Məhkəmə qərarları › İş №1(099)-462/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-462/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-462/2023 20.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xankəndi şəhərində qeydiyyatda olmaqla Füzuli rayonunun Arayatlı kəndində müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,028 qram narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda-0,242 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 03 mart 2023-cü il tarixdə, saat 01 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində yerləşən “Socar” X6 yanında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd kağız bükümdə külli miqdarda-3,028 qram narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-0,242 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Həmçinin o, Xankəndi şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Füzuli rayonunun Arayatlı kəndində qayınatasının evində müvəqqəti yaşamış, eyni zamanda işi ilə bağlı, yəni fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A/B massivi, ev 6, mənzil 2-də qardaşının evində də yaşamışdır. Əvəllər narkotiklərdən istifadə etsə də, sonradan narkotiklərdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. O, 02 mart 2023-cü il tarixdə, günorta saatlarında etibarnamə ilə, taksi kimi idarə etdiyi “Opel Astra” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir nəfər sərnişin götürüb Füzuli rayonun Horadiz qəsəbəsinə getmişdir. Sonra Horadiz qəsəbəsindən tanımadığı iki nəfər şəxsi maşına götürüb sifarişlə Sabirabad şəhərinə aparmışdır. Sabirabad şəhərinə axşam saatlarında çatmış, “Dairə” adlanan yerdə sənişinlər maşından düşüb getmiş, özü isə orada dayanıb bir müddət Bakı şəhərinə gedən sərnişin axtarmış, lakin sərnişin tapa bilmədiyinə görə saat 20 radələrində tək avtomobillə Sabirabaddan çıxıb Bakı şəhəri istiqamətində hərəkət etmişdir. 02 mart 2023-cü il tarixdə, gecə saat 22 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində “Socar” YDMnə daxil olub avtomobilinə yanacaq götürmüş, sonra yorğun olduğu üçün YDM-nin yaxınlığında avtomobili saxlayıb elə avtomobildə yatmışdır. Saat 23 radələrində bir neçə mülki geyimli polis əməkdaşları onu oyadıb avtomobildən yerə düşürüb heç bir izah vermədən onu döymüş, sonra öz avtomobilinə mindirib Hacıqabul rayonu ərazisində, Şirvan şəhəri istiqamətinə gedib avtomobillə bir müddət gəzdirmiş, həmin vaxt polislər buraxılması üçün ondan pul istənilib bu barədə yaxınlarına zəng edib gəlmələrini demiş, sonra onu və avtomobilini Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılan vaxt üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində tanımadığı polis əməkdaşları qarşısına iki bükümdə narkotik maddə qoyub həmin narkotik maddələrin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirib təzyiq edərək tələb etmişlər ki, bu maddələrin özünə məxsus olmasını bildlirsin. Polis əməkdaşların təzyiq və təsiri nəticəsində o, üzərinə qoyulmuş narkotik maddələrin özünə məxsus olmasını deməyə məcbur olmuşdur. Həmçinin polis əməkdaşları ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı və qısa müddətdən sonra buraxalacağını bildirmiş, o da onlara inanıb razılışmışdır. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və o, üzərində aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olmasını, tanışı “Samir” adlı şəxsdən pulla alıb özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və metamfetamin ona məxsus deyil, həmin maddələri üzərinə polis şöbəsində tanımadığı polis əməkdaşları qoymuş, sonra ona bu maddələrin ona məxsus olmasını deməyə məcbur etmişlər. Ona görə də o, üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə (CM-nin 234.4.3-cü maddəsi ilə) özünü təqsirli bilmir. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş səsli mesajlarla bağlı bildirmişdir ki, istifadəsində 050/588-02-88 və 070/328-0288 saylı mobil telefon nömrələri olmaqla iki ədəd “Samsung” markalı mobil telefonlar olmuş, həmin telefonlardan biri işlək vəziyyətdə olmamış, digər ağ rəngli “Samsung” markalı telefonu isə işlək vəziyyətdə olmuşdur. Ağ rəngli “Samsung” markalı mobil telefonun vatsapın yaddaşında qalmış səsli mesajlarla bağlı (01 mart 2023-cü il tarixdə, saat 22:17-də “Saşa neyniyə bildin, ancaq Saşa məni gözləsəydin, dedin ki, 25 di də hə?, ancaq məni gözləsəydin mən sənə 25-ə yəni biraz bütöv yox, 0,5 dən di də, belə deyək də 25-ə mən sənə 0.8 verərədim, başa düşdün? Məni gözləsən 0.8 verərəm, əgər gözləsən” səsli mesajı və 02 mart 2023-cü il tarixli saat 20:46-da “ay qaqaş axmaşın xeyir, nə var nə yox, necəsən, yetim sən hər zaman lazım olanda yoxa çıxırsan, setdə olmursan, itib batırsan” səsli mesajı) heç bir məlumatı yoxdur, onun kimsə və ya kimsənin ona belə mesajlar göndərməsini xatırlamır. Həmçinin o, “Saşa” adlı şəxsi tanımamış və belə bir şəxslə heç bir telefon danışığı və ya mesajlaşması olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, hazırda (saxlanılan vaxt nəzərdə tutulur) bir neçə aydır ki, Bakı şəhərində qardaşının evində yaşayır. 02 mart 2023-cü il tarixdə işi ilə bağlı etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, **-VL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Füzuli rayonuna getmişdir. Füzuli rayonunda çoxdan tanıdığı və əvvəllər də narkotik maddə aldığı “Samir” adlı şəxslə görüşüb ondan narkotik maddə tapmasını deyib ona 40 manat pul vermişdir. Təxminən iki saatdan sonra Samir gəlib bir bükümdə heroini və bir bükümdə matamfetamini ona vermiş və o, həmin bükümləri boş siqaret qutusunun içərisinə yerləşdirib gödəkcəsinin cibinə qoyub axşam saatlarında Füzuli rayonundan çıxmışdır. 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixə keçən gecə, saat 01 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində yerləşən “Socar” YDM-də avtomobilinə yanacaq doldurmuşdur. Həmin vaxt bədənində ağrıları olduğundan, yəni bir neçə ay əvvəl avtoqəza səbəbindən bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlərə görə bədənində şiddətli ağrıları olduğundan və narkotik vasitədən istifadə edərkən həmin ağrıları kəsildiyindən YDM-nin çıxışında maşını saxlamışdır ki, heroin qəbul etsin. Həmin vaxt Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib onu Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəklişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki gödəkcənin cibindən iki ədəd kağız bükümü təqdim edib bükümlərin içərisində heroin və metamfetamin olduğunu və bu maddələri 02 mart 2023-cü il tarixdə Füzuli rayonunda tanışı Samirdən aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində yazılmış “Füzuli rayonunda çoxdan tanıdığı və əvvəllər də narkotik maddə aldığı “Samir” adlı şəxslə görüşüb ona 40 manat pul verib ondan bir bükümdə heroin və bir bükümdə matamfetamin” alması doğru deyil. O, ifadəsində adı çəkilən “Samir” adlı şəxsi tanımır və o, belə bir şəxsdən narkotik maddə almamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroin və metamfetamin ona məxsus deyil, həmin heroin və metamfetamini üzərinə tanımadığı polis əməkdaşları qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təxirəsalınmadan həmin gün gecə saat 01 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisindəki “Socar” YDM-nin yanında olması müəyyən edilmiş, bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs həmin yerdə saxlanılmış və idarə etdiyi avtomaşınla birlikdə Hacıqabul RPŞ-nə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı Mübaşir Heybətov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəd siqaret qutusu çıxarıb təqdim etmiş və bu siqaret qutusunun içərisindən iki ədəd kağız bükümlər və həmin bükümlərin içərisində heroin və metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroin və metamfetamini özünün şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq və təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Rəfail oğlu Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 03 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 03 mart 2023-cü il tarixdə, gecə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Pirsaat qəsəbəsinin ərazisindəki “Socar” YDM-nin yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, Təqsirləndirilən şəxs adına olan “məhkumun tibbi katabçası”nın surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən müdafiəçi Ağabba Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ icəri cibindən bir ədəd “Sobranie” siqaret qutusunu təqdim edib həmin qutunun içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Təqdim olunmuş siqaret qutusunun içərisində bir ədəd bükümdə heroinə və bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələri (heroin və metamfetamini) Füzuli rayonunda Samir adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdəki bir ədəd kağız bükümdə təmiz çəkisi-3,028 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi- 0,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,978 qram və metamfetamin0,192 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 2,978 qram heroin və 0,192 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, “Mobil telefonlara baxış keçirilməsi haqqında” 06 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı iki ədəd mobil telefonlara baxış keçirilmişdir. Bir ədəd qara rəngli “Samsung” markalı telefonun üzərində düyməcikləri yerləşən hissəsi yoxdur, telefon açılmır. Digər ağ rəngli “Samsung” markalı mobil telefona baxış zamanı telefonun “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsində “SAWA” kimi adını qeyd etdiyi şəxslə 01 mart 2023-cü il tarixdə səs yazıları vasitəsi ilə danışıqları müəyyən olunmuşdur. 01 mart 2023-cü il tarixdə, saat 22:17-də Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş 34 saniyəlik səs yazısında “Saşa neyniyə bildin, ancaq Saşa məni gözləsəydin, dedin ki, 25 di də hə?, ancaq məni gözləsəydin mən sənə 25-ə yəni biraz bütöv yox, 0,5 dən di də, belə deyək də 25-ə mən sənə 0.8 verərədim, başa düşdün? Məni gözləsən 0.8 verərəm, əgər gözləsən” səsli mesaj göndərilmiş, həmin şəxs də (Təqsirləndirilən şəxs) 02 mart 2023-cü il tarixli saat 20:46-da olan səs yazısında “ay qaqaş axmaşın xeyir, nə var nə yox, necəsən, yetim sən hər zaman lazım olanda yoxa çıxırsan, setdə olmursan, itib batırsan” səsli mesaj göndərilmişdir. İşdə olan, Hacıqabul RPŞ-nin 30 mart 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin və metamfetamini kimdən alması və haradan əldə etməsi, o cümlədən satması və ya satacağı barədə dəqiq məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərindən aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması və həmin maddələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olmasını, həmin maddələri tanışından alıb şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərindən aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması və həmin maddələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərarla, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (şəxsi axtarış zamanı və sonradan verdiyi ifadələrində o, üzərində aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olmasını, həmin maddələri tanışından alıb şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik və psixotrop maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində aşkar olunmuş heroin və metamfetamini 40 manat müqabilində Füzuli rayonunda tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, Bakı şəhərinə gedərkən avtomobilində narkotik vasitədən istifadə etmək istəyərkən polis əməkdaşları tərəçfindən saxlanıldığını, əvvəllər narkotik vasitələrdən istifadə etmədiyini, lakin avtoqəza keçirdiyindən bədənində ağrıları olduğu üçün narklotik vasitələrdən istifadə etməyə başladığını, həftədə iki-üç dəfə narkotik vasitədən istifadə etdiyini, bu cinayətə görə həbs olunarsa ailəsini itirmək təhlükəsi ilə üzələşə biləcəyini və əməlindən peşman olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3,028 qram heroini və 0,242 qram metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 03 mart 2023-cü il tarixdə, saat 01 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Hacıqabul rayonun Pirsaat qəsəbəsinin ərazisində yerləşən “Socar” YDM-də saxlanılıb üzərində axtarış zamanı qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik və psixotrop maddələri hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi və saxlaması barədə məlumat daxil olmuş, həm də onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik və psixotrop maddələri özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən tələb nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 3,028 qram heroin və 0,242 qram metamfetamin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 3,028 qram olmaqla külli miqdar təşkil etməsi (həm də 0,242 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olması), eləcə də həmin maddələrin arı-ayrı növlərdən ibarət olması onun bu maddələri məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Eyni zamanda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda aşkar edilib götürülmüş 01 mart 2023-cü il tarixli “Saşa neyniyə bildin, ancaq Saşa məni gözləsəydin, dedin ki, 25 di də hə?, ancaq məni gözləsəydin mən sənə 25-ə yəni biraz bütöv yox, 0,5 dən di də, belə deyək də 25-ə mən sənə 0.8 verərədim, başa düşdün? Məni gözləsən 0.8 verərəm, əgər gözləsən” səsli mesajın yalnız mülahizə xarakteri daşıması (hər hansı faktın təsdiqi və ya inkarı müəyyən edilməməsi) nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan səsli mesaj hazırki işdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsinə münasibətdə sübut kimi qiymətləndirilməməlidir. Həmçinin ibtidai istintaq zamanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, habelə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, habelə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,028 qram heroin və şəxsi istehlak miqdarından artıq miqdarda-0,242 qram metamfetamin əldə edib, saxlayıb, üzərində daşımış, 03 mart 2023-cü il tarixdə, saat 01 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saxlanılıb üzərində şəxsi axtarış zamanı qeyd olunan heroin və metamfetamin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Füzuli- Qubadlı Hərbi Məhkəməsinin 08 aprel 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 18 may 2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, CM-nin 83-cü maddəsinin müddəalarına əsasən qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Füzuli rayon İHB-nın Arayatlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Xankəndi şəhərində qeydiyyatda olan Həsənov X3 sakini X8 ilə evlənmiş, ailəsi ilə birlikdə Arayatlı kəndində müvəqqəti yaşamış və yaşadığı müddətdə müsbət (yaxınları və qonşuları ilə münasibəti yaxşı olmuş, müsbət keyfiyyətləri ilə kənd ərazisində hörmət qazanmışdır və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Füzuli rayon İHB-nın Arayatlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 17 may 2012-ci il təvəllüdlü X11 və 03 mart 2018-ci il təvəllüdlü X9 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,978 qram heroin və 0,192 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,978 qram narkotik vasitə olan heroin və 0,192 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar