Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-460/2025 02.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud oğlu və Nuriyev Aqil Abduloğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi Sabil oğlunun iştirakları ilə, xx xxxxx 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Biləsuvar rayon, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri, Ə.Kürçaylı küçəsində, su kanalının yaxınlığında əmisioğlu Zərərçəkmiş şəxs qardaşı Şahid3 və atası Şahid2 ilə mübahisə edərək, qardaşını vurub yerə yıxması və atasının ünvanına nalayiq sözlər deməsi səbəbindən evdən götürdüyü bir ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinə bir dəfə vurmaqla döş qəfəsinin sol yarısının arxa səthində, döş boşluğuna keçən və ağciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ələddin oğlu əmisi oğludur. 26 may 2025-ci il tarixdə qonşusu Aydın adlı şəxsin nəvəsinin toy məclisi olmuş və onları da dəvət etmişlər. Ailəsini həmin toyda qardaşı Şahid3 təmsil etmək üçün getmişdir. Həmçinin əmisioğlu Zərərçəkmiş şəxs da toya getmişdir. Həmin gün saat 21 radələrində onlara zəng gəlmiş, qardaşı Emin və əmisi oğlu Elvinin spirtli içkinin təsiri altında mübahisə etmələrini bildirmişlər. Atası Bəhlulla birlikdə gedərək qardaşı Emini evlərinə gətirmişlər. Onlar evdə olan zaman qardaşı Eminə zəng gəlmiş və sonuncu evdən çıxmışdır. Atası Bəhlul da Eminin arxasıyca getmiş, o da atası və Eminin arxasınca getmişdir. Hadisə yerinə çatdıqda qardaşı Eminlə əmisi oğlu Elvinin mübasihə etdiyini, atası və əmisinin də onları araladığını görmüşdür. Əmisi oğlu Elvin mübahisə zamanı qardaşını yumruqla vurmuş atasını da nalayiq ifadələr eşitdiyini görüb onun bu hərəkətini götürməmiş, bu səbəbdən hadisə yerinə gələrkən üzərində gətirdiyi bıçaqla əmisi oğlu Elvini qorxutmaq məqsədi ilə çiyin nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Bir zərbə vurduqdan sonra aralaşmışlar. Hazırda əmisi oğlu Elvinlə münasibətləri yaxşıdır, onunla barışmışlar, Elvinin ondan heç bir şikayət və tələbi yoxdur. Tutduğu əməldən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. 26 may 2025-ci il tarixdə qonşusu Aydın adlı şəxs nəvəsinin toy məclisində olmuşdur. Həmin toy məclisinə əmisi oğlu Elməddin Qəfərov 85 kiloqram heyvan əti vermişdir. Toyda oturduğu masada əmisi oğlu Niyaməddin Qəfərovla birlikdə spirtli içki qəbul etmişdir. Toydan çıxıb evə gedən zaman Eminlə ətin pulunun alınması ilə bağlı aralarında mübahisə yaranmış, Emin spirtli içkinin təsiri ilə onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o da Eminin söyüş söyməsinin qarşısını almaq üçün yaxınlaşmış və əli ilə sinə nahiyəsindən itələmişdir. Emin spirtli içkinin təsiri altında olduğu üçün ayaqüstə dayana bilməmiş və yerə yıxılmışdır. Bundan sonra o, və Elməddin Emini yerdən ayağa qaldırmışlar. Elməddin Qəfərov onları aralamış hər biri evlərinə getmişlər. Həmin günü saat 23 radələrində yaşadığı evin darvazasının qarşısına siqaret çəkmək üçün çıxmışdır. Bir qədər sonra əmisi oğlu Emin söyüş söyə-söyə ona tərəf gəlməyə başlamışdır. O da Eminə yaxınlaşmışdır. Bundan sonra aralarında mübahisə başlamışdır. Mübahisə zamanı atası Əliəddin və əmisi Bəhlul da gəlmişdir. Həmin vaxt Eminlə mübahisə zamanı əlbəyaxa olmuşlar, atası Əliəddin və əmisi Bəhlul da onları ayırmaq istəmişdir. Həmin vaxt hadisə yerinə Elgün də gəlmişdir. Elgün ona yaxınlaşmış və çiyninin arxa hissəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Hazırda əmisi oğlu Elgünlə barışmış, onun bağışlayır, Elgün tərəfindən onun müalicə xərcləri ödənilmişdir. Elgün Qəfərovdan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs isə əmisioğludur. 26 may 2025-ci il tarixdə əmisioğlu Zərərçəkmiş şəxs ilə birlikdə toyda olmuşlar. Spirtli içki qəbul etmişlər. Şadlıq sarayının həyətinə düşmüş əmisi oğlanları Elvin və Elməddinin toy sahibi Təhməzlə söhbət etmələrini görmüşdür. O, Elvin və Elməddinə yaxınlaşan zaman Elməddinin toyun ətini təmin etməsini, lakin pulu ala bilməməsini müəyyən etmişdir. Həmin vaxt o, Elvin və Elməddinə yaxınlaşdıqdan sonra sonuncuya “daha sonra pulu alarsan, səbrli ol” sözlərini demişdir. Bundan sonra Elvin onların arasın girmiş və onu itələyərək yerə yıxmışdır. X4 avtomobilinə əyləşdirərək oradan uzaqlaşdırmış, o da evinə gəlmişdir. Zərərçəkmiş şəxs qardaşı Elnur Qəfərov ona zəng vurmuş və söyüşlə danışmağa başlamışdır. O da Elnur Qəfərovun söyüşlərini ev sakinləri eşitməsin deyə evdən çıxmış və Əzizbəyov su kanalına yaxınlaşmışdır. Həmin vaxt Elvin qəfildən onun üzərinə hücum etməyə başlamışdır. Atası Şahid2 da hadisə yerinə gələrək onları ayırmağa çalışmışdır. Həmin vaxt küçə qaranlıq və tənha olmuşdur. Zərərçəkmiş şəxs onun sifətindən bir dəfə yumruq vuraraq yerə yıxmışdır. Bundan sonra o, ayağa qalxmışdır. Hadisə zamanı qardaşı Elgün əlində olan bıçaqla bir dəfə Elvinə zərbə vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid2 oğludur. Zərərçəkmiş şəxs onun oğludur. 26 may 2025-ci il tarixdə qonşuluqda yaşayan Aydının nəvəsinin toy məclisi təşkil olunmuşdur. Axşam saat 22 radələrində oğlu Elvin evə gəlmiş və əmisi oğlu Eminlə restoranın həyətində mübahisə etmələri barədə ona məlumat vermişdir. Bir neçə dəqiqə sonra Elvin hava almaq üçün küçəyə çıxacağını demişdir. Elvin küçəyə çıxandan bir müddət sonra küçədən səs gəlmişdir. O, dərhal küçəyə çıxmış və oğlu Elvinlə qardaşı oğlu Eminin mübahisə etmələrini və qardaşı Bəhlulun da ayırmaq istədiyini görmüşdür. Buna görə o da yaxınlaşmış və ayırmağa çalışmışdır. Həmin vaxt Emin Qəfərov spirtli içkinin təsiri altında olduğu üçün ayaqüstə dayana bilməmiş və yerə yıxılmışdır. Daha sonra Bəhlul onu ayağa qaldırmışdır. Elgün Qəfərov yaxınlaşmış və oğlu Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinin arxa hissəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Daha sonra uzaqlaşmışdır. O da oğlu Zərərçəkmiş şəxs yaşadığı evə, sora isə Biləsuvar rayon Mərkəzi xəstəxasına aparmışdır. İş üzrə şahid qismində dəvət olunmuş Şahid2 ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında onun ifadəsi elan olunmuş. Həmin ifadədə o göstərmişdir ki, Zərərçəkmiş şəxs Ələddin oğlu onun qardaşı Şahid1 oğludur. 26 may 2025-ci il tarixdə qonşusu Aydın adlı şəxs nəvəsinin toy məclisini təşkil olunmuş və onları da dəvət etmişlər. Ailəsini həmin toyda oğlu Emin təmsil etmək üçün getmişdir. O, həmin tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman qardaşı oğlu Elməddin Qəfərov ona zəng vurmuş və Elvinin Emini döyməsini demişdir. O da oğlu Eminə zəng vurmuş və harda olmasını soruşmuşdur. Emin də ona Uğur marketə siqaret almaq üçün getməsini bildirmişdir. O gedərək Emini evlərinə aparmışdır. Biraz sonra Eminə zəng gəlmiş, evdən çölə çıxıb, Əzizbəyov su kanalına yaxınlaşmışdır. Emin spirtli içkinin təsiri altında olduğu üçün o, narahat olmuş və arxasınca getmişdir. Oğlu Eminə çatan zaman qardaşı oğlu Elvinlə mübahisə etmələrini görmüş və yaxınlaşıb ayırmağa başlamışdır. Qardaşı Əliəddin və oğlu Elgün də gəlmişdir. Mübahisə davam edən zaman Elvin Eminin sifətindən bir dəfə yumruq vuraraq yerə yıxmışdır. O da Emini yerdən qaldırmış və həmin Elgün əlində olan bıçaqla bir dəfə Elvinə zərbə vurmuşdur. Bu zərbədən sonra Elvin onları buraxmış və qardaşı Əliəddin Elvini özü ilə yaşadığı evə aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 27 may 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protkoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri, yəni Biləsuvar şəhəri, Əliağa Kürçaylı küçəsində, su kanalının yaxınlığında olması müəyyən edilmişdir. Küçəyə baxış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 184 nömrəli rəyində göstərilir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısın arxa səthində, döş boşluğuna keçən və ağciyərin sol payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici və ya kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1787 saylı ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə mıəcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/738 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələr, qolsuz maykanın səthində olan zədə kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan Biləsuvar rayonu, Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Qəfərzadə X2 rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 27 may 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 28 may 2025-ci il tarixli qərarla ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 27 may 2025-ci il tarixdən hesablanmaqla «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd qolsuz mayka maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2025-ci tarixli notarial qaydada təsdiq olunmu ərizəsi, həmçinin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlayır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona xəstəxana xərclərində maddi köməklik göstərmişdir. Elvin Qəfərzadədə heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 126.1ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə doğma əmioğlu olmasını, onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk məhkumluğunu, əməlini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmamasını, əməllini səmimi etiraf etməsini və peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin onun doğma əmisi oğlu olmasını cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərlərinə vəzifələr qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qısaqol köynək və bir ədəd qolsuz mayka məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə minib icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qısaqol köynək və bir ədəd qolsuz mayka məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-460/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-460/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver