Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-465/2025 16.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 və müdafiəçi- Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1990-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Beyləqan şəhəri, Mikayıl müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli miqdarda, 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində tanışı Şahid9 qanunsuz olaraq satmış, sonuncu Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 11 fevral 2025-ci il tarixdə, saat 03 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman qeyd olunan xeyli miqdarda, 0,609 qram çəkidə metamfetamin əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə, 12 fevral 2025-ci il tarixdə, saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə saat 21 radələrində marketdən velosiped sürərək evə qayıdarkən evin yaxınlığında «Opel» markalı avtomobil onun yanında dayanmış, avtomobildən 4-5 nəfər şəxs ona hücum edib polis əməkdaşları olduqlarını bildirib onu döyməyə başlamışlar. Polis əməkdaşları onu şöbəyə apararaq rəis müavini Orxan adlı şəxsin otağına qaldırmışlar. Orada polis əməkdaşları Ələhim, İlkin, Vasif, Ceyhun, Sərxan və Orxan onu döyməyə başlamışlar. Polis əməkdaşlarından biri iki ədəd stul və bir ədəd dəmir ling gətirərək onun qollarını lingdə bağlamışlar. Orxan təpiklə onun burnuna vurub sındırmışdır. Sonra isə ayağına qandal vurub lingin digər ucuna bağlayaraq onu lingdən asılı vəziyyətdə saxlamışlar. Şöbədə polis əməkdaşı Rəşad Novruzov kibrit qutusunda içərisində psixotrop maddə olduğunu, həmin psixotrop maddəni videoçəkiliş zamanı özünə məxsus olmasını deməsini bildirmişdir. Sonra Orxan adlı əməkdaş otağa bir ədəd şüşə butulka gətirib stolun üzərinə qoymuş və ona təqdim edərək söylədiklərini deməyəcəyi halda vəziyyətinin nə olacağını bildiyini demiş, o da məcbur qalıb razılaşmışdır. Həmçinin polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş zamanı o, velosipedini idarə etsin və velosipeddən yıxılaraq üzünü yerə vursun ki, aldığı xəsarətləri polis əməkdaşları tərəfindən deyil, guya velosipeddən yıxılaraq aldığı görünüşü yaransın. Bundan sonra, 13 fevral 2025-ci il tarixdə, saat 02 radələrində onu təkrar saxlandığı yerə aparıb oradan təxminən 15 metr aralıda videoçəkiliş etmişlər, videoçəkiliş zamanı polislərin dediklərini yerinə yetirmiş, polis əməkdaşları velosipedini də maşınla həmin yerə gətirmişlər. O, da velosipeddən yıxılıb üzünü yerə vurmuşdur. Bundan sonra baxış keçirilərkən polis əməkdaşları üzərinə qoyduqları metamfetamini çıxararaq təqdim etmiş, həmçinin ilkin ifadələrində metamfetaminin ona məxsus olmasını bildirmiş, lakin sonradan istintaq zamanı döyüldüyünü, polis əməkdaşları tərəfindən onun üzərinə metamfetamin qoyulduğunu ifadəsində bildirmişdir. Günahı olmadığı üçün ona bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvələr marixunadanan istifadə etdiyini, Şahid9 tanıdığını, onların yaşadıqları evin yaxınlığındakı marketdə işlədiyini, onunla munasibətinin olduğunu, arabir bir yerdə yeyib-içdiklərini, Aqilin psixotrop maddədən istifadə etməsindən məlumatının olmadığını, Aqil polis əməkdaşları tərəfindən tutularkən üzərindən aşkar olunmuş psixotrop maddənin ondan almasını deməsinin səbəbini bilmədiyini, Şahid9 heç bir psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsi ərazisində velosipedlə hərəkətdə olarkən ona yaxınlaşmışlar, Vüqar velosipedlə qaçmağa çalışmış, bu zaman velosipeddən yıxılmış və üzü üstə daşlığa dəymişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya olubolmamasını soruşmuş Vüqar əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu döyməmişlər və Beyləqan rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun otağına aparmamışlar, saxlanıldıqdan sonra Orxan Novruzovun otağında lingdən asılmamış və Orxan, Ələhim, Vasif, Rahil, İlkin, Ceyhun, Sərxan, Vüsal, Rəşad adlı əməkdaşlar tərəfindən döyülməmiş, Rəşad Novruzov ona kibrit qutusunda psixotrop maddə verməmişdir . İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid6, Şahid7, Şahid3, Şahid2 və Şahid8 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2024-cü ildən psixotrop maddə metamfetamindən istifadə etmişdir. Metamfetamini əvvələr X1 alınmış, sonuncu həbs olunduqdan sonra psixotrop maddələri Təqsirləndirilən şəxs alımışdır. Bir neçə dəfə Vüqardan 10 manat dəyərində psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə 10 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Vüqarla əlaqə saxlayıb 10 manatlıq metamfetamin satmasını xahiş etmiş, 20 dəqiqə sonra onun yaşadığı Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evin arxa tərəfində Vüqara 10 manat verərək istifadəsi üçün metamfetamin almış, səhəri gün istifadə etmək qərarına gələrək üzərində saxlamışdır. 11 fevral 2025-ci ildə, saat 03 radələrində polis əməkdaşları tərəfindən tutulmuş, Təqsirləndirilən şəxs aldığı büküm üzərindən aşkar edilərək götürülmüşdür. O Vüqarı Beyləqan şəhəri sakini kimi tanıyır, onunla “Oba” marketdə işləyən zaman tanış olmuşdur. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, 12 fevral 2025-ci il tarixdə saat 21 radələrində evinin pəncərəsindən baxanda çöldə səs-küy eşitdiyini, orada Vüqarın olduğunu görüb yaxınlaşmaq istəyərkən ona polis əməkdaşlarının olduqlarını, narkotik əməliyyatının aparıldığını deyib kənara çəkilməsini dediklərini, ətrafa baxdıqda Vüqarın velosipedinin yerdə olduğunu, Vüqarı isə avtomobilə otuzdurub apardıqlarını, artıq 13 fevral 2025-ci il tarixə keçən gecə saat 00 və ya 01 radələrində yenidən səs-küy eşitdiyini, çıxmaq istəyərkən onu buraxmayıb «gir içəri, çəkiliş gedir» sözlərini dediklərini, orada çoxlu polislərin olduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2025-ci il tarixli 18/135 saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərinin...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə Şahid9 aşkar olunaraq götürlmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqqatından sonrakı qalıq 2,142 qram və 0,409 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli 18/130 saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid9 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,609 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli, 1587 nömrəli “ambulator məhkəmə narkoloji ekspertizasının” rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 fevral 2025-ci il tarixli 86 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrıayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli 990 nömrəli kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İttiham olunduğu əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində gərginlik halı müşahidə edilmədi. Göstərilən tarixlərdə, ifadə və yaxud izahat verərkən onun psixoloji vəziyyətində hər hansı dəyişiklik olubolmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan, «şübhəli şəxsin tutulması haqqında» 13 fevral 2025-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 12 fevral 2025-ci il tarixdə saat 23:45-də məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 12 fevral 2025-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X6 Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 avqust 2014-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsi tətbiq olunaraq cəzasının çəkilməmiş qalan üç ay on gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Beyləqan rayon məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatda çıxarılmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Baş prokurorluğun Xidməti araşdırmalar idarəsinin 11 mart 2025-ci il tarixli və Beyləqan rayon prokurorluğunun 20 mart 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən şiddətə və fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət işinin başlanılmasın rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. İş materiallarında olan 17 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonrakı qalıq 2,142 qram və Şahid9 aşkar edilərək müqayisəli tədqiqat aparılması üçün ekspertizaya təqdim edilən tədqiqatdan sonrakı qalıq 0,409 qram çəkidə metamfetamin psixotrop maddələri maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 28 iyun 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmışdır. İş materiallarında olan Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Kazımov X6 şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2017-ci il təvəllüdlü X10 və 2024-cü il təvəllüdlü X4 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(020)-35/2025 nömrəli hökmünün surətindən görünür ki, Şahid9 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq ona yekun 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli «cinayət işinin ayrılması və icraata qəbul edilməsi haşqqında» qərarla Təqsirləndirilən şəxs narkotik vasitələrinin əldə etdiyi şəxs və şəxslərin şəxsiyyətini müəyyən edilməsi üçün hazırki cinayət işinin materiallarından cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan təqsirləndirilən şəxsin üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittihamın (üzərindən 2,242 qram psixotrop maddə metamfetamin aşkar edilməsinə münasibətində) irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd videoçəkilişlə aparılan «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 13 fevral 2025-cü il tarixli protokol olmuşdur. Məhkəmə istintaqı, həmçinin ibditai istintaq zamanı Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, polis əməkdaşları Ələhim, İlkin, Vasif, Ceyhun, Sərxan və Orxan onu döymüşlər, əməliyyatçılardan biri iki ədəd stul və bir ədəd dəmir ling gətirərək onun qollarını lingdə bağlamış, Orxan təpiklə onun burnuna vurub sındırmış, sonra isə ayağına qandal vurub lingin digər ucuna bağlayaraq onu lingdən asılı vəziyyətdə saxlamışlar, bu səbəbdən də məcburən polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşlarının ona verdiyi içərisində metamfetamin olan bir ədəd kibrit qutusunu cibinə qoymuş, videoçəkil zamanı polis əməkdaşlarının tələbi ilə velosipeddən qəsdən yıxılıb üzünü yerə vurmuş ki, polis əməkdaşları tərəfindən ona yetirilmiş xəsarətlərin guya yıxılan zaman alması görünüşü yaransın və polis əməkdaşlarının qoyduğu metamfetamini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilən 13 fevral tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokolun aparılmasına dair qeydə alınmış videoçəkilişin 00:14-cü dəqiqədə Təqsirləndirilən şəxs velosipedlə gəldiyi, polis əməkdaşlarının onun üzərinə getmələri, 00:16-cı dəqiqədə velosipeddən düşdüyü, 00:17- 00:20-ci dəqiqələrdə özünü yerə atdığı və üz nahiyyəsini 2 dəfə yerə vurması müşahidə olunur. Bundan sonra polis əməkdaşları onu qaldıraraq saxlayırlar. Həmin videoçəkiliş tədqiq edilərkən açıq-aşkar surətdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzünü süni şəkildə iki dəfə yerə vurur. Polis əməkdaşları tərəfindən qaldırıldıqdan sonra isə onun burun, alın və üzünün digər nahiyyələrində qançır xəsarətləri görünür. Burun nahiyyəsindən qan axmır, əksinə laxtalanmış qanabənzər qançır xəsarəti görünür, bu hal da özü özlüyündə xəsarətin üzünü yerə vurma deyil ondan əvvəl əmələ gəlməsinə dəlalət edir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır xəsarətləri vardır və onun saxlanıldığı, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, üzərində metamfetamin olmaması, onun polis şöbəsində təzyiqlərə məruz qalaraq xəsarətlər almasına görə ibtidai istintaqın ilkin mərhələlərində etirafedici ifadə verməsi halların həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan halların isə üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Cinayət işinin materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 və 20 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə Beyləqan rayon prokurorluğu və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlərə məruz qalması xüsusatları təsdiqini tapmadığından CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasın rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair CPM-in 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair CPM-in 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, məhkəmə işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılsa da düzgün qərarlar qəbul olunmaması öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 13 fevral 2025-ci il tarixli və “...əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 13 fevral 2025-ci il tarixli protokolların mötəbərliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə-qorxu, təzyiq tətbiq edilməsi ilə alınmasını təsdiq edilir. Bu əsasa görə də Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə verdiyi ilkin ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, CPM-in 125.2, 125.2.1 və 125.2.2-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi yolu ilə aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, yəni Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş sözü gedən hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına dair hissədə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən CPM-in 125.2-ci maddəsində sadalanan hallar olduğundan həmin hissədə sübut kimi qəbul edilə və ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə zamanı ifadəsində “10 fevral 2025-ci il tarixdə tanışı Şahid9 metamfetamin psixotrop maddə satmaması” hissəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Həmçinin, məhkəmə 13 fevral 2025-ci il tarixli 18/135 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə Şahid9 aşkar olunaraq götürlmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli göstərilməsinə də münasibət bildirir. Məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının tədqiq olunmuş psixotrop maddələrin eyni tərkibli olması ilə əlaqədar gəldiyi nəticə həmin psixotrop maddələrin eyni mənbədən olmaları, eyni partiyaya aid olmaları ilə bağlı yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) tərəfindən hazırlanmış “Amfetamin, metamfetamin və onların analoqlarının aşkar edilməsi və analizi üzrə tövsiyə olunan metodlar“ adlı metodik vəsaitdə qeyd olunmuşdur ki, metamfetamin, amfetamin və onların analoqları əsasən müxtəlif laborotoriyalarda sintez üsullarından istifadə edilməklə hazırlanır. Bu zaman oxşar prekursorlardan, oxşar qarışımlardan istifadə edilməklə müxtəlif laboratoriyalarda hazırlanmış psixotrop maddələrin kimyəvi tərkibinə görə eyni olması istisna edilmir. Həmin metodik vəsaitdə göstərilmişdir ki, metamfetamin nümunələrinin müqayisəsi üçün ekspert tərəfindən sintez üsulu, yan məhsullar, istifadə olunan prekursorlar kimi göstəricilər də təhlil edilməlidir. Kimyəvi oxşarlıq həmin maddələr arasında müxtəlif əlaqə variantları olduğunu göstərir (eyni istehsalçıdan, eyni mənbədən və ya eyni paylama zəncirindən). Hətta, qeyd olunanlar belə mütləq sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərdən belə nəticəyə gəlmək olarkı sözügedən ekspert rəyində nazik təbəqəli xromotoqrafiya metodundan istifadə edilməklə tədqiq olunan nümunələrdə oxşar piklərin müəyyən edilməsi, bunun nəticəsindən ekspertin həmin maddələrin eyni tərkibli olmaları ilə bağlı gəldiyi nəticə qeyd olunan psixotrop maddələrin eyni mənbədən, eyni partiyadan olmalarını təsdiq etməməklə yanaşı, hər hansı cinayət əlaqəsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. CPM-in 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində tanışı Şahid9 qanunsuz olaraq satması xüsusatı sübuta yetirilmiş, lakin onun üzərindən 2,242 qram psixotrop maddə metamfetamin aşkar edilməsi xüsusatı öz təsdiqini tapmamışdır. Məhkəmə CPM-in 318.1-ci maddəsinə istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan «12 fevral 2025-ci il tarixdə saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində saxlanılaraq üzərindən 2,242 qram çəkidə külli miqdarda psixotrop maddə aşkar edilməsi» bəndi çıxarılmalıdır. Həmçinin, məhkəmə baxışı nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində xeyli miqdarda, 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Şahid9 qanunsuz olaraq satmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs satdığı psixotrop maddə metamfetaminin çəkisi 0,609 qram olmaqla xeyli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun İİ siyahısında psixotrop maddə metamfetaminin xeyli miqdarı 0,15 qramdan 2 qrama qədər müəyyən edilibdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamdan “üzərindən 2,242 qram psixotrop maddə metamfetamin aşkar edilməsi” bəndi çıxarılmaqla “xeyli miqdarda, yəni 0,609 qram çəkidə psixotrop maddə metamfetamini 10 fevral 2025-ci il tarixdə Şahid9 10 manat müqabilində satması” xüsusatı ilə təqsirli bilinməli və onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən haldır. CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məvburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınmalıdır. Həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra CPM-in 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon Polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2,142 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, CPM-in 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq – iş materallarına əlavə olunmuş “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 01 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı,həmçinin Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Şahid9 aşkar edilən tədqiqatdan sonrakı qalıq 0,409 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının çəkilmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, CPM-in 318,1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra CPM-in 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon Polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2,142 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,242 qram metamfetamin üzrə keçirilmiş ekspertiza tədqiqatları dəyərinin ödənilməsindən azad edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Şahid9 aşkar edilən tədqiqatdan sonrakı qalıq 0,409 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınsın. İş materiallarına əlavə olunmuş “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-465/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-465/2025
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver