Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-468/2022 27.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Neftçilər küçəsi, ev 17-də qeydiyyatda olmaqla orada yaşamış, 22 sentyabr 2022-ci ildə tutulmuş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 3,247 qram olmaqla bir bükümdə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının 13 aprel 2022-ci ildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən “Şirvan ŞMX”-nin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış aparılan zaman qeyd edilən çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində arvadı və iki hemofeliya xəstəliyi olan uşaqları ilə birgə Şirvan şəhərində yaşamış, fəhləlik etməklə ailəsini dolandırmışdır. Bir neçə vaxtdır ki, narkotik vasitələrdən isifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. 13 aprel 2022-ci ildə saat 09 radələrində yaşadığı evdən çıxıb işə gedərkən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm taparaq şəxsi istifadəsi üçün həmin bükümü götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, həmin gün saat 12 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən üzərində olan bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmanlıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki xəstə uşağının, heç bir yerdə işləməyən valideynləri və arvadının olmasını nəzərə almasını və əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci ildə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 12 radələrində saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bu barədə müvafiq protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr satması faktını müəyyən edilməsi məqsədi ilə əməliyyat tədbirləri davam etdirilmiş, lakin sonuncunun kiməsə narkotik vasitə satması öz təsdiqin tapmamış, narkotik vasitənin alqı-satqısi ilə bağlı hər hansı bir telefon danışıqları olmamış, satış faktı müəyyən olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da şahid X3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib üzərində axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli 18/426 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-3,247 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq-çəkisi 3,197 qram təşkil edir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli əməliyyat tapışırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə əldə edib-etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olubolmaması istiqamətində müvafiq əməliyyat axtarış tədlbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 3,197 qram narkotik vasitə heroin Şirvan şəhər polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir və qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “narkotik vasitə heroini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, əvvəllər onun məhkum olunmaması, eləcə də hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə vermişdir ki, narkotik vasitə heroin külli miqdardan, yəni 2 qramdan bir qram yarım artıq olmuşdur, başqa digər sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitə heroini satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, heroinin də miqdarı da nəzərə alınmalı idi. Narkotik vasitə heroinin miqdarının çox olması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, narkotik vasitə heroinin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitə heroinin külli miqdardan artıq olması həmin narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eləcə də həmin Qərarın 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkotik vasitə heroinin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onun hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, o, cümlədən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat yolu ilə heç bir məlumatın əldə olunmaması, əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi, eləcə də narkotik vasitə heroinin külli miqdardan, az bir miqdarda, yəni bir qramm yarım artıq olması həmin heroinin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 13-də şübhəli şəxs qismində tutulmuş, aprelin 15-də isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində həbs qətimkan tədbiri seçilməklə axtırş elan edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər polis şöbəsinin 09 sentyabr 2022-ci il tarixli, 305-26454-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən 260362/22 saylı axtarış işi açılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər polis şöbəsinin 22 sentyabr 2022-ci il tarixli, 305-27825-1222 nömrəli məktubundan və ona əlavə olunan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci ildə Şirvan şəhərində tutularaq Şirvan şəhər polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 22 sentyabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanasının 22 aprel 2022-ci il tarixli, 392 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, Neftçilər küçəsi, ev 17-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Neftçilər küçəsi, ev 17-də qeydiyyatda olmaqla heç bir yerdə işləməyən valideynləri və bacısı ilə birgə yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 oktyabr 2014 və 09 mart 2016-cı il tarixlərdə doğulmuş iki azyaşlı uşaqları vardır. İş materiallarında olan tibbi arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində olan bir azyaşlı uşağı «Hemofilya A», «Hemofilya B», «Anqiohemofilya» və «Hemostazmın başqa növ pozğunluğu olan qan xəstəliyindən əziyyət çəkir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən valideynləri və arvadının olmasını, uşaqlarının hemofiliya-qan xəstəliyindən əziyyət çəkməsini, həmçinin ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən valideynləri və arvadının olmasını, uşaqlarının qan xəstəliyindən əziyyət çəkməsini, narkomaniya xəstəsi olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını, yəni cəzasını yüngülləşdirici halların kifayət qədər olmasını, ağırlaşdırıcı halların isə olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməyi mümkün və ədalətli hesab edir. Məhkəmə törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə cinayətlərə aid edilmədiyini, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə ailəsinin gələcək həyatına və sağlamlığına mənfi təsir göstərəcəyini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi mümkün və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə işləyəcəyi halda cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, işləməklə ailəsini dolandırmaq, xəstə uşaqlarının qayğısına qalmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzanın icrası onun faktiki qeydiyyatda olduğu və yaşadığı yer üzrə - Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 3,197 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni 2022-ci ilin aprel ayının 13dən 15-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün, eləcə də 2022-ci ilin sentyabr ayının 22-dən oktyabr ayının 27-dək tutularaq həbsdə saxlanıldığı müddət, yəni 1 (bir) ay 05 (beş) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti 1 (bir) günə azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 (iki) günü bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 3 (üç) ay, 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, həmçinin işləməklə ailəsini dolandırmaq və uşaqlarının qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası onun qeydiyyatda olmaqla faktiki yaşadığı yer üzrə - Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Hökm elan olunduğu andan dərhal Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İsitintaq Təcridxanasından həbsdən azad olunsun. Hökm qanuni qüvvəyə mindiyi andan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 3,197 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-468/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-468/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver