Məhkəmə qərarları › İş №1(099)-46/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-46/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-46/2022 04.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 16 avqust 1988-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri İ.Qurbanov küçəsi ev 34-də qeydiyyatda olan və yaşayan, iş üzrə 05 fevral 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 13,330 qram psixotrop maddə metamfetamin və 2,995 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd bükümdə idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilin qabaq panelində yerləşən saxlanc yerində, psixotrop maddə metamfetamini isə 03 ədəd bükümdə üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibində 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,460 qram, 4,443 qram və 4,427 qram olmaqla ümumilikdə 13,330 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq paneldə yerləşən saxlanc yerdində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə 2,995 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitə marixuana və tiryəkdən istifadə edir. Lakin 05 fevral 2021-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində və avtomobilində narkotik vasitə və ya psixotrop maddə metamfetamin olmamışdır. Həmin narkotik vasitə üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. X2 ilə maşın alveri etmişdir. Səriyə ona bizneslə məşğul olmaq üçün 140.000 ABŞ dolları pul vermişdir. Həmçinin saxlamaq üçün təxminən 100.000 ABŞ dolları dəyərində qızıl-ziynət əşyaları vermişdir. O, həmin pulları avtomobil alverinə sərf etmişdir. Lakin pademiya ilə əlaqədar avtomaşınları sata bilmədiyindən Səriyyə Əliyevaya pulu ödəyə bilməmişdir. Buna görə də Səriyyə Əliyevanın anası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ondan guya onların pullarını oğurlaması barədə şikayət etmişdir. Həbsə alınmasından beş-altı ay əvvəl onu Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlamışlar ki, avtomobil alverinə görə Səriyə Əliyevaya olan borcunu ödəsin. Hətta həmin məsələ ilə əlaqədar olaraq bir dəfə də qardaşını saxlamışlar. Lakin avtomobilləri sata bilmədiyindən borcunu ödəyə bilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ondan Səriyə Əliyevaya külli miqdarda pulu qaytarmasını tələb etmişlər. Lakin onun pulu qaytarmaq imkanı olmadığından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 5 fevral 2021-ci il tarixdə onun yaşadığı evə gələrək onu evdə tutub, hətta paltarlarını geyinməyə imkan vermədən sürükləyərək polis şöbəsinə aparmışlar. Həmin vaxt özünə məxsus «X16» markalı avtomobil isə evin qarşısında dayanmış vəziyyətdə olmuşdur. Polis işçiləri onu polis şöbəsinə aparanda avtomobili evin qarşısında qalmışdır. Polis şöbəsinə aparılarkən onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Eyni ilə ona məxsus avtomobildə də heç bir narkotik vasitə olmamışdır. Avtomobildə elektron tərəzi olmuşdur. Qayınanası Rəsmiyyə banklara qızıl qoymaqla pul götürmüşdür. Avtomobilində olan həmin tərəzidən qızıl-zinət əşyalarının çəkilməsində istifadə etmişlər. Polis əməkdaşları onlara qarşı hörmətsizlik etdiklərini bildirməklə üzərinə psixotrop maddə metamfetamin qoymuşlar. Eyni zamanda avtomobilini də özləri sürüb polis şöbəsinə gətirmişlər və avtomobilinə də narkotik qoymuşlar. Hansıki avtomobili onların sərəncamında olmuş, özləri sürüb polis şöbəsinə gətirmişlər. Onu arvad-uşağını polis şöbəsinə gətirməklə və evinə 2 kq narkotik qoymaqla hədələyərək sənədlərə imza etməsini tələb etmişlər. O da məcbur olub guya üzərində və avtomobilində narkotik aşkar olunması, həmin narkotik vasitələrin ona məxsus olması barədə sənədlərə imza etmişdir. Eyni zamanda videoçəkiliş zamanı üzərində və avtomobilində narkotik olmasını etiraf etmişdir. O heç bir vaxt narkotik vasitə satmamışdır. O, Qadir adlı şəxsi tanımır. Lakin polis işçiləri ona təzyiq göstərdiklərinə görə guya narkotiki Qadir adlı şəxsdən almasına dair izahat və ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ilkin ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, mütəmadi olaraq “nəşə” kimi tanınan narkotik vasitə marixuana çəkir. Son zamanlar “şüşə”, “patı” kimi bilinən psixotrop maddə metamfetamindən də istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. 01 fevral 2021-ci il tarixdə avtovağzalda olan “Qadir” kimi tınıdığı şəxsdən 210 manat pul verərək bir kibrit qutusunda narkotik vasitə marixuana və 03 bükümdə təxminən 10 qramdan artıq psixotrop maddə metamfetamin almışdır. Həmin maddələri Salyan rayonu Ənnağa Hüseynov küçəsində yaşadığı 34 nömrəli evə gətirmişdir. Marixuanadan bir az istifadə etmiş, qalan hissəsini isə bir ədəd sellofan bükümdə qablaşdırmış ki, saxlamaq rahat olsun. Bundan sonra narkotik vasitə marixuananı idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobildə qabaq panelində yerləşən saxlanc yerində (bardaçokda) saxlamışdır. Bundan başqa narkotik vasitə alan zaman miqdarında onu aldatmasınlar deyə özündə elektron tərəzi də saxlamışdır. Həmin tərəzidə narkotik vasitə alan zaman çəkmişdir. Həmin tərəzini də idarə etdiyi avtomobilin qabaq panelində yerləşən saxlanc yerində saxlamışdır. Psixotrop maddə metamfetaminləri isə geyindiyi gödəkçənin cibində saxlamışdır. 05 fevral 2021-ci il tarixdə saat 12:20 radələrində yaşadığı evdən çıxaraq idarə etdiyi avtomobilə yaxınlaşan zaman polis əməkdaşları onu saxlamışlar. Ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu darə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Orda ona müdafiəçi təqdim edildikdən sonra üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl o, üzərində olan gödəkçənin sol yan cibində saxladığı 03 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin bardoçokunda saxladığı bir ədəd bükümdə narkotik vasitə marixuananı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi maddələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. O, həmin maddələri öz istifadəsi üçün əldə edib saxlamışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə və ya psixotrop maddə alan zaman miqdarını dəqiq ölçmək üçün həmin tərəzini alıb avtomobilində saxlamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçmişlər. 05 fevral 2021-ci il tarixdə saat 12:20 radələrində həmin ünvanın yaxınlığında dayanmış vəziyyətdə olan “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar. Ona özlərini təqdim edərək şəxsiyyətini dəqiqləşdirdikdən sonra psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində və ona məxsus avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onu avtomobil ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 5 gün əvvəl Salyan şəhərində yerləşən avtovağzal ərazisində Qadir kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırılıb götürlmüşdür. Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilin salonunda bir büküm narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi gizlədilib saxladığını və həmin narkotik vasitəni və elektron tərəzini təqdim edə biləcəyini bildirmişdir. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “X16” markalı avtomobilin salon hissəsində qabaq paneldə yerləşən saxlanc yerində saxladığı bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı da üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə birlikdə 5 gün əvvəl Salyan şəhərində yerləşən avtovağzal ərazisində “Qadir” kimi tınıdığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs elektron tərəzidən narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini qeyd etmişdir. Bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd elektron tərəzi iki ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs Səriyə adlı qadınla avtomaşın alveri etməsi və ona boclu olması ilə əlaqədar onlarda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması Səriyə adlı qadınla avtomaşın alveri etməsi ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmişlər. Onun üzərinə metamfetamin, avtomobilinə isə qurudulmuş marixuana qoymamışlar. Təqsirləndirilən şəxs evinə külli miqdarda narkotik qoymaq və ailə üzvlərini polisə gətirməklə hədələməmişlər. Şahidlər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 Əlibala oğlu, Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilmədiyini göstərmişlər. Şahid X5 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs qayınanasıdır. Nurlan Səriyyə adlı qadınla avtomobil alveri ilə məşğul olmuş və avtosalona pul qoymuşlar. Bununla əlaqədar Nurlanla Səriyyənin aralarında pul borcu olmuşdur. Elnurun imkanı olmadığına görə Səriyyəyə olan pul borcunu qaytarmamışdır. Bununla əlaqədar Səriyyə Elnurun barəsində şikayət etmişdir. Bununla bağlı olaraq 5 fevral 2021-ci il tarixdə saat 11-12 radələrində polis işçiləri Nurlanın yaşadığı evə basqın etmiş, qapı-pəncərəni sındırmışlar. Nurlanı ev paltarında sürüyə-sürüyə aparmışlar. Nurlana məxsus avtomobil isə evin həyətində qalmışdır. Təxminən 15 dəqiqə sonra polis işçiləri həyətə gələrək Nurlana məxsus avtomobili də sürüb aparmışlar. Nurlanın üzərində metamfetamin olmamışdır. Eyni ilə Nurlana məxsus avtomobildə də qurudulmuş marixuana olmamışdır. Həmin maddələr polis əməkdaşları tərəfindən qoyulmuşdur. Lakin Nurlana məxsus avtomobildə elektron tərəzi olmuşdur. O, banklara qızıl qoymaqla pul götürmüşdür. Həmin tərəzidən banklara qoyduğu qızılın çəkilməsində iştirak etmişdir. Şahid X12 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Özü Bakı şəhərində yaşayır. 5 fevral 2021-ci il tarixdə Salyan şəhərinə qardaşı Şahingilə gəlmişdir. O, evin həyətinə daxil olmuşdur. Həmin vaxt mülki geyimdə olan bir-neçə şəxs həyətə daxil olaraq Nurlanı axtardıqlarını bildirmişlər. O isə evdə heç kim olmadığını bildirmişdir. Sonra həmin şəxslər Nurlanın yaşadığı evə tərəf getmişlər. O, Nurlanın yaşadığı evə yaxınlaşanda orada polis işçilərinin olduqlarını və çoxsaylı vətəndaşların yığışdıqlarını görmüşdür. O, həmin yerə çatdıqda iki nəfər şəxsin Nurlanın qoluna girərək evdən çıxarıb sürüyə-sürüyə apardıqlarını görmüşdür. Digər polis əməkdaşları isə Nurlanın yaşadığı evdə axtarış aparmışlar. O, polis işçilərindən Nurlanın üzərində onların yanlarında axtarış aparılmasını tələb etmiş, lakin polis işçiləri ona məhəl qoymadan Nurlanı özləri ilə aparmışlar. Nurlana məxsus avtomobil isə həyətdə qalmışdır. Bir qədər sonra polis işçiləri gəlib özləri sürərək avtomobili də aparmışlar. Şahid X3 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir, həm də qonşuluqda yaşayırlar. 5 fevral 2021-ci il tarixdə saat 11 radələrində səs-küy eşidib Nurlanın yaşadığı evə gedəndə polis işçilərinin Nurlanın qolundan tutub sürüyə-sürüyə avtomaşına qoyub apardıqlarını görmüşdür. Həmin vaxt Nurlan ev paltarında olmuşdur. Polis işçiləri Nurlanı apararkən ona məxsus avtomobilin harada qalmasını bilməmişdir. Şahid X8 məhkəmədə Təqsirləndirilən şəxslə qonşuluqda yaşayır. 5 fevral 2021-ci il tarixdə küçədə iki avtomaşının dayandığını görmüşdür. Bir qədər sonra Elnur Əliyevin evində səs-küy eşitmiş, həm də qapının sınıdırlması səslərini eşitmişdir. Bu vaxt polis əməkdaşlarının Elnur Əliyevin qolundan tutub sürüyə-sürüyə apardıqlarını görmüşdür. Polis əməkdaşları Elnuru avtomaşına qoyaraq aparmışlar. Elnurun avtomobili isə həyətdə qalmışdır. Bir qədər sonra polis işçiləri gəlib Elnura məxsus avtomaşını aparmışlar. Şahid X9 məhkəmədə göstərdi ki, 03 fevral 2021-ci il tarixdə bacısıgilə qonaq gəlmişdir. 5 fevral 2021-ci il tarixdə saat 11-12 arası qapının döyülüb sındırılmasına cəhd olunduğunu görmüşdür. Bu zaman polis işçiləri pəncərədən evə daxil olmuşlar. Onlar Nurlanın üstünü və evi axtarmışlar, lakin hər hansı narkotik tapmamışlar. Sonra isə Nurlanı sürüyə-sürüyə avtomobilə mindirib aparmışlar. Nurlana məxsus avtomobil isə evin həyətində qalmışdır. Təxminən 15 dəqiqə sonra polis işçiləri həyətə gələrək avtomobili aparmışlar. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 fevral 2021-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,460 qram, 4,443 qram və 4,427 qram olmaqla ümumilikdə külli miqdarda 13,330 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması haqqında 05 fevral 2021-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “X16” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq paneldə yerləşən saxlanc yerdindən 01 ədəd bükümdə 2,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 06 fevral 2021-ci il tarixli, 6/528 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ayrı-ayrılıqda 4,460 qr, 4,443 qr və 4,427 qr-ümumilikdə 13,330 qram ağ rəngli, kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik və psixotrop maddələrin izləri yoxdur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 13,180 qram olmuşdur. Məhkəmə-bioloji ekspertizasının 06 fevral 2021-ci il tarixli, 7/155 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,995 qram olan bitki mənşəli kütlə tərkibində narkoptik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 2,945 qram olmuşdur. Ekspertiza tədqiqatından sonra qalmış 2,945 qram qurudulmuş marixuana, 13,180 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə 27 mart 2021-ci il tarixli qərarı maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 fevral 2021-ci il tarixdə Salyan rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 04 fevral 2021-ci il tarixli qərarı Salyan Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixliqərarı ilə qanuni hesab edilmişdir. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Fəxri Babazədinin 13 fevral 2021-ci il tarixli qərarının cinayət işinə əlavə edilmiş surətindən görünür ki, X11 müraciətində Təqsirləndirilən şəxs və arvadı X6 2020-ci ilin aprel ayında onların Bakı şəhərində yerləşən evindən 4.000.000 ABŞ dolları pulu və 20 kq çəkidə qızılzinyətəşyalarını, digər mənzillərindən isə ******* ABŞ dollarını oğurlamalarını göstərmişdir. Həmin faktlara görə Azərbaycan Respublikası CM-nin 177.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı 9 avqust 2021-ci il tarixli ərizənin iş materiallarına əlavə olunmuş surətindən görünür ki, o, həmin ərizəsində X11 və X4 ona verdikləri pul vəsaiti hesabına aldığı “BMV x6” markalı “Rang Rover” markalı, “X20” markalı avtomaşınlar aldığını, Pərvanə Əliyeva və Səriyə Əliyevanın əmanət kimi saxlamaq üçün ona pul vəsaiti verdiklərini, onun həmin pul vəsaiti hesabına həmin avtomobilləri Səriyə Əliyevanın razılığı ilə aldığını, həmin avtomobilləri Səriyə Əliyeva və Pərvanə Əliyevaya qaytarmaq istədiyini göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə olduğu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində müdafiəçisi onun BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, həmimn xüsusatın araşdırılması üçün onun tibbi müayəinədən keçirilməsini xahiş etmişdir. Hazırda bədənində hər hansı xəsarət izi qalmadığından, işgəncə xüsusatlarının araşdırılması mümkün olmadığından araşdırmanın dayandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsimrləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən irəli sürülmüş ittihamla özünü qismən təqsirli bildiyini, narkotik vasitə satmaq niyyəti olmadığını, narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 22 mart 2021-ci il tarixli aryışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda,13,330 qram psixotrop maddə olan metamfetamini və 2,995 qram qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin, avtomobilində isə qurudulmuş marixuana olmaması, X2nın ona birgə bizneslə məşğul olmaq üçün 140.000 ABŞ dolları pul verməsi, həmin pulu qaytara bilmədiyinə görə Səriyyə Əliyevanın ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsi, həmin pulu ödəyə bilmədiyinə görə həmin idarənin əməkdaşları tərəfindən evindən polis şöbəsinə aparılmaqla üzərinə metamfetamin, avtomobilinə isə qurudulmuş marixuana qoyulması, ona təzyiq göstərildiyinə görə həmin maddələrin ona məxsus olmasına etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılmış 2,945 qram narkotik vasitə qurudulmuş marixuana və 13,180 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və ona məxsus avtomobildə axtarış və götürmə aparılması zamanı videogörüntüləri özündə əks etdirən iki ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 192 manat 82 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 2,945 qram narkotik vasitə qurudulmuş marixuana və 13,180 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını və ona mçəxsus avtomobildə axtarış və götürmə aparılması zamanı videogörüntüləri özündə əks etdirən iki ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriye Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar