Məhkəmə qərarları › İş №1(099)-463/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-463/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-463/2024 04.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü il yanvarın 11-də saat 17 radələrində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:23 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində avtomobil təmiri ustası işləyir. 2024-cü il yanvarın 09-da Bakı şəhərindən çıxaraq Salyan rayonu Arbatan kəndində yerləşən ata evinə gəlmişdir. 2024-cü il yanvarın 11-də saat 18 radələrində o, yaşadığı evin həyətində olmuşdur. Bu zaman polis əməkdaşları olan 4 nəfər şəxs yaşadığı evin həyətində girərək onu səsləmişlər. O, onların qarşısına getmişdir. Polis əməkdaşları onunla görüşmüşlər, Qabil adı polis əməkdaşı ona idarəyə getməliyik sözlərini demişdir, o da həmin şəxsə çağırdıqları halda gələ biləcəyini demişdir. Polis əməkdaşları onu idarəyə aparmaq üçün biri qolundan biri ayağından tutmuşdur. Ailə üzvləri polis əməkdaşlarının yanına gəlmişlər. Polis əməkdaşları onu darvazdan çıxartmaq istəyən zaman o, əli ilə qapını örtmüşdür. Sonra həyətdə polis əməkdaşları söhbət etmişlər. Anası da gələrək ağlamağa başlamış, o, isə ağlamamasını demişdir. Sonra polis əməkdaşları onun bədəninə zərbələr vurmuşlar, maşına zorla əyləşdirib polis şöbəsinə aparmışlar. 2-ci mərtəbədə yerləşən Etibar adlı müavinin otağına getmişlər. Müavinin otağında üstünə baxmışlar. Etibar ona “sən getməlisən” sözlərini bildirmiş, o da “hara gedirəm” sözlərini demişdir. Sonra Etibar ona “sən müsəlman birliyi hərəkatının üzvüsən, ona görə də getməlisən” sözlərini demişdir. O da belə olan halda “narkotiklə deyil, din ilə bağlı tutmalarını” demişdir. Üzərində olan siqaret qutusunun içərisinə bağlı büküm qoymuşlar, o, bükümün içində nə olduğunu soruşmudur. Əməliyyatçı isə gülərək narkotik olduğunu demişdir. O, isə ona bükümün onun olmadığını demişdir. Sonra əməliyyatçı avtomobilindən 5 kq mal çıxardacağını bildirmişdir. O, isə belə etməmələrini demişdir. Əməliyyatçı isə həkim çağıracağını və arxa nahiyəsindən çıxardacağını bildirmişdir. Sonra onu birinci mərtəbəyə aparmışlar, o, əməliyyatçıya günahsız olduğunu demişdir. Əməliyyatçı isə günahının olmadığını bildirmişdir. Əməliyyatçılar narkotiki boynuna götürmədiyi halda ailəsi ilə təhdid edərək evindən narkotik çıxaracaqlarını bildirmişlər, o, da məcbur qalıb razılaşmışdır. Bundan sonra müstəntiqin otağında çəkiliş olmuş, lakin o etiraf etmədiyi üçün çəkilişi dayandırmışlar. Arzu adlı polis əməkdaşı onu təhqir etmiş, sonra yenidən video çəkiliş olmuş, ikinci video çəkiliş zamanı narkotikin adını ona öyrətmişlər, narkotik adının heroin olduğunu öyrətmişlər. O, çəkiliş zamanı narkotiki dəmiryolunun kənarından tapdığını demiş və sənədlərə imza etmişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində ədalətli qərar qərar çıxarılmasını xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən məhkəmə baxışında verdiyi ifadəyə uyğun ifadə verərək üzərində narkotik vasitə olmadığı, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyularaq cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmişdir. Lakin ibtidai istintaq zamanı 12 yanvar 2024-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində göstərmişdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. 2024-cü il yanvarın 11-də saat 16:30 dəqiqədə yaşadığı kənd ərazisindən keçən dəmiryolunun kənarından piyada keçən zaman yerdə olan 1 ədəd sellofan büküm diqqətini cəlb etmişdir. O, həmin bükümü əlinə götürüb baxan zaman içərisində özünün istifadə etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin həmin bükümü içərisində olan narkotik vasitəni istifadə etmək məqsədilə cibinə qoymuşdur. Sonrakı müddətdə də həmin narkotik vasitədən istifadə etmək üçün cibində saxlamışdır. Həmin gün saat 17 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar, orada şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində “polis şöbəsində olarkən üzərində olan siqaret qutusunun içərisinə polis əməkdaşları bağlı büküm qoymuşlar, o, bükümün içində nə olduğunu soruşmudur. Əməliyyatçı isə gülərək narkotik olduğunu deməsi, əməliyyatçılar narkotiki boynuna götürmədiyi halda ailəsi ilə təhdid edərək evindən narkotik çıxaracaqlarını bildirmələri, o, da məcbur qalıb şəxsi axtarış zamanı və ilkin ifadələrində narkotiki dəmiryolunun kənarından tapdığını deməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il yanvarın 11-də Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və əməliyyat qurupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib qrupun üzvləri ilə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsndan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, 2024-cü il yanvarın 11-də saat 16 radələrində yaşadığı kənd ərazisindən keçən dəmiryolunun kənarından piyada keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli 18/36 saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5,020 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 4,920 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli 178 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli videoçəilişlə aparılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 4,920 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli Salyan Rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın həkim psixiatr və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərarı X5 ətrafında aparılan əməliyyat-axtarış tədbirlrinin həyata keçirilməsi barədə Salyan RPŞ-nin CAB-nin rəisi Şahid1 11 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Salyan rayon, Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonu, Arbatan kəndində qeydiyyata olmaqla yaşayır, ailə tərkibi ata, anası, qardaş və bacısından ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 15 may 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqında» qərarla X5 narkotik vasitənin əldə etdiyi mənbə barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla X1 məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxs X5 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxs X5 narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X5 əməlinin Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. X5 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün X5 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumuluğnu, gənc olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. X5 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,920 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul X3 tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X7 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. X7 cəza çəkdiyi müddətdə nakomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,920 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar