəsi üçün marixuana istəmiş, Babək Astara rayonu ərazisində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi yeri ona demiş, o da onun dediyi yerə gedərək oradan öz istifadəsi üçün narkotik vasitə götürmüşdür. 2023-cü ilin yanvar ayında Babəklə Whatsappla danışarkən Babək ona narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını deyərkən əvvəlcə razılaşmamış, sonra Babəkin ona göndərəcəyi bir kiloqram qurudulmuş marixuananın müqabilində sonuncunun 28 yanvar 2023-cu ildə gecə saatlarında Astara rayonu ərazisində gizlətdiyi külli miqdarda narkotik vasitə - heroini, tiryəki, marixuananı və metadon həblərini götürüb apararkən polis əməkdaşları tərəfindən saxlanılmış, videoçəkilişlə üzərinə şəxsi axtarış zamanı və əlindəki çantaya baxış keçirilərkən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə X10 rayonu, S.Vurğun küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyatı daxil olmuş, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin gün gecə saat 23 radələrində Lənkəran rayonu ərazisindən keçən Astara-Ələt avtomobil yolunun 59-cu kilometrliyində əlində çanta ilə piyada hərəkət edərkən saxlanılaraq Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti tağımın stasionar postunun inzibati binasına gətirələrək orada müdafiəçinin iştirakı videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən gödəkçənin cibindən bir ədəd «İphone» markalı mobil telefon, şalvarının sol yan cibindən isə bir ədəd sellofan büküm çıxarıb onlara təqdim edərək içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğunu bildirmiş, əlindəki qara rəngli çantaya baxış keçirilərkən çantanın içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, eləcə də 169 ədəd listlərdə metadon həblərinə bənzər tabletlər aşkar edilərək götürülmüş, sorğusual zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr olan çantanı iki ay əvvəl sosial şəbəkədə tanış olduğu Babək adlı İran vətəndaşının Astara-Ələt avtomobil yolunun kənarına qoydurduğunu, telefonla onunla əlaqə saxlayaraq həmin çantanı oradan götürüb Bakı şəhərinə aparıb sonuncunun deyəcəyi yerə qoyacağının müqabilində Babək ona çantanın üzərində olan bükümdəki 500 qram marixuananı verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanlarkən, üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir qanun pozuntusu olmamış, şəxsi axtarışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 29 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Masallı rayonu ərazisindən keçən Astara-Ələt avtomobil yolunun 59-cü kilometrliyində küçədə əlində çanta ilə gedərkən saxlanılaraq Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci YPX tağımın stasionar postuna gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, şalvarının sol yan cibindən bir ədəd sellafon bükümdə narkotik vasitə heroinə bənzər, əlindəki çantanın üzərindən və içərisindən 12 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 06 ədəd bükümdə tiryəkə bənzər və 1690 ədəd metadon həbinə bənzər maddələr aşkar edilərək götürülmüş, keçirilən “şəxsi axtarış və götürmə keçirilməsi “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2023-cü il tarixli 19/118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 20,649 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, həmçinin metadon tabletinə oxşar tabletlər qablaşdırılaraq möhürləndi” sözlər və imzalar olan bir ədəd qara rəngli idman çantasındakı, 06 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: 4050 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş 12 ədəd ayrı-ayrılıqda təmiz çəkisi: 490 qram, 490 qram, 485 qram, 490 qram, 495 qram, 490 qram, 505 qram, 480 qram, 545 qram, 660 qram, 640 qram, 1030 qram ümumi təmiz çəkisi- 6800 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş 169 ədəd konvalyutda ümumi sayı 1690 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsir edici maddənin göstəricilərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: 67,6 qramdır. (Bir həbdə 0,04 qram). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli 1460 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin və Opioidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonun “kontaktlar” bölməsində “Otay” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid mobil operatora məxsus +98 911 *** **** saylı nömrə vardır. “Whatsapp” ani mesajlaşma proqramında “Otay” adı ilə qeydə alınmış nömrə ilə “qardaşım gülü sənin üçün bağlamışam 580di, 500 gedir, 80 sənin özünçündür”, “gül bomba kimidir”, “qardaşım sən dediyin kimidirsə, görəcəksən 3 günün içində pulun atacam”, “qardaşım xeyirli olacaq, dədə-baba, gül, pencərə hamsın yaxşı qiymətə verəcəm”, “Lənkəran-Astara arasından götürə bilərsən?”,“ Hə qardaşım götürərəm eyni şeydirdə o da” məzmunda mesajlar qeydiyyata alınmışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı nömrəyə daxil olmuş mesajlar CD diskə köçürülməklə götürülmüş, həmin diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sonuncuya müxtəlif nömrələrdən “Brat qurban sene gucle masin tapdim opşi sene dediyim kimide qardasim 3bi 2bi 1de bi umumi 6dene ama ayri ayri elede qardaş 3bi 2ki bi, 1bi brat biraz tez yiq qardasivida” , “Bva sencin dermana pol verdima brat qaqa indi gedirem elime goturum, sen bes on deyiqəyə yiq meni ureyim”, “Qaqam necəsən qonağım var səni görmək istəyirəm”, “QRdasim basiva donum pis eliyib meni o pux pati olurem brat bidene xeber elede qardasiva brat”, “Salam brat neylisen qardasim 6 yada 7 dene isdirdime brat alinar mene bidene dedə brat direm alinmarsa gederdim bakiya gec olmasin”, “Qaqam telefonu aç danışaq dünənki kimi görüşək”, “Qardaslm başlva donerem birazdan gec olacaq taksi tapa bilmerem nolar bidene bitovu hel etseydin gelib qaydardımda” məzmunda mesajlar göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif nömrələrdən “Xalaoğlu salam yatmısan? Elmardı namaza durdun meni yığda veziyyetim pisdi”, “Qardasim gec olarsa men gedim eve”, “Xalaoğlu 3 dene ayrı elede birdefelik gelir götürsün”, “Qardaşım uşaq var 10 kise düyü isteyir düzqoş elemek olar borcuda vererdiim zor olardı”, “Salam 2 dene isdiyirem”, “Salam ceyun cavab verde elsen ikidene isdiyirdi 10 var, Ceyhun 3 dene isdiyir elsen polu varda”, “Salam ceyun 10 log isdirem qardasim”, “Salam ceyun 1 dene isdiyirdim”, “Salam ceyun bayramda bumarek 10 log isdiyirdim”, “Salam ceyun 15 manat var mende ozumcun gotururem senin yanda ceke bilerem”, “Salam ceyun 3 dene isdirem”, “2 denene ver bize ceyon”, “Salam ceyon 2 dene ver bizede elsenenen mardamon biva”, “Salam ceyun olurem allaha and olsun sen axsam gec zeng vorubsan 12 yarsna kimi kuceye cixram mencun bir sey elede 2dene isdirem”, “Ceyun bitov yoxsa yari goturmek olur bva xeber elede”, “Salam ceyun seher ise gederem 2 dene isdirem bva 10 manat varda bva qardasiva 2 dene verde bva”, “Bva 25 manat var mende mencun bir sey elede bva” məzmununda mesajlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni, həmin maddələri satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 5(050)-47/2023 nömrəli qərarından görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 28 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli, 3801 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan qərardan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış, təmiz çəkisi 20,599 qram çəkidə narkotik vasitə heroin, təmiz çəkisi 4049,4 qram narkotik vasitə tiryək, təmiz çəkisi 6799,4 qram narkotik vasitə qurudulmuş marixuana və 1660 ədəd metadon həbləri, həmçinin ondan götürülmüş 01 ədəd “İphone” markalı mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş mesajlar yazılan 01 ədəd CD disk və videogörüntü əks olunan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş külli miqdarlarda narkotik vasitələri qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 28 yanvar 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 28 yanvar 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Astara rayon məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 1(018)-14/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş (icra edilmiş) hesab olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 27 yanvar 2025-ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini sonuncu dəfə azadlığa buraxıldıqdan 3 gün sonra - 28 yanvar 2023-cü ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 1(018)-14/2023 nömrəli hökmlə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsa da o həmin cəzanı cəzaçəkmə müəssisəsində çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Rüdəkənar kəndində qeydiyyatda olmaqla anası X3 və ögey qardaşı X8 ilə birgə orada yaşamış və yaşayış yerindən kafi xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 iyun 2023-cü il tarixli, 882 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nigahda olmaqla ər-arvad kimi yaşadığı X5 20-21 həftəlik hamilədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, arvadının hamilə olmasını və sonuncunun heç bir yerdə işləməməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 20,599 qram nakotik vasitə heroin, qalıq çəkisi 6799,4 qram nakotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 4049,4 qram nakotik vasitə tiryək və 1660 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən bir ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş mesajlar yazılan 01 ədəd CD disk cinayət işinin materiallarına cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 20,599 qram nakotik vasitə heroin, qalıq çəkisi 6799,4 qram nakotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 4049,4 qram nakotik vasitə tiryək və 1660 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən bir ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş mesajlar yazılan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar