Məhkəmə qərarları › İş №1(099)-469/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-469/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-469/2024 26.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Beyləqan şəhəri, Akif Əkbərov küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması, daşınması və satışının həyata keçirilməsi barədə digər şəxslərlə qadaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvündən 1955 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və 16,766 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, metamfetaminin 0,360 qramını beş ədəd sellofan bükümlərdə olmaqla üzərində saxlayıb daşımış, 16,406 qram metamfetamini və qurudulmuş marixuananı isə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən yaşadığı evdə saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində saxlanılmaqla polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə olunmaqla və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ arxa cibindən bir ədəd falqa bükümün içərisində beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 0,06 qram, 0,08 qram, 0,08 qram, 0,06 şram və 0,08 qram-ümümi çəkisi 0,360 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra həmin gün saat 19:15 radələrində onun yaşadığı evə özünün iştirakı ilə baxış keçirilərkən evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından yapışqanlı lentlə sarınmış iki ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram və 840 qram- ümumi çəkisi 1955 qram eyni bioloji tərkibli qurudulmuş marixuana və bir ədəd şəffaf rəngli sellofan bükümdə 16,406 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Beyləqan şəhərində yaşayır. Özü metamfetamindən istifadə edir. 05 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Beyləqan şəhərində polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Polis işçiləri onu Beyləqan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmasından əvvəl metamfetamin cibinə polis işçiləri tərəfindən qoyulmuşdur. Evində də aşkar olunan qurudulmuş marixuana və metamfetamin polis işçiləri tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir aya yaxın müddətdir ki, «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir, metamfetamini Bakı şəhərində yaşayan X2 əldə etmişdir. İlkin Əliyev onun vasitəsi ilə tanımadığı şəxslərə psixotrop maddə metamfetamin çatdırmışdır. Belə ki, o həmin metamfetaminləri Beyləqan şəhərində küçədə gizlətmiş və gizlətdiyi yerin fotoşəkillərini çəkib özünə məxsus mobil telefonda ***-***-**-** mobil nömrədə quraşdırılmış “Whatsapp” proqramı vasitəsilə İlkin Əliyevə ataraq yerini bildirmiş və götürməli olan şəxsləri o görməmişdir. O, göstərdiyi xidmətin qarşılığında İlkin Əliyevdən pul əvəzinə özü istifadə etmək üçün metamfetamin almışdır. 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində İlkinlə görüşmüşdür. İlkin ona bir siqaret qutusu verərək içərisində 21 bükümdə metamfetamin olduğunu, həmin metamfetaminləri Beyləqan rayonu ərazisində paylamasını tapşırmışdır. O, həmin gün tanımadığı taksi sürücüsü ilə Beyləqan şəhərinə gəlmişdir. 02 yanvar 2024-cü il tarixdə Beyləqan şəhərində piyada gəzərək İlkinin ona verdiyi metamfetaminləri Beyləqan şəhəri ərazisində Zərifə Əliyeva küçəsində səkinin kənarına, Sərdar İmrəliyev küçəsində yaşadığı evin yaxınlığında bir neçə yerə, M.Ə.Rəsulzadə küçəsində su çəninin yanına və başqa yerlərə qoyaraq şəkillərini çəkib İlkinə atmış və götürməli olan şəxslərin gəlib götürməsini bildirmişdir. O, İlkinin verdiyi 21 büküm metamfetaminin 15 bükümünü rayon ərazisində gizlətdikdən sonra qalan 6 bükümü özü istifadə etmək üçün götürmüşdür. O həmin bükümlərdən birini istifadə etmiş, 5 bükümü isə cibində saxlayıb daşımışdır. 05 yanvar 2024-cü ildə, saat 17:00-da Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda və yaşadığı evdə saxlamaqda şübhəli olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qimsində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılarkən üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, şalvarının sağ arxa cibindən içərisində beş ədəd sellofan bükümdə metamfetamin olan falqanı təqdim etmiş, həmin bükümləri Bakı şəhərində yaşayan X2 əldə etdiyini bildirmişdir. Həmin bükümlər açılarkən içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetmaninəbənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilərək götürülmüşdür. Sonra Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən binadakı yaşadığı mənzilin açarı aşkar edilərək götürülmüşdür. O həmin açarın yaşadığı evin açarı olduğunu bildirmişdir. O, özü açarla evin qapısını açmışdır. Yaşadığı evə özünün iştirakı ilə baxış keçirilərkən onun yataq otağında özünün çarpayısının altından iki ədəd qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış bağlama və bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümə və bağlamalara baxış keçirilən zaman bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Digər qara rəngli iki ədəd bağlamaların içərisində yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona 05 yanvar 2024-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşıması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs həmin gün saat 17 radələrində Beyləqan şəhəri S.İmrəliyev küçəsi ərazisində saxlamış və rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasına şübhələr olduğundan təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən bir ədəd bükülmüş falqa çıxarıb təqdim etmiş, yalqadakı bükümlərin içərisində «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri Bakı şəhərində yaşayan X2 öz istifadəsi və dostlarına pay vermək məqsədilə əldə etdiyini bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirildikdə bükümlərin içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetmaninə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin otağın onun yataq otağı olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından iki ədəd qara rəngli, üzəri yapışqan lentlə sarınmış bağlama və bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümə və bağlamalara baxış keçirilən zaman bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Digər qara rəngli iki ədəd bağlamaya baxış keçirilən zaman həmin bağlamaların içərisində yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bağlamalar elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o da həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, təsir göstərməmişlər. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə narkotik vasitə və ya psixotrop maddə qoymamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid4, Şahid5 və Şahid6 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şəxsi axtarış və götürmə haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən bir ədəd büküm təqdim edir, həmin bükümün içərisində 05 ədəd xırda bükümlərdə 0,18 qram, 0,20 qram, 0,20 qram, 0,21 qram, və 0,14 qram çəkilərdə psixotrop maddə metamfetmaninəbənzər kütlələr aşkar edilərək götürülmüşdür. Baxış və götürmə haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından üzəri yapışqanlı lentlə sarınmış iki ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetmaninə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Kompleks məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 18/12-13 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 qr, 0,08 qr, 0,08 qr, 0,06 qr, 0,08 qr-ümumi çəkisi-0,360 qram olan maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 16,406 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 02 ədəd polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 1115,0 qram və 840,0 qr, ümumi çəkisi -1955,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptok əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli, 1007 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələrinə dair Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərarı ilə həmin əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir. 08 aprel 2024-cü il tarixli qərarla cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Beyləqan şəhərində polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində psixotrop maddə metamfetamin olmaması, üzərinə və yaşadığı evə narkotik vasitə olan qurudulmuş marixuananın və metamfetaminin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 16,586 qram metamfetamin, 1954,80 qram qurudulmuş marixuana məhv edilməli, «Samsung A 13» markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinb ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut tanınmaqla Beyləqan Rayon Polis Şöbəsində saxlanılan 16,586 qram metamfetamin, 1954,80 qram qurudulmuş marixuana məhv edilsin, «Samsung A 13» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar