Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-469/2023 22.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmuş və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında, Lənkəran rayonunda istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, iki ədəd şəffaf sellofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi -12,006 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 6,533 qram; 5,473 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməklə daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2023-cü il tarixdə saat 18:45 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran rayonu Girdəni kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 19:25 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf selofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi - 12,006 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 6,533 qram; 5,473 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər telefon təmiri ilə məşğul olmuşdur. 01 fevral 2023-cü il tarixdə evdə olarkən axşam saat 7-yə qalmış Lənkəran şəhər polis şöbəsinin əməkdaşları evinə gələrək onlar ilə polis şöbəsinə getməli olduğunu demişlər. Şöbədə olarkən polis əməkdaşları ona narkotik təqdim edərək üzərinə götürməsini bildirmişlər, əgər bunu etməsə evindən daha çox narkotik çıxaracaqları ilə hədələmiş, onu yüngül, yəni CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişlər. Həmin ərəfədə uşağı dünyaya gələcəyindən ailəsinin həyəcan keçirməməsi üçün polislərlə razılaşmışdır. Tutulan zaman xəstə olmuş və əynində gödəkçə olmuşdur. Nəvai adlı polis əməkdaşı gödəkçəsinin sağ cibinə narkotik qoymuşdur. Heç vaxt narkotikdən istifadə etməmiş və satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə verdiyi izahatı və müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək 1 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Girdəni kəndində yol kənarında sellofana bükülmüş iki bükümdə metamfetaminə oxşar maddə tapmış və istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində Lənkəran rayonu, Girdəni kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-yə aparılmış, üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi zamanı gödəkçəsinin sağ yan cibindən iki büküm metamfetamini çıxarıb təqdim etmişdir. Metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 12,35 qram olması məlum olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Girdəni kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndində piyada hərəkətdə olarkən saxlanılmış və Lənkəran ŞRPŞ-yə aparılmışdır. Xidməti otaqların birində, videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Metamfetaminə bənzər kütlə tərəzidə çəkildikdə 12,35 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, onu heç kim hədələməmiş, üzərinə heç kim narkotik qoymamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda metamfetamini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən hər hansı bir psixotrop maddə qoyulmadığını, onun heç kim tərəfindən hədələnmədiyini, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin onun özünə məxsus olduğunu göstərmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarıda olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli 19/143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -6,533 qram, -5,473 qram ümumi təmiz çəkisi-12,00 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Məhkəmədə tədqiq olunmuş və iş materiallarıda olan məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli 115 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Nankomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarıda olan 29 mart 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkçəsinin sağ yan cibindən 02 bükümdə 12,35 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 12,006 qram psixotrop maddə metamfetamin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəsi ilə yanaşı satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs psixotrop maddələri satdığı şəxslərin kimliyini, yaşadıqları ünvanları əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli, 628 nömrəli məktubdan görünür ki, Abbasov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrin, doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü qızı Fatimə Abbasova, xx.xx.2018-cü il təvəllüdlü oğlu Məhəmmədəli Abbasov, xx.xx.2023-cü il təvəllüdlü oğlu Məhəmmədhəsən Abbasov vardır. 9 may 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir psixotrop maddənin olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində hədələndiyindən məcbur olub qeyd olunan çəkidə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən hədə-qorxu gəlməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək öz xətti ilə yazdığı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində hər hansı bir şəxs tərəfindən hədələnmədiyini, zor tətbiq olunmadığını, üzərinə metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin hədə-qorxu tətbiq olunması nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən 12,006 qram heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin cibindən iki büküm metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək həmin bükümlərin özünə məxsus olduğunu etiraf edir, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalması ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, öz xətti ilə yazdığı izahatı, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlməsi, üzərinə metamfetaminin polis şöbəsində qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs üzərində külli miqdarda metamfetaminin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də psixotrop maddənin qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metmfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 1 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 3 fevral 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 1 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 1 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-da saxlanılan ümumi qalıq çəkisi 11,906 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmasına dair 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq , məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 11,906 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-469/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-469/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver