Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-469/2022 08.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə xx xxxxxx 1952-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, məhkum olunmamış, Salyan rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Salyan rayonunun Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş, Salyan Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qızı Məlikova (Əliyeva) Rəvanə Məlikağa qızından boşandığı keçmiş kürəkəni X8 boşandıqdan sonra atası evində yaşayan Şahid4 ilə yenidən barışıb ailə kimi yaşaması, sonuncunu və iki azyaşlı övladını öz evinə aparmaq istəməsi tələbi ilə əlaqədar Faiq Məlikovun onu və ailə üzvlərini nalayiq söyüşlər söyərək onları öldürməklə hədələdiyi zaman aralarında yaranmış mübahisə zəminində Faiq Məlikovun bu kimi qanunsuz hərəkətlərini gələcəkdə də davam etdirməməsi üçün qisas alıb qəsdən öldürmək qərarına gələrək, evin 1-ci mərtəbəsindəki zalda olan sotulun üzərindən götürdüyü məişətdə istifadə edilən və təyinatı üzrə soyuq silah sayılmayan, ümumi uzunluğu 33 sm, üzərində “zepter GERMANY” yazıları olan ağbənövşəyi rəngli qatlanmayan tipli bıçaqla sonuncunu öldürmək məqsədi ilə onun həyat üçün vacib orqanlarına qəsdən dörd dəfə vuraraq ona döş qəfəsinin ön səthində bir ədəd döş boşluğuna keçən, ürək kisəsini, ürəyi zədələyən deşilib-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin ön səthinin iki ədəd və qarının aşağı şöbəsinin sol yan nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi sonuncunun ürək kisəsini və ürəyi zədələyərək kəskin qanitirmə ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirərək keçmiş kürəkəni Faiq Məlikovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, mərhum Faiq Məlikov keçmiş kürəkəni olmuşdur. Qızı Rəvanə ilə Faiq 2011-ci ildə evlənmiş və onların bu evlilikdən iki azyaşlı uşaqları vardır. Əvvəllər Faiqlə münasibətləri yaxşı olmuş, lakin qızı Rəvanə Faiqdən ayrılandan sonra münasibətləri pisləşmişdir. Faiq Rəvanə ilə evləndikdən bir müddət sonra onlara məlum olmuşdur ki, Faiq narkotik və spirtli içkiyə meyilli şəxsdir. Evli olduqları müddətdə Faiq Rəvanəni tez-tez döyüb incitmiş, sonuncu dəfə 2021-ci ilin iyul ayında döyulməsi ilə bağlı X15 RPŞ-nə şikayət etmiş, sonra Salyan Rayon Məhkəməsinin qərarı ilə Faiq Məlikov bir ay müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra qızı Rəvanə boşanması üçün Salyan Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin qərarı ilə qızı əri Faiqdən boşanmışdır. Boşandıqdan sonra məhkəmə Faiqə ay ərzində 1 dəfə uşaqları ilə görüşməyə icazə versə də, Faiq tez-tez, həm də sərxoş vəziyyətdə onların evinə gəlmiş, sonra da evindən çıxıb getmək istəməmiş, onları, yəni özünü, arvadını və qızını incitmiş, onları hər dəfə öldürməklə hədələmiş, Rəvanədən onunla barışmasını tələb etmişdir. 25 aprel 2022-ci il tarixdə, saat 20 radələrində arvadı Şahid3, qızı Rəvanə 2 azyaşlı uşağı ilə birlikdə mərhum qardaşı Malik Əliyevin yas ilə bağlı onlara getmiş, özü xəstə olduğu üçün gedə bilməmiş, evdə tək qalmışdır. Həmin gün saat 23 radələrində evdə oturub televizora baxarkən səs eşidib həyətə çıxmış və həyətdə dayanmış Faiqi sərxoş və üst-başı palçıqlı vəziyyətdə görüb ona yaxınlaşıb “utanmırsan sən yenə gəlmisən bura” demiş, Faiq isə qışqıraraq arvad-uşağını aparacağını bildirmişdir.Sonra o, Faiqə çıxıb getməsini bildirib evinə keçmək istəyəndə Faiq əli ilə yüngülcə onu itələyə-itələyə evə salıb “gir içəri səninlə söhbət edəcəyik” demişdir. Evə girəndən sonra onlar evin girişindəki divanda oturmuşlar. O, Faiqə dəfələrlə xəstə olduğunu, ürəyinin ağrıdığını deyib çıxıb getməsini xahiş etmiş, Faiq isə təkidlə ona arvad-uşağını aparacağını deyib əks təqdirdə onları öldürəcəyi hədələmişdir.Həmin vaxt Faiqdən spirtli içki iyi gəlmiş və sərxoş olduğu üçün Faiq ayaqüstə güclə dayanmış, danışarkən dili topuq vurmuşdur.Sonra o, əli ilə Faiqin qolundan tutub çıxıb getməsini deyəndə Faiq onun qolunu tutub aşağı dartıb təkrarən Rəvanəni və uşaqlarını evinə aparacağını, Rəvanə ilə yenidən ailə qurmaq istədiyini demiş, əks halda onun və ailəsinin başına oyun açacağı ilə hədələyib onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir.O, Faiqin hərəkətlərin əsəbiləşmiş, həm də qızı Rəvanə Faiqlə təkrarən ailə qurmayacağını və barışmayacağını bildirdiyindən o, Faiqə onun istədiklərinin mümkün olmayacağını deyərək, onları narahat etməməsini və çıxıb getməsini tələb etməsinə, ona dəfələrlə yalvarıb xahiş etməsinə baxmayaraq Faiq onun dediklərinə əməl etməyib çıxıb getməmiş, əksinə ona “arvadın polislərdə gəzir, bütün günü barəmdə şikayət etməklə məşğuldu” demiş və onun bu sözündən bərk əsəbiləşərək onu öldürmək qərarına gəlmiş və otaqda divandan bir az aralıda olan stolun üstündən mətbəx bıçağını götürüb divanda oturmuş vəziyyətdə olan Faiqin sinə və qarın nahiyəsinə bir neçə dəfə dalbadal bıçaqla vurmuşdur. Faiqin tez ölməsi üçün ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Bıçaqla vurarkən Faiqin ona qarşı müqavimət göstərmək imkanı olmamış, bıçağı götürdükdən dərhal sonra Faiqi biçaqla vurmuş və Faiq divanın üzərindən döşəməyə yıxılmışdır. Faiqın öldüyünə əmin olandan sonra bıçağı əlinə götürüb həyətə çıxıb özünə gəlmək üçün çöldə, həyətində oturmuşdur. Sonra o, mobil telefonla arvadı Nüşabəyə zəng edib Faiqi öldürdüyünü demiş, bundan sonra Nüşabə, Rəvanə, nəvələri xatırlamadığı qohum və qonşular evə gəlmişlər. Daha sonra polisə təslim olması üçün kəndin polis sahə rəisinə zəng edib çağırmasını qohumu Tahirdən xahiş etmiş, Tahir də telefonu ilə sahə rəisi Zaura zəng etmiş, telefonu Tahirdən alıb Zaura Faiqi evində öldürdüyünü bildirmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşı Zaur həyətinə gəlmiş və o əlindəki bıçağı Zaura təhvil vermişdir. Sonra polis və prokurorluğun əməkdaşları gəlmiş, hadisə yeri müayinə olunmuş, bundan sonra Faiqi öldürdüyünə görə tutulmuşdur. Hadisə 25 aprel 2022-ci il tarixdə, gecə saat 23 radələrində olmuş, həmin vaxt ailə üzvləri evdə olmamış, özü evdə tək olmuş və Faiq də onun yaşadığı evə tək gəlmişdir. Keçmiş kürəkəni Faiq Məlikov hadisədən əvvəl də dəfələrlə evinə gəlib ona, qızına və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi, həm də qızı Rəvanəni Faiq narahat edib incitsə də, onun Faiqi öldürmək və ya xəsarət yetirmək fikri olmamışdır. Lakin sonuncu dəfə Faiq sərxoş vəziyyətdə evinə gəlib təkrar-təkrar onu və ailəsini söyüb təhqir etməsindən bərk əsəbiləşdiyi üçün onu öldürmək məqsədilə bıçaqla vurmuşdur. Hadisə zamanı əsəbi olduğundan Faiq Məlikova neçə bıçaq zərbəsi vurduğunu, həmin zərbələrdən neçəsinin Faiqə dəydiyini xatırlamır, ancaq vurduğu bıçaq zərbələrinin heç biri boşa çıxmamışdır. Axırıncı zərbəni vurandan sonra Faiq halsızlaşdığı üçün yerə yıxılıb xırıldayıb öldüyündən növbəti zərbələri vurmamışdır.Hazırda da Faiqin ona və ailə üzvlərinə qarşı etdiyi təhqiramiz hərəkətlər yadına düşəndə Faiqi öldürməsinə görə əməlindən peşman deyil. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, mərhum Faiq Məlikov qardaşı, Təqsirləndirilən şəxs həmkəndlisidir. 2011ci ildə qardaşı X5 ilə evlənmiş və onların iki uşağı olmuşdur. Əvvəllər onların münasibətləri yaxşı olmuş, lakin sonradan Faiq narkotiklərdən istifadə etdiyindən Rəvanə ilə münasibətləri pisləşmiş, daha sonra məhkəmənin qərarı ilə Rəvanə Faiqdən boşanmış və Rəvanə iki azyaşlı uşağını götürüb atası Məlikağanın evinə köçmüşdür. Bundan sonra o, böyük qardaş kimi Faiqin narkotikə qurşanmasını qəbul edə bilməmiş və onu müalicə etdirərək normal həyata qayıtmasına nail olmuşdur. Bundan sonra Faiq ailəsi ilə barışmaq istəmiş, əvvəl razı olsalar da, lakin sonradan Rəvanə və atası Məlikağa razı olmamışlar və Faiqin Rəvanə ilə barışmaq cəhdləri boşa çıxmışdır. Boşandıqdan sonra Faiq uşaqlarını görmək üçün Məlikağanın evinə tez-tez gedib-gəlmiş və uşaqlarına bazarlıq etmişdir.Faiq restoranda aşpaz işlədiyindən çox vaxt gecə saatlarında, saat 23 radələrində işdən çıxdığından uşaqlarını görmək üçün Məlikağanın evinə gecə vaxtlarında getmişdir. Faiqin gecə vaxtı Məlikağanın evinə getməsi Məlikağanın və ailəsində narazılıqlara səbəb olmuş və bu səbəbdən dəfələrlə Məlikağanın Faiqlə mübahisələri olmuş, bir dəfə Faiqdən polisə də şikayət etmişdir.25 aprel 2022-ci ildə, gecə saatlarında Məlikağanın qonşusu Elmir ona zəng edib Məlikağanın evində qardaşı Faiqi bıçaqla vurub yaralaması barədə məlumat vermiş və o, dərhal Məlikağagilə getmiş, lakin onlara çatmamış Elmir yenidən ona zəng edib Faiqin aldığı xəsarətdən artıq öldüyünü bildirmişdir. Məlikağagilə çatanda həyətə xeyli adamların toplaşdığını, həmçinin kəndin polis sahə rəisi Zaur və onun yanında Məlikağanın dayandığını görmüşdür.Sonra o, evin birinci mərtəbəsində olan zala daxil olmuş, orada qardaşı Faiqin meyitinin divanın qarşısında döşəməyə sərilmiş xalçanın üstündə arxasıüstə uzanıqlı və bədəninin qan içində olduğunu görmüşdür.Həmin vaxt qardaşı Faiqin artıq öldüyünü başa düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin gün gecə saatlarında Faiq uşaqlarını görmək üçün Məlikağagilə getmiş, həmin vaxt uşaqları və Məlikağanın ailəsi evdə olmamış, Məlikağa evdə tək olmuş və Məlikağanın dediyinə görə həmin vaxt Faiq içkili (sərxoş) olmuş, sonra evdə Faiqlə Məlikağanın arasında mübahisə düşmüş və Məlikağa bıçaqla bir neçə dəfə Faiqi vuraraq öldürmüşdür.Hadisənin hansı şəraitdə baş verməsi barədə başqa bir məlumatı yoxdur. Hazırda qardaşının öldürülməsi ilə bağlı olan iş üzrə təqsirləndirilən şəxsə qarşı mülki iddiası, şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Məlikovun istintaq orqanına ünvanlandığı 11 may 2022-ci il tarixli və məhkəməyə ünvanladığı 03 avqust 2022-ci il tarixli ərizələri ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Məlikovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, mərhum Faiq Məlikov isə keçmiş əridir. 2011-ci ildə Faiq Məlikovla evlənmiş və birgə nikahdan iki uşağı vardır. Əvvəllər əri Faiqlə münasibətləri yaxşı olmuş, lakin sonradan Faiq narkotik maddələrdən istifadə etməyə başladığından mütəmadi olaraq aralarında mübahisləri olmuş, həm də Faiq ona qarşı zorakılıq hərəkətlər etdiyindən onunla ailədaxili münasibətləri tam pozulmuşdur.Bütün bu səbəblərə görə o, Faiqdən boşanması üçün məhkəməyə ərizə vermiş və 2021-ci ilin noyabr ayında məhkəmənin qərarı ilə rəsmi qaydada ondan boşanmış və 2 azyaşlı uşağını götürüb atası Məlikağanın evinə köçmüşdür. Boşandıqdan sonra da, Faiq onu rahat buraxmamış, tez-tez onunla barışmaq üçün atasının evinə gəlib onu narahat etmiş, o da Faiqə barışmayacağını, barışıb yenidən nikaha girməsi üçün onun müalicə alaraq sağıldığını sübut etməli olduğunu bildirmişdir. Boşandıqdan sonra tez-tez Faiq gecələr sərxoş halda atası Məlikağanın evinə gəlib onu, ata-anasını narahat etmiş, ondan yenidən nikaha girməyi tələb edərək əks təqdirdə onu öldürəcəyi ilə hədələmiş, nalayiq ifadələr işlədərək onu və ata-anasını təhqir etmişdir. Faiqin bu hərəkətlərinə görə son vaxtlar gecələr evin həyətinə düşməyə qorxmuş, gündüzlər isə evdən tək çıxıb harasa gedə bilməmişdir. Həftənin əksər günləri uşaqlarını görmək bəhanəsi ilə onlara gələn Faiq saatlarla həyətdə oturub evinə getməmiş, ona söz atmış, bu səbəbdən ailə üzvləri, o cümlədən atası Təqsirləndirilən şəxslə mübahisə etmişdir. Faiqin belə hərəkətlər edib onu və ailə üzvlərini narahat etməsi ilə bağlı bir neçə dəfə polisə şikayət etsələr də, Faiq öz hərəkətlərindən əl çəkməmiş, bundan sonra da atası Məlikağanın həyətinə gəlib onu və ata-anasını söyüb təhqir etmişdir. 25 aprel 2022-ci il tarixdə, axşam saatlarında o, anası və azyaşlı uşaqları ilə birlikdə mərhum əmisi Malik Əliyevin yas mərasimində iştirak etmək üçün onların evinə getmiş, atası Məlikağa xəstə olduğu üçün yasa gələ bilməmiş, evdə tək qalmışdır.Həmin gün gecə saat 23 radələrində atası Məlikağa telefonla anası Nüşabəyə zəng edib Faiqin onlara gəldiyini, aralarında mübahisə yarandığını və Faiqi bıçaqla vurduğunu bildirmişdir. Onlar dərhal evə getmişlər və evə çatdıqda Faiqin evin birinci mərtəbəsində zalda divanın qarşısında döşəmədə arxasıüstə hərəkətsiz halda uzandığını görmüşlər. Həmin vaxt yaxınlaşıb Faiqin nəbzini yoxlayanda Faiqin artıq öldüyünü bilmişdir.Evdə olan atası Məlikağadan hadisənin necə baş verdiyini soruşmuş, atası onlar yasa getdikdən sonra Faiqin sərxoş vəziyyətdə evə gəlib onunla mübahisə etdiyini, onun ünvanına nalayiq ifadələr işlətdiyini və bu səbəbdən əsəbiləşib bıçaqla Faiqi bir neçə dəfə vurduğunu bildirmişdir. Boşandıqdan sonra Faiq bir neçə dəfə onun atası ilə birgə yaşadıqları evə gəlib atası ilə sözlü mübahisə etsə də, aralarında heç vaxt dava-dalaş olmamışdır. Faiq narkotik və içki aludəçisi olduğundan teztez sərxoş vəziyyətdə atasının evinə gəlib münaqişə yaradıb, mübahisə edib onu, ataanasını narahat etmiş, Faiqin bu hərəkətləri onu və ailə üzvlərini artıq zinhara gətirmişdir. Elə bu səbəblərdən də atası Məlikağa evinə sərxoş vəziyyətdə gəlmiş Faiqin hərəkətlərinə dözməyib onu bıçaqla vurmuşdur. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğün ifadə vermişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, hadisənin baş verdiyi yer Salyan rayonunun Təzəkənd kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində olan zaldır. Baxış zamanı həmin zalda döşəməyə sərilmiş xalçanın üzərində arxasıüstə uzanmış vəziyyətdə mərhum X8 meyiti və ətrafda, döşəmədə-xalça üzərində və divanın oturacaq hissəsində qanabənzər ləkələr aşkar olunmuşdur. Hadisə yerində olan qanabənzər ləkələrdən iki ədəd pambıq tampona hopdurulmaqla nümunələr qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. Həmçinin baxışında iştirak edən Şahid4 təqdim etdiyi (Təqsirləndirilən şəxs istifadəsində olmuş) bir ədəd “Kgtel” markalı mobil telefon, habelə Salyan RPŞ-nin İTB-nin sahə rəisi Zaur Qasımovun təqdim etdiyi (hadisdən sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi) bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokol və protokola əavlə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, baxış zamanı X8 meyitin əynində olan geyim əşyaları- üzərində qanabənzər ləkələr olan bir ədəd köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd cins şalvar və üzərində qanabənzər ləkələr olanbir ədəd mayka qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Zaur Qasımov tərəfindən tərtib olunmuş 26 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 25 aprel 2022-ci il tarixdə, saat 23:30-da Təqsirləndirilən şəxs onun istifadəsində olan 055/280-99-98 saylı mobil nömrəyə zəng edib ailə münaqişəsi zəminində keçmiş kürəkəni X9 bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş, saat 23:45-də hadisə yerində olduğu zaman Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı könüllü olaraq ona təqdim etmişdir. İşdə olan, “Könüllü təqdim edilən əşyaların götürülməsi və baxışının aparılması haqqında” 26 aprel 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd şalvarı, bir ədəd köynəyi və bir ədəd gödəkcəsi qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 25 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1985-ci il təvəllüdlü X8 meyitinin məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin ön səthində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi zədələyən bir ədəd deşilib- kəsilmiş yara, döş qəfəsinin ön səthində iki ədəd döş boşluğuna keçməyən, qarının aşağı şöbəsinin sol yan nahiyəsinin bir ədəd daxilə keçməyən deşilib-kəsilmiş yaraları. Bu xəsarətlər həyatidir Faiq Məlikovun ölümündən az əvvəl ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, qərarda qeyd olunan hadisə gününə 25 aprel 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin ön səthində bir ədəd döş boşluğuna keçən, ürək kisəsini, ürəyi zədələyən deşilib-kəsilmiş yara ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin ön səthinin iki ədəd və qarnın aşağı şöbəsinin sol yan nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Faiq Məlikovun ölümünə səbəb-ürək kisəsinin, ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Faiq Məlikovun ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Faiq Məlikov həmin xəsarətləri alarkən uzanıqlı və yarıoturaq, zərərçəkmişlə qarşılıqlı vəziyyətdə ola bilərdilər. Eyni zamanda onun bədəninin ön səthi xəsarət yetirən şəxsə tərəf olmuşdur və bu xəsarətlər qısa zaman kəsiyində ard-arda yetirildiyinə görə hansı ardıcıllıqla yetirilməsini müəyyən etmək mümkün deyildir. Faiq Məlikov aldığı xəsarətlərdən sonra məqsədyönlü hərəkət edə bilməzdi. Faiq Məlikovda müəyyən edilmiş xəsarətlərin özü tərəfindən yetirilməsi inkar edilir. Faiq Məlikovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,08% qatılığında etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir.Faiq Məlikovun qanında narkotik maddə aşkar edilməmişdir. Faiq Məlikovun bədənində olan xəsarətlər təqdim olunmuş bıçaqla yetirilməyə xarakterikdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş və mərhum X10 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının orta hissəsində bir ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd, ön səthinin orta nahiyəsinin aşağı hissəsində bir ədəd, sol qolunun ön səthinin aşağı hissəsində bir ədəd və sol qolunun ön səthinin orta hissəsində üç ədəd olmaqla cəmi səkkiz ədəd, maykanın ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd və ön səthinin orta nahiyəsinin yuxarı hissəsində bir ədəd olmaqla cəmi üç ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və kafi dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşişi-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Bu zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri istisna olunmur. Faiq Məlikova məxsus köynək və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim olunmuş köynəyin və maykanın üzərində aşkar olunmuş zədələrin bədənin əlçatan nahiyələrində yerləşmələrini nəzərə alaraq demək olar ki, bu zədələrin həm şəxsin özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Faiq Məlikova məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Habelə Təqsirləndirilən şəxs məxsus köynəyin sağ və sol çiyinliklərinin üzərində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyələrinin fiziki qüvvənin təsiri ilə kəskin dartılması nəticəsində əmələ gəlməyə xaraktrik olan iki ədəd sökülmə zədələri vardır. Təqsirləndirilən şəxs məxsus şalvarın və gödəkcənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır.Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır, deşicikəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 24 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X10 məxsus cins şalvar, uzunqol köynək, qolsuz mayka, Təqsirləndirilən şəxs məxsus idman şalvarı və 02 ədəd pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələri Balfa (H)/İİİ/ qruplu bir şəxsə, o cümlədən də X10 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcə və uzunqol köynək üzərində qan ləkələri aşkar edilmədi. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir.Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik, tənqidə və təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokolla müəyyən edildir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun üzərində 050/781-57-04 saylı mobil telefon nömrəsi vardır. Telefonun yaddaş menyusunda 25 aprel 2022-ci il tarixdə, saat 23:09-da 050/443-86-17 saylı mobil nömrəyə edilərək danışıq aparılmışdır. İşdə olan, “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokolla müəyyən edildir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/443-86-17 saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 01:23-də Faiq Məlikovun istifadəsində olmuş 051/565-39-39 saylı mobil nömrəyə “Seni bide heyetde grsem pencerem'tkadan pis olacag, el Cek bizen bitdi” mətnli sms göndərilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:45-də 050/443-86-17 nömrə ilə 051/565-39-39 nömrə arasında 119 saniyəlik telefon danışığı olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 23:09-da Şahid3 istifadəsində olan 050/781-57-04 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/443-86-17 saylı nömrəyə zəng edilərək 192 saniyə danışıq aparılmışdır. İşdə olan, HK-1/1195 nömrəli materialla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə, saat 15:04-də Azərbaycan Respublikası DİN-in “102" Xidməti-Zəng Mərkəzinə zəng edib qızı Şahid4 əri Faiq Məlikov tərəfindən döyülməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumat vermiş, həmin tarixdə X16 RPŞ-nə ərizə ilə müraciət etmiş və həmin fakt üzrə Salyan RPŞ-nin TB-də araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı Faiq Məlikovun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə 31 iyul 2021-ci il tarixdə cinayət işinin başlanması Azrbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmiş, eyni zamanda toplanmış materiallar Faiq Məlikovun inzibati məsuliyyətə cəlb edilməsi üçün Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, inzibati xəta törətmiş X1 Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 1 (bir) ay müddətə inzibati həbs tətbiq edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsinin surəti ilə müəyyən edilir ki, X13 və Məlikova (Əliyeva) Rəvanə Məlikağa qızının arasında olan nikah pozulmuş, uşaqlar anası Şahid4 himayəsinə verilmiş və Faiq Məlikovdan hər ay 250 manat məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş bir ədəd bıçaq, üzərinə qan hopdurulmuş 2 ədəd pambıq tamponlar, Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, mərhum Faiq Məlikova məxsus bir ədəb uzunqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd cins şalvar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Saatlı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil veriilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, telefon danışıqlarına dair məlumatları, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2, 3 və 4-cü bəndlərində izah edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə, saat 23 radələrində keçmiş kürəkəni X13 ilə aralarında yaranmış mübahisə zəminində qisas almaq niyyəti ilə Faiq Məlikovu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə yaşadığı evdən götürdüyü mətbəx bıçağı ilə Faiq Məlikova yaxınlaşıb ona dörd dəfə zərbə vurub, o cümlədən ölümünə səbəb olan yara ilə müşayiət olunan, həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Faiq Məlikovu qəsdən öldürmüşdür. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin tədqiq olunmuş sübutlara, o cümlədən Salyan RPŞ-nin əməkdaşı Zaur Qasımovun 26 aprel 2022-ci il tarixli protokoluna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə cinayət hadisəsini törətdikdən sonra mobil telefonla Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Zaur Qasımova zəng edib cinayət hadisəsi törətməsi barədə, yəni keçmiş kürəkəni X9 bıçaqla vuraraq xəsarət yetirməsi barədə məlumat verməsini onun azad və könüllü olaraq (hər hansı bir psixi və fiziki təsirə məruz qalmadan) təhqiqat orqanına şifahi şəkildə məlumat verməsi kimi qəbul edərək onun bu hərəkəti könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan rayonunun Qarabağlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla ailə üzvləri-arvadı, qızı və iki azyaşlı nəvələri ilə birlikdə eyni ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nizamintizamlı aparmış, kənd sakinləri və qonşuları ilə münasibəti yaxşı olmuşdur) xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə və onun ailə üzvlərinin ünvanına dəfələrlə nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsinin) təsiri altında törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, təqsirləndirilən şəxsin könüllə gəlib təqsirini boynuna alması (təqsirləndirilən şəxsin cinayət hadisəsini törətdikdən sonra Salyan RPŞnin əməkdaşı olan sahə rəisinə zəng edib törətdiyi cinayət hadisəsi barədə məlumat verməsi) həmin Məcəllənin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu (qardaşı) olan hüquqi varislə barışıq əldə edilməsi bu Məcəllənin 59.1.12-ci maddəsinə, habelə təqsirləndirilən şəxsin hazırda 70 yaşının olması, yəni yaşlı (qoca) şəxs olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, Salyan rayonunun Qarabağlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, mərhum 09 mart 1985-ci il təvəllüdlü X3 rayonunun Gomuşlu kəndində qeydiyyatda olub həmin ünvanda yaşamış və yaşadığı müddətdə mənfi (barəsində bir neçə dəfə keçmiş qayınatası və qayınanası tərəfindən onların səbəbsiz olaraq narahat etməsi barədə şifahi müraciətlər olmuşdur) xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, üzərinə qan ləkələri hopdurulmuş iki ədəd tampon, bir ədəd idman şalvarı, bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Salyan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, üzərinə qan ləkələri hopdurulmuş 2 (iki) ədəd tampon, 1 (bir) ədəd idman şalvarı, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd şalvar hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-469/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-469/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver